Biz kimə uduzuruq?

Biz kimə uduzuruq?
17 avqust 2016
# 12:32

Mirmehdi Ağaoğlu

Azərbaycan absurdlar ölkəsidir. Burda elə qəribə hadisələr olur ki, necə deyərlər yatsan yuxuna da gəlməz. Burda nə desən ola bilər. Və bu baş verənlər istənilən filmdən, bədii əsərdən qat-qat çox adamı heyrətləndirir.

Bir neçə gün öncə belə bir hadisə olub: Sumqayıtda həkimlər komaya düşən xəstənin qızıl dişlərini oğurlayıb. Artıq belə söhbətlər o qədər adi hal alıb ki, xəbəri eşidəndə dəhşətə gəlmirik, sadəcə gülüb keçirik.

Keçən dəfə də həkim pasientin xəstə ayağını qoyub sağlam ayağını kəsmişdi.

Başqasını da eşitmişəm: Həkim xəstədən pul alıb əməliyyat edib, qadınlığını çıxarıb. Bir neçə ay sonra xəstə müayinə üçün İrana gedib. İranda həkimlər baxıb deyiblər ki, sənin qarnın yarılsa da heç nəyin çıxarılmayıb, hamısı yerindədir.

Bir deyil, iki deyil. Saymaqla qurtarmaz. Belə hadisələr artıq adi hal alıb. Həyat bizi heyrətləndirməkdə davam edir. Yəqin bu cür, absurd, qeyri-adi hadisələri hələ çox görəcəyik, çox eşidəcəyik.

Belə hadisələrin şahidi olandan sonra axı necə Markesi oxumaq olar, Kusturitsanın filmlərinə baxmaq olar! Axı, həyatımız ədəbi əsərlərdən, filmlərdən qat-qat maraqlıdır!

Belə şeyləri yazsan heç inanan olmaz, deyərlər ta bu qədər də uydurma.

Hərdən mənə elə gəlir ki, Azərbaycandakı vəziyyət bu qədər qeyri-adi, maraqlı, absurd, inanılmaz, heyrətedici, nağılvari, maqik realist olduğu üçün ədəbiyyatımız hələ uzun müddət onun kölgəsində qalacaq. Başqa yerlərdə belə şeyləri yazıçılar, rejissorlar uydururlar, bizim ölkəmizdə həyat hamının əvəzinə yaşadır bizə. Beləliklə də yazıçılarımız həyata uduzur. Bundan sonra yazmaq nəyə gərək, oxucu yazdıqlarımızdan daha maraqlısını ətrafında görür. Elə özümüz də.

Buna görə də bizim yazıçıların məğlubiyyəti qaçılmazdır. Sən təxəyyülün Marian çökəkliyində qəvvaslıq etsən belə ən dəyərli mirvarini ordan yenə həyat çıxaracaq.

Sadəcə bircə məsələyə adam yanır. Bu hadisələrin qəhrəmanı olmaq ehtimalı da var. Yoxsa bu absurdlar ölkəsində yaşamağa nə vardı. Necə deyərlər, vətəndaşı olmasan pis ölkə deyil.

# 763 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #