Darıxmağın adı nədir?

Darıxmağın  adı nədir?
16 iyun 2016
# 16:00

«Şəhriyar həbsxanaya düşüb azadlığını itirəndə də, həyata düşüb anasını itirəndə də onu ədəbiyyat qazanıb. O, sözün bütün mənalarında tək olmağı bacaran şairdir. Mənim qədər tənhalığı sevən bir adam onun darıxmağına qibtə edirəm. Ən əsası isə o, tənhalığını və darıxmağını ədəbiyyata çevirməyi bacarır» (Vaqif Səmədoğlu).

Şəhriyar del Geraninin «Darıxmağın adı» şeirlər kitabı məndə belə bir təəssürat oyatdı ki, şeirimizdə tənhalıq motivi artıq fərdi-subyektiv düşüncə orbitindən sıyrılır, bütövlükdə ədəbiyyatın aparıcı bir xəttinə çevrilir. Vaxtilə Əli Kərimin «Tənhalıq istəyirəm - Böyük, dərin, dolu tənhalıq!» misraları deyəsən, əsl həqiqətə çevrilir. Oxuduğum şeir kitablarında ayrı-ayrı müəllifləri bir nöqtədə birləşdirən məqamlar getdikcə çoxalır və təbii ki, bunun səbəblərini yaşadığımız zamanın özündə axtarmaq daha doğrudur. Elə bir əsrdə yaşayırıq ki, çevrəmizdə və dünyada baş verən hadisələr, lokal müharibələr, insan faciələri, terror və qırğınlar bizi düşünməyə və çox vədə öz içimizə qarılmağa vadar edir.

Şəhriyar del Geraninin «Darıxmağın adı» kitabında torlanan şeirlər bütünlüklə poeziyamızın tənhalıq motivinə sürəkli – «dərin, dolu» bir axınla müraciət etdiyini sübut edir.

Şəhriyar del Gerani tənhalığını «Təklik» və «Darıxmaq» məfhumlarının çevrəsində axtarmaq lazımdır. Vaxtilə, sovet dönəmində təkliyi ictimai faciə kimi yozurdular. İnsan təkliyə qapılırsa, deməli, cəmiyyətdən, yaşadığı mühitdən uzaq düşür və bunu qeyri-normal hesab edirdilər. Halbuki təklik heç də yaşadığın mühitdən uzaqlaşmaq və cəmiyyətdən üzülüşmək deyil. İnsan təklikdə özünü daha artıq dərk edir, onu narahat edən düşüncələri ilə baş-başa qalır. Təklikdə də səadət axtarmaq və özünü xoşbəxt hesab etmək olarmış:

uzun-uzadı zamanlardı xoşbəxtəm,

özü də təkadamlıq.

siz bilmirsiz, təkadamlıq səadətlər necə olur.

«Təkadamlıq səadət» məkanında Şəhriyar ana itkisinin əzabını yaşayır. Son illər şeirimizdə Anaya olan sevgiləri bu dərəcədə konkret lövhələrlə ifadə etməyin bənzərsiz nümunələri ilə qarşılaşmamışam. Baxın:

sənə sarı dartılmaqdan tikə-tikə olmuşam,

bir ovucam təkliyimdə, kiminkidi bu təklik

bədənim ki uçuşan məktub parçalarıdı,

bir de görüm əllərin, ayaqların necədi,

günəşi sənsiz səhərin alçaq olur gecəsi.

heç bilmirəm bədənimdə kimi gəzir qollarım,

nə axtarır qollarım

səni quca bilməyirsə, demək, yoxdu qollarım.

küləkdən doğma heç nə yoxdu bu şəhərdə.

yağış yağırsa bu şəhərə,

qəbrinə də yağır, demək.

«Dənizə atılmış balıq şəkilləri» anasızlığın faciəsini əks etdirən – sözlə rəsm olunan kədərli duyğular mənzərəsidir. Sərbəst şeirin sərhədsiz ritmi, intonasiyası, səs trayektoriyaları, bədii təsvir vasitələrinin rəngarəngliyi bu şeirin başlıca məziyyətləridir (hərçənd ki, şeirdə «qalmamısanmış», «unudulmaqların», «darıxmaqlarıma» kimi qeyri-roetik üç sözə də rast gəldik).

Şəhriyarın sevgi şeirləri də duyğular kompleksi kimi diqqəti cəlb edir. Burada ənənəvi vüsal-hicran-aşiq-məşuq komponentləri axtarmaq doğru olmazdı. Bu şeirlər retrospektiv düşüncələrin qəribə assosiasiyalarla ifadə olunan şəkilləridir, - desək, yanılmarıq. Sanki iri, geniş panoramlı fotoda ayrı-ayrı hisslər, duyğular əks olunur:

sənnən mənə bircə küçə qaldı

çıxıb getməyə bu şəhərdən

bircə dəniz qaldı unutmağa

bircə pişiyimiz vardı darıxmağa

sən bilmədin

bir oğlan gələrdi hər axşamçağı

avtobus dayanacağına

sən olmazdın

sənsizlik yaşardı bütün dayanacaqlarda…

Şəhriyarın şeirlərinin özəlliyindən söz açmaq istərdim. Onun şeirləri sərbəst təhkiyə tərzi, lirik və bir qədər də ironik çalarlarla diqqəti cəlb edir. Doğrusu, mən onun bəzi məqamlarda danışıq tərzinə tuş gələn misraları ilə heç cür razılaşmıram, bəzən çox uzun şeirləri də mənə xoş gəlmir. Şeir dilində nəzərə çarpan bəzi nahamar, kələ-kötür sözlərə, ifadələrə də haqq qazandırmıram. Amma Şəhriyarın şeirlərindəki gözlənilməz rakurslar, ritm və intonasiya zənginliyi, assosiativliyə meyl, təşbeh və metaforaların təzəliyi də göz qabağındadır. «Şəhriyar oxucusunu sanki sözlərin estetik oyununa dəvət edir. Bu oyuna daxil edilmiş ifadələr fərqli bir sintaksisi yaratmaqla şeirin yeni energetikasına yol açır» (Elnarə Akimova). «Anamın canında dolaşan ağrıları kimi səhərədək veyllənirdi Təbriz küləyi»- təkadamlıq kamerada «Sonuncu sevgi şeiri»ni yazan Şəhriyar sanki mətnə dəxli olmayan bu iki misraya xüsusi önəm verir. Uşaqlıq illərinin solğun şəkilləri, oyuncaqları olmayan körpəliyinin fərəhsiz günləri (ancaq o illərin ana mehrini də unutmur: «oyuncaqlarım olmayıb, anamın əlləriylə oynamışam, əl tutmaq, əl öpmək, əl sığallamaq öyrənmişəm uşaqlığımda»), unudulmayan bir sevgi, təkadamlıq kamera və Təbriz küləyi-bunlar şeirdə bir-birilə qəribə bir tərzdə uzlaşır. «Sevgi-dodaqlardan çox ayaqların rəqsidi», «düşünmək-ucadan susmaqdı», «indii mən bədənində bir cüt qol gəzdirən Allah bəndəsiyəm» - bu ifadələr onların daxil olduğu mətndə heç də gəlişigözəl səslənmir, mətn boyu öz izahını tarır.

Şəhriyarın «Bütün aylar-oktyabr» silsiləsindən olan şeirləri, zənnimcə, onun ən səmimi şeirləridir və bu səmimiyyəti doğuran səbəb odur ki, həmin şeirlər «müəyyən sarsıntı görmüş, həyatın əzəmətli və zəqqum reallıqlarına dəyib çilik-çilik olmuş adamların hiss edəcəyi, duyacağı şeirlərdir». Sırf fərdi – subyektiv yaşantıların, həm real, həm nostalyi, həm heç vaxt unudulmayan, həm də bədənində qan kimi dolaşan hisslərin bir-birilə uzlaşması bu silsilədə xüsusi bir ahəngdarlıq yaradır. Şəhriyar ayları sıralaya-sıralaya keçirdiyi, yaşadığı hissləri, düşüncə anlarını qələmə alır. Məncə, bu şeirlərin müasir modernist üsluba daha çox aidiyyəti var. Şəhriyarın o silsilədə ən uğurlu şeiri «Oktyabr şeiri»dir:

kəsib tullayasan qollarını da

yetim saxlayasan qucaqlarını

biryolluq hamıdan çıxıb gedəsən

bir it qucaqlaya ayaqlarını

ay ağac, yazıqsan-qış ağacısan

bu bekar torpağın boş ağacısan

bilsəydim anamın baş ağacısan

o vaxt sındırmazdım budaqlarını

qırmızı kəndirdə boynun dincələ

ölüm də gələndə gülərüz gələ

bir gün uzaqlardan bir rayız gələ

deyə ki, qaytarın yarpaqlarımı…

«Darıxmağın adı»… nədir? Məncə, Şəhriyar del Gerani bir şeirində özü bunun cavabını verir: darıxmağın adı ana olarsa, bütün aylar oktyabrdı.

# 3283 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #