Aşıqlar Birliyinin sədri: “Yüz əlli aşığı birlikdən çıxardacağıq” - MÜSAHİBƏ

Aşıqlar Birliyinin sədri: “Yüz əlli aşığı birlikdən çıxardacağıq” - <span style="color:red;">MÜSAHİBƏ
10 may 2016
# 08:30

Kulis.az Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı ilə müsahibəni təqdim edir.

- Zəlimxan Yaqub bu otaqda oturdu heç?

- Oturdu, bəli.

- Ondan sonra sizə çətin olar hər halda, eyni otaqda, eyni kresloda oturmaq.

- Çətin oldu, əlbəttə. Hətta uzun müddət bu kresloya keçə bilmədim, siz əyləşən yerdə oturub işləyirdim.

- Hər halda o da özündən sonra Aşıqlar Birliyinin sədri kimi sizi görmək istəyərdi...

- Kaş istəməyəydi, özü qalaydı yerində.

- İşləriniz necə gedir?

- Yaxşılığa doğrudur. 1984-cü ildə ki, Hüseyn Arif buranı yaratmışdı, onun qoyduğu, Zəlimxan Yaqubun qoruyub-saxladığı xətt davam etdirilir.

- Hüseyn Arif bir az əhli-kef idi, vəzifə adamı deyildi...

- Olsun. Fərqi yoxdu. Aşıqlar üçün çox iş gördü.

- Arada burda qırğın gedirdi. Zümrüd xanım vardı, Məcnun Göyçəli vardı... Sədrlik üstündə dava edirdilər. Hara get onlar?

- Hüseyn Arifin ölümündən sonra Aşıqlar Birliyi arzuolunmaz bir mərhələ keçirdi, özü də bu mərhələ bir xeyli çəkdi. Hərc-mərclik, mənəm-mənəmlik, parçalanma... Bunun da zərbəsi aşıqlara dəydi. Sizə deyim ki, Azərbaycan aşıqları bu gün hələ təşkilatlanır.

- Arada Zümrüd xanım deyirdi ki, Zəlimxan Yaqub sədr olarsa, mən də ona səs verəcəm.

- Səmimiyyətinə inanmıram. O, o sözü deyəndə, məsələyə dövlət səviyyəsində əl qoyulmuşdu və aşıqların beşinci qurultayı çağırıldı.

- Nə əcəb?

- Aşıq sənəti YUNOSKO-nun qeyri-maddi irs siyahısına təqdim edilmişdi. Burda normal rəsmi qurum olmalı idi. Təşəbbüs qrupu yaradıldı və qrupun əsas işini mən, Sənubər Bağırova və Qəzənfər Paşayev aparırdıq. Qurultayda da Zəlimxan müəllim yekdilliklə sədr, mənsə birinci katib seçildim.

- Bu binaya sonra köçdünüz, deyəsən.

- Hə. Əvvəl İçərişəhərdə balaca bir yer vermişdilər. Sonra Mədəniyyət və Turizm Nazirliyinin yaxından dəstəyi ilə bura köçdük. Bina bizim deyil, icarədədir.

- Öz büdcəniz var?

- Var, amma çox azdır.

- İşçilər maaş ala bilir?

- Alırlar, şükür.

- Nə qədər işçiniz var?

- Çox deyil. On nəfər olar, ya olmaz. Amma üzvlərimizin sayı üç yüzə yaxındır.

- Üzvlüyün şərtləri necədir?

- Nizamnamədə hər şey yazılıb. Neçə hava bilməlisən, necə ifa etməlisən və s.

- Özünüz saz çala bilirsiniz?

- Yox, ona çalmaq demək olmaz, mən tədqiqatçıyam, mənim işim sazın elmi dəyərini verməkdir. Təvazökarlıqdan uzaq olmasın, saz sənəti üçün xeyli iş görmüşəm. Yeganə tədqiqatçıyam ki, Azərbaycandakı bütün saz mühitlərini öyrənmişəm və yazmışam. Təbriz, Urmiya da daxil...

- Belə çıxır ki, üzvlərinizin arasında aşıq olmayanlar da var.

- Var, əlbəttə. Aşıq yaradıcılığını araşdıran mütəxəssislər də bizə üzv ola bilər. Bizdən əvvəlkilər lap demokratik addım atıblar, bura hətta tibb bacısı da üzv ediblər (gülür). Soruşursan, burda nə gəzirsən, deyir, saz sənətini çox sevirəm. İndi biz attestasiya keçiririk, layiq olmayan üzvlərin hamısı çıxarılacaq. Üç yüz nəfərin hardasa yüz əllisi azad ediləcək.

- Eyni zamanda birliyə üzv olmayan dəyərli aşıqlar da var.

- Var, əlbəttə. Misal üçün, İlham Astanbəyli kimi aşıq hələ də birliyin üzvü deyil. Tanıyırsız, yəqin...

- Əlbəttə. Dövlət tədbirlərində də olur arada...

- Olur, həəə. Ən dəyərli aşıqlarımızdandır.

- Əyalətdə də yaxşı sənətkarlar var.

- Var və biz araşdırırıq. Yaxın zamanda bir nəfər də olsun layiqli aşıq birliyimizdən kənarda qalmayacaq.

- İndi ictimai təşkilatlar günü-gündən artır. Heç yerdə də tanınıb eləmirlər. Amma sizdə, məsələn, Ədalət Nəsibov kimi aşıq var ki, əksər ictimai təşkilatlardan daha məşhurdur.

- Ədalət Nəsibov Azərbaycan aşığının, eyni zamanda bizim birliyin simvoludur. Ondan başqa Aşıq İsfəndiyar var, Aşıq Mahmud var, Aşıq Ulduz var... Bütün Azərbaycanda tanınan ustad sənətkarlardı hamısı.

- Azərbaycan Yazıçılar Birliyində hər gün dava-dalaşdı. Sizdə deyəsən, sakitlikdi. Aşıqlar yazıçılardan üzüyoladır?

- Burda da olur intriqalar. Amma çalışırıq ki, abırla yola verək, səsi çıxmasın.

- Bəlkə, aşıqlar sənətlərindən rahat pul qazanırlar, ona görə?

- Qazanırlar, hə.

- Toylara gedən aşıqlara necə baxırsınız?

- Aşıq həmişə el məclislərinin yaraşığı olub.

- İndi siz deyən el məclisləri olmur də, çoxu səviyyəsiz restoran toylarıdır.

- Aşıq mühitə uyğunlaşmalıdır. Biz sadəcə tövsiyə edirik ki, heç bir şəraitdə sənəti gözdən salmasınlar.

- Gözdən salanlar olur amma...

- Olur və belə adamları biz birliyə qəbul eləmirik.

- Birliyin üzvüdürsə?

- Dərhal çıxardarıq.

- Aşıq Ədalət çəkilişdə söyüş söydü, niyə çıxarmadınız?

- (Gülür) Ədalət, dediyim kimi, bizim birliyin simvoludu, onu çıxartmaq olmaz. Amma ustad da gərək bir az ölçülü davransın. O, sazı urvatdan salan bəzi yaramazlara hirslənmişdi. Haqlı hirslənmişdi, amma o cür ifadə etməyi doğru deyildi. Demişdisə də gərək yaymayaydılar. Yayanlar da səhv eləmişdi.

- Efirdə, internetdə sazla meymunluq edənlərə siz necə baxırsınız?

- Olmaz. İçində sənət sevgisi və istedad olan adam belə iş görməz.

- Məsələ budur ki, bəzilərinin yaxşı barmağı var, amma sənət göstərmək əvəzinə belə edirlər.

- Görünür, istedadlarında naqislik var. Nəsə çatmır. Saz müqəddəsdir, milli heysiyyətdir, onu aşağılamaq xalqı, milləti aşağılamaqdır.

- Onlar da deyir, xalq buna maraq göstərir. Tələb-təklif məsələsi...

- Yalan deyirlər. Mən dövlət televiziyasındakı verilişimə bir dəfə də olsun yüngül aşıq buraxmamışam, amma reytinq cədvəlində ən çox baxılan verilişlərdəndi. Hər yandan, hətta daha çox muğama qulaq asan Bakı kəndlərindən də maraqlı reaksiyalar gəlib.

- Bəlkə ümumi reytinq aşağı imiş...

- Yox, orda reytinqli verilişlər var. Bir dəfə ustad Əli Quliyevi çağırmışdım, canlı yayım idi, “Dilqəmi”ni necə çaldısa, havanın təsirinə necə düşdüsə, üç dəqiqə efir vaxtına əlavə elədilər. Sonra həmin verilişi televiziya bir neçə dəfə təkrar verdi. Bilirsiniz, nə qədər reaksiyalar gəlmişdi. Hava bitəndə dedim, mən Əli Quliyevi sənət hesabatına çağırmışdım, amma o, sənət dərsi verdi. Belə aşıqlarımız neçə nəfərdi, sizcə?

- Amma camaat Əli Quliyevdən çox Əli Tapdıqoğlunu tanıyır.

- Hər sənətkarın öz yeri var. Bütün hallarda sənətin ilkinliyini qorumalıyıq, o biri yandan da inkişafına, daha geniş auditoriyaya çıxmasına şərait yaratmalıyıq. Məsələn, 70-80-ci illərdə elektron gitara sazı toyxanadan itələyib çıxarmışdı. İndi artıq saz mikrofona qoşularaq geri qayıdır və gitaranı sıxışdırır. Elə musiqiçi dəstəsi yoxdur ki, orda saz olmasın.

- Aşıq Ədalət Rəmişə qalib gəldi?

- Obrazlı belə demək olar, hə (gülür).

- Məhərrəm müəllim, mən İstanbuldan Pir Sultan Abdal haqqında bir kitab sifariş etmişdim, orda şairin bütün simvollarını, təsəvvüf düşüncəsini elə gözəl açıb təqdim eləmişdilər ki, adam valeh olurdu. Bəs biz Abbas Tufarqanlı, Sarı Aşıq, Aşıq Ələsgər haqqında belə kitabları nə vaxt yazacağıq? Onları nə vaxt tanıyacağıq?

- Tamamilə haqlısan. Tamamilə! Təəssüf ki, biz bu mövzularda böyük ustadlarımız qarşısında xəcalətik. Üzeyir bəy istisna olunmaqla, peşəkar bəstəkarlarımız da bu zəngin xəzinəyə müraciət eləmir. Daha çox muğam üstündə yazırlar. “Uvertüra” necə yazılıb? “Şur” da var, ancaq aparıcı istiqamət “Osmanlı divanisi” saz havası və “Yanıq Kərəmi”nin zil məqamıdır. Gör ortaya necə bir əsər çıxıb? Araz Hümmətli adlı bir ifaçı var. Sazla cazın sintezini yaradıb. Çox maraqlı çıxışlar edirlər. Fransada konsertdə gurultulu alqışlarla qarşılanmışdılar. Siz deyən problem səsi, ifası, dastanları yazılmadan dünyadan köçən böyük ifaçılarla da yaşanır. Aşıq Ədalətin fondda çox az ifası var. Hüseyn Saraclı özü ilə zəngin bir xəzinə apardı. İmran Həsənovun, Aşıq Əkbərin, Əmrah Gülməmmədovun da eləcə. Bizdə yaradıcılığı ciddi şəkildə yazılan yeganə sənətkar Aşıq Şəmşirdir. 60-cı illərin əvvəllərində Əminə Eldarova konservatoriyada bir ay ərzində onun ifasında 70-dən yuxarı saz havasını yazdı. Bizim üçün çox dəyərli məxəzdir. İndi nə Dədə Şəmşir var, nə Əminə Eldarova, amma o dəyərli xəzinə durur. Biz bütün sənətkarlarımızı bu cür dəyərləndirməliyik.

- Aşıq Ədalət demişkən, evi yoxmuş... İnanmazdım...

- Ədalət dahi sənətkardır. YUNESKO-da qızıl valı buraxılmış bir adamdır. Biz onun mənzil problemləri ilə bağlı müvafiq orqanlara müraciət eləmişik, ümidvaram ki, müsbət həll olunacaq.

- Ümumiyyətlə, aşıqların problemlərinin həllinə kömək edə bilirsiniz?

- Bu istiqamətdə işlər aparılır. Bir-bir saymaq istəmirəm, ümumi deyim ki, hər şey yaxşı olacaq. Məqsədimiz bu birliyi təkcə çal-çağır məkanına deyil, həm də bir elmi mərkəzə çevirməkdir. Hərtərəfli işlər görürük, çalışırıq ki, heç nə diqqətdən kənarda qalmasın. Yaxın zamanlarda maraqlı tədbirlərimiz də olacaq.

# 1179 dəfə oxunub

Oxşar xəbərlər

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #