news-inner
clock16:40 calendar-gray 04 Mart 2016 view-gray169 dəfə oxunub
view-gray169 dəfə oxunub

Necə oldu ki, Oksforda girə bilmədim – Misir hekayəsi

Mahmud Teymur (1894 – 1973) Misir yazıçı-dramaturqu, ədəbiyyatşünasıdır. Qahirədəki Ərəb Dili Akademiyasının həqiqi üzvü olub. Misirdə novella janrının əsasını qoyanlardan biridir. Kulis Şahin Ələsgərovun tərcüməsindəMahmud TeymurunNecə oldu ki, Oksforda girə bilmədim” hekayəsini təqdim edir.

Məyus halda küçəyə çıxıb redaksiyaya yollandım.

Həftəlik qəzetə hekayə verməli idim. Tərslikdən, təbim də gəlmirdi. Heç nə yaza bilməmişdim. Baş redaktor və köməkçiləri məni o dünyaya göndərməyə hazırlaşan əcinnələr kimi, gözümün qabağına gəlirdi.

Adətən, müflisləşmiş aristokratların və müharibə şəraitindən istifadə edərək varlanan beş-on nəfərin yığışdığı barın yanından keçərkən ayaq saxlayıb müştəriləri nəzərdən keçirdim və onlar arasında çoxdankı tanışım Atif bəyi gördüm. O qədər fikirli idim ki, onun oturduğu masanın yanına necə gəlib çatdığımın fərqinə varmamışdım. Məni gülərüzlə qarşılayıb oturmaq üçün yer göstərdi.

- Əyləş! Bir danış görək, yeni nə var, nə yox?

Əl verib görüşdükdən sonra cavab verdim:

- Üzrlü hesab elə! Bir-iki dəqiqə burda qala bilərəm. İşlərim çoxdur, tələsirəm.

Atif bəy bir stəkan viski sifariş verdikdən sonra bayaqdan bəri yanında oturmuş adamı mənə təqdim etdi:

- Cənab Abdul-Mauli bəydir. Əsyutdandır.

Qarşımdakı adamı diqqətlə süzdüm. Bu, yekəpər birisi idi. Yoğun boynu ağac gövdəsini xatırladırdı. Tikan kollarına bənzəyən bığlarını arabir şeşələyirdi. Geniş, qırmızı sifəti o qədər eybəcər idi ki, adamda yalnız ikrah hissi oyadırdı. Qarşında sanki bir insan siması deyil, hansısa heyvanı andıran biçimsiz maska dayanmışdı.

- Bu isə məşhur jurnalist cənab Ğandurdur, – dostum, öz növbəsində, məni də ona təqdim elədi.

Abdul-Mauli bəy “jurnalist” sözünü eşidər-eşitməz yerində dik atıldı. Atifi qəzəbli baxışlarla altdan yuxarı süzdü və əsəbiləşib özündən çıxaraq qışqırdı:

- Məgər sənə deməmişdim ki, Allahın yaratdığı bu məxluqları görən gözüm yoxdur?!

- Arxayın ol, əşi! Ğandur əsl jurnalistdir. Dilini farağat qoymağı bacarır, – Atif bəy ürəkdən güldü.

- Bir dəqiqə e! Necə yanı dilini farağat qoymaq?! Dil mənim yeganə silahımdır. Lap sizin təbirinizcə desək, yeganə kapitalımdır, – deyə etirazımı bildirdim. Sonra da üzümü əsəbiləşib özündən çıxmış əsyutluya tutaraq dedim:

- Belə də ki, mən sizin qulluğunuzda hazır.

Abdul-Mauli bəy bu gözlənilməz sözlərdən daha da əsəbiləşdi, üz-gözünü turşudaraq dodaqaltı mızıldandı:

- Ay Allah, bizi bu çərənçi jurnalistlərin əlindən qurtar!

Ofisiant viskini gətirdi. Stəkanı götürüb bir qurtum aldım. Sonra stolun üstünə qoyaraq dedim:

- İstənilən halda, dediyim kimi, qulluğunuzda həmişə hazıram. Amma ürəyiniz rahat olsun, tələsirəm, ona görə də, zəhlənizi çox tökmək niyyətində deyiləm.

Viskidən bir qurtum da alaraq cantaraq əsyutluya ilişmək qərarına gəldim. Üzünə yalandan gülümsəyərək soruşdum:

- Deyəsən, Abdul-Mauli bəyin jurnalistlərlə heç arası yoxdur?

- Zəndeyi-zəhləm gedir.

- Görünür, bunun üçün əsaslı səbəbiniz var?!

- Olsa da, olmasa da, nə fərqi var? Yenə zəhləm gedir. Hər halda, kimisə sevmək, ya kiməsə nifrət eləmək üçün heç kəsdən icazə alası deyiləm.

- Bildiyiniz kimi, mən jurnalistəm və belə çıxır ki, həmkarlarıma qarşı nifrətinizin səbəbini bilməyə də haqqım çatır. Kim bilir, bəlkə, onlar haqqında düşüncələrinizi dəyişməyə müvəffəq ola bildim?!

- Çətin ki, bunu bacarasınız.

Əsyutlu bunu deyib qabağındakı stəkana viski süzdü və birnəfəsə başına çəkdi. Sonra əlləri ilə uzun bığlarını sığalladı. Ardınca ikinci stəkanı da içib boşaltdı. Yanaqlarına qan gəldi. Gözləri qaynamağa başladı. Dostum zarafatyana əlini onun kürəyinə vurub israrla soruşdu:

- Sən Allah, de görək, niyə jurnalistlərdən zəhlən gedir?

Əsyutlunun əl-qolu boşaldı. Deyərdin ki, onun kök, cüssəli bədəni bu dəqiqə stuldan sürüşüb yerə düşəcək. Laqeyd halda dilləndi:

- Köhnə əhvalatdır, əşi. İyirmi il bundan əvvəl, I Dünya müharibəsi qurtarar-qurtarmaz baş vermişdi.

Öz növbəmdə, mən də söhbətə istiqamət verməyə çalışdım:

- Düzdür, aradan çox vaxt keçib. O gündən bu günə çox şey dəyişib. Hətta jurnalistlər belə, əvvəlki deyillər. Bu günün jurnalistini belə xarakterizə etmək olar – işini cəld görən, düzgün, vacib sirləri qoruyub saxlamağı bacaran...

Abdul-Mauli bəy əsəbindən sarı dişləri ilə bığlarının uclarını gəmirməyə başladı:

- Doğrudan? Amma sənə bir şey deyim ki, başıma gələn ən xoşagəlməz hadisənin baiskarı olan köhnə jurnalist dostum sadaladığın keyfiyyətlərin heç birinə sahib deyildi. Dostumun adına gəlincə, onu elə xatırlamasaq, yaxşıdır.

- Sən canın, danış görək, o jurnalist neyləyib? – Atif bəy soruşdu, sonra üzünü mənə tutdu: – Abdul-Mauli bəyin yaxşı təhkiyəçilik qabiliyyəti var. Bu sənətdə az adam tapılar ki, onunla kəllə-kəlləyə gəlsin.

Əsyutlu elə qəşş eləyib güldü ki, yekə qarnı atılıb-düşdü. Sonra özünə bir stəkan da viski süzüb stulda yerini rahatladı və söhbətə başladı.

- Həmin xoşagəlməz hadisə baş verən vaxt mən Qahirədə orta məktəbdə oxuyur, elə məktəbin pansionunda da qalırdım. Ağıllı, sakit uşaq idim. Atam Əsyutdakı mülkümüzdə təsərrüfat işləri ilə məşğul olurdu. Özümü axıra qədər ağıllı aparacağım və əlbəttə ki, məktəbi bitirməyim barədə attestat alacağım təqdirdə təhsilimi davam etdirməyim üçün məni Oksforda göndərəcəyinə söz vermişdi. Əlimdən gələni eləyirdim ki, atam razı qalsın, çünki hər zaman kübar həyat yaşamaq arzusunda olmuşdum.

Bəxtimdən, həmin vaxt bir jurnalistlə dostlaşdım. Səmimiliyi və dostyanalığı xoşuma gəlmişdi. Axşamları tez-tez bir yerdə keçirirdik. Atam az pul göndərirdi, deyirdi ki, tələbə sadə həyat yaşamalıdır. Buna görə də, dostumla razılaşmışdıq ki, harada yemək yediksə, hesabı növbələşib verək. Nə isə, qayğısız və şən həyat yaşayırdıq.

Bir dəfə, axşamüstü Tofiq küçəsini keçərkən təsadüfən dostumla qarşılaşdım. Görüşüb hal-əhval tutduqdan sonra soruşdu:

- Hara gedirsən?

- Pansiona.

- Belə tez?

- Başım ağrıyır, dincəlmək istəyirəm.

- Elə mənimki də ağrıyır. Gedək adama bir qədəh çaxır içək. Səni çox saxlamayacağam. Sonra gedib dincələrsən, mən də yollanaram redaksiyaya. Məqalə çatdırmalıyam.

O vaxt içki içiləsi yerlər indikindən heç də az deyildi. Qabağımıza çıxan ilk bara girdik və küncdə özümüzə bir yer tapıb oturduq. Barda cəmi-cümlətanı bir neçə əcnəbi hərbçi var idi, onlar da bizə heç məhəl qoymadılar da. Başımız şirin söhbətə elə qarışmışdı ki, neçə qədəh içdiyimizin fərqinə də varmamışdıq.

Hesabı ödəmək vaxtı gəlib çatanda dostumun qurcalandığını gördüm.

- Gecdir artıq. Durmaq lazımdır, – dedim.

- Nə təhər məsləhətdir.

- Bəs... hesab?

- Hesab? Hesabı bu dəfə sən ödəməlisən axı!

- Yox. Səhvin var. Bu dəfə yüz faiz sənin növbəndir, – əminliklə dedim.

- Yox. Səhvi sən eləyirsən.

Ayağa qalxdıq, bir neçə saniyə hirsli-hirsli bir-birimizə baxdıq. Kənardan baxan bizi döyüşməyə hazırlaşan iki xoruza bənzədərdi. Lakin sükut uzun çəkmədi.

- Gəl püşk ataq, – dostum təklif elədi.

Aramızda fikir ayrılığı yarananda həmişə bu üsula əl atırdıq. Püşk atdıq. Dostumun xeyrinə olmadı. Pərt halda, dili topuq vura-vura dedi:

- Sən canın, bu dəfə yerimə sən ödə!

Onu qəzəbli baxışlarla süzdüyümü görüb əlavə etdi:

- Məsələ burasındadır ki... üstümdə qara qəpiyim də yoxdur. Nəyim vardısa, hamısını at yarışında uduzmuşam. Vallah!

Çaşqın halda dedim:

- Məndə də pul yoxdur axı.

- Necə yəni yoxdur?! Yoxsa sən də at yarışında olmusan?

Pərt olmaq növbəsi indi mənə keçdi.

- Mənimki də yarış idi, amma at deyildi. Niamət xanımın yanından gəlirəm.

Dostum az qaldı gülməkdən partlaya.

- Canım üçün, heç nə itirməmisən. Hələ qabağasan.

- Zarafatın yeri deyil. Düşdüyümüz vəziyyətə bir bax!

- Qeyri-adi bir şey yoxdur, – dostum gülərək etiraz etdi.

- Başa düşmürsən, çıxılmaz vəziyyətdəyik?

- Əzizim, boş şeydir... İki yolumuz var: ya gərək dəyənək davasına çıxıb bar sahibini də, onun işçilərini də şil-küt eləyək, ya da könüllü hər şeyi boynumuza alıb polis məntəqəsində bumbuz beton döşəmədə gecələyək. “Bəxtimiz gətirsə”, birincini də, ikincini də “əldə eləyəcəyik”.

Beynimdə müxtəlif səhnələr canlandırdım: əli dəyənəkli bar sahibi, beton döşəmə. Qaşqabaqlı atam da hirsindən nəfəsi kəsilə-kəsilə sevimli cümlələrini dalbadala düzür: “Sən həyatda heç bir uğur əldə eləyə bilməyəcəksən. Eləsən, onda bığlarımı qırxaram”.

- Tapdım, – dostum bərkdən qışqıraraq məni fikirdən ayırdı.

- Nə tapdın? Tez ol, de görək!

Gözümün içinə baxaraq dedi:

- İçməyə davam eləyirik.

Hirsimdən əlimi göyə qaldırıb ona bir şapalaq ilişdirmək istədim. Qolumdan tutaraq məni sakitləşdirdi.

- Özünü ələ al! Allah kərimdir.

Dostum ofisiantı səsləyərək yenə çaxır sifariş verdi. Görəndə ki, qədəhi götürmürəm, böyrümü dümsükləyərək dedi:

- Day ürəyini sıxma! Onsuz da kötək yeyəcəyik, sonra da beton döşəmə bizi gözləyir. Belə olan halda, tələsmək nəyə lazım?

Hirsindən dil-dodağını çeynəyən atam yenə gözümün qabağına gəldi, canıma üşütmə düşdü. Dostum qədəhi götürməyimdə israr edərək elə hey təkrarlayırdı:

- İç əşi! Belə fürsət bir də ələ düşməz.

Qədəhi başıma çəkdim. Ətrafımızdakılara fikir vermədən içməyə davam elədik. Dostum çoxlu lətifə bilirdi. Mənsə özümün və qohumlarımın başına gələn əhvalatları danışırdım, hətta, ailə sirlərimi belə gizlətmirdim. Səs-küyümüz getdikcə bütün barı bürüdü. Vaxt amili bizim üçün itmişdi. Arabir şübhəli nəzərlərlə bizi süzən ofisiant yanımızdan ayrılmırdı. Lakin hər dəfə ağzını açıb nə isə demək istədikdə yeni sifariş gəlirdi. Qonşu masada əyləşmiş barın daimi müştəriləri çoxdan keflənmişdilər.

Dostum qulağıma pıçıldadı:

- Əgər Allah məni bir az zirək, bir az da diribaş yaratsaydı, indi o küncdə oturan zabitin pul kisəsini çırpışdırmışdım, biz də düşdüyümüz bu çətin vəziyyətdən qurtulmuşduq. Belə vəziyyətdə oğurluq da fərasət sayılır.

Bu sözləri deyib fikrə daldı.

- Oğrunun cəsarəti hər cürə tərifə layiqdir.

Mənim bayaqkı vəziyyətimə indi dostum düşmüşdü. Kefini açmaq üçün əlimi kürəyinə vurub gülə-gülə dedim:

- Fikir eləmə! Allah kərimdir.

Qaldığımız yerdən davam elədik.

Söhbət əsnasında danışdığım əhvalatlardan biri dostumun çox xoşuna gəldi. Hadisəni bütün təfərrüatı ilə bilmək istədi. Mən də hər şeyi nöqtə-vergülünə kimi danışdım. Əhvalat sona çatanda dostum yerindən tez qalxaraq dedi:

- Bir on beş dəqiqəlik icazə verərsən, qonşu masada oturam?

- Nəyə görə?

- Heç. Bir hekayə yazıb redaksiyaya verəcəyəm.

- Nə boş-boş danışırsan? Heç hənanın yeridir?

- İlham pərim gəlib, dayana bilmərəm.

Onu da, onun ilham pərisini də ələ salmağa başladım. Dostumu isə artıq saxlamaq mümkün deyildi.

- Hekayəni redaksiyaya verə bilsəm, yaxşı qonorar alaram. Gəlib haqq-hesab eləyib canımızı problemdən qurtararıq.

Qonşu masaya əyləşib yazmağa başladı. Onu diqqətlə izləyirdim. Ofisiant bizə çəpəki baxır, arabir gəlib başımızın üstündə fırlanaraq gedirdi. Dostum elə dediyi kimi, təxminən on beş dəqiqəyə yazını bitirib yanıma gəldi.

- Deyəsən, pis alınmadı. Buna görə, adama yaxşı pul verərlər.

Amma bunda sənin iştirakın qaçılmazdır.

- Mənim?

- Hə, sənin. Hekayənin sonunda yazmalısan: “Mən könüllü surətdə bu məlumatları verdim və onların yayımlanmasına da etiraz etmirəm”.

- Elə bu?

- Hə. Elə bu.

Çaxırımı axıra qədər içib dostumun dediklərini birə-bir yazdım. Başım o qədər dumanlı idi ki, yazdığım sözlərin mahiyyətinə də varmadım.

Durub çıxışa tərəf getmək istədikdə yaxasından yapışdım. İçimə qurd düşdü:

- Bəlkə, fırıldaq işlədirsən? Məni beton döşəmənin üstündə tək qoyub qaçmaq istəyirsən?

Özündən razı halda dilləndi:

- Vicdanıma and olsun, qayıdıb gəlirəm. Alınmasa, arxayın ol, dərdimizi bir böləcəyik.

Bunu deyib güllə kimi bardan çıxdı. Gəlib yenə bayaqkı masada əyləşdim. Ofisiant diqqətlə məni süzdü, sonra çönüb bar sahibinin qulağına nə isə pıçıldadı, bu dəfə hər ikisinin diqqəti mənə yönəldi. Daimi müştərilər də çıxıb getdilər. Bar tamamilə boşaldı. Vaxt ləng gedirdi. Vəziyyətim çox acınacaqlı görünürdü, amma hələ ki, təmkinimi qoruya bilirdim. Aman Allah, o, nə dəqiqələr idi! Süstlükdən ayılmışdım. Ofisiantlar da, öz növbəsində, məni üzük qaşıtək dövrəyə almış, ətrafımda nəzarəti gücləndirmişdilər. Bar sahibi əlində dəyənək, ağır-ağır mənə yaxınlaşdı. Alnımı soyuq tər basdı. Bar sahibi sanki mənə eşitdirirmiş kimi, işçilərinə qışqıraraq dedi:

- Bağlamaq vaxtıdır.

Gözümün önündə qaranlıq otağın soyuq beton döşəməsi və bu döşəmədən qalxıb ətrafı bürüyən toz qatı canlandı. Yerimdəcə quruyub qalmışdım. Nə qədər belə oturduğumu demək çətin idi.

Elə bu an qapının ağzında dostumun özündən razı siması göründü. Möhkəm qaçdığından təngnəfəs olmuşdu. Ürəyim yerinə gəldi. Dostum isə yenə eyni lovğalıqla gəlib bayaqkı yerinə oturdu və ləzzətlə əlini-əlinə sürtərək ofisianta ən yaxşı çaxırı gətirməsini əmr elədi. Məzəli əhvalatlar danışa-danışa çaxırı gillətməyə davam etdik. Bar sahibi və ofisiantlar key kimi qalmışdılar, nə baş verdiyini müəyyən edə bilmirdilər. Bir az keçəndən sonra dostum pul kisəsini çıxardıb hesabı tələb etdi:

- Bir az tez olun, gözləməyə vaxtımız yoxdur. Bura yatmağa gəlmişik?!

Ofisiant qaça-qaça gəldi. Dostum bir neçə kağız pul verdi. Qaytarılan qalıq puldan da ofisiantın cibinə çaypulu basdı. O biri ofisiantları da yaddan çıxarmadı.

Nəhayət, ayağa qalxıb sakit-sakit çıxışa tərəf addımladı. Mən də onun dalınca, sanki, hərəkətlərini təqlid edirmişəm kimi, ağır-ağır yeriməyə başladım. Barın bütün işçi heyəti hörmət əlaməti olaraq kənara çəkilib yolu bizim üçün boşaltmışdılar. Mən heç nə başa düşə bilmirdim, ona görə də, hələlik susmağa üstünlük verirdim. Çölə çıxan kimi, dostum mənə sarı çevrilərək dedi:

- Bayaq redaksiyadan aldığım puldan cəmi on qəpik qalıb. Al, bu beşi sənin!

Sevincimdən dostumu bərk-bərk qucaqladım.

Bu hadisədən bir həftə keçdi. Bu müddət ərzində dostumla bir dəfə də olsun, rastlaşmadım, bardakı əhvalat da yaddan çıxıb getdi.

Bir axşam evə qayıdanda atamdan teleqram gəldi. Təcili Əsyuta gəlməyimi istəyirdi. Evdə nəsə bədbəxt bir hadisə üz verməsindən narahat oldum.

Səhər tezdən qatara minib Yuxarı Misirə yollandım. Yol boyu qəm dəryasına batmışdım.

Əsyuta gəlib çatan kimi birbaş evə getdim. Evdə salamatlıq idi. Hər şey öz qaydasında gedirdi. Dedilər ki, atam məni iş otağında gözləyir. Bu, yaxşı əlamət deyildi: iş otağı məhkəmə zalı rolunu oynayırdı və atam cəzalandırmaq istədiyi adamla da həmişə bu otaqda tək qalırdı. Mühakimə edən də, qərar çıxaran da, onu icra edən də atam özü idi. Mən uşaq olanda nə vaxt ki, atam deyirdi “Uşağı yanıma gətirin”, bilirdim ki, məni nə isə bir cəza gözləyir.

Yaxşı, bəs indi nə baş verib? Əvvəlcə təcili teleqram vurub, indi də iş otağına çağırtdırır. Nə qədər fikirləşdimsə də, ağlıma bir şey gəlmədi. Bilə bilmədim ki, niyə məni cəzalandırmaq istəyirlər.

Atamın hüzuruna getməmək olmazdı. Otağın qapısını döyüb içəri keçdim. Qapı ağzında özümə azacıq arxayınlığım var idisə, atamı görcək o da itib getdi. Qeyri-iradi olaraq, “müttəhimlər kürsüsü”nə yaxınlaşdım. Atam adəti üzrə küncdə oturmuşdu. Kresloya güclə sığırdı.

Sevimli cümləsindən yenə də istifadə etdi:

- Sən həyatda heç bir uğur əldə eləyə bilməyəcəksən. Eləsən, onda bığlarımı qırxaram.

Danışdıqca bığları az qalırdı, ağzına girsin. Əvvəllər bu hal tez-tez təkrar olunanda fikirləşirdim ki, görəsən, atam niyə bığlarını qaydaya salmaq üçün bərbər yanına getmir. İndi isə mən özüm böyük məmnuniyyətlə bərbərlik edərdim.

Atam əlində saxladığı şəkilli jurnalı üzümə çırpdı. Səhifələrdən birində altından qırmızı xətt çəkilmiş sözlər gördüm.

- Nə təhər zarafatdır? Deyəsən, pis deyil ha?! – dedi.

Jurnalı tezbazar gözdən keçirdim. Hərflər gözümdə qarmaqarışıq göründü. Bir şey başa düşə bilməsəm də, jurnalı bağlayıb gülümsədim:

- Ağıllı zarafatdır.

Atam hirslənib özündən çıxdı:

- Sən belə düşünürsən?

- Axı sən özün dedin ki, pis deyil.

Yumruğu ilə stola elə bir zərbə endirdi ki, stol silkələndi.

- Sabahdan Əsyut məktəbinin pansionunda qıfıllanıb qalacaqsan və mən deməmiş də, ordan heç yerə tərpənməyəcəksən. Arxayın ol ki, oranı tezliklə tərk etməyəcəksən. Eşitdin? Sənin kimisi Oksfordda oxumağa layiq deyil. Nə qədər ki, mən sağam, sən Oksford üzü görməyəcəksən. Başa düşdün?

Çaşıb qalmışdım. Nə deyəcəyimi bilmirdim.

- Başa düşdüm, – qısaca dedim.

- İndi isə, itil gözümdən!

Məhkəmə başa çatdı. Hökm çıxarılmışdı. Şikayətə baxılmayacaqdı. Otağı tərk etdim, ayaq üstə güclə dayanırdım. Başıbəlalı jurnal da əlimdə idi. Otağıma girib özümü çarpayıya atdım. Qarışıq fikirlər beynimi çulğamışdı. “Görən, mən bundan sonra neyləyəcəm? Nə vaxta qədər Əsyut məktəbinin pansionunda it döyəcəm? Belə götürəndə, axı neyləmişəm ki, mənə belə cəza kəsilir?”.

Jurnalı bir daha vərəqlədim. Altından xətt çəkilmiş sözlər diqqətimi çəkdi. Karikaturaya diqqətlə baxdıqda atamın korlanmış şəklini gördüm. O, təlxək obrazında təsvir olunmuşdu.

Başında hündür papaq və əynində geniş şalvar teatrın girəcəyində durub qaval çalır və camaatı səsləyirdi: “Gəlin, ay millət! Məşhur Mərakeş rəqqasəsi Fatmaya – Şərqin ulduzu, arzuların xanımına tamaşa etməyə tələsin!”

Oxumağa başladım. Oxuduqca da nəfəsim daralır, əsəbdən sanki beynimdən tüstü qalxırdı. Bütün bunları məhz mən həmin gecə barda dostuma danışmışdım. Bu, Fransada atamın başına gəlmiş əhvalat idi. O vaxt o, bir Mərakeşli rəqqasəyə vurulmuş və bir günlük onun təlxəyi olmağa razılıq vermişdi. Balaqanın qarşısında dayanıb gəlib-gedənləri tamaşaya baxmağa səsləyirmiş.

Yazıda ən pisimə gələn isə onun müqəddimə hissəsi idi: “Abdul-Mauli bəy atası ilə bağlı bu əhvalatı bizə şəxsən danışıb. Yazını çap edərək adı çəkilən gəncə də gələcəkdə uğurlar arzu edirik”.

Məlumatı oxuyub üzüstə çarpayıya yıxıldım. Özümə söz verdim ki, dostumla nə vaxt qarşılaşsam, onu tikə-tikə doğrayacağam.

· · ·

Abdul-Mauli bəy əhvalatı danışıb dodaqaltı mızıldandı:

- Söz yox ki, danışdığım əhvalat məni beton döşəmədə gecələməkdən xilas etdi, ancaq...

- Axırı Oksforda girə bildiniz? – sözünü ağzında qoydum.

Əsil-nəcabətli əsyutlu fikirli halda dilləndi:

- Atam öz qərarında sərt və ədalətsiz idi.

Saata baxıb əmin oldum ki, redaksiyaya gecikirəm. Bildim ki, indi redaktor və müavinləri məni danlamaq üçün sıraya düzülüb gözləyirlər.

Elə bu anda beynimə bir fikir gəldi: “Deyəsən, mənimki də gətirdi axı”. Əsyutlunun əlini sıxaraq sevincək halda dedim:

- Çox sağ olun... Çox sağ olun... Savab iş gördünüz.

Ayağa qalxdım ki, sağollaşıb gedəm. Əsyutlunun sifətində açıq-aşkar çaşqınlıq və qorxu sezilirdi:

- Siz mənə nəyə görə təşəkkür edirsiniz?

Deyəsən, məsələnin ciddiliyi ona yavaş-yavaş çatırdı. Qolumdan yapışıb cəld soruşdu:

- Siz nəyi nəzərdə tutursunuz? Deyəsən, öz-özlüyünüzdə nəsə qərarlaşdırmısınız?

Sonra yenə bir neçə anlaşılmaz sözlər işlətdi. Atif bəy artıq hər şeyi anlamışdı. Ona görə də, üzünü Abdul-Mauli bəyə tutaraq dedi:

- İmkan ver, işini görsün!

Əsyutlu tamamilə özündən çıxaraq qışqırdı:

- Necə yəni, işini görsün? Mənim hesabıma? Allaha and olsun ki, buna icazə verən deyiləm. İkinci dəfə mətbuat qurbanına çevrilmək istəmirəm.

Cəld tərpənib əlindən qurtuldum və ordan götürüldüm. Nə qədər çalışsa da, məni tuta bilmədi. Tini burulub gözdən itənə qədər tövşüyə-tövşüyə arxamca qaçdı, qışqır-bağır saldı. Əsyutlu geridə qalanda addımlarımı bir qədər yavaşıtdım. Yazmağı planlaşdırdığım hekayənin başlığı böyük hərflərlə gözlərim önünə gəldi: “Necə oldu ki, Oksforda girə bilmədim”.

news-inner-user

16063 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Məşhur musiqiçi Trampı məhkəməyə verdi
14:21 06 Avqust 2020
Türkiyədə nazir olan, övladına Atatürkün adını qoyan, ömürlük həbs cəzasına məhkum edilən azərbaycanlı yazıçı – Maraqlı faktlar
13:32 06 Avqust 2020
Vladimr Sorokindən yeni kitab
12:44 06 Avqust 2020
Çörək, dərman, kitab... - Operativ Qərargaha təklif
11:58 06 Avqust 2020
Ziyalılar karantinlə bağlı müraciət etdi
11:16 06 Avqust 2020
Məşhur rejissordan yeni film gəlir - Treyler
10:38 06 Avqust 2020
"Min bir gecə" Vyanada nümayiş olundu
10:04 06 Avqust 2020
İtin kolbasasını uşağına verdiyi üçün villadan qovulan fəhlə - Varisin yeni hekayəsi
08:59 06 Avqust 2020
Kinematoqrafçılar İttifaqı Ayaz Salayevi mükafatlandırdı
18:57 05 Avqust 2020
Masaya dağılmış qırmızı şərab - Mehriban Ələkbərzadəyə...
18:12 05 Avqust 2020
Şamaxıda antik dövrə aid nekropol tapıldı - Fotolar
17:41 05 Avqust 2020
Plastik əməliyyat zamanı dünyasını dəyişdi, bir il sonra səbəbkar həkim də stressdən öldü - Cahandar ağanın qızının faciəvi sonu
17:11 05 Avqust 2020
Məşhur yazıçı həbs olundu
16:28 05 Avqust 2020
Stiven Kinqdən yeni roman
14:50 05 Avqust 2020
Nə düşünürsən, Günel? - Orxan Həsəni yazır...
14:21 05 Avqust 2020
“Məni qardaşım hamilə qoydu" – Qırmızı donda intihar edən qızın faciəsi
13:32 05 Avqust 2020
Kamal Abdulladan orijinal layihə - Müsahibə
12:56 05 Avqust 2020
"Altın Koza"nın keçirilmə tarixi bəlli oldu
12:14 05 Avqust 2020
Məşhur türk aktyoru vəfat etdi
11:20 05 Avqust 2020
Azərbaycanlı şairin şeirləri türk saytında
10:42 05 Avqust 2020