Məhəbbət çiskini -  Elçin yazır

Məhəbbət çiskini -  Elçin yazır
22 fevral 2016
# 16:27

“Məryəmin əsərləri işıqlı rənglərin improvizasiyası ilə ifadə olunan sevgi, bəzən də nostalji bir sevgi ilə dolu olan melodiyalardır”

Jeni di Bert, Roma Zərif Sənətlər Universitetinin professoru

Məryəm - bu gənc qız bir meteor sürəti ilə Azərbaycan rəngkarlıq sənətinə daxil oldu və o zaman mən onun əsərlərinin sirli-sehrli təəssüratı altında “Məryəmin missiyası” adlı bir yazı yazdım.

“Məryəmin missiyası”nı 2011-ci ilin yanvarında yazmışdım və o vaxtdan düz beş il keçib.

Bu gün Məryəm, şübhəsiz ki, beş il bundan əvvəlki Məryəm deyil, ancaq eyni zamanda Məryəm, yenə də şübhəsiz ki, həmin Məryəmdir və bu sözlərdə heç bir paradoks yoxdur, söhbət istedadın özünüifadəsindəki, bəlkə də, bu beş ilin zaman çərçivələrinə sığmayan bir inkişafdan və eyni zamanda, bu inkişafın sürəti müqabilində o istedadın mənəvi ünvanının - məxsusiliyinin qorunub saxlanmasından gedir.

Bu beş ildə artıq, professional rəssam Məryəmin əsərləri Bakıdan başqa, Berlində, Moskvada, İstanbulda, Ankarada, Romada, Dovildə, Riqada, YUNESKO-da nümayiş olunub və sənətsevərlər, tamaşaçılar bu əsərləri dəfələrlə Paris sərgilərində də görüblər. Həmin sərgilərdən birini mən xüsusi qeyd edirəm: 2015-ci il iyun ayında Art Şhoppinq festivalı çərçivəsində Luvr muzeyinin Karusel qalereyasında Məryəmin işlərinin sərgisi keçirildi və gənc bir azərbaycanlı rəssamın Luvrda sərgisinin keçirilməsi yalnız gənc rəssamlarımızın həyatında deyil, ümumiyyətlə, Azərbaycan rəngkarlığında bir hadisə oldu.

Bu beş ildə Məryəmin haqqında bədii-sənədli film çəkildi, televiziya verilişləri göstərildi, onun yaradıcılığı ilə bağlı Azərbaycanın da, xarici ölkələrin də mətbuatında məqalələr dərc olundu, görkəmli fransız, ingilis, rus, türk sənətşünasları yüksək fikirlər söylədilər.

Və bütün bunlarla bərabər, bu beş ildə Məryəmin tablolarında onun mənəvi dünyasındakı həmin sirr-sehrin ifadəsi zərrə qədər də azalmayıb - o sirr-sehr ki, mən misal üçün, onun beş il bundan əvvəl yağlı boyalarla çəkdiyi böyük bir tablosuna ilk dəfə baxanda - yalnız dəniz suları və gömgöy üfüq boyu ağ-göyümtül buludlar - birdən-birə mənə elə gəldi ki, əsatirdə olduğu kimi, naqqa balığının udduğu Yunus peyğəmbər elə Məryəmin bu dəniz sularında gəzib.

O sirr-sehr nəinki azalmayıb, əksinə, dərinləşib, bədii-estetik mündərəcatı daha geniş bir miqyasa yiyələnib və Məryəmin tablolarındakı, batiklərindəki, qrafikasındakı professionallıq, onun bədii-estetik özünüifadəsindəki məsumluğa, paklığa, zərifliyə heç vəchlə mane olmayıb, təsir etməyib.

Bu beş ildə Məryəmin yaradıcılığında reallıqla irreallıq qoşa addımlayıb: bir tərəfdən real mavi güldanda real qırmızı qızılgüllər, başqa bir tabloda real ağ qızılgüllər, daha başqasında real kall gülləri, yaxud gül dəstəsindən və meyvələrdən ibarət real natürmotlar, yaxud da Mərmərə dənizinin real bir gecə mənzərəsi və birdən də... qırmızı fəzada ağappaq bir günəş.

O ağappaq günəş real gömgöy dəniz sularında qırmızı şəfəq saçır və sən bunu qəbul edirsən, təbii sanırsan, səni qətiyyən təəccübləndirmir ki, günəş niyə ağappaqdır, sən qətiyyən bir anlaşılmazlıq hiss etmirsən ki, ağappaq günəş dənizdə qırmızı şəfəq saçır, çünki Məryəmin tablolarındakı reallıqla irreallığın təbii bir vəhdəti var.

Bütün bu tablolar mövzusundan asılı olmayaraq, əslində, Məryəmin daxili aləminin ifadəsidir və o bədii-estetik vəhdəti də məhz həmin daxili aləmin, oradakı təmiz və incə hisslərin fırça ilə kətana köçürülmüş inikası yaradır.

Elə buna görə də, onun dəst-xətti məxsusidir, müəllifini seçdirən, tanıdandır və rəgkarlıqda ən populyar bədii predmetlər belə, Məryəmdə orijinaldır.

Baxın, Azərbaycan rəngkarlığının ən çox sevdiyi bədii predmetlərdən biri, bəlkə də birincisi nardır və Toğrul Nərimanbəyovdan tutmuş Niyaza qədər bizim istedadlı rəssamlarımızın hərəsinin öz məxsusi narı var - Məryəmin də işlədiyi narlar beləcə məxsusidir, başqasının yox, onunkudur, onun gördüyü və onun mənalandırdığı narlardır.

Məryəmin akril boyaları ilə çəkdiyi xalçalardakı naxışlar, əslində, beş il bundan əvvəl də, bu gün də bilavasitə kətana köçürülmüş xalça naxışlarından ibarət deyil, bu xalçalar onun görmək istədiyi, təsəvvüründə canlandırıb gördüyü xalçalardır və onlara baxanda hər dəfə məndə elə bir təəssürat yaranır ki, bu xalça naxışlarının, bu rənglərin və həmin naxışların bir-biri ilə belə bir ünsiyyətinin informasiyası genetik olaraq Məryəmin yaddaşına hopub, onun istedadı isə bəzi məqamlarda hətta bir ilahi sövqü, ilahi təlqini ilə onları kətan üzərində, batiklərdə ifadə edir.

Məryəmin rəsmlərindən, elə bil, zərif yaz çiskini kimi, ətrafa bir məhəbbət çiskinləyir və bu məhəbbət çiskinin (narın məhəbbət yağışının) konkret bir ünvanı yoxdur, onun üçün yaş, irq, din fərqi mövcud deyil - bu məhəbbətin ünvanı yalnız bəşəriyyət də deyil, çünki bu məhəbbət üçün hətta canlı ilə cansız arasında da fərq yoxdur - bu məhəbbətin ünvanı, ümumiyyətlə, həyatdır, dünyadır, kainatdır.

Bu məhəbbətdə mənim üçün aşkar bir mərhəmət təbəssümü də var, xüsusən Məryəmin son dövrlərdə işlədiyi “Azərbaycan muğamları” silsiləsi və digər süjetsiz batikləri, elə bil, insanları barışdımaq, qarışqanı belə tapdalamaqdan çəkindirmək istəyir - “Azərbaycan muğamları”nın doğurduğu o mərhəmət hissiyyatında, mənim üçün bir “Tolstoy mərhəməti” var.

“Azərbaycan muğamı” silsiləsində, karandaş və anilinlə çəkilmiş batiklərdə, elə bil, rənglərin - o yaşılın, alın, göyün, sarının... - içində səslərin də rəngi var və mən şübhə etmirəm ki, muğama bələd olan, muğamı başa düşən və sevən həssas tamaşaçı bu batiklərin dərinliklərinə varanda muğamın da, muğamla köklənmiş xalq mahnılarımızın da avazını hiss edir, Seyidin “Arazbarı”sının, ya Malıbəyli Həmidin “Yetim segah”ının, Ağabala Abblullayevin “Zabul”unun, Xanın “Nəbi”sinin, ya Yavər Kələntərlinin “Küçələrə su səpmişəm”inin, ya da başqa böyük sənətkarlarımızın qədimlərdən süzülüb gələn zümzüməsini eşidir.

Mən Məryəmin yenə də son vaxtlar çəkdiyi “Qobustan” silsiləsinə ilk dəfə baxanda, gözlənilmədən otuz il bundan əvvəl Karfagen xarabalıqlarında rastlaşdığım bir möcüzəni xatırladım: o xarabalıqda (keçmiş bəşəri mərkəzlərdən birində!), insanların və əsrlərin söküb, dağıtdığı uçuqların arasında ucalan nəhəng bir zeytun ağacının üç min ilə yaxın yaşı var idi (o ağac Tunisin milli sərvəti hesab olunur). Karfagen şəhərinin və dövlətinin əsasını qoymuş əfsanəvi Finikiya çariçası Elissanın müasiri olan (!) bu zeytun ağacı yenə də üç min il bundan əvvəlkitək təzətər meyvələr yetişdirirdi.

Və elə bil, fantasmaqorik yox, gerçək bir hadisə baş verib: qədim Qobustan da Məryəmin genetik yaddaşında yenidən oyanıb və min illərdən sonra gənc bir qızın daxili aləmi və istedadı ilə kətanlarda, batiklərdə özünü ifadə edib.

Məryəmin “Qobustan” silsiləsi də Qobustan qaya rəsmlərinin sadəcə olaraq yağlı boyalarla kətana, yaxud da anilinlə, qələmlə ipəyə köçürülməsi deyil, bu kətanlardakı, batiklərdəki Qobustan fiqurlarını Məryəm tamamilə özününkiləşdirib (onun xalçalarında olduğu kimi!) - bu işlərin koloriti, onların aşıladığı obrazlı düşüncənin mahiyyəti və keyfiyyəti fərqlidir - bu kolorit, bu obrazlı düşüncə minilliklər yolçusudur və qərinələri aşa-aşa Qobustan qayalarından Məryəmin tablolarına keçərək, geniş bir düşüncə bazisi əldə edib.


Qədim insan Xəzərin sahillərində yəqin ki, balıq ovuna çıxdıqları qayıqları daş ilə döyəcləyərək qaya parçaları üzərinə həkk edib və bu ibtidai qayıqlar min illərdir ki, bizə miras olaraq, o qaya parçalarının üzərində donub qalıb.

Məryəmin dəniz sularının göy və mavi fonunda çəkdiyi qızılı rəngli Qobustan qayıqları isə, elə bil, yenidən canlanıb - onlar bu minilliklər ərzində daima hərəkətdə olub, üzə-üzə epoxaları keçib gəliblər və onlar uzaq və naməlum (bizim üçün naməlum, ancaq Məryəmin özü üçün məlum olan!) gələcəyə doğru yollarına davam edirlər.

Və Məryəmin gələcəyə gedən qayıqlarına baxdıqca, məndə elə bir hissiyyat yaranır ki, elə bil, mən özüm də o qayıqların içindəyəm və bilmirəm, o məchul gələcəkdə məni nə gözləyir - bu hissiyyatda maraq dolusu bir nigarançılıq var, ancaq bu, əgər belə demək mümkünsə, qorxusuz-hürküsüz bir nigarançılıq, xoş bir nigarançılıqdır.

Bu hissiyyat bu gün artıq uzaq (və əbədi!) bir keçmişdə qalmış başqa bir xatirəni mənim yadıma salır: aspirant vaxtlarımda ilk dəfə turist kimi xaricə getmişdim (ilk dəfə SSRİ-nin beton sərhəddini keçmişdim!) və Vyanada olarkən uzun müddət Müqəddəs Stefan kilsəsinin qarşısında dayanıb, sosrealizm arxitekturasına (Stalin arxitekturasına!) alışmış gözlərimi bu qotik möcüzədən çəkə bilmirdim.

Və mən Müqəddəs Stefan kilsəsinin əsas qülləsinə baxa-baxa bu nəhəng və uca qülləni aşağıdan yuxarıyacan gözdən keçirərkən, elə bir hissiyyat yaşayırdım ki, elə bil, özüm də öz baxışlarımla birlikdə yuxarı - qüllənin zirvəsinə uçuram və bu qotik möcüzə məni qübbeyi-minaya aparır.

Burası da, yəqin, qəribə bir cəhətdir ki, Məryəmin işləri məni tez-tez keçmişə apararaq, hərdən yaddaşımın hansısa dərinliyində ilişib qalmış bir xatirəni gözlənilmədən yadıma salır və burada, əlbəttə, Məryəmin yaradıcılığına xas olan bədii dinamika xüsusi rol oynayır.

Hərəkət, dinamika Məryəmin rəngli boyalarla çəkdiyi rəsmlərini də, batiklərini də canlandıran, bu işlərin bədii-estetik dəyərini müəyyənləşdirən çox mühüm bir xüsusiyyətlərdən biridir və buna görə də, elə bil, bir meh əssə, misal üçün, onun çəkdiyi gül dəstələrinin yarpaqları, yaxud lalələrin ləçəkləri titrəyəcək.

Ancaq mən yenə Qobustan silsiləsinə qayıdıram.

Qədim insan nizə ilə ov səhnələrini qayalara həkk edib və Məryəmin bu mövzuda çəkdiyi rəsmlərdə o qədim insanın əlində nizə var, ancaq elə bil, o qədim insan indicə o nizəni atacaq və o nizə bütün sədləri keçərək, uça-uça minillikləri adlayacaq.

Mən Məryəmin rəsmlərindəki məhəbbətin doğurduğu mərhəmət təbəssümü barədə dedim, ancaq eyni zamanda, o məhəbbətdə mənim üçün bəzən bir nigarançılıq, hətta aşkar bir narahatlıq hissiyyatı da var.


Məryəmin çəkdiyi o qədim insanın atdığı nizə mənim təsəvvürümdə dayanmır, uçuşuna davam edir və o nizə gələcəyə uçur.

Yəqin elə buna görə də, bu tablolar - Məryəm istedadının improvizasiyası! - birdən-birə unudulmaz Əli Kərimin “Daş” şeirini mənim yadıma saldı və şeir əzbərləmək səriştəsi olmayan bir adam kimi, özüm də heyrət etdim ki, sən demə, bu şeiri indiyəcən əzbər bilirəm:

Yarıçılpaq,
Qədim insan
Düşməninə bir daş atdı,
Qana batdı.
Daş düşmədi
amma yerə,
Uçub getdi
Üfüqlərdən üfüqlərə.
Deməyin ki, daş yox oldu,
Daş çevrilib, bir ox oldu.
Oldu qılınc,
güllə,
mərmi.
Dayanmadı fikir kimi.
Atom oldu.
Meridianı qırıq-qırıq,
Arzuları zərrə-zərrə,
Okeanı para-para
Edib keçdi...
Həmin o daş
İndi yenə dayanmayır,
uçur hara?
O, neytron, elektron -
Dönüb
nələr,
Nələr olur.
Alov olur,
ölüm olur,
zəhər olur.
Ey həməsrim,
Həqiqətin qan qardaşı,
Dayandıraq, olmazmı, bu
Yarıçılpaq,
yarıvəhşi
Qədim insan
atan daşı?!

O qədim insanlar əl-ələ verərək rəqs edirlər və onlar bu rəqsləri də qaya parçasına həkk ediblər.

Onlar Məryəmin də işlərində rəqs edirlər və ilk baxışdan bu işlər Matissin “Rəqs” variasiyalarını xatırladır - bəlkə də ona görə ki, bədii-estetik lakoniklik Məryəmin işləri üçün də xarakterikdir, onun “Qobustan” silsiləsindəki rəqs lövhələrində artıq detallar, bu lövhələrin tam, bütöv qavranışına mane olan ştrixlər yoxdur.

Ancaq Məryəmin Qobustan rəqsləri Matissi yalnız yada salır, çünki bu işlərdə Məryəm Matissi yamsılamaqdan çox uzaqdır, o, yenə də öz daxili aləmini, özünün bizim üçün məlum olmayan zəngin sirrlər dünyasını ifadə edir.

Mən “Məryəmin missiyası”nda yazmışdım ki, onun naxışları, işarələri piktoqrafik yazıları, Şumer, Orxan-Yenisey, Misir əlifbalarını xatırladır, elə bil, onlar sadəcə naxışlar, işarələr yox, başqa bir sivilizasiyanın bizə göndərdiyi kodlardır.

Mən bunu ona görə xatırladım ki, Məryəmin Qobustan silsiləsində o naxışlar, işarələr bir tərəfdən professional bir kompozisiya qurur, tabloları, batikləri tamamlayırsa, o biri tərəfdən də (və bu mənim üçün Məryəmin işlərində çox vacib bir xüsusiyyətdir!), elə bil, bu detallarda kosmos ilə bir ünsiyyət var və mənim üçün bu, heç vəchlə mistik bir cəhət deyil, əksinə, Məryəmin özünüifadəsi ilə tamam üst-üstə düşən təbii bir xüsusiyyətdir.

Bir mühüm cəhət də var: Məryəmin məxsusi estetik dəst-xətti ilə çəkilmiş o tablo və batiklərdə qədim qayıqların, qədim heyvanların, dediyim həmin naxışların əhatəsində, rəngarəng - yaşıl, qırmızı-narıncı, göy... - fonlarda rəqs edən fiqurlar açıq-aşkar bir (əgər belə demək olarsa və güman edirəm ki, indiki kontekstdə demək olar!) bəşəri aura altındadır və elə buna görə də bu rəsmlərdə ümumbəşərilik var.

Məryəmin “Qobustan” silsiləsində rəqs edən, ova çıxan o qədim insanlara baxarkən mənə elə gəlir ki, o insanlar hətta Adəmdən də əvvəl yaşamış tayfaların nümayəndələridir.

Rənglərinin istiliyindən-soyuğluğundan, eləcə də mövzusundan asılı olmayaraq, mən hər dəfə Məryəmin xüsusən bu beş ildə işlədiyi işlərə baxarkən, həmişə də onları həmin aura altında görürəm.

Bu ümumbəşərilik Məryəmin bədii özünüifadəsinin təbii, hətta üzvi tərkib hissələrindən biridir, çünki - buna da mənim heç bir şübhəm yoxdur - Məryəmin özünün də başının üzərində sirrlərlə dolu zəngin bir aura durur və biz o aura altında yaradılanları görürük.

Professor Olqa Sviblova Məryəmin sənəti və şəxsiyyəti haqqında yazır ki, “rəng və kompozisiya hissinə, sanki, yaranışdan malik olan” Məryəmdə “adamın fikrini cəmləyən elə bir işıqlı enerji var ki, o, nəyə əl vurursa, həmin şey adamı özünə çəkir”.

Çox dəqiq müşahidədir.


Məryəmin rəsmləri də, şəxsiyyəti də belə bir enerji saçır və bu - başdan-başa müsbət bir enerjidir.

Türk rəssamı və sənətşünası Elizabet Ayten Berent isə Məryəmə müraciətlə deyir ki, “sən - öz ruhlarının və daxili “mən”lərinin əldə etmək istədiklərini əldə etmək iqtidarında olmadıqlarını düşünən bütün insanlar üçün bir nümunəsən”.

Doğru və gözəl sözlərdir.

Parisdə təhsil alan Məryəm, eşitdiyimə görə, indi silsilə “nyu” rəsmlər çəkməyə başlayıb.

Əvvəllər də Məryəm yağlı boyalarla çəkdiyi bir sıra “nyu” xarakterli tabloları var və xüsusən onun çox ifadəli musiqiçi qızlarını qeyd etmək istəyirəm, ancaq Məryəmin “nyu” tipli işlərini xatırlayanda mənim yadıma ilk növbədə onun pastel ilə çəkdiyi bir qrafikası yadıma düşür: oturub, dizini qucaqlayaraq, üzünü yana çevirib uzaqlara baxan o qızın iri gözlərində elə bir ifadə var ki, mən deyə bilmərəm, bu kədərdir, yoxsa o qız hansısa gözləntinin ərəfəsindədir, bəlkə bu, dəruni bir biganəlikdir, yoxsa nəyinsə nostaljisidir?

Və bu sualları xeyli uzatmaq olar.

Mən dedim ki, o qız gözlərini uzaqlara dikib, ancaq indi, bu sözləri yazarkən fikirləşirəm ki, mənim üçün uzaq görünən o məchul məkanda Məryəm üçün heç bir naməlumluq yoxdur - Məryəm o gözlərin hara dikildiyini bilir və görür.

Məryəmin bütün işlərində bir fəhm var və Məryəmin fırçasını, qələmini də mənim üçün məchul olan o uzaqlara həmin fəhm aparır.

Mən yenə də bu sözləri yazıram və bu dəfə Məryəmin bir-iki il bundan əvvəl çəkdiyi avtoportreti xatırlayıram. O portretdə Məryəmin şəffaf eynək şüşələri arxasından baxan gözlərində heç bir təəccüb, heç bir naməlumluq yoxdur və onun üçün hər şey aydındır.

Bizim klassik ədəbiyyatımızda ərəbcədən gəlmə bir “fəthülbab” sözü var, yəni hansısa bir qapını açmaq, nəyi isə həll etmək və Məryəmin o aydın baxışları, aydınlıq içində olan o gözləri məhz bir fəthülbabdan xəbər verir - buna qətiyyən şübhəm yoxdur ki, şəxsən mənim üçün bağlı olan qapılar Məryəmin bədii təfəkküründə taybatay açıq qapılardır.

Elə buna görə də onun bütün çəkdiklərini aydınca görən gözləri onun fırçası ilə bizi hələ çox heyrətləndirəcək.

Və mənim buna da şübhəm yoxdur ki, Məryəmin “nyu” silsiləsində biz yenə də yeni bir Məryəm görəcəyik.

Bu barədə isə, əlbəttə, ayrıca danışacağıq.

17 yanvar 2016

# 915 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
#
#
# # #