Ayxan Ayvaz: “Poçt qutusu” – YENİ HEKAYƏ

Ayxan Ayvaz: “Poçt qutusu” – <span style="color:red;">YENİ HEKAYƏ
4 may 2016
# 12:24

Kulis.az Ayxan Ayvazın “Poçt və qutusu” hekayəsini təqdim edir.

Həkim axırıncı dəfə xanın naxoş övrətini yoluxub, cavab verdi ki, dəxi naxoşun əhvalı yaxşıdır; belə ki, bir həftəyədək səfərə çıxmaq mümkün olar.

Həkim gedəndən sonra xan qaşlarını çatıb arvadına dedi:

- Səni aldığım günə nə deyim, Xumar?! Zarımaqdan başqa bildiyin heç nə yoxdur. O Şeyx Sənan ona görə özünü atıb yəqin. – qarnını tuta-tuta güldü.

- Cahandar, Allahyarın arvadını qaçırıb gətirən sən deyildinmi?

- Qəşəng arvadlara dözümüm yoxdur, nağarım?! Mən orda ağa idim, burda xan. Keçəl Həsən, Həsən Keçəl. Nə fərqi var e?

Cahandar ağa başını buladı: olan olmuşdu, dəxi dava eləməyə hacət yox idi. O indi ancaq Şəkiyə getməyi düşünürdü; çünki xanı orada çox vacib işlər gözləyirdi. Və bir də ki, qorxurdu qar yağa və hava dəxi də soyuya və naxoş arvadla yola çıxmaq qeyri-mümkün ola. Xan götürdü qələmi, şəkili dostu Hacı Qaraya bu məzmunda bir müxtəsər kağız yazdı:

“Əzizim! Bir həftəyədək, ümidvaram, Şəkiyə gəlim arvad uşaqla. Artıq-artıq səndən xahiş eləyirəm, bizim otaqlarda peç yandırasan. Bu arvad başıma bəla olub, ağrıyır. Birdən vəziyyəti ağırlaşar, sonra ölünü qoy, dirinə ağla. Bilirəm, yaman xəsis adamsan. Amma bu hekayədə səni yaxşı təsvir eləyiblər. Güman eləyirəm, məktub sənə yetişəndə başa düşərsən ki, başqa hekayənin qəhrəmanısan, Hacı Qaralığın tutmaya. Bu kağızın cavabını mənə teleqraf vasitəsilə yetirərsən. O qədər xərcin çıxmaz, narahat olma. Sən mənə dediyin işlərin hamısını yerbəyer eləmişəm. Xudahafiz!

Sənin dostun-qardaşın, Cahandar ağa. 12 noyabr”.

Cahandar ağa kağızı bükdü qoydu paketə, üstünü yazıb və markasını yapışdırıb, nökəri yanına çağırdı.

Nökər donquldana-donquldana içəri girdi:

- Axı indi mən başıma nə daş salım! Bu da insanlıqdır ki, camaatı dörd divar arasına doldur da, özün baş götür, çıx get! Axı biri anlamalıdır ki, onsuz da teatrdan qaçan xalqımızı, yalvararaq bilet satdığımız üç-dörd zavallını da qaçırırsınız.

- Oqtay, - Cahandar ağa bunu eşidib bərk əsəbləşdi – yığışdır bu teatr söhbətini. Kişi işi deyil o. Bura gələndə əynindəki o axmaq paltar yadımdan çıxmayıb hələ.

Birdən xanı gülmək tutdu. Oqtay Eloğlu əllərini qabağında daraqlayıb səbrlə ona baxmaqdaydı. Dəxi ürəyi tab gətirməyib dilə gəldi:

- Xan sağ olsun, bunlar Azərbaycan xalqı üçün sənət yaradacaq, mübarizə aparacaq, səhnə düzəldəcəkdilər. Bəs nə oldu?

- Oqtay, sənə indi birini ilişdirəcəm gedib düşəssən Azərbaycan xalqının qucağına. Kopoğlu! Deyən, qulaqların heç güllə səsi eşitməyib. Özün ananı, bacını atıb getmisən. Utanmırsan hələ yenə teatr gətirirsən dilinə. Nökərliyini bil, otur yerində, sənə işim düşüb.

- Buyur, xan! – Oqtay boynunu bükdü.

- Bu məktubu apar at poçta.

- Xan, axı məni başqa işə buyurubsan. Özü də qadan alım, mən poçt deyəndə teatr yadıma düşür.

- Onun nə dəxlisi, qırışmal?

- Bizim teatrın yanında poçt var idi. Amma o poçtdakı məktublar ünvanına çatmadı, elə bizim teatr da öz lazımı ünvanlarına səs sala bilmədi.

- Qurtar, teatral-teatral danışma! Hə, yaxşı rədd ol gözümdən. Get işinin dalınca. Mənə birini tap gətir.

- Xan bu saat... – Oqtay bunu deyib çölə çıxdı.

Bu heynidə qapı döyüldü. Xan çıxdı və gördü ki, qapını döyən Baladadaşdır. Bu şəxs çox vaxt xanın yanına gəlib-gedər və hər gələndə olmaz ki, ərağdan, zəncəfildən, təsbehdən gətirməsin. Bu səfər də Baladadaş təsbehini fırlada-fırlada gözükdü, özü də əliboş gəlməmişdi.

Cahandar ağanı görcək Baladadaş kepkasını dala itələyib qabağa yeridi. Əlindəki tesbehi nümayişkiranə tutan Baladadaşın yerişi xana ləzzət elədi, dodağı qaçdı. Bu dəm Baladaş yaxınlaşıb əl tutdu, salamını verib əyləşdi:

- Özüm ölüm, Cahandar kişi, sənə bir əntiqə ərağ gətirmişəm ki, iç gözünə işıq gəlsin. Mən ölüm, Baladadaş kimisi varmı buralarda. Sən mənim qiymətimi nə vaxt bileceysən e. İrandan yaxşı təsbeh də gətirmişəm, vericiyəm sənə.

- A kişi! Bu nə zəhmətdi, çəkmisən?

Baladadaş cavab verdi:

- Bu nə sözdü, ay xan? Sən ki mənə o qızı düz-qoş edibsən, ölənə kimi sənə qulam... Özüm ölüm, elə babat şeydi ki... Sən də az baz kişi deyilsən ha!

Cahandar ağanın sözdən bərk xoşu gəldi, güldü və qəfildən yadına məktub düşdü, ağlında bir işıq yandı... çünki günortadan bir saat keçirdi və ola bilərdi ki, poçtun vaxtı keçsin, xanın ağlına belə gəldi ki, yazdığı məktubu versin Baladadaşa aparıb salsın poçta.

Cahandar ağa üzünü tutdu qonağa:

- Baladadaş, poçtxananı tanıyırsan?

Baladadaş kepkasını geri eləyib cavab verdi:

- Ay xan, mən köhnə Bakılıyam, amma inandırım səni, adını eşitmişəm o poçt deyilənin, bircə dəfə də yanına yaxın durmamışam. Bax bu ölsün! – üzünə şillə vurdu, - Mənim kimi adamın yolu heç poçtxanaya düşər?

- Əşşi, birindən sorğu-sual eləyib yerini taparsan. Sənə balaca bir işim düşüb... Bir teleqramı poçta atıb gələcəksən. Bilirsən də, poçta nə təhər atırlar məktubu?

- Cahandar ağa, mən köhnə kişilərdənəm. Bir əncamını tapacam. Özü də burda nə var ki? Mən sənin üçün Novruzəli deyiləm e.

- Axmağın biri axmaq, burda Novruzəli olmalısan da. Müəllif səni belə yazıb.

- Özüm ölüm, - Baladadaş səsini qısdı, - bu müəllifi tutsam yaxşıca əzişdirəcəm. Mənim kimi romantik adamın nə işi var belə hekayədə?

Gülüşdülər.

Baladadaş kağızı ehmal qoydu qoynuna və dedi:

- Ağa, heç narahat olma, bu saat gələrəm. Gedim həm də bir az havamı dəyişim. Yay da gəlir, qəşəng qızlar da adamı imandan çıxarır e.

- Atım olsa, atardım tərkinə qaçırardım. Amma bu hekayədə ancaq evdə otururam. Yaxşı ki, müəllifdən xəbərsiz silahımı götürmüşəm. Özünə demə.

Baladadaş xanla sağollaşıb gözdən itdi... Xan girdi otağa və üzünü arvadına tutub şirin dillə dedi:

- Di hazırlaş, mənim gözümün işığı. Kağız yazdım Şəkiyə ki, otaqları sazlasınlar. İndi daha gedə bilərik. Maşallah, yaxşısan. Həkim özü deyir ki, havanı dəyişmək səndən ötrü lap vacibdi.

Xumar onun sözlərinə inana bilmədi, dəxi gözləri bərəldi.

- Bura bax, ay arvad, kişi qismi arvadını döyər də, söyər də, əzizləyər də.

- Arvad da gətirər üstünə. Görüm hansı əsərdən üstümə arvad gətirəcəksən. – Xumar yırğalana-yırğalana güldü.

- Baxacam, hansında babatı var, müəllifinə deyəcəm göndərəcək. – Cahandar ağa da güldü.

Bir azdan süfrə arxasında oturdular. Yeməkdən sonra Baladadaşın kağızı poçta aparmağı xanın yadına düşdü, nökəri çağırıb soruşdu və nökər cavab verdi ki, hələ qədeş poçtdan qayıtmayıb. Xan Baladadaşın bu qədər yubanmağına təəccüb elədi və fikrinə gəldi ki, bəlkə kağızı poçta salıb özünü verib bazara nəsə almağa, ya da hansısa qıza-gəlinə gözü ilişib qalıb. Bir saat da keçdi, Baladadaş gəlmədi.

Xan, nökəri çağırıb dedi ki, getsin poçta səmt və görsün harda qaldı Baladadaş və nə bais oldu ki, bu qədər yubandı. Yarım saat keçməmiş nökər qayıdıb cavab verdi ki, qədeşi görə bilmədi. Xan çıxdı balkona və bir papiros yandırıb başladı var-gəl eləməyə. Dəxi ona aşkar oldu ki, Baladadaşın başına bir iş gəldi ki, bu qədər yubandı. Cahandar ağa bu fikirdə idi ki, polis yasavulu dayandı qapıya və xanı görcək dedi:

- Xan, pristav buyurur gələsiniz polisə və o dostunuz Baladadaşa zamin olasınız. Yoxsa, zamini olmasan, pristav göndərəcək qazamata.

Xan bu sözlərə o qədər təəccüb elədi ki, üzünü yasavulun üzünə tutub mat qaldı və heç bilmədi ki, nə desin. Sonra dilləndi:

- Baho! O Baladadaş səydi, dəlidi, amma heç kimlə işi olmaz axı. Nə üstdə tutublar ki?

Yasavul cavab verdi:

- Daha mən heç zad bilmirəm. Ancaq özün polisə buyursan, yaxşı olar.

- Yekə-yekə danışma, ə! Qabağında duran anasının döşündən ayrılmayan uşaq döyül! Cahandar ağadır. Silahlanın çıxın meydana!

- Cahandar ağa, özünə gəl. Bu hekayədə sənin silahını gözünə soxarıq.

Xan bir an duruxdu, əlini çənəsinə dayaq eləyib dediyi sözlərin səhv olduğunu anladı, yasavulu yola saldı və bu əhvalatı övrətinə bildirmədi ki, narahat olmasın. Geyinib getdi polisə və əvvəl akoşkadan dustaqların damına baxıb gördü ki, Baladadaş əlində təsbeh çevirə-çevirə dustaqlarla danışır:

- Özüm ölüm, Baladadaşın qabağında kim dura bilər? Qatdım qabağıma, tula kimi oynatdım qabağımda. Qız da məni sevirdi onsuz. Oğlana dedim, vızqırd burdan, yoxsa səni şoşkalayaram…

Cahandar ağa daha eşidə bilmədi Baladadaşın danışdığını, onu pristavın otağına gətirdilər. Baladadaşın əhvalatını pristavdan öyrənib və ona zamin olub saldı yanına və gətirdi evə. Baladadaş girən kimi damağına bir siqaret qoyub tüstülətməyə başladı. Cahandar ağa əsəbiləşdi.

- Ayə, sən bunu bir danış görüm.

Baladadaş xana yavıqlaşıb onun kürəyindən vurdu və söhbətinə başladı:

- Ala, heç nə… Kağızı atdım qutuya, gördüm, o qıza oxşayan cibinə qoyub getdi.

- Kim kağızı qoydu cibinə?

- O Zaur köpəkoğlu.

- Baladadaş, sənin onunla nə işin. – Cahandar ağanın qaşları düyünləndi.

- Bu qutunu açıb o biri kağızları da, sənin verdiyin kağızı da cibinə qoyub gedəndə yerişi xoşuma gəlmədi, çəkdim qırağa ki, bəri gəl görüm. Əclaf elə yeriyirdi, elə bil dədəsinə borcumuz var.

Xan qah-qah çəkib güldü.

- Ə, bir düz-əməlli danış görüm bunu.

Baladadaş sözə başladı:

- Ala, heç nə indi. Kağızı salandan sonra bekarçılıq idi. Gəlib keçənə baxırdım. Əla şeylər keçirdi o tərəflərdən. Hamısı da gəl-gəl deyirdi. Əlində torba keçən qızlarla nə qədər elədim ki, kömək eləyim, mənə heç yaxın durmadılar. Konkret qırdılar da.

Deməli, Baladadaş bu dəm görür ki, polis nəfəri gəlir. Bu da kim ola? Zaur. Əli cibində gəlib, əli cibində qayıtmaq istəyəndə Baladadaş yaxasından tutub q ırağa çəkir.

- Nə lotulanırsan, ə? Bu hekayədə polis olubsan deyə özünü qoyubsan yeddinci mərtəbəyə.

- Yaxşı eləyirəm, duxun var sən də elə.

- Özüm ölüm, Anara deyərəm, səni burdan rədd eləyər, yenə o Spartakın yanında çurban günə düşərsən.

- Mənə Spartakdan danışma.

- Təhminədən danışım?

- Burax, öz işimi görüm. Bir azdan işim qurtaracaq çıxıb gedəcəm əntiqə bir qızla görüşməyə.

- De, sən öl!

- Vallah!

- O da Təhminə kimidir, qədeş?

- Ondan betərdi. – Zaur qəhqəhə çəkib Baladadaşla əl vurdu.

- Padruqası var bəs? – Baladadaşın gözləri işıqlandı.

- Sənə nə dəxli var, ala?

Baladadaş davam elədi:

- Cahandar ağa, gördüm bu yuxarıdan gedir, tutdum qolunu burdum, yıxdım yerə. Elə o vaxt da məni apardılar basdılar dama. Amma qorxmuram, lap iş versinlər, zonda yatmaq da bir kişilikdi.

- Tüpürüm sənin elədiyin kişiliyə! Adımı batırmasan olmur. Biz yola çıxacaqdıq, ay oğraş. Dalaşmasan olmurdu? Bir işin qulpundan da yapışa bilmirsən.

- Cahandar ağa, qabağında uşaq yoxdu. İstəyirsən, gedək pobrabski söhbət edək. Baladadaş elə-belə oğlanlardan deyil e, qədeş!

Bu dəm içəri bir adam girdi:

- Hardadı o, xan oğraşı?

Cahandar ağa baxdı, baxdı, bu adamı tanıya bilmədi, qaşları düyünləndi:

- Oğraş sənin dədəndi. Sən kimsən, ə, belə danışırsan? Gülləni qarnına dolduraram e.

- Mən Qədirəm. Əkrəmin Qədiri.

- Sən nə s… bu hekayədə?

- Mənim qardaşımdı, Cahandar ağa. – Baladadaş izah elədi.

- Nə istəyirsən? – Cahandar ağa soruşdu.

- Nə uşağı təkləmisən? Onun burda Qədir kimi qardaşı var.

- Get Səltənətə yiyə dur e, qırışmal. Gəlib burda yekə-yekə danışma. Bu da mənim üçün qoçuluq eləyir. Deyəsən, sən məni tanımadın ha. Mən Cahandar ağayam.

Bu dəm içəri başqa bir adam girdi:

- Nə səs-küyünü başına atıbsan, ə? Sürüş burdan. Get alkaşlığını elə. Buynuzunu bizə sürtmə. Yoxsa o buynuzunu gözünə soxaram.

- Qəmlo, sənlik deyil, özüm dağ kimi oğlanam, özüm həll eləyərəm.

- Cahandar ağa…

- Ə, bildim da. Eyni sözləri nə qədər deyərlər, nazıynan niyə oynayırsan? Başqa sözün-gapın yoxdu?

Bu vaxt Qəmlo silahını çıxarıb Qədirə tərəf tutdu.

- Oğraş qeyrətə gəlib! – Qədir sərxoş tövrlə danışdı. – Silahsız arvadın arxasında gizlənərsən.

- Kəs səsini, küçük! Sənin kimi Səltənəti buraxıb getməmişəm ki? Sən də özünə kişi deyirsən?

- Məni müəllif elə yaradıb. Yoxsa Qədir elə kişi deyil. Mən sənin olduğun əsərdə olsaydım, qanını içərdim. Sən adamı daldan vuransan.

- O Fərman məni düz yazmayıb. Mən elə oğraşlıq eləməmişəm.

- Od olmayan yerdən tüstü çıxmaz!

Cahandar ağa bunlara qulaq asa-asa əsəbləşib özündən çıxdı:

- İkinizi də bu saat salacam təpiyimin altına! Özünüzü hansı hekayədə zənn edirsiz siz? Qudurmusuz?

Bu vaxt Mirzə Cəlil içəri girir:

- Burda kim var hamı vızqırtsın öz əsərinin içinə. Nə işiniz var sizin burda? Basın bayıra hamınız. Hərə öz müəllifinin yanına. Marş!

# 2774 dəfə oxunub

Oxşar xəbərlər

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #