Axundzadənin kəlmeyi-şəhadət dediyi tamaşa

Axundzadənin kəlmeyi-şəhadət dediyi tamaşa
23 iyun 2016
# 13:55

Bir neçə gün əvvəl Akademik Milli Dram Teatrının kollektivi Balakənə qastrol səfərinə gəlmişdi. Bu bizim üçün böyük hadisədir. Rayonumuzun mədəniyyət evinin səhnəsində yazıçı-diplomat Həsən Həsənovun eyniadlı əsəri əsasında hazırlanan iki hissəli “Qürbətdən gələn məktublar“ tamaşası göstərildi. Tamaşa və aktyorların çıxışı təqdirə layiq idi.

Zal dolu idi.

Mən tənqidçi deyiləm, sadəcə müşahidələrimi sizinlə bölüşmək istəyirəm.

İnsanlar ancaq ekrandan gördükləri kumirlərinə canlı tamaşa etməyə gəliblər. Həm də ki, Balakənə tanınmış aktyorların gəlişi çox nadir haldır. Balakən mədəniyyət evinin səhnəsi və tamaşaçısı bəlkə ilk dəfə (son olmasın) belə səhnə dekoru, belə rekvizitlər görürdü. Tamaşaçılardan biri hətta səhnə dekorunu görcək “gəlinimin cehizindəndi” dedi. Başa düşmədim lovğalanır, yoxsa əksinə.

Budur. Vəfa Zeynalova “Firəngiz” obrazında zala daxil olanda oturanların pıçıltısı eşidildi: “Hm... Televizordakı kimi gözəl deyilmiş”, “Aaa.. Nə arıqdı, doğrudan televizor kök göstərirmiş e”. Bu kimi pıçıltılı replikaların müşayiətində “Firəngiz” səhnəyə qalxdı və tamaşa başladı.

İki saatdan artıq davam dən tamaşa sıx-sıx eşidilən telefon zənglərinin müşayiətiylə davam etdi. Darıxıb ora-bura boylananlar, əsnəyənlər, çoxdan görüşməyən rəfiqələr və hətta fürsətdən istifadə edib dəvətnamə paylayanlar da vardı.

“Qürbətdən gələn məktublar” tamaşası M.F. Axundzadə və onun ailəsindən bəhs edirdi. Avropaya təhsil almağa gedən bir oğlan, ondan nigaran bir ana, vətəndə onu gözləyən Firəngiz və Avropada ona aşıq olan Fransuaza. Bu mövzu bizə yaxındı, günümüzdəndi, həyatımızdandı. Laləzar Mustafayevanın canlandırdığı Tutu xanımın oğlu Rəşidin Avropada firəng qızı ilə evlənmək istəməsi xəbərini alınca ürəyini tutub kresloya düşməsi səhnəsində inanıram ki, zaldakı bir çox ana həmin sancını ürəyində duydu. Çox qız Firəngizlə həmdərd oldu. Aktyorların oyununa söz ola bilməzdi. M.F. Axundzadənin son nəfəsində kəlmeyi-şəhadət gətirməsi belə təbii alındı. Düzdü, zalda M.F. Axundzadəni Fətəli xan Xoyski ilə səhv salan mədəniyyət işçisi də var idi. Amma bu aktyorların günahı deyildi. Cavanlara tamaşada telefonu söndürmək və ya ən azı səssizə keçirtmək lazım olduğunu başa salan olmayıb. Nə bilsinlər axı? Teatlar çox nadir hallarda Balakənə qastrol səfərinə gəlir.

Tamaşa bitdi, aktyorlar alqışlandı. Laləzar Mustafayeva “Ana” şeri deyərək balakənliləri kövrəldi.

Xoş gəlmişdi Teatr Balakənə.

Amma xahiş edirəm, tez-tez gəlin.

# 1667 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #