Qılınc müsəlmanı olmaq fərəhi

Qılınc müsəlmanı olmaq fərəhi
2 may 2016
# 15:22

Stereotiplər elə onun üçündür ki, uzun müddət şüurumuzda kök salsın. Dövr, zaman dəyişsə də stereotiplər dəyişmir. Belə stereotiplərdən biri də “qılınc müsəlmanı” ifadəsidir.

Bunu çox vaxt bir işi özxoşuna görmək istəmədikdə işlədirlər. Guya bu yerlərdə insanlar islamı öz xoşuna yox, qılınc gücünə, qorxu ilə qəbul ediblər. Ona görə də başlarının üstündəki qılınc qınına girən kimi yenə də dindən dönür, islamı danırlar. Müsəlman ona görə başının üstündə qılınca, zora aşinadır ki, o, bu dini sevərək qəbul etməyib.

Bu ifadəni eşidərək böyümüşük. Evdə valideynlərimizdən, məktəbdə müəllimlərimizdən, universitetdə professorlarımızdan, işdə rəislərimizdən, televizorda ziyalılarımızdan.

Bu stereotip beynimizə o qədər yeriyib ki, artıq öz-özünə başqa bir təəssürat doğurur: İslam pisdir, yaxşı din olsaydı onu insanlar könül xoşluğuyla qəbul edərdi, zorla deyil.

Dinlər tarixinə nəzər yetirdikdə tamamilə ayrı mənzərə ortaya çıxır. Uzun-uzadı mənbələr sayıb özümüzü yormayaq. Erik Hofferin “Əsl inamçı” əsəri bəs edər.

Əvvəla onu deyim ki, “Əsl inamçı” kütlə hərəkatlarının təbiəti haqdadır. Əsərdə Hoffer kütlə hərəkatı ilə bağlı bir çox məsələlərə toxunur, onların təbiətini öyrənir. Dinlər kütlə hərəkatının bir növü olduğu üçün onları da tədqiq edir.

Hoffer kütlə hərəkatının yayılmasında insanlara nəyisə məcburi aşılamanın vacibliyini qeyd edir. O, nasizmin baş ideoloqu Göbbelsin dilindən yazır: Propaqandanın həqiqətən təsirli olması üçün arxasında hər zaman iti qılınc dayanmalıdır.

Belə çıxır, istənilən ideologiyanın yayılmasında qılıncın, zorun gücü vacibdir. Tarix göstərir ki, hələ heç bir din öz xoşuna geniş areal əhatə edə bilməyib.

Kitabdan bir sitat:

“İslam dini güc hesabına özünü qəbul etdirmişdir, buna baxmayaraq islamiyyəti zor gücünə qəbul etmiş müsəlmanların bu yeni dinə olan bağlılığı hərəkata qatılan ilk ərəblərdən daha şiddətli idi. Renanın fikrinə görə İslam onu zor gücünə qəbul etmiş iman sahibləri sayəsində “dayanmadan güc qazanan” bir dinə çevrilib.”

Hoffer xristianlığın yayılmasında da qılıncın gücünü danmır:

“İsanın ruhu ilə silahlı güc anlayışı bir-biri ilə heç cür uyğun gəlməsə də bir tarixi həqiqəti qəbul etmək lazımdır ki, xristianlığın yayılması silah gücünə mümkün olub.”

Hoffer dinin yayılmasında dövlət dəstəyinin rolunu da vurğulayır:

“Dövlət dəstəyini əldə edə bilmədiyi yerlərdə xristianlıq nə yayıla bilmiş, nə də uzun müddət mövcud ola bilmişdi. ...İranda dövlətin dəstəklədiyi başqa bir din olduğu üçün xristianlıq çoxluq tərəfindən qəbul olunmadı... İslamın müstəsna şəkildə yayılmasında işğallar birinci faktor, islamın qəbulu isə ikinci faktor idi. ...İslamın ən çox yayıldığı dövr siyasi uğurlarının ən böyük olduğu dövr olmuşdur... Reformasiya hərəkatı zamanı protestant kilsələri yalnız hakimiyyətdəki monarxın və yerli hökumətin dəstəyini aldıqları yerlərdə yayılmışdı.”

Xəzərilər dövlətini xatırlamaq kifayətdir. Orda kralın yəhudiliyi qəbul etməsi ilə bütün ölkə yəhudiləşdi, İranda isə dövlət xristianlığı yaxına buraxmadığı üçün geniş yayıla bilmədi.

Deməyim o ki, qılınc gücünə dinə gələnlər öz inanclarına dəvətlə gələnlərdən qat-qat artıq bağlı olurlar. Başlarının üstündən qılıncı çəkən kimi yenidən öz köhnə həyatlarına qayıdacaqları kimi bir düşüncə yoxdur.

Nə islam, nə xristianlıq, nə də başqa bir din özxoşuna yayılsaydı, heç vaxt milyonlarla insanı öz ətrafında cəm edə, bu qədər böyük coğrafiyanı əhatə edə bilməzdi.

Heç bir təbliğat içində məcburiyyət yoxdursa effektiv ola bilməz.

# 1139 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #