Əzab insanı dəyişdirmir, üzə çıxardır...

Əzab insanı dəyişdirmir, üzə çıxardır...
1 fevral 2016
# 11:47

İçimdəki məsuliyyət hissinin ağırlığı ilə Nazlını ilk dəfə gördüyüm gün tanış oldum. Onu üç il daşıdım, daşıyıram, daşıyacam da... Əlimdə analiz cavabları klinikada oturub növbəmi gözləyirdim. Gözüm əlimdəki kağızlarda, fikrim isə tamam başqa yerdə idi. Onsuz da baxdığım kağızlardan anladığım bir şey yox idi. Başımı qaldıranda qarşımda uzunsov və qıyıq göz gördüm. “Daun sindiromludur, yəqin” dedim öz içimdə. Özüm də bilmədən səbəbsiz gülümsədim. Anası sual dolu nəzərlərlə üzümə baxırdı. Özümü tez yığışdırdım. Kimya terapiyasından çıxmışdı Nazlı həmin gün. Saçlarının yarı-yarımçıq tökülməsindən, bir də şiddətli, ağrılı prosesdən sonra gözündəki yorğunluqdan bilmişdim bunu. Diqqətlə gözümün içinə baxdı, sanki nəsə deməyə çalışırdı. Ağzında maska olduğu üçün üz ifadəsini tam başa düşə bilmirdim. Gözlərinin daha da içəri batmasından hiss etdim ki, o da gülür. Çəkinmədən yaxınlaşıb ağzındakı maskanı aşağı endirdim və hiss etdiyim şeyə əmin oldum. O gülürdü...

Anası “Qızım, nə edirsən, olmaz” deyə reaksiya verdi. Təbii ki, olmazdı, bilirdim. Adətən bu cür uşaqlar cəmiyyətdə, insanların içində maska ilə gəzməlidirlər. Orqanizmləri zəif olduğu üçün hər an virusa yoluxa bilərdilər. Və bu da gedən müalicənin boşa çıxması demək idi. “Sadəcə öpmək istədim” dedim və həmin an mənim adım çəkildi, həkimin qəbuluna girməliydim. Bilirdim ki, dediyimi başa düşməyəcək. Amma əyilib qulağına “öpmək bəhanə idi, əslində gülüb-gülmədiyinə əmin olmaq istəyirdim” dedim. Göz vurub içəri keçdim. Həkimin həmin gün mənə nə dediyi yadımda belə deyil. Açığı vecimə də deyildi. Fikrim-zikrim Nazlıda qalmışdı. İlk dəfə idi həkimin qəbulundan çıxmaq üçün tələsirdim. Hətta şokdaydım, həkimə sual verməmişdim.

Təəssüf ki, gecikmişdim. Çıxan kimi birinci onun oturduğu stula, sonra dəhlizə nəzər saldım. Ərinməyib üç-dörd dairə də vurdum. Yox idi. Qeydiyyata yaxınlaşdım “balaca uşaq, anası, ağzında maska, saçları tökülən...” deyə çərənləyirdim ki, xanım nazik səslə “onların yoxlanışı bitdi, getdilər” dedi.

Nazlı mənim üçün iki-üç dəqiqə içərisində DƏYƏR olmuşdu. İzahı və səbəbi olmayan dəyər. Onunla uzun müddət görüşdük. Harda olurdu orda olurdum. Artıq ondan qopa bilmirdim. Bu hissdən qorxduğum üçün bir müddət sonra ondan uzaq durmağı özümə söz verdim. Çox bağlandığımı hiss edib məsafə saxlamaq qərarına gəlmişdim. Anasının nömrəsini, ev nömrələrini telefonumdan silmişdim. Halbuki, bu uşağı tapmaq üçün bir gün klinikada qeydiyyatda oturan xanımlara, sözün əsl mənasında yalvarmışdım. Sonda rəhbərlikdən adam gəlmişdi və ailənin öz razılığı ilə əlaqə nömrəsini əldə edə bilmişdim.

Amma dövran elə dolandı ki, heç gözləmədiyim bir anda, hətta səmimi desəm Nazlını xatırlamadığım bir vaxtda onunla yenidən rastlaşdım. Təsadüf deyəcəm, zərurət deyəcəksiniz. Ona görə də bunun tam olaraq nə olduğun bilmirəm. Əsas Nazlı idi. Bu arada, onun əsl adı Nazlı deyilmiş, bunu da bir neçə gün əvvəl - onun tam SAĞALDIĞINI bildiyim gün öyrənmişəm. Amma o mənim üçün həmişə Nazlıdır. O Nazlı ki, balaca canı ilə leykozla mübarizə apardı və qalib gəldi! Mən həyatımda güclü, cəsarətli, bu qədər yaşamaq istəyi olan ikinci bir insan tanımıram. Kimya terapiyasından çıxıb enerjisi tükənməyən insan görmüsünüz?! Mən görməmişdim. Yəqin ki, bir də görməyəcəm!

Həyatıma, düşüncələrimə, insanlara baxışıma təsir edən bu qız sayəsində daxilimdə çata bilmədiyim yerlərə gəldim.

Nazlı ilə zaman keçirməyə başladığım gün içimdəki yorulmayan Xumarla tanış oldum. Qəribə hiss idi. Əslində qəribə olan bilirsiniz nə idi?! Başqa yüklərin, ağrıların olduğu halda hər şeyi boş verib balaca bir qızın dalınca qaçmaq və bundan mənəvi zövq almaq.

Elə içimdəki ev xanımı ilə də Nazlı üçün şirniyyatlar hazırlayanda tanış olmuşdum.

İçimdəki “kişi” ilə özüm özümü və doğma bildiklərimi qorumaya alanda tanış olmuşdum. Hətta hərəkətlərimə bir az kobudluq əlavə etsəm, “qarşı cinsin məni potensial qadın kimi görmələrini əngəlləyərəm, işimə-gücümə daha çox zaman ayıraram” deyə məntiq davranışı da göstərmişdim.

Gülməlidir bilirəm... Amma səninlə qadınlıq, analıq hissini yaşadım.

İçimdəki gücsüzlə intihar edib ölə bilməyəndə və bunun bir ömür boyu daşıyacağın ən mənasız bədəl olduğunu dərk edəndə tanış olmuşdum. Amma səndən sonra aşdığım bütün proseslərdə gücümün tükənməz olduğunu anladım.

İçimdəki boşluqla daxilimdə Xumara belə yer olmadığını anladığım gün tanış oldum. Bir dəfə Nazlı mənə “Öz oğlanların olsa, mənim qədər çox istəyərsən?”, demişdi. Siz onun əqli cəhətdən məhdud göründüyünə baxmayın. İnanın ki, normal düşündüyüm insanlardan qat-qat səmimi idi və hərdən o qədər ağıllı cümlələr işlədir, elə suallar verirdi ki, cavab tapmaqda çətinlik çəkirdim. Oxuduğum kitablara tüpürməyim gəlirdi onda... Balaca, leykoz, üstəlik də daun sindiromlu uşağın qarşısında aciz qalırdım. Niyə oğlum, ya qızım yox, məhz oğullarım dediyini ondan soruşmuşdum. Cavabında “Sənin üç oğlun olacaq, mən də onları döyəcəm” demişdi... Sualların cavabını sonra tapdım. İçimdəki boşluq barədə də yanlış yerdəydim.

Hərdən ölməyəcəyimizdən elə əmin oluruq ki... Mən artıq içimdə tutmaq istəmirəm dəyərləri, dəyər verdiklərimi. İçinizdə heç kimə göstərmək istəmədiyiniz, o büküb, sıxıb saxladığınız yaxşı hissləri ortaya çıxarmağınızı istəyirəm. Bu zəiflik deyil, bu sizin əslində zəif göründüyünüz qədər güclü biri olduğunuzun göstəricisidir. Yaşıma və gəldiyim nöqtəyə qədər qət etdiyim məsafədə etdiyim səhvləri və axmaqlıqları hesablasam dünyanın ƏN AXMAQ ADAMI mükafatını sorğu-sualsız ala bilərəm. Hər şey sizin gördüyünüz və düşündüyünüz qırmızı saçların, rəngli paltarların, gülən qəmzələrin, təkbaşına qazanılan uğurların içinə məhkum olmayıb. Səhnənin arxa tərəfi, görünməyən hissəsi mütləq var. Hamımızda var.

Uçmağı, parçalamağı, didməyi, əvəz çıxmağı, qisas almağı təbii ki, mən də bilirəm. Amma istifadə etməməyə səy göstərirəm. Buna çalışmışam və hazırda da çox çalışıram. Çünki mənim normal insan olmağım lazım idi. Bütün anormallıqlarla bərabər onları içimdə bir yerə bərkidib normal insan yaratmaq idi məqsəd. Bu bir tapşırıq idi, yaradılışdan verilən tapşırıq. Və mən bunu son nəfəsimə qədər icra etməliydim, ya da etməliyəm. Bu ikisindən biri kimə hansı rahatdı.

Artıq tuta bilmirəm içimdə. Sözün hər iki mənasında ARTIQ.

Bilirəm, xəstələnərəm yenə. Dörd divar, içinin ağrıması, yanına gələn qohum-əqrəba, dost-tanış, qolunda sistemlərə yer tapılmaması, yanında göyərmiş iynə yerləri, başında əcaib əşyalar, tavana dirənən gözlər, dəhlizdə ağlayan, içəri girəndə gülümsəyən ata... və mənim anladığım reallıq. Əzab insanı dəyişdirmir, üzə çıxardır.

Türklər demiş, mənim artıq xəstə olmaq kimi bir lüksum yoxdur...!

Bizim yaşama, bizim evə məndən lazımdır!

# 1016 dəfə oxunub

Oxşar xəbərlər

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

11:30 3 aprel 2024
Mənim səssizliyim  dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

Mənim səssizliyim dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

17:29 28 mart 2024
Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

16:30 9 fevral 2024
"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

14:00 2 fevral 2024
Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

11:14 26 yanvar 2024
"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

10:53 17 yanvar 2024
#
#
# # #