news-inner
clock16:17 calendar-gray 26 May 2016 view-gray494 dəfə oxunub
view-gray494 dəfə oxunub

Rejissor Kərbəlayı, minlərlə meyxanaçı və qədim əfqan məhəlləsi - MAŞTAĞADAN REPORTAJ

Maştağaya çatan kimi özümü İran filmlərinin içində zənn etdim. Dar küçələr, tozlu yollar, çadralı qadınlar, təsbehli kişilər. Bura artıq başqa bir yer idi, illərdir yaşadığımız Bakı deyildi. Sanki sərhədi keçib başqa bir ölkənin ərazisinə ayaq basmışdıq. Maştağaya ilk səfərim idi. Daha öncə buranın adını eşitmiş, özünü görməmişdim.

İlk tanışlıq

Avtobusda rastıma çıxan maştağalı ilə söhbətləşdim. Yeniyetmə bir oğlandı, indi təəssüf edirəm, adını soruşmaq yadımdan çıxdı.

- Qaqa, mən bax burda “Əzizin tini”ndən bir az qabaqda “slesar” işləyirəm.

Maştağadan yazı hazırlayacağımı öyrənəndə gülümsünür:

- Maştağa meyxanaçılar vətənidir. Mən özüm də arada meyxana deyirəm. Uşaqlarla. Sən burda “Əzizin tini”ndə düş elə. Orda camaatdan soruş, maraqlı yerlər deyəcəklər.

Düzü, onun dedikləri məni xeyli şaşırtdı. Özü də yeniyetmə, üzü işıqlı bir uşağın yol göstərməyi xoşuma gəldi. Danışığı, Maştağa ləhcəsi ləzzət eləyirdi.

- Niyə “Əzizin tini” deyirlər ki bura? – avtobusdan düşənə yaxın soruşdum.

- Vor-zakon olub Əziz, qədeş. Eşitdiyimə görə, iki mərtəbəli ev tikibmiş iki günün içində. Ona görə tinə onun adını veriblər.

Maştağadaydıq artıq. Fotoqrafla qərarlaşdırdıq ki, bir çay içib elə gəzək. Böyük bir park gördük qarşıda. Soruşduq, dedilər parkın içində çayxana var. Çayxanada, həyətdə oturduq. Ofisiant yaxınlaşdı:

- Bizə çay verin, zəhmət olmasa.

- Baş üstə, əmioğlu.

- Qardaş, üzr istəyirəm, bu parkın adı nədir?

- “Əzizin tini” deyirlər bura.

Toy operatoru

Ofisiant getdi, fotoqrafla baxışıb gülümsündük. Bir azdan bir dəstə cavan oğlan deyə-gülə keçib o biri masada əyləşdilər. Tez-bazar domino daşlarını yığıb oynamağa başladılar. Aralarından bir oğlan onlardan ayrılıb bizim masa tərəfə gəldi, telefonunu “adaptr”a qoşdu.

- Qaqaş, salam. Buralısan? Bir şey soruşacaqdıq.

- Buyur, atam.

- Bura niyə “Əzizin tini” deyirlər?

- Vallah onu qocalar yaxşı bilər.

Bir az keçəndən sonra onu masaya çağırdıq.

- Çəkilişə gəlmisiz, atam? – siqaretini yandırıb soruşdu.

- Hə, qardaş, maraqlı yerləri çəkirik.

- Atam, bilirsən, mən də çəkilişlə məşğul olmuşam. – bunu deyib qarşı masaya əl elədi. – Ala, siz oturun, mən çəkiliş yoldaşlarımı tapmışam.

- Operatorsuz?

- Həri. Televizora bir-iki dəfə getmişəm, “sokraşeniya”dır deyə işə götürən yoxdu. Bir dəfə Space-ə getdim, dedilər get, bir yeri çək, CV-ni ver, sonra baxarıq. Heç nə olmadı amma.

- İndi harda işləyirsiniz?

- Nardaranda. Mən özüm də orda qalıram. Bura hərdənbir gəlirəm. Qardaşoğlu evlənib, onu gəzdirməyə gətirmişəm. – gülümsünür. – İş azalıb e, toy eləyən yoxdu.

Yenicə tanış olduğumuz bu qardaş deyir ki, Maştağada hamının ləqəbi var.

- Mənimki Operator Həmid. Toyda o qədər şey gəlib ki, başıma. Nardaranda toyda olmusuz? Ancaq kişilər olur, içki də verilmir.

- Başqa yerlərdə toy olmur?

- Hə, gedirəm arada. Razinə-filan. Bir dəfə elə Razində başıma iş gəldi. Dava düşdü toyun axırında. Bizimki yox e, o biri tərəfdəki toyda. Bıçaqlaşma-zad oldu. İndi getmirəm içki verilən toylara. Günahdı axı. Namaz əhliyəm. Elə şey olmaz mənə.

Sonra gülə-gülə başqa bir əhvalat danışır:

- Bir dəfə toyda möhkəm dava düşdü. Sonra yatışdırdılar. Atam, inanırsan, bir də gördüm kimsə “zakaz” elədi ki, “Biz mehriban ailəyik” mahnısını çal – gülüşmə düşdü.

- Mənə maraqlıdır, bu toylarda kadrarxası görüntülər necə Youtube-yə qoyulur?

- Mən montajı bacarmıram deyə studiyada elətdirirəm. Mənimki eləcə çəkməkdi.

- Yəqin montajda götürürlər...

- Əyər, qaqa, kim düşürsə kadra, yəqin ondan icazə istəyirlər. Baxma camaatın arvad-uşağı düşür axı.

Həmid toylar olmayanda, boş-bekar dolaşanda dostlarına zəng vurub ya məhlədə, ya evdə, ya da kafelərin birində meyxana deyir.

- Meyxana bizim sənətdir də. Maştağada kimə soruşsan deyəcək meyxana deyirəm.

- Hə, elə bayaq biri də dedi ki, mən də oxuyuram.

- Atam, burda hamı deyir də meyxana. Tay ustadlar heç, amma biz də özümüzə görə deyirik.

“Əzizin tini” haradır?

Nəsə, nağıl dili yüyrək olar, mənə maraqlı gəldi ki, bu “Əzizin tini” haradır, kimdir bu Əziz. Birinə soruşduq o tərəfi göstərdi, birinə soruşduq bu tərəfi, lap nağıldakı kimi işıq gələnmi, yoxsa it hürənmi tərəfə gedək, bilmədik.

Qabağımıza bir ağsaqqal çıxdı:

- Salam, ay ağsaqqal necəsiz? “Əzizin tini” haradır?

- De ha... - əlini üstümüzə gələn maşınlara tərəf tutdu – maşınlar gələn tərəfə gedin.

- Dayı, bağışlayın, bu Əziz kimdir?

- Nəyivə lazımdı? Maraqlıdı sənə?

- Maraqlı gəldi ki, niyə Əzizin adınadır bura.

- Əziz adlı-sanlı kişi olub, ona görə də adını bura veriblər.

Ağsaqqaldan ayrılıb yola düzələndə əli təsbehli cavan-cantaraq uşaqlar qabağımızı kəsdi:

- Qədeş, o nədir elə əlinizdəki?

- Fotoaparat.

- Film çekürsüz?

- Maraqlı yerləri çəkirik.

- Sizə nə lazımdı ki?

- Heç nə qaqaş...

- Ver görüm fotoaparatı.

Neyləyək, ver deyir, verməliyik. Fotoaparatı əlinə götürdü, bir o tərəfinə, bir bu tərəfinə baxdı, “əntiqə şeydü” deyib qaytardı. Qorxmuşdum ki, alıb qırarlar. Nə yaxşı, türklər demiş, söhbət “tatlıya bağlandı”.

Bir az qabaqda iki yaşlı taksi şoferinə yaxınlaşdıq:

- Ağsaqqal, bu “Əzizin tini” haradır? – bəzən mənə elə gəlirdi ki, bütün Maştağa “Əzizin tini”ndən ibarətdir.

- Deee, qaqaş, görürsən bu maşınlar gedən yoldan, düz o darvazaya qədər olan yer “Əzizin tini”di.

- Nə bilim, dayı, hərə bir yer deyir, ona görə çaş-baş qalmışıq. Niyə “Əzizin tini” deyirlər ki, bura? Kim olub Əziz? Dedilər, yaşlı adamlar yaxşı bilər.

- Bu Əziz, bala, qoçu olub. 1905-ci illərdə yaşayıb, səhv eləmirəmsə. Burda ermənilərin Bakıya hücumu vaxtı bunlar bir neçə qoçu iştirak ediblər könüllü, döyüşüblər onlarla. Deməli, bu Əzizin ikimərtəbəli evi olub, eyvanı tindən görünürmüş. Sonra Sovet vaxtı o evi poçt eləyiblər. Eşitdiyimə görə, daha sonra qohumları, nəvə-nəticələri evi geri alıblar. Sonra da sökülüb. Bax elə o gündən “Əzizin tini” deyirlər bura.

Düzü, dayılar sağ olsun, amma Əzizin tini hələ də mənə qaranlıq qaldı. Ona görə də bu söhbəti burda bağlayıb getdik qabağa.

İran filmi kimi...

İrəlidə Seyidlər məhəlləsi deyilən yer var idi. Uzaqdan məscidin minarəsi göründü. Çadralı qadınlar keçib gedirdi. Təsbehli kişilər tində durub siqaret çəkirdi. Bura mənə İran şəhərlərini xatırlatdı. İran filmində rol alan aktyor kimi hiss etdim özümü.

Məscidin qabağında yaşlı, üzü nurlu bir kişi durmuşdu. Bizi çox xoş qarşıladı:

- Bura Məştağa cümə məscididi. Məscid 1954-cü ildə tikilib...

Ağsaqqalın və məscidin işçisinin dediyinə görə, burda 2-ci mərtəbədə Quran dərsləri, ərəb dili və İslam dinini öyrənən şagirdlər var. Dərslər səhər də, axşam da olur.

Ağsaqqal məscidi çöldən bizə təsvir edirdi, heyf, içərinin şəklini çəkməyə icazə verilmir dedilər.

- Mənim özüm də seyid nəslindənəm, axund Müşdəbanın nəvəsiyəm...

Bizə başqa bir yer göstərmək üçün qabağımıza düşdü. Bu vaxt tində dayanan iki kepkalı kişi:

- Yandıranın var, əmioğlu? – deyə bizi səslədi.

Seyid bizi dartışdırdı ki, baş qoşmayın.

- Niyə, dayı? Nə var ki burda? Siqaretini yandırardım da...

- Siqaret haramdı, oğlum. Həm də sizi narahat eləməyə nə haqqı var? Başqasından yandırar.

Gəldik Seyid İbad Ağa yazılan bir ziyarətgaha. Ağsaqqal dedi ki, bu adam böyük kişi olub, hikmətli, savadlı, alim, dərya bir adam... Öləndən sonra ona belə bir yer tikiblər, gəlib gedənlər şəfa tapır, ona dua edir.

Bu vaxt içəridən bir axund çıxdı.

- Axund, bura haqqında danışardın, zəhmət olmasa...

Axund yaman hirsləndi, çığır-bağır saldı, bu yerin “obşaq” üçün olmadığını dedi. Biz də daha bir kəlmə deməyib yolu əlimizə aldıq.

Bizi hara aparırlar?

Az getdik, üz getdik, gəldik bir boş, tərk edilmiş poliklinikanın qabağına. Darvazanın o üzündə otlar boy qaldırmışdı, sinəyə çatırdı. Tikanlar, qanqallar nə qədər desən. Uşaq poliklinikasında küləyin səsindən başqa heç bir səs eşidilmirdi. Bir ağsaqqal ora baxdığımızı görüb dedi, oğul, bura bağlanıb, təmir olunacaq, heç nə yoxdur içəridə.

Bu vaxt bir adam bizə əl elədi.

- Qardaş, belə başa düşdüm ki, sizə Maştağada köhnə, qədimi yerlər lazımdı. Gəlin minək mənim taksimə sizi aparım gəzdirim.

Əslində təklif yaxşı təklif idi, di gəl cibdə pul olsa lap əntiqə olardı.

- Onda düşün arxamca, sizi maraqlı bir yerə aparacam.

Düzü, nə gizlədim, qorxu dabanımdan bədənimə doldu, titrətdim elə bil, amma yenə də dişimi-dişimə sıxıb düşdüm arxasınca. Həyət evlərinin arasından, tozlu daş-qayalı yerlərdən keçib gəldik bir darvazanın qabağına. Taksi şoferi içəri keçib kimisə səslədi. Dedi, çəkilişə gəliblər. İçəridən bir səs gəldi: “Gəlsinlər”.

Taxta pillələrlə yuxarı qalxdıq, qarşımızda açılan qapının arxasında masanın kənarında əyləşib siqaret çəkən, çay içən üç kişi göründü.

Xanəgah

Kərbəlayı Rəşid deyə özünü təqdim edən balacaboy, nurlu kişi bizi irəlidəki otağa apardı. Dörd tərəfimiz qədimi əşyalarla əhatələnmişdi. İçəridən keçmişin qoxusu gəlirdi. Bir anlıq Qız qalasında olduğumu düşündüm. Kərbəlayı dedi ki, burdakı əşyalar 1987-ci ildəndir. Həm də çox maraqlı bir şeylə qarşılaşdıq: kibrit çöplərindən böyük evlər tikilmişdi. Məlum oldu ki, boş vaxtlarında belə gözəl işlərə qol çəkirmiş. Dediyinə görə, Aşura günləri burda adam əlindən tərpənmək olmur, halva çalınır, aş süfrəyə gəlir, ehsan verilir, zəncir vurulur sinəyə, Qədir gecələrində sübhə qədər dualar oxunur. Başqa vaxtlar isə əhli-beyt şairləri yığışıb peyğəmbər hədislərindən doğan şeirlər deyirlər. Kərbəlayı deyir, bu şeirlər elə-belə şeirlər deyil, peyğəmbər kəlamıdır, meyxana ilə onların işi olmaz. Bura Əbəlfəzl Abbas xanəgahıdır. Sizə deyim, qədim dövrlərə aparan tunelin içində gəzirmiş kimi hiss etdim özümü. Düzü, Kərbəlayı çox maraqlı danışırdı, ancaq ona key-key baxırdım, söhbəti başa düşə bilmirdim.

- İncimə məndən – dedi – Deyəsən, bu din söhbətlərində kəmsavadsan bir az.

- Nə yalan deyim, eləyəm – boynuma aldım.

- Neçə yaşın var?

- 24.

- Əşşi, hələ cavansan, öyrənərsən. Haralısan sən?

- Gürcüstanlı.

- Yox, sənin siman ordakılara bənzəmir. Sən Urmiyadan gəlməsən.

Çaşdım, çünki bunu kəndimizdəki yaşlı kişilərdən çox eşitmişdim. Deyirdilər, biz Urmiyadan, Təbrizdən Gürcüstana gəlib çıxmış tayfayıq. Bu kişinin içində böyük bir sirr daşıdığını düşündüm. Qəribə bir hüzur və həm də qorxu hiss etdim. Sanki məni təpədən-dırnağa tanıyırmış kimi baxırdı üzümə.

- Xanəgah haqqında daha çox bilmək istəsəniz Nurlu Sabah-1 yazın Youtube-də baxın, hər şeyi biləcəksiz. Orda danışmışam. Xanəgah TV-miz var bizim. Mən həmişə burda oluram, nə vaxt desəniz qulluğunuzda hazıram. Qapım hamıya açıqdı.

Bəzən insan hüzur tapmaq, sakitləşmək, dərdini demək üçün bir qapı döymək istəyər. Bax Kərbəlayı da o cür insandır ki, onun qapısına gələn gözəl söhbətlər eşidib, hüzur tapıb gedəcək.

Səkkiz qapı

Qapı demiş, Kərbəlayı deyir Maştağada Səkkiz qapı deyilən yer var. Mən nağıllardan eşitmişdim 40-cı qapı söhbətini. Neçə-neçə qapıdan keçən nağıl qəhrəmanı sonuncu, 40-cı qapını açanda simurq quşu göylərə pərvazlanır.

- Bu səkkizinci qapı 17-ci əsrə aiddir. Şah Abbas taxtı-tacında eşidir ki, Məsqədəh deyilən yerdə bir seyid var, kəramətinə söz ola bilməz. Vəzir ilə tərki-libas olub Məsqədəhə gəlir. İndiki Maştağaya. Hal hazırdakı Ağanın məzarı olan yer onun yaşadığı yer olub. Onu da deyim ki, kənddə ən hündür yerlərdən biri də oradır və Şah Abbas çəpərin qırağında dayanıb əsasını çənəsinin altına tutub “Ay həyət yiyəsi” deyə səslənir. Bu dəm həyətdən cılız bir qız uşağı şaha cavab verir: “Kim lazımdır?” Şah deyir, Seyid Hüseynin evini axtarıram. Qız nəfəs vermədən, “Şah sağ olsun, atam gedib çənəvin altı üçün əsa kəsməyə”. Bu da o deməkdir ki, “Ay şah, başıvı saxlıya bilmirsən, necə şahsan”. Vəzir şaha deyir, hələ bu ağanın qızıdır, gör ağa necə hikmət sahibidir.

Səkkiz quyu deyilən bir yer var, ağanın əkin sahəsi olub. İstiqamət götürüb gəlirlər ağanın əkin yerlərinə, orda bir cılız bir ağsaqqalın alaq etdiyini görüb səda edir: “Mənə Seyid Hüseyn lazımdır”. Həmin ağsaqqal Seyid Hüseyn özü idi, ayağa qalxıb şaha deyir, Qibleyi-aləm, ziyarətinlə bu günahkar bəndənin qəlbini fərəhləndirdin. Vəzir şaha deyir, belə ağası olan vilayət bəla görməz. Şah Ağaya deyir, sən ki belə kəramət sahibisən, bu otlağı niyə Allahın izni ilə dərz etdirmirsən. Ağa deyir, şahım, sənə otlağın dərz olmağı lazımdır? O dəm iki rükət namaz qılıb Allahdan niyaz edir və otlar hamısı dərz olunur bir qırağa. Deyir, şahım, şahid oldun və yenə iki rükət namaz qılır, yenə otlar öz yerinə qayıdır. Şah tez əyilir otu dartmağa, görür ki ot yerindən çıxmır və ağa deyir, bunları mən belə etsəm bu yetim füğəralar necə dolanar. Onlar ağanın evinə yollanırlar və yolda bir kasıb əkinçinin çəpərinin yanından keçəndə yorulmuş bir qocanın məyus halda oturduğunu görürlər. Ağa ona deyir ki, ay qoca əkinçi, nəyə görə məyussan? Qoca deyir, qocalıb əldən düşmüşəm, oğul-uşaq yoxumdu, əkinim də susuzluqdan tələf olur. Ağa quyunun qırağında durub Allaha dua edir, o dəm quyunun suyu bulaq kimi qalxıb əkini sulayır, şah bunları görüb mat qalır. Zöhr azanının vaxtı çatır, dəstəmaz almaq üçün tuluğu quyuya salırlar və çəkəndə ləl-cavahiratla dolu çıxır. Ağa ləl-cavahiratı quyuya töküb yenidən su üçün tuluğu quyuya salır və nəhayət üçüncü dəfə ağa üz tutub Allahın dərgahına deyir ki, ey məni yoxdan var edən, mənə dəstəmaz üçün su lazımdı, dünya malı yox, bu dəfə su çıxır.

Bunların hamısı Şah Abbasın gündəliyində var. Hə, indi o Səkkiz qapı deyilən yer həmin kişinin adınadır. Burda adamlar şəfa tapırlar. Ağlağan uşaqlar, uşağı olmayan cavanlar, xəstələr... Səkkiz qapıdan keçib şəfa tapırlar. Çox adam səhvən buraya Yeddi qapı deyir, amma əslində Səkkiz qapıdır.

Məşqədə

Bir azdan süfrəyə çay gəlir və mən yenə “Əzizin tini” ilə maraqlanıram.

- Bilirsən, qardaş, Maştağada çoxlu qoçular olub. Bax birinci elə Mir İbrahim ağa... Seyid məhləsinin qoçusu... Sonra elə sən dediyin, Qoçu Əziz, o da Keçən məhləsindən. Atası da qoçu olub onun. Sonra Axund Mirəbdülqəni olub. O da Seyidlərdəndi. Xonxarın qoçusu olub. Deməli, Pakistan xanı Mirzəməhəmməd Nəbi xanın qızını sağaldıb Mirəbdülqəni. Xan da buna öz qızını verib. Sonra şahlıq Mirəbdülə keçib. O da şahlığını verib çəkməçiyə, gəlib Maştağaya, məscidi tikib. Bu cümə məscidini... Mir İbrahim ağa olub, Axund Mirəbdülqəni alim olub. Bunlar qoçu sinfinə aid olublar, ancaq qoçu deyilməyib, onlar ağa sözü altında yaşayıblar, bütün qoçular bunlarsız heç nə edə bilməzmiş kəndin içində. Hə, sonra burda Qoçu Mürsə, Abbasqulu, Qoçu Nəcəfqulu kimi qoçular olub, ad-san çıxarıblar. Həqiqi qoçu olublar, döyüşüblər, vuruşublar.

Kərbəlayı çayından bir qurtum alıb sözünə davam elədi:

- Maştağanın adı əvvəl Məşqədə olub. Bu kənddə qılınc məşqləri varmış. 1841-ci il dekabrın 31-də zəlzələ olur Maştağada. Ordan qaçanlar Kubinka, Sobes, Zərgərpalan, Basin, Peykanı, Çəmbərəkəndi yaratdılar. Maştağa elə belə yer deyil. 32 kəndin içində ən böyük kənddir. Burda Xonxard məhəlləsində əfqanlar yaşayıb. Balıqçılıqla məşğul olublar. Əvvəl atəşgah olub, zərdüştülük yayılıb Maştağada. Ərəblər, seyidlər gələndən sonra islam dini yayılmağa başlayıb. Maştağanın üç min, dörd min yaşı var. Köhnə, qədim əşyalar tapılıb burda. Maştağanın gözəl ziyalıları olub. Bizim öz Maştağa TV-miz də var. Abbasqulu ağa Bakıxanovun “Köhnə Bakı”sında bunların hamısı dəqiqliyi ilə yazılıb.

Kərbəlayı daha sonra Azərbaycanın ilk peşəkar fotoqrafı Mircavad Axundzadənin Maştağadan köhnə fotolarını göstərdi bizə, pinəçinin, qədim evlərin şəkilləri bizi bir anlıq o dövrə apardı.

Film çəkən Kərbəlayı

Gedənə yaxın maraqlı bir mənzərənin şahidi olduq. Beş-altı adam kompüterin qabağında oturub filmə baxırdı. Məlum oldu ki, bu filmi Kərbəlayı çəkib. Özü də telefonla. Film “Acı həqiqət” adlanır. İndi oturub filmlə baxanlar da orda rol alan həvəskar aktyorlar imiş. Kərbəlayı filmdə şəhərdən görüntüləri də lentə alıb. Ağalıq dövründən bəhs edən 30 dəqiqəlik film çəkib telefonla. Deyir ki, şəraitim olsa, kameram, sponsorum olsa, Maştağa haqqında, ağalıq haqqında elə filmlər çəkərəm ki, onu heç kim mənim kimi çəkə bilməz. “Acı həqiqət”i də serial kimi düşünüb. Amma hələ ki birini çəkə bilib.

Kərbəlayı həvəskar rejissor kimi aktyorlarından da narazıdır. Deyir ki, bir-iki nəfəri çıxmaq şərti ilə qalanları sənətə ciddi yanaşmır, yola verir. Əgər pulu, öz kamerası olsa, bütün bunları aradan qaldıracağına böyük ümid bəsləyir. Çəkdiyi bu filmi də montaj edib Youtube-ə qoymağı düşünür.

Son

Maştağadan çıxanda o görüntü ağlımda ilişib qalmışdı: öz çəkildikləri filmə özləri baxan maştağalılar. Onların həyatı öz çəkdikləri film kimidir. Həm filmdədirlər, həm də həyatda...

Fotolar: Nihad Qulamzadənindir

MAŞTAĞADAN REPORTAJ" data-description="gallery" alt="Rejissor Kərbəlayı, minlərlə meyxanaçı və qədim əfqan məhəlləsi - MAŞTAĞADAN REPORTAJ"> MAŞTAĞADAN REPORTAJ" data-description="gallery" alt="Rejissor Kərbəlayı, minlərlə meyxanaçı və qədim əfqan məhəlləsi - MAŞTAĞADAN REPORTAJ"> MAŞTAĞADAN REPORTAJ" data-description="gallery" alt="Rejissor Kərbəlayı, minlərlə meyxanaçı və qədim əfqan məhəlləsi - MAŞTAĞADAN REPORTAJ"> MAŞTAĞADAN REPORTAJ" data-description="gallery" alt="Rejissor Kərbəlayı, minlərlə meyxanaçı və qədim əfqan məhəlləsi - MAŞTAĞADAN REPORTAJ"> MAŞTAĞADAN REPORTAJ" data-description="gallery" alt="Rejissor Kərbəlayı, minlərlə meyxanaçı və qədim əfqan məhəlləsi - MAŞTAĞADAN REPORTAJ"> MAŞTAĞADAN REPORTAJ" data-description="gallery" alt="Rejissor Kərbəlayı, minlərlə meyxanaçı və qədim əfqan məhəlləsi - MAŞTAĞADAN REPORTAJ"> MAŞTAĞADAN REPORTAJ" data-description="gallery" alt="Rejissor Kərbəlayı, minlərlə meyxanaçı və qədim əfqan məhəlləsi - MAŞTAĞADAN REPORTAJ"> MAŞTAĞADAN REPORTAJ" data-description="gallery" alt="Rejissor Kərbəlayı, minlərlə meyxanaçı və qədim əfqan məhəlləsi - MAŞTAĞADAN REPORTAJ"> MAŞTAĞADAN REPORTAJ" data-description="gallery" alt="Rejissor Kərbəlayı, minlərlə meyxanaçı və qədim əfqan məhəlləsi - MAŞTAĞADAN REPORTAJ"> MAŞTAĞADAN REPORTAJ" data-description="gallery" alt="Rejissor Kərbəlayı, minlərlə meyxanaçı və qədim əfqan məhəlləsi - MAŞTAĞADAN REPORTAJ"> MAŞTAĞADAN REPORTAJ" data-description="gallery" alt="Rejissor Kərbəlayı, minlərlə meyxanaçı və qədim əfqan məhəlləsi - MAŞTAĞADAN REPORTAJ"> MAŞTAĞADAN REPORTAJ" data-description="gallery" alt="Rejissor Kərbəlayı, minlərlə meyxanaçı və qədim əfqan məhəlləsi - MAŞTAĞADAN REPORTAJ"> MAŞTAĞADAN REPORTAJ" data-description="gallery" alt="Rejissor Kərbəlayı, minlərlə meyxanaçı və qədim əfqan məhəlləsi - MAŞTAĞADAN REPORTAJ"> MAŞTAĞADAN REPORTAJ" data-description="gallery" alt="Rejissor Kərbəlayı, minlərlə meyxanaçı və qədim əfqan məhəlləsi - MAŞTAĞADAN REPORTAJ">
news-inner-user
Ayxan Ayvaz

444 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Türk aktrisası vəfat etdi
18:30 13 Avqust 2020
Azərbaycanda əcnəbi serialların yayımı bərpa olundu
17:57 13 Avqust 2020
Məşhur rejissorların ürəyində qalan 5 film - Çəkmək istəyirdilər, alınmadı...
17:02 13 Avqust 2020
"Avatar-2" filminin çəkiliş meydançasından fotolar
16:28 13 Avqust 2020
Xalq rəssamı vəfat etdi
15:09 13 Avqust 2020
Nazirlikdən gedənlər və gələnlər – Sərdar Amin yazır...
14:11 13 Avqust 2020
Mədəniyyət Nazirliyinin aparat rəhbəri vəzifəsindən azad olundu
13:24 13 Avqust 2020
Mahnılarını Niyaməddin Musayev oğurladı, rayonu işğal olunanda beyninə qan sızıb öldü – Bu gözəl musiqilərin müəllifini siz də tanıyın
13:19 13 Avqust 2020
Mühacirətdə olan yazıçı vəfat etdi
12:34 13 Avqust 2020
Sərdarın atası və əlləri
11:52 13 Avqust 2020
Bizə əl atan qoca müəllim
11:07 13 Avqust 2020
Britaniyalı jurnalistin Xocalıdan yazdığı ssenariyə film çəkildi
10:43 13 Avqust 2020
"Qarabağ hekayələri" özbək dilində nəşr olundu
10:04 13 Avqust 2020
Stalin Rəsulzadəni bu yolla qaçırdı, Səməd Vurğun yaralıları apardı – Ayxan Ayvazın reportajı
09:00 13 Avqust 2020
Türkiyəli şair vəfat etdi
18:30 12 Avqust 2020
Məhəllə futbolu - Hekayə
17:58 12 Avqust 2020
Özündən 25 yaş kiçik qadınla evləndi, yoldaşının ikinci əri bütün şəkillərini yandırdı, məzarı hələ də bilinmir – Nəsibə Zeynalovanın atasının dramatik həyatı
17:04 12 Avqust 2020
Məşhur "20th Century Fox" fəaliyyətini sona çatdırır
16:14 12 Avqust 2020
İtaliyada vəfat edən müğənnimizin nəşi vətənə gətiriləcək? - Açıqlama
15:30 12 Avqust 2020
Səfər Alışarlının "İşıq" hekayəsi
14:42 12 Avqust 2020