writer1

İradə Musayeva

Məqalə sayı

93
clock13:23 calendar-gray 10 May 2016 view-gray299 dəfə oxunub
view-gray299 dəfə oxunub

Sindromlu cəmiyyətin ədəbiyyatı…

Osvensimdən sonra şeir yazmaq olmaz.

(Teodor Adorno)

Yazmaq elə Osvensimdən sonra başlanır.

(Adonis)

Bəzən insanın içindən dəli bir istək keçir. Böyük, dünyaya səs sala biləcək bir ədəbiyyatımız ola… Biz də onun elə ona layiq (Belinski, Nabokov, Akunin, Boym kimi) tənqidçiləri… Bu əlçatmaz arzudan suallar doğdu, cürbəcür… Niyə olmur, axı, niyə?! Günahkar kimdir? Zamanmı, məkanmı, cəmiyyətmi, ədəbi qurumlar, təşkilatlarmı, ya işığına yol gəldiyimiz ədəbiyyat tariximiz? Bəlkə, sadəcə tariximiz, yaddaşımız və ya yaddaşsızlığımız? Bu ədəbiyyat deyilən anlaşılmazlıq harda yaranır görən? Maddi-real, toxunula bilən materiyaların cazibəsindəmi, ya başqa ruhi, ilahi bir məqam var ki, ancaq orda yaranır?... Bu sualların izi ilə yerdən uzaqlaşır, səmaviləşirik içimizdə. Amma həmin ədəbiyyat yaradacaq ruhi-ilahi məqam sahiblərinə məsələ gedib çıxanda yenidən geriyə-yerə qayıdırıq. Onların qərar tutduqları cəmiyyətlərə dönürük… Problem əsl yazıçı yetişdirə bilməyən cəmiyyətdədirmi?

Dünyada böyük, qlobal hadisələr, çevrimlər baş verəndə onun fəsadı, zərbəsi və ya intibahi təkanvericiliyi cəmiyyətin sosial həyatından daha çox onun ictimai şüurunda əlamətlənir. Hətta diksindirici inqilablar, müharibələr, dəyişmələr oldu ki, bunun simptomlarını insanlar psixoloji olaraq vaxtında müəyyənləşdirib düzgün diaqnozlaşdıra bilmədi. Çaşqınlıq və “gedən qatar”ı (qaçan zamanı) əldən verməmək cəhdi məcbur etdi ki, insanlar həmin simptomları, xəstəlik əlamət və toxumlarını instiktiv olaraq şüuraltına atsın…

SSRİ dağılanda da belə oldu. Bunu əvvəlcədən siyasətçilər, politoloq və sosioloqlar, intellektuallar bilə bilərdi, cəmiyyət isə yox… SSRİ dağılanda çox körpənin bağçada öyrəndiyi “Lenin” şeiri dodağında yarımçıq, tam əzbərlənməmiş qaldı, çox şagirdin “Mənim böyük vətənim-SSRİ” inşasının cümlələri də həmçinin. Hətta ola bilər ki, Leninin də yarımçıq qalan heykəlləri, rəsmləri oldu. Bu “yarımçıq iş” tablosu bütün sahələri bürüdü- rəssamlığı, heykəltəraşlığı, ədəbi-bədii mətnləri, kinodan, teatrdan tutmuş bütün bədii-estetik yaradıcılıq və elm sahələrini… “Hökmdar” öldü, imperiya dağıldı. Dağıntılar içərisində isə ən ağırı ölmüş inamların, qalası uçurdulmuş ümidlərin xarabalıqları üstündə oturub nə edəcəyini bilməyən insanın taleyi və labirintə düşmüş düşüncələri oldu… Yaranmalı olan ədəbiyyat isə bu labirintli düşüncənin içərisində idi əslində...

Kommunizm arzumuz yarımçıq qalmışdı, güvənclərimiz qırılmışdı, bir tərəfdən də üstümüzə gələn tanklar, qan, ölüm, torpaq itkisi, “təklənmiş millət” qorxusunun, həyəcanının ağrısı da fərdlərə, subyektlərə, insanlara şəxsi problem kimi yüklənmişdi. Artıq adi bir azərbaycanlı təkcə ailəsinin, uşağının və məişətinin yox, həm də millətin dərdini qeyri-iradi olaraq çəkməli olmuşdu. Cəmiyyət və ictimai şüur fərdləri düşünməkdənsə, fərdlər bu ictimai və cəm olanın, cəmiyyətin, onun problemlərinin əlində qaldı. Bir yandan da bazarlaşmış münasibətlər… Bazar iqtisadiyyatı, kapital hökmranlığı altında sözsüz-söhbətsiz qul və quldar sıralarında yerini tutan insanların təbəqələşməsi… Şüuraltında çoxlu sindromlar yığılmışdı.

İnsan itdi bu vurhavurlu sosiallaşma burulğanında. İnsan içinə çəkildi bütün sıxıntıları ilə, yoxa çıxdı, ortalıqda isə qaranlıq kölgələri, anlaşılmaz siluetləri qaldı... Onun cəmiyyətinin çoxlu dərdi, yaraları, tarix qarşısında sorunları vardı, məsələn, Qarabağ olayı kimi... Bu yaralı, xəstə cəmiyyətin öz insanına yardımçı olması ehtimalı sıfırlanmışdı artıq. Azərbaycan insanı tora düşmüş yaralı quş kimi yaşamaq, sağ qalmaq uğrunda çırpınırdı... Və ən pisi... axtardığımız hər şey, bütün tərəqqilər - elm də, ədəbiyyat da –hər şey bu içinə yığılıb susqunlaşmış, instiktiv olaraq qorunma qlafına çəkilmiş insanın varlığında intişar tapmalıydı. Onun varlığı isə o qədər daralmışdır ki, inkişaf, tərəqqi yox, eyni çevrədə təkrar-təkrar dövrə vurmaq kimi Sizif məşəqqətinə düçar olmuşdur. Həm də bu insan zamanından, mühitindən küsüb içinə, məişətinə qapılmışdı... Təəccüblüsü isə o oldu ki, sarsıntı, depressiya, deqradasiya və s. bu kimi kuliminativ hallar yaşayandan sonra insanın içində bir oyanma, özünəqayıdış inqilabı olur. Ziqmund Freydin “psixologiyası zədələnmiş insanın halları”nda olduğu kimi... Bizim insanlarda bu baş vermədi... İçində nə qədər odlansa da, qığılcımı ədəbiyyata, sənətə düşüb alovlandırmadı. Bizim halımız, böyük bir zaman kəsimindəki həyatımız bədii inikasını tapmadı. Düşüncədə hərəkət olmadı, küskünlük və yadlaşma oldu... Öz halını dünya insanı kimi təhlilə gücü çatmadı bu insanın və təbii ki, həm də onun ədəbiyyatının... Bax, əsl ədəbiyyat da bu məqamda yaranacaqdı – öz halını dünya insanı kimi təhlilə cəlb etmək gücü yarananda... Bu qədər mənəvi-psixoloji, sosial-ictimai və siyasi-hərbi zərbələrdən, itkilərdən yazmaq olmur... Lap Osvensimdən sonra olduğu kimi... Amma bəlkə elə bütün bu faciələrdən sonra yazmaq lazımdır, Adonis dediyi kimi...

Bu cəmiyyətin dili, dini, siyasəti, tarixi və tarixə münasibəti, ailə modeli, partiyaları, mətbuatı, təhsili, səhiyyəsi, mərasim mədəniyyəti, adət-ənənəsi – hər şeyi ilə bağlı bütün məsələlər bu çevrədəki insanın “dairə inkişafı” kimi absurd, “hərəkətli” fəaliyyətsizliyinə ilişib qalmaqdadır. Şüuraltına atılmış simptomlar isə cücərməkdə, yeni-yeni fəsadlar törətməkdə... Həmin fəsadlı simptomlar hətta insanlar arasındakı ünsiyyət və münasibətlərdə belə aqressiyasını göstərir.

Bəli, deməli, hər şey – bütün problemlərin ipucu İnsana getdi çıxdı yenə. İnsandan başlanan və elə onda da bitəcək yola yollanmaq gərəkir bu çözümlərdə. Biz bu yolda ilişib qalmışıq, yolun ortasında...

Ədəbiyyat da burda yaranır, bu məkanda –İnsanın eyni çevrədə təkrar-təkrar dövrə vuran Sizif məşəqqətli daxili qaranlığında... Bu bizim – Azərbaycan ədəbiyyatının intişar, zühur yeridir. Yəni, Azərbaycan insanının daxili qaranlığı... Məsələn, fransız və alman ədəbiyyatının doğuş, törəniş bazası isə ola bilər ki, bir alman ya fransız insanının ruhi-estetik halları və qlobal mahiyyətli ideyaları ilə bağlı olsun...

Deməli, bizim qəhrəman-arzuladığımız ədəbiyyatı yaradacaq və ya onun baş qəhrəmanı olacaq insan qəflətən baş vermiş saysız-hesabsız ictimai–siyasi hadisələrin “şok”unu yaşayan biridir. Koma halında olan bu insanın ayılmaq cəhdləri isə kataklizmlərlə sonlanır... Onun içində çoxlu qorxuları var. Hər an hər şey gözlənilən bir zamanın qəhrəmanlarıdır onlar... Dollar kursunun dəyişməsi ilə manatının dəyərini, müharibə reallığının gözləntisi ilə isə oğlunu itirə biləcək qədər fəci durumun əsirləridir bu insanlar... Bu insanın özünə və cəmiyyətinə sualı yoxdur, analitik təhlil qabiliyyətini itirib. Hətta həyati məsələlərdə belə novruzəlisayağı “mən bilmərəm ağam bilər” məchulluğunu, məsuliyyətsizliyini yaşayır bu insan. O–Novruzəli böyük ədəbiyyata imza ata bilərmi? Mənəvi-psixoloji və iradi azadlıq əldə etməyən insandan böyük nəsə gözləmək mümkünmü? Özünə inanmayan, ağlının və ruhunun gücünə güvənməyən fərd ya cəmiyyət həmişə sitayiş etməyə büt axtarıb. O büt insan da ola bilər, daş, qaya, ağac parçası, muncuq da...

“Fetişist dünyanın bəsitliyindən qurtulan qədim insanlar bununla paralel olaraq özünə əminlik məsələsində ciddi problemlər yaşayırdı. Güclü insan “Tanrıların yardımıyla” qələbə qazanırdı. Qələbə həm də gülüş idi. Məğlubiyyət isə insanın sadəcə öz uğursuzluğu və Tanrılar tərəfindən lənətlənmə bəlasından başqa bir şey deyildi. Şərqdə Babillilər Gilqamış obrazını ortaya ataraq bir növ insan gücünə ilkin heyranlıq əlamətlərini büruzə verirdi. Çin mifologiyasında isə insanların bütün fəaliyyətlərinə ayrıca nəzər yetirilirdi. Çin mifoloqları və tarixi qaynaqlarında dəniz kənarında və çay qıraqlarında gülən çinli obrazı bir kult halını almışdı. “Suya dair izahlar”, “Qaranlıq dastanı” kimi mətnlərdə çinlilər din və fəlsəfəni ayrı-ayrı analiz etməyə cəhd etmişdir. Qədim çin insanı ağlayan insan obrazını danmırdı. Və bütün antik dünya kültüründəki gülən insan modellərinə qarşı çıxaraq, qəm-kədər və əzab içərisində qıvrılan insanların da obrazını yaradır. Qədim dünya insanının qaçmaq istədiyi reallıqları çinlilər müdafiə edirdi.

Hind mifologiyası insanın bədbəxtliyini onun qaçılmaz tale yolunda əsas mərhələlərdən biri hesab edir. Hind mifik-fəlsəfi məktəbi hesab edilən Mimansa məktəbinin tələbələri hind vedalarına istinad edərək, insanları əzabdan qorxmamağa çağırırdı. Satirik tənqidin ilkin örnəklərini yaradan materialist Çarvak-Lokayata təlimində isə tamamilə tənqidçilik meyarları var idi. Çarvaklara görə, insan həm ağlayaraq, həm də gülərək onu incidən ətraf aləmə müqavimət göstərməlidir”.

Nikita Mixalkovun “12” filmində maraqlı bir nüans var. Cinayət araşdırıcı 12 nəfərlik heyət üzvlərindən biri (hansı ki, həqiqət üçün ilk qapını o açmışdı–həbsdə olan çeçen oğlanın haqqında 11 adam “ günahkardı”- deyir, yalnız bu inkar edir, tədricən hamının fikri dəyişir. ) filmin sonunda proses başlayandan zala daxil olmuş quşa baxır və bayırda qar yağsa da dəmir barmaqlı pəncərələri açıb deyir: qərar sənindir uçub gedə də bilərsən, qala da… özün seç…

Həbsdən azad olan çeçen oğlanı artıq unuduruq. Rejissor tamaşaçının qarşısında sual qoyur. Pəncərə açıqdı. Amma bayırda şaxta, qar, tufan bir-birini əvəzləməkdədir. Lakin orda azadlıq da var. Görəsən seçim qarşısında qalan quşcuğaz hansı yaşamı seçəcək? Otağın divarları arasındakı məhdud uçuşlu təhlükəsizliyi ya uzaqlara aparan əziyyətli azadlığı?

“...gərək yazasan və həbs olunasan. Ərəb türmələri niyə yazıçılarla dolu deyil? Ona görə ki, ərəb yazıçılar öz işlərini görmürlər... Dərin məsələlər haqda danışmırlar. Mən yazıçıları tənqid edirəm, dövləti yox. Yazıçı türmədə olar, bu o deməkdir ki, o, həqiqəti deyər. Türmədə olmayan, ya da kitabları qadağan olunmayan yazıçı deməli, həqiqəti demir. Yalnız o zaman demək olar ki, hə, o mədəniyyətin rolu var”. (Ərəb şairi Adonis)

Qadağan olunmuş kitabları olmayan cəmiyyətlər çoxdur, sindiromlu, xəstə cəmiyyətlər... Bu cəmiyyətlərdə bəzən kitablar oxunmamış yandırılır...

Bəli, düşüncələrimizdəki zəncirin cingiltisi ədəbi susqunluğumuza acı bir parodiyadır. Xəstə, sindiromlu halımız ədəbiyyat ola bilmir. Durmadan mətnlər yazılır, kitablar çap olunur, həqiqi, böyük ədəbiyyat isə yaranmır... Dünyaya çıxacaq ədəbiyyat. Mən belə bir ədəbiyyatın tənqidçisi olmaq şərəfini arzulardım özümə... O zaman, mən söz verirəm – mütləq Belinski olacam!

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

"Altın Koza"nın keçirilmə tarixi bəlli oldu
12:14 05 Avqust 2020
Məşhur türk aktyoru vəfat etdi
11:20 05 Avqust 2020
Azərbaycanlı şairin şeirləri türk saytında
10:42 05 Avqust 2020
"Kobra"nın silahdaşı vəfat etdi
10:09 05 Avqust 2020
Mahnıları dillərdə dastan olan 5 Azərbaycan filmi - Video
09:01 05 Avqust 2020
Feysbuk məşhur yumor ustasının hesabını bağladı - Yəhudi düşmənçiliyinə görə
18:57 04 Avqust 2020
Məşhur romana çəkilən serialın ilk görüntüləri yayıldı - Foto
18:02 04 Avqust 2020
III Beynəlxalq Animasiya Festivalına daxil olan filmlərin siyahısı açıqlandı
16:21 04 Avqust 2020
Gözyaşardıcı qazlar elektron ağlamaqdır vətən üçün - Güneyli şairin şeirləri
15:18 04 Avqust 2020
Rənglərə aldanan uşaqlar – Cavanşir Yusifli müharibə hekayələrindən yazır...
15:14 04 Avqust 2020
Pelevinin yeni kitabı bu tarixdə nəşr olunacaq
14:28 04 Avqust 2020
Bəy qızını qaçıran, üç övladını itirən, on dörd il sürgündə qalan Xalq artisti - Səməd Vurğun onun həyatını necə xilas etdi?
13:22 04 Avqust 2020
Anar Nağılbazı kim öldürdü?
12:33 04 Avqust 2020
"YARAT" uşaqlar üçün sərgi açdı
11:50 04 Avqust 2020
Selfi çəkərkən tarixi abidəni qırdı
10:58 04 Avqust 2020
Məşhur yazıçının hekayəsinə film çəkilir
10:10 04 Avqust 2020
Ataqamdan yeni hekayə: Dişlək alma
09:00 04 Avqust 2020
Azərbaycan rəssamlarından Kazanda "Məxməri etiraflar"
17:03 03 Avqust 2020
Kim unudub məni yol ayrıcında? - Zərdüşt Şəfinin anım günü
15:58 03 Avqust 2020
Heyvanlar nə vaxtdan qurbana çevrildi? - Qurbanetmə aktının yaranması
14:53 03 Avqust 2020