news-inner
clock15:34 calendar-gray 21 Yanvar 2016 view-gray167 dəfə oxunub
view-gray167 dəfə oxunub

Elin böyük şairi: Sücaət – Cavanşir Yusifli ilə müsahibə

Kulis “Ədəbiyyatımızın dünəni” layihəsindən Cavanşir Yusifli ilə Şərif Ağayarın şair Sücaət haqqında söhbətini təqdim edir.

- El ədəbiyyatı... El şairləri... Sizcə söz sənətinin bu sahəsi bizdə nə qədər araşdırılıb?

- Kifayət qədər araşdırılıb. Özü də araşdırmaların uzun bir tarixçəsi var və buraya təkcə ciddi elmi əsərlər yox, həm də toplama, çeşidləmə işi də daxildir. Ancaq bu sahə spesifik olduğundan və uyğun mütəxəssislərin yetişdirilməsini tələb etdiyindən, zənnimizcə, bu sahədə araşdırılası nöqtələr çoxdur.

Bildiyiniz kimi bütün söz sənətlərinin canında hiss edilməyən transformasiya keyfiyyəti var. El şairləri, xalq ozanları, saz şairləri... necə deyirsinizsə, deyin, onlar orta əsrlərdə ordunun içində olub və onun qələbə və ümidlərini vəsf ediblər. Həmin dövrdən bu günə qədər qəlbində eli, yurdu gəzdirən bu şairlərin statusunda da əsaslı dəyişikliklər olub. Fikrimizcə, bu şairlər indi altından xətt çəkdiyimiz cəhətlər baxımından araşdırılmalıdır. Sücaəti, Dədə Bəhməni və başqa el şairlərini onları bu günə gətirən tarix araşdırılmayınca bilmək, tanımaq olmaz. Sücaətin video yazılarına baxın, bu insan çox sakit və ciddi şəkildə şeir deyir, sinədən, insanlar ona bir göz kimi, sanki bir gözdən baxırmış kimi baxırlar, onlar Sücaətin hər bir sözünə, hər bir adi hərəkətinə müntəzirdirlər. Bu təkcə Sücaətin sözünün təsiri ilə bağlı bir məsələ deyildir, zənnimizcə. Burda yaddaş və keçmiş məsələsi də var. Onun auditoriyasının bu “adi şeylərə” bir belə diqqət kəsilməsinin çox ciddi estetik və tarixi səbəbləri var. El şairini öyrənmək, həm də onun çeşidli auditoriyasını bəlləmək deməkdir. Müxtəlif dönəmlərdə bu auditoriya kimlərdən ibarət olub, bu günə qədər hansı dəyişikliklərə uğrayıb, sözə bağlı güc hansı yollarla konsentrasiya edilib. Bütün bu kimi məsələləri folkloristikanın ən müasir, bəlkə lap ultra-müasir metodları ilə öyrənmək lazımdır.

- Türklər xalq şeiri yazanlara xalq şairi deyir...

Deyəsən, sizin portalda idi. Aybəniz Kəngərlinin Sücaət haqqında yazısı dərc edilmişdi: “Xalq şairi Sücaət”. Bu məqalədə ton bizim sovet dövründən bildiyimiz “xalq şairi” ifadəsinin pejoratif mənasına yönəlmişdi. Yəni xalq şairi başqadır, xalqın şairi başqa. Amma termin və kateqoriya olaraq Sücəat kimi söz adamları ilə bağlı “el şairi” ifadəsi çox yerinə düşür. Türklər siz dediyiniz ifadəni təkəm-seyrək işlədirlər, onlar daha çox “saz şairi” ifadəsinə üstünlük verirlər və düz də eləyirlər. Çünki tədqiqatçıların təsdiq etdikləri kimi, “bu, aşıq ədəbiyyatı kimi dəyərləndirilən ədəbi prosesin prinsiplərinə uyğun olaraq əsər meydana gətirən şairlərə verilən addır. Saz şairləri şeirlərini sazın müşayiəti ilə bəlli bir məqam üstündə söyləyərdilər. Bu şairlərdə sözlə anlatma əsasdır. Bir qayda olaraq öz şeirlərini sazla söyləyib oxuduqları kimi, başqalarına aid şeirləri də sazları ilə söyləyərdilər. Bu ənənə günümüzə qədər davam etməkdədir. Ədəbiyyat tarixinə adları düşmüş saz şairləri kimi Qaracaoğlan və Ərzurumlu Əmrahın adlarını zikr edə bilərik”.

Bu barədə ətraflı söhbətə keçməzdən qabaq Sücaətlə bağlı bir ştrixi yadda saxlayın. Qaçqınlıq həyatında qohum-əqrəba və dostları yığışıb onun dillərdə yatan şeirlərini toplamış və kitab hazırlamışdılar. O isə, “zəhmət çəkməyin, bunun bir mənası yoxdu, bəyəm, kitabla, mətbuatda şeir çap etdirməklə adam şair olur?”... Demək, Sücaət kimi şairlərdə sözü necə deyərlər, “emal etmək” yox, diri-diri söyləmək, insan təbiətində gördüklərini qanlı-qanlı göstərmək əsas idi və zənnimizcə bu el şairləri, ümumən saz ədəbiyyatının genelogiyası ilə bağlı bir məsələdir.

Saz şairi kimi Qaracaoğlanın xarakter və şair naturasında olan bir sıra cəhətlər digər el şairlərində, elə Sücaətdə də rastlanmaqdadır. Qaracaoğlanda olduğu kimi Sücaətdə də hər hansı mətləb, deyək ki, eşq, ölüm və sair, daha çox təbiət obrazları ilə bəzədilib təqdim edilirdi. Yəni, insanların yaxşı tanıdığı, ürəklərində kökü olan obraz və detallar bu şairlərin sözündə bir başqa cürə cilvələnir, nəticə etibarı ilə el şairi elin dilində olanları düpbədüz ifadə edirdi. Sücaətə qədər gəlib çatan sabit keyfiyyətlərdən biri də budur ki, el şairi (saz şairi) insanların bildiyi, amma çoxunun unudub qulaq ardına vurduğu adi həqiqətləri (dünyanın ilkin sifətini) şeirə çəkib söyləyirlər. Məsələn, Qaracaoğlan deyirdi:

Üryan geldim gene üryan giderim
Ölmemeye elde fermanım mı var
Azrail gelmiş de can talep eder
Benim can vermeye dermanım mı var

Dirilirler dirilirler gelirler
Huzur-u mahşerde divan dururlar
Harami var diye korku verirler
Benim ipek yuklu kervanım mı var

Er isen erliğin meydana getir
Kadir Mevlam noksanımı sen yetir
Bana derler gam yükünü sen götür
Benim yük götürür dermanım mı var

Karacoğlan der ki, ismim öğerler
Ağı oldu yediğimiz şekerler
Güzel sever diye isnad ederler
Benim Haktan özge sevdiğimmi var

Yaxud:

Meded senden, hey Allahım,
Teslimdir sana şol canım,
Mahşer yerinde kefenim,
Boynuma takar ağlarım.

Karacoğlan düşüp derde,
Gece-gündüz yanar narda,
Hak kadı olduğu yerde,
Kabrimden çıkar ağlarım…

Sücaət isə deyirdi:

Yanmışamsa külüm hanı,...

Obam hanı, elim hanı?!

Qardaş, belə zülüm hanı?!

Sən ağlama, mən aglayım.

Yenə də Sücaət:

Bu odlu, alovlu ömür yolumun,

Bir ilin bir günə keçirəm daha.

Arxamca döşünə döyməsin ölüm,

Dünyadan könüllü köçürəm daha.

Yaxud,

Sücaətəm, oldum qərib, xəstə mən,

Köçürəm dünyadan asta-asta mən,

Həsrət qaldım qohuma mən, dosta mən,

Qəza yollarımı bağladı, neynim

- Sizcə Sücaəti fərqləndirən nədir?

- Sücaət el şairləri içərisində təkcə şairliyinə görə seçilmirdi. El (saz) sairini dünyaya gətirən əsas keyfiyyətlərin hamısı, bütün əsas atributlar onun şəxsində təbii şəkildə cəmlənmişdi. Bunu istəyirsiniz onun şeir söyləməsində, istəyirsiniz davranışında (bu zənnimizcə, çox önəmli bir keyfiyyətdir), yaxud başqa cəhətlərində axtarın, əlinizi nəyin üstünə qoysanız ordan Sücaətin parlaq və dolğun obrazı görünəcək, mərifəti, şeiri demək səriştəsi və təbii təsir etmə gücü ilə. O, Kəlbəcərdə hamının sevdiyi, o regionda hamının bağrına basıb fərqləndirdiyi bir adam idi, özünü onu sevən adamların biri kimi aparırdı, nə bir qarış yuxarı, nə bir qarış aşağı. 1993-cü ildə Kəlbəcər işğal olunanda el-oba yurddan dağıldı, qaçqın düşdü, bu torpaqlar düşmən tapdağına düşəndən o sevgi dolu ürəklər dərdlə dolub-boşaldı, hərə bir məkana üz tutdu. Sücaət də onlardan biri idi. Ancaq ara sakitləşəndən sonra hamının başı gündəlik qayğılarla qarışanda el şairi hamının əvəzində o dərdi ürəyinə saldı. Və təbii ki, dünyadan tez köçdü.

Onun bir sevgi şeiri var, toy məclislərinin birində söyləyib, möhür bənddəki son iki misrada onun sonrakı taleyi də əksini tapıb:

Həmişə yadıma sən düşəcəksən,

Hər ürək ağrısı tutanda məni…

Sücaət elin içində yaşayırdı, onların qarşısında şeir deyəndə əsl statusu bilinirdi, yəni obraz məhz o məqamda özünü tam olaraq göstərirdi. Digər şairlərdən fərqlərindən ən ümdəsi bu idi ki, Sücaət sözünü fəlsəfi, nə bilim daha hansısa lazımsız ornamentlərə tutmurdu, xalqın ürəyindəkiləri onun dilindən alıb onun gözləmədiyi gözəlliklə söyləyə bilirdi. O xalq dünya, ölüm, ayrılıq haqqında minlərlə şeir dinləmişdi. Sücaətin bu mövzuda sakit tərzdə dedikləri yenə də onu heyrətləndirirdi, ürəyindəki bir ümid və kədəri eyni sim üstünə gətirirdi, bunun adına bəlkə “sarı sim” deyə bilərik, Sücaət mağarda insanların qarşısında şeir söyləyəndə onu ən müxtəlif müasir musiqi alətləri də müşayiət edə bilərdi, bunun elə bir əhəmiyyəti yox idi, əsas o idi ki, onun sözünə və sisinə saz son damcısına qədər hopmuşdu, bundan sonra çöldən hansı alətin səsi gəlsə də Sücaətin deyiliş tərzi hər şeyin önündə idi. Məsələn:

Hamı bir biçimdə yaranmır, lələ,

Birimiz eləyik, birimiz belə.

Əlindən qurtaran olmayıb hələ,

Kəsib bənd bərəni, gədiyi dünya.

Zalımın, namərdin yüzünü yedi,

Axırda çoxları sözünü yedi,

Neçə hökmdarın özünü yedi,

Sözdə dürmək kimi yediyi dünya.

Sücaət, duy dərin, fikirləş dərin,

Kim tutub saxlayıb ömrün təkərin,

Allahdan allahlıq istəyənlərin

Çox verib əlinə düdüyü dünya…

- Məncə, Bəhməni, Şiruyəni, Sücaəti tamamilə folklor da hesab etmək olmaz. Deyəsən, siz söhbətlərimizin birində dediniz ki, Sücaət folklorla yazılı ədəbiyyatın arasındadır.

- Burada sadaladıqlarını tam əminliklə deyə bilmirəm, amma Sücaət folklorla yazılı ədəbiyyatın qovuşduğu yerdədir, yəni suqovuşanda... Kəlbəcər işğal edildikdən sonra Sücaətin şeirlərinin çoxu orda qalmış, itib-batmışdı. Ancaq sonradan kitabı çapa hazırlananda bu şeirlərin əksəriyyəti insanların yaddaşından toplanmışdı. XVIII əsrdə Molla Pənah Vaqifin də bütün irsi yandırılmış, itib-batmışdı. Ancaq onlar yenə də yaddaşdan bərpa edilmişdi. Burda çox incə bir məsələ var. Folklor bu tipli ədəbiyyat üçün haşiyə və çərçivədir, başqa heç nə deyil. Bu mətnlərin başına bir iş gəldikdə, olsun ki, onlar selin-suyun içində itib-bata, yaxud yanğının ağzında yox ola bilər. Ancaq həmin çərçivə həmişə nəzarət funksiyasını dəqiq şəkildə yerinə yetirir. Bizdə Sücaət tipli şairlərin yetişməsi son dərəcə təbii bir haldır. Ona görə ki, bizim mədəniyyətdə əsrlər boyu şifahi qat dominant rolunu oynamışdır. Türkcə bədii mətnlər yaranana qədər bu yaddaş özündə o qədər böyük enerji toplamışdı ki, yazılı ədəbiyyat formalaşandan xeyli sonra da o, hakim mövqeyini yeritmiş, ümumən yazılı ədəbiyyatda onun yaratdığı qat az qala ayrıca sahə olmuşdur. Elin bu fakta son dərəcə həssas yanaşması da məlumdur, bütün faktorlar imkan verir təsdiq edək ki, bizdə müəyyən dövrlərdə yazılı sözlə şifahi sözün sərhədini dəqiq şəkildə cızmaq mümkün deyildir.

- Kəlbəcərli Qəmkeş Allahverdinin Sücaət haqqında maraqlı bir fikri var. Deyir, onun ilham köhləni həmişə xam torpaqlarda otladı. Doğrudan da, onda təzə qafiyələr olmasa da, təzə deyiliş tərzi, təzə obraz və metaforalar, bənzətmələr, təzə ahəng vardı. Şeirləri yüz ağacdan müəllifini nişan verir.

- El şairlərində “müəllif obrazı”nı həm də el yaradır. Ağızdan-ağıza, dildən-dilə, yaddaşdan-yaddaşa köçən bu şeirlər zaman keçdikcə nəyi qazanıb, nəyi qeyb etsə də intonasiyasını saxlayır. Sücaətin sakit tərzi, içindəki gizli enerji, sözü yavan yox, kəsərli deyə bilməsi və bu kimi keyfiyyətlər onun şeirlərində aparıcı cəhətlərdir. Bu orijinal fikirlər başqa bir şəxsin diliylə deyilsəydi bəlkə o şeirlər bir belə məşhur olmazdı, dildən-dilə gəzib dolaşmazdı. Yəni, burda Sücaət faktorunun özünü daha çox nəzərə almaq lazımdır. Məclislərdə xalqın şövqlə dinlədiyi şair həm də onun əsrlər boyu həsrətində olduğu, gözlədiyi adamdır. Sücaətdə ənənəvi qəlibi dəlib-deşən, onu genişləndirən amillər də var idi. Onun ifadə etdiyi mətləb bu cəhətlərin hesabına şeirdə başqa, fərqli keyfiyyətlər qazanırdı.

Bir də görürdün köhnə qəlibin içinə gözəl bir təşbeh, təkrarsız bir deyim daxil olur. Bu tərz, köhnənin bir anlığa unudulmasına səbəb olurdu, onu təravətləndirir, başqa yöndə anlaşılmasına şərait yaradırdı.

Sınmayaydı qanadlarım

Quş yerinə mən olaydım

Uçaydım düz Dəlidağa

Kaş yerinə mən olaydım

Ömür talan, həyat yalan

Dərdə düşsün dərdə salan

O dağlarda məğrur qalan

Daş yerinə mən olaydım

Sücaəti unutma sən

Həsrətindi məni didən

Yanağından axıb gedən

Yaş yerinə mən olaydım

Yaxud, bircə misra:

A xallı yanaqlar, a zanbaq əllər…

- Həm də yadda qalan şairdir. Mənim balaca qardaşım hələ məktəbə getməmiş onun kitabını az qala bütövlükdə əzbər bilirdi...

- Çünki bu şeirlər yadda qalmaq üçün yazılırdı. Təbiətində, xamırında elə şeylər var idi ki, əzbərləməsən, o keyfiyyət üzə çıxmazdı.

- Laçında gəbə toxuyan qızlar da Sücaətin türmədən anasına yazdığı şeirləri əzbər deyirdilər. Nə idi bu sirr? Nə idi bu sevgi?

- Sücaət 8 il nahaqdan türmədə yatıb. Onların, o qızların nəzərində Sücaət yalan deyə bilməzdi, ancaq düzünü yazardı. Yəni bu təsəvvürlər Sücaətdən əvvəl mövcud idi, Sücaət sadəcə el içində bunlara haqq elədi, sahib çıxdı. Başqa cür ola bilməzdi.

- Taleyi də qəribə idi... Universitetdən qovuldu.... Türmələrə düşdü... Axırda da Kəlbəcər dağıldı... Sonuncu dərdə dözə bilmədi. Xəstələndi, şəkərdən gözləri tutuldu. Kənardan Sücaət ömürlüyü oxucuda hansı izləri buraxır? Azərbaycan gerçəklərini anlamaqda bu şairin yazdıqları və yaşadıqları nə qədər ipucu verir?

- Azərbaycan gerçəkliyini doğru-dürüst anlamaq üçün hər hansı şair obrazı kifayət etmir, ancaq Sücəatin ömründə o qədər dolanbaclar var idi ki, bunlara baxıb tarix kitablarındakı səhvləri, əyri atılan addımları seçib-fərqləndirmək olardı. Şair, el şairi ömrün müəyyən bir məqamında dönüb geriyə baxır, ürəyi yana-yana fələyin insan ömrünə çaldığı baltanı saplandığı yerdən çıxarmaq istəyir. Ancaq nə güc eləyirsə, o balta ömür kimi girdiyi yerdən ayrılmaq istəmir. El şairi deyəndə, onun ölkənin, daha çox insanın həyatı ilə bağlılığı haqqında düşünəndə yadıma nədənsə bu obraz gəlir, bir də:


Öyrəşmişəm, hər əzaba dözərəm,
Kül olmuşam, bir də çətin közərəm.
Bülbül kimi nəğmə deyib gəzərəm,
Gül bağçalar, bağlar məni tanımaz.

Kövrəlmişəm, gözümdə nəm gəlmişəm,
Qocalmışam, qəlbimdə qəm gəlmişəm.
And içsəm ki, Sücaətəm, gəlmişəm,
Atam-anam dağlar məni tanımaz.

Onun Dədə Bəhmənin 65 illiyi münasibəti ilə çəkilən bir videoda qısa danışığı var. Sadəcə şeir deyir. Qarşıda Murov, arxada insan taleyi. Bura toplaşanların hər biri üzünü dağlara tutub onları vəsf edir, daha doğrusu dağ boyda dərdlərini danışırlar. Sücaətin burada dediyi şeir fərqlənir, diqqət yetirin:

Ayrılıq çox çəkdi, bir də ya qismət,

Sizə qurban olum, ay ana dağlar,

Həsrətdən ərimiş olarsız siz də,

Ay qoca Murovdan o yana dağlar…

Sonuncu misra bir xalqın taleyi və tarixidir.

- Bir anlıq düşünək ki, Sücaət universiteti bitirir, Qorkidə oxuyur, ədəbi cameənin mərkəzində yazıb-yaradır... Nə çıxardı ortalığa?

- Şərif Ağayar.

- Hərdən onu təmənnasız nəğmə oxuyan bülbülə bənzədirlər. Şeirlərindən də bu təmənnasızlıq, iddiasızlıq hiss olunur.

- Elin gözü tərəzidir. Düz deyirdilər. Yuxarıda o fikrini yada sal, kitab basmaqla, mətbuatda şeir çap etdirməklə adam şair ola bilməz. Bunu Sücaət bilirdi, bizim əli qələmli şairlər bilmir. Əcəb!

- Bugünün özündə də elə bir saz-söz məclisi yoxdur ki, Sücaətsiz ötüşsün. Ramiz Rövşən deyir, şair nə qədər yadda qalırsa, elə o qədərdir. Bu mənada Sücaətin bəxti gətirib.

- Ancaq bir fərq var. Yadda qalmaq üçün, bu siyasət üstündə də yazanlar var. Onlar yaddaşda tez xərclənən şairlərdir. Ötüb keçir. Sücaət kimilər yaddaşın formalaşmasında rol oynayan, orda kərpic kimi hörülən fiqurlardır. Bunu Sücaətin özü dərk eləməzdi.

- O, bir az da dissident şair olub. Çap eləməyiblər. Yalnız dildə-ağızda dolaşıb. İlk dəfə Məmməd İsmayıl “Gənclik” jurnalında çap elədi. Çap elədi və elə o silsilə ilə də ədəbi cameədə qəbul olundu.

- Mən dissident sözünü işlətməzdim. Çünki o sözün əsl mənasında yazılı ədəbiyyat nümayəndəsi deyildi. Şifahi potensiyaya arxalanıb yazanlar, şeir söyləyənlər bütün zamanlarda olub, onların missiyası sözü ona yamaq vurmaqdan qorumaqdır.

- Azərbaycanda Sücaət kimi istedadlı adamlar az deyil. Amma çox zaman özlərini realizə edə bilmirlər. Yaxud elə el şairi səviyyəsində qalırlar. Daha geniş yaradıcılıq üçün nə məsləhət görərdiniz?

- Şairi tənqidçi-filan yox, zamənə yetirir. Yuxarıda vurğuladığımız kimi, Sücaətin bədii dünyagörüşü digər el şairləri ilə müqayisədə daha geniş idi. O, adicə xalq şənliyində, toydakı deyiliş tərzi ilə rəsmi TV kanallarına çıxsaydı, eyni effekt alınardı. O, heç yerə uyğunlaşmırdı, hər yer onun üçün vətən torpağında bir daşın kənarı idi. Ona baxıb taledən, qismətdən, ölümdən, həyatdan nəğmələr deyirdi. Bu mənada Sücaətin şeirlərində yurd salan mənaları araşdırmaq, bu poetik sistemi tam şəkildə təhlil etmək çox vacibdir.

- Sizin fikrinizdir ki, klassik üslubda qoşma və gəraylı yazmaq lazım deyil. Sücaət həm də elə klassik yolla, saz üstündə yazırdı. Amma qəbul olunurdu... Buna necə nail olmuşdu?

- Zənnimizcə, yazılanları eynilə təkrarlamaqla, havanı və intonasiyanı dəyişmədən yazmaq olmaz, belə yazılar heç kəsin marağına səbəb olmur, heç bir uğur qazanmır. Elə hallar olub ki, məsələn, Məstanın qoşmasını Səməd Vurğunun adına oxuyub aşıqlar. Sonradan Məstan bu şeiri Vurğun avazından ayırmaq üçün şeirə bəzi dəyişikliklər də edib. Amma tale dəyişməyib. Şeir həm də taledir. Haqq aşığı onu kimin adına oxuyursa, şeir də onunkudur. Burda enerji məsələsi var, bu enerjini kimin ifadə etməsinin prinsipial əhəmiyyəti olmur.

Doğrudan da, Sücaətin ifasında zahirən heç nəyi, heç bir komponenti dəyişməyən şeirdə nə vardı ki, xalq onu sevirdi? Qəlibdən qabaq insan taleyi var idi, yəni heç bir qəlibə, formaya oturmayan nisgil. Sücaət bu cəhətləri qatışıqsız ifadə edə bilirdi. Qaracaoğlandan üzü bəri yazılanlara şərik olamqla, öz sözünü milyon sözdən ayıra bilirdi. Onun deyimində işarələr canlıdır, fikri irəli sürmək baxımından yox, məhz duyğuya, hissə çevrilmək, insan ürəyinə bu şəkildə daxil olmaq baxımından maraqlıdır. Onun şeirlərinin önəmli cəhəti budur…

- Onu dərd şairi adlandırırlar. Bu fikrə necə baxırsınız?

- Bunlar könül dünyasında qaçaq düşmüş dərdlər idi, şair çöldə yalquzaq kimi tək gəzən dərdləri sinəsinə sıxır, onların həmdəmi olur. Sücaət elə bunun üçün doğulmuşdu.

- Şeirlərini üç qismə bölmək olar: türmə şeirləri, vətən şeirləri, sevgi şeirləri... Vətən şeirləri də iki yerə ayrılır: dağların təsviri, didərginlik mövzulu şeirlər...

- Dəqiq qruplaşdırmadır. Buna daha heç nəyi əlavə etmək olmaz. Həm də yuxarıda Qaracaoğlandan bəhs edəndə qeyd etmişdik ki, bu tipli saz (xalq) şairlərinin mövzu dairəsi min illər boyu dəyişmir. Həm də bir şeyi unutmayaq, bu bölgünün özü də son dərəcə şərtidir, onların öz aralarındakı keçidlər də şəffafdır, yəni əslində bu bölgüyə bir elə ehtiyac da yoxdu.

- Məncə bizdə məhbəsi onun qədər yaxşı yazan şair olmadı...

- O, şeirə məhbəsin daşını-divarını yox, havasını, bu hava içində boğulan insan ruhunu gətirdi. Vaqif Səmədoğlunda təqribən belə bir fikir var ki, dünya balacadır, qazamat həyəti kimi… Bu, Sücaətdə də var, özü də daha sirayətedici formada. Sücaətdə ifadə planı dəqiq və lakonik idi, o, bu səbəbdən məhbəsi də insan taleyi ilə müqayisədə çox dəqiq ştrixlərlə verə bilirdi. Bir də ki, o, dərdi yazmırdı, adını çəkmirdi, onu göstərirdi. Sücaətin barmağı hara tuşlanırdısa ordan həsrət göyərirdi, yəni hər daşa elə-belə baxmayın, altından min ilin qubarı çıxa bilər, Sücaət buna görə şair idi, şeir yazdığına görə yox…

- Elə Kəlbəcərdən, işğal olunmuş torpaqlardan da ən yaxşı yazanlardan idi.

- Hə.

Həsrətin ömrümün sarayın sökür,
Qəlbim haray çəkir, gözüm qan tökür.
Sücaət vətəndə qəriblik çəkir,
Qürbətə dönübdü dağlar, qayıt gəl.

Baxın:

Könlüm öyrənibdi borana-qara,
Axı sevinc hara, Sücaət hara?
Kim ölə, kim qala gələn bahara,
Şairin gümanda qalan vaxtıdı.

- Daha çox Bəhmənlə adı qoşa çəkilib...

- Elədir. Onların ikisi də son dövrün böyük el şairləridir. İkisi də Dəlidağın yetirməsidir. Ancaq Sücaət həm də həsrətin, dəfedilməz dərdin, qubarın...

- Sücaəti gələn nəsillərə necə tapşırardınız?

- Sücaət yaddan çıxıb, yara kimi göynəyib yada düşən dərddir.

- Son olaraq fikirlərinizə necə yekun vurarsınız?

- Sücaəti yetişdirən mühit öyrənilməlidir. Bütün detalları ilə.

news-inner-user
Şərif Ağayar

495 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

“dOM” teatrının direktoru: “Elə oynamalısan ki, tamaşaçı oyuna qatılmaq istəsin” –Müsahibə
11:59 19 Noyabr 2019
Qadınların məğlub olduğu yer - Kişilər
11:41 19 Noyabr 2019
Bu əlyazma 780 min avroya satıldı
11:20 19 Noyabr 2019
"Çox narahatam" - Qorxmaz Quliyev Nəsimidən yazır...
10:50 19 Noyabr 2019
Xalq artisti xəstəxanaya yerləşdirildi
10:12 19 Noyabr 2019
Vyanada Vaqif Mustafazadənin xatirəsinə konsert
09:50 19 Noyabr 2019
Yaxşılığın peşman elədiyi adam - İsi Məlikzadədən hekayə
09:00 19 Noyabr 2019
Yazıçımızın kitabı erməniləri qəzəbləndirib - Foto
20:08 18 Noyabr 2019
Alim Qasımovun qızından Nəsimi sürprizi - Video
18:42 18 Noyabr 2019
O viranə yuxu - Xəyyam Rəfilinin şeirləri
18:20 18 Noyabr 2019
Aydın Talıbzadə yazır: Onun adı Gülşad...
17:41 18 Noyabr 2019
Mirzə Cəlilin nəticəsi danışdı: "Onunla fəxr edirəm"
17:00 18 Noyabr 2019
Mirzə Cəlilin 150 illik yubileyinə həsr olunmuş konfrans keçirilib
16:15 18 Noyabr 2019
50 yaşda eşqə düşən, işə içkili gələn, jurnalistləri aldadan Xalq artisti
15:33 18 Noyabr 2019
Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
14:40 18 Noyabr 2019
Ahmet Kayanı bu aktyor canlandıracaq - Foto
14:01 18 Noyabr 2019
Elməddin Cəfərov: "Söyüş intellektuallıqdırsa, Cem çox intellektualdır"
13:14 18 Noyabr 2019
Ayaz Salayevin çəkilməyə qorxduğu AzTV verilişi – Sevda Sultanova yazır...
12:40 18 Noyabr 2019
Nəticəsi Mirzə Cəlilin ev-muzeyinin açılışında - Fotolar
11:57 18 Noyabr 2019
Məhəmməd Hadinin müasiri Bakıda kitab satır
11:38 18 Noyabr 2019