Yorğandan qadın düzəltmək

Yorğandan qadın düzəltmək
22 fevral 2016
# 17:40

YORĞANDAN QADIN DÜZƏLTMƏK

məftildən maşın düzəldirdik uşaqlıqda

böyüdük yorğandan qadın düzəltdik

belə öyrəndik

başsız qadın bədəninə sarılmağı

sonra anamızı qoyduq qəbirə

qollarımızda

və belə hiss etdik

qucağımızdakı qadın ağırlığını

adamlara məzar daşısız ağlamaq

daha asandı, biləsən

o, vaxtdan

yorğandan düzəltdiyim

başsız bədəninə sarılıb yatıram

hər gecə

getməklərin ən yaxşısını sən etdin

xəstələnməklə

xəstəyəm, ömrümə bir gün qalıb

əlac yoxdu filan...

canından bezib

ölümünə sevinənlər kimi

mən də sevgidən bezib, ayrılığa sevindim

məndən narahat olma

anamdan sonra

heç kimin gedişinə ağlaya bilmirəm.

TƏK QALMIŞ ADAMAM

BİR YASDAN ÇIXAM

Bu boyda ürəyə olmaz deyirəm,

deyirəm bəlkə də bir pasdan çıxa.

Sənin gedişinə yeyib – içirəm,

tək qalmış adamam bir yasdan çıxam.

Azalar gəliş də, gediş də belə,

hamı mənə deyər axı, o yoxdu.

Mən də unudaram səni bilirsən,

bilirsən, torpağın üzü soyuqdu.

Daha bu daş ömrə söykənməz başım,

nə acıq verirsən, mənim nəyimə.

İndi bumbuz əlim torpaq götürər,

götürüb tullayar öz kürəyimə.

CANIMA BAĞLI ADAMLAR

əvvəl - əvvəl sevdiklərim

sonra – sonra unuduldular

canıma bağlı adamlar

canımdan da yoruldular

yavaş – yavaş gəldi keçdi

ağrılar da, sızaqlar da

unutduğum adamlar da

yoruldular uzaqlarda

sonra – sonra anladım ki

heç kimi ovutmamışam

sonra – sonra anladım ki

heç kimi unutmamışam

indi – indi görürəm ki

yollar adamlar köçündə

mən unutmuşam sandığım

yaddaşımın bir küncündə

yıxılıb, qalıb eləcə

qalıb, qalanlar kimi

qalıb unudulanlar kimi

YOX, BELƏ OLMAZ VƏTƏN

Cavan – cavan balalar,

səsin küyündə gəlir.

Gedəndə sağlam gedir,

geri çiyində gəlir.

Bilirəm anamızsan,

bacımızsan, ay vətən!

Bir tərəfi qırılmış,

acımızsan, ay vətən!

Yox, belə olmaz vətən,

lap düzlərin dağ olsun.

Nə qədər, balan öləcək?!

nə qədər, başın sağ olsun?!

# 374 dəfə oxunub

Oxşar xəbərlər

# # #