writer1

Aqşin Yenisey

Məqalə sayı

64
clock14:27 calendar-gray 06 Yanvar 2016 view-gray156 dəfə oxunub
view-gray156 dəfə oxunub

XAŞbəxtlik

“XXI əsrin söhbətləri” silsiləsindən

Məchul anlayışı dini şüurun kəşfidir, riyaziyyatçılar ona “İks”, ədəbiyyatçılar isə “O” deyirlər. Bizim yazıçılar məişət etibarilə dindar olduqları üçün, adətən, hekayəni “O”nun adından nəql edirlər, bir növ, ədəbi məsuliyyəti öz üzərilərindən “o”nun, naməlimin üzərinə atırlar, yəni hekayədə danışılan əhvalatlar bizlik deyil, “O” bilər, siz bilərsiniz.

Amma bizim hekayənin bankir pulu kimi şamşax qəhrəmanı var, adı da Məlikməmməddir. Hətta adın özünün də ayrıca bir hekayəsi var ki, onu bir-iki cümlə ilə deyim, keçək süfrə başına. Rəhmətlik atası birinci sinifə gedəndə Məlikməmmədin atasının atası, yəni ata babası ona “Divin nağılı” kitabını alır. Məlikməmmədin atası da nağıldakı Məlikməmmədin “delovoyluğuna” nətəhər heyran olursa və elə birinci sinifdəcə and içir ki, böyüyəndən sonra oğlu olsa ona Məlikməmməd adı qoyacaq.

O Məlikməmməd, bu Məlikməmməd...

Həmid Herisçi eşidəndə ki, hekayənin qəhrəmanının adını Məlikməmməd qoymuşam, gecəynən məni keçmiş Karl Marks döngəsinə çağırıb əlini üç dəfə çiynimə vurdu. Və söylədi ki, hər bir xalq öz konspiroloji başlanğıcını mifologiyadan, əfsanələrdən götürməlidir. Mən razılaşmadım və sübut üçün hindliləri, farsları, ərəbləri, yunanları nümunə göstərib izah etdim ki, adını çəkdiyim bu xalqların tarixi inkişafın müəyyən mərhələsində donub-qalmalarının yeganə səbəbi məhz konspiroloji başlanğıclarının miflər, əfsanələr olmasıdır. Sözsüz ki, o razılaşmadı və biz dalaşmalı olduq.

Əslində, mən Məlikməmmədin müsbət obrazını yaradacaqdım. Din və siyasətlə özü arasında eyni rəngli pərdə saxlayan, kitabxanalarda vaxt keçirməkdənsə “Bookkafe” açıb gəncləri nisyə çayın və “ştuçnı” siqaretin ətrafında sıx birləşdirən, çiyinlərində öz gələcəyinin məsuliyyətini deyil, çala bilmədiyi gitaranın ağırlığını gəzdirən, evində olmayan demokratiyanı çənəsinin altına düşən hər kəsdən tələb edən, uzun sözün kəsəsi, əzmkar ruhlu Hamletlə emosional təbiətli Verterin qarışığından ibarət, özünə görə bir oğlan obrazı düşünürdüm. Amma məhz Həmid Herisçinin konspiroloji başlanğıcının acığına Məlikmməmmədi olduğu kimi təsvir etməyə qərar verdim.

Buyurun, bu da sizə Məlikməmmməd!

Bazar günü idi. Məlikməmməd qonşudakı tələbə yataqxanasında məskunlaşan qaçqınların həyətdə soyuducu qutusunda saxladığı xoruzdan da əvvəl yuxudan oyanmışdı.

Xaşa gedəcəkdilər.

“Xaşa gedəcəkdilər” ifadəsini şəhərimizə yaxından-uzaqdan gələn dünya oxucusu üçün izah edim ki, nahaq yerə lüğət axtarmasın. “Xaşa getmək” Azərbaycan dilində artıq bütöv leksik vahid statusu qazanmış frazeloji birləşmədir, yəni özünün həqiqi ilkin mənasını itirib konkret bir obrazı ifadə edir, praktik tərkibi kimi leksik tərkibi də heç vaxt dəyişmir.

Xaş bizdə gecəylə gündüzün, işıqla qaranlığın, bir sözlə, xeyirlə-şərin qarışdığı o mübhəm və mübarək an üçün nəzərdə tutulmuş, adətən, ütülmüş, bəzən isə qaynar suda bıçaqla qaşıyaraq tükləri yolunmuş inək ayaqlarından bişirilən sübh yeməyidir. Təsadüf etdiyi vaxta və xüsusi ayinlərin icrası ilə həyata keçirildiyinə görə ona məcazi mənada “ibadət yeməyi” də demək olar.

Sübh vaxtı yeyilir ona görə ki, həmin ərəfədə işıqla qaranlığın, xeyirlə-şərin başı özlərinə qarışdığından haram və halala nəzarət müvəqqəti olaraq insanın öz əlinə keçir.

Bütün dinlərin, fəlsəfələrin, elmi ixtiraların insana vəd etdiyi ruhani kamillik məqamı elə bizim xaşla yaxaladığımız həmin bu metafizik andır.

Xaş bizim konspiroloji yox, tarixi başlanğıcımızdır ki, bu barədə başqa bir əsərdə müfəssəl danışarıq.

Bu, əhvalatımızın qabağı idi, indi keçək dalını.

Məlikməmmədgil xaşa bir həftə, bəzən bir ay qabaqcadan hazırlaşmağa başlayırlar və bu hazırlıq elə bir gərginliklə, elə bir düşünülmüş taktika ilə aparılır ki, heç Teymurləng Hindistanın üstünə gedəndə bu cür götür-qoy etməmişdi. İşdə günlərlə davam edən müzakirələrdən, vaxtı dəqiqləşdirməyə görə düşən mübahisələrdən, süpürləşmələrdən, ən nəhayət, hamının yanında qoyulan “gəlməyənin lap da var- ...” söyüşündən sonra hamı “raşotunu” götürür ki, filan gün sübh vaxtı, Bakıda binalara su verilməmişdən əvvəl, tutalım, Güloğlanın kafesində olsun. Çoxu da elə qoyulan söyüşə görə gedir ki, bir kasa sür-sümüyə görə əzizlərini hansısa qurumsağın pişvazında növbəyə düzüldüyü yerdə təsəvvür etməsin. Hətta bir gün onların xaş qonaqlığı Çin kosmanavtlarının kosmosa uçduğu günlə üst-üstə düşmüşdü, sən demə, bunlar ay ərzində xaşa hazırlaşdığı müddətdə cinlilər də kosmosa uçmağa hazırlaşırmışlar. Lakin kafedəki televizorda xəbərləri göstərəndə məlim oldu ki, cinli kosmanavtlar on beş dəqiqə gecikiblər. Çünki ilk dəfə aya gedib gələndən sonra islamı qəbul edən çinli kosmonavt - bunu bütün saytlar yazmışdı - başına keçirdiyi şüşəli papağın arxasından “Ya allah, ya Məhəmməd, ya Əli” deyib canlı yayımda raketi yerindən dəbərdəndə bizimkilər artıq xaşın altından əlli-əlli endirim etmişdilər. Sözüm onda yox.

Deməli, bu bazar günü də həmin tarixi günlərdən biri idi. Məlikməmməd arvad-uşağı oyatmasın deyə lal-dinməz yatağından qalxıb birbaş mətbəxə keçdi. Fikirləşdi ki, evdən çıxmamışdan əvvəl vaxtı öldürmək üçün telefonu açıb feyzbuka bir göz atsın, gecə o yatandan sonra dünyada vəziyyətin necə olduğu ilə maraqlansın. Xaşın altından nəsə yemək, içmək ayinə görə, günah olduğu üçün soyuducuya tərəf gözünün ucuyla da baxmadı. İnternet zəif olduğu üçün feyzbuk bir az gec açıldı və sözsüz ki, Məlikməmməd virtual dünyanın ünvanına beş-altı uzaqmənzilli söyüş yolladı. Feyzbukda ilk paylaşımı oxuyanda ürəyi kabab oldu: “Krediti ödəyə bimədiyi üçün Bakı sakini özünü asdı”. Yumruğunu əlinə götürüb çırpmaq üçün otaqda elə bir yer axtardı ki, səsi evdəkiləri yuxudan eləməsin, televizorun, masanın, boşqabdakı heyvanın üstündən hərləyib, nəhayət, divanın yumşaq yerinə zolladı. Ancaq divana dəyib puf eləyən yumruqla hirsi soyumadı. Tez beynində baş verən hadisəyə görə günahkarların istintaqına başlayıb bir statusla həqiqəti xalqa çatdırmağı özünə borc bildi, - adətən, onun həqiqət axtarışları elə də uzun çəkmirdi - və belə bir status yazdı: “Bu ölkədə insanlar bir tikə çörəyə görə özlərini öldürürlər...” Statusu bu yerdə sağa verib yarımçıq saxladı, arxasını fikirləşdi: “Kimin statusunda oxumuşdum, ay allah, insanların necə öldüyünə baxmaq istəyirsinizsə... - yox, deyəsən, elə deyildi,- insanların necə yaşadıqlarını bilmək... hə, dəqiq beləydi. Və qayıdıb statusunun arxasını yazdı: “O ölkədə insanların necə yaşadığını bilmək istəyirsinizsə, onların necə öldüyünə baxın”. Barmağını “share” düyməsinə elə amiranə basdı ki, telefonun ağzı nəydi belə mıxməmməd həqiqəti paylaşmasın. Ürəyi yerinə gəldi. Dərhal beş layk gəldi, beşi də müxtəlif ünvanlarda xaşa hazırlaşan iş yoldaşlarından idi.

II pərdə.

Kafedə ağız deyəni qulaq eşitmirdi. Eşidən deyərdi, bu adamlar II Dünya müharibəsində bir yerdə döyüşəndən sonra itkin düşən, qəhrəmancasına həlak olan və təsadüfən eyni kafedə rastlaşan cəbhə yoldaşlarıdır, heç elə bil dünən axşam işdən bir yerdə çıxıb, gecə saat ikiyə kimi çayxanada oturandan sonra evlərinə dağılışan adamlar deyildilər. Halbuki onları yorğanın altında keçən 3-4 saatdan başqa heç nə ayırmırdı bu fani dünyada. Əvvəlcə onu deyim ki, Məlikməmmədin statusunu dostların hamısı yolda öz maşınlarında gələ-gələ paylaşmışdı, üstəgəl, hərəsi öz payına bir rəy yazmışdı. Statusa ağız büzənlərin necə lazımdı ağzının payını vermişdilər. Və ürəkləri soyumadığı üçün özləri də bu xəbərə aid status yazıb bəyənmişdilər. Eyni zamanda Məlikməmməd də borclu qalmamaq üçün onların statuslarını bir-bir layk edib, bir-bir paylaşmışdı, hərəsinin statusu haqqında ayrı-ayrılıqda düşünüb rəy yazmışdı. Onların statuslarına yazılan köndələn şərhlərin müəllifləri ilə bir-iki ağız söyüşmüşdü də.

İndi kafedə xaşın şirəsi yaxılmış sümüklərlə öpüşmələrdən qopan marçamarç sədaları altında mübahisə gedir ki, Məlikməmmədin statusundakı ikinci cümləni, “İnsanların necə yaşadıqlarını bilmək istəyirsinizsə, onların necə öldüyünə baxın” fikrini ilk dəfə kimin statusunda oxuyublar. Dostlarda biri:

- Mən bu sözü ölü yerində molladan eşitmişəm, amma ölünün adı yadımdan çıxıb, hansısa hədisdən danışırdı, - deyəndə o biri əlindəki oynaq sümüyünü qumbara kimi atdı masanın üstünə:

- Ə, nə hədis? Bu sözü “Qurdlar vadisi”inin 163-cü seriyasında Memati Muroya deyir. – deyib onun sözünü ağzında kəsdi.

- Ə, nə molla, nə Memati? Bu söz Şeyx Şamilin sözüdür, mənası da sonunu düşünəndən igid olmaz deməkdir. Özü də bu sözü şeyx Şamilə rus çarı Tolstoy deyib.

- Tolstoy çar olanda Şeyx Şamil ölmüşdü. – Başqa bir vətəndaş məclisdəki tarixi yanlışı düzəltdi.

Lap başda oturan yanındakının siqaretindən birini götürüb öz-özünə:

- O vaxt feyzbuk-zadda olmayıb, görəsən, bu fikirlər necə gəlib bizə çatıb? – desə də, heç kim əlindəki sümüyü buraxıb kitab çapından əvvəlki tarixə qayıtmaq istəmədi.

- Əşi, gəlin öz söhbətimizi eləyək – aralarındakı ən ağıllı vətəndaş təklif etdi və yanındakından sirkə istəyib dedi: - Bayaq maşında gələndə bir alim radioda danışırdı ki, insan ayaqyoluna sağ ayağı ilə girib, sol ayağı ilə çıxmalıdır. Aparıcı soruşdu ki, nəyə görə? Alim ona elə bir elmi cavab verdi ki, mən ömrü boyu belə söz eşitməmişdim.

- Nə dedi? Sən canın, nə dedi? Sən ölənlərinin göru, nə dedi? Çürütmə də day... – yerbəyerdən suallar yağmağa başladı.

- Bunu da vuraq deyəcəyəm.

Cavabı çinədanında “sirlər xəzinəsi” kimi qoruyan gənc adam masanın üstündəki dolu qədəhlərə işarə etdi. Götürüb vurdular, araq “öz sağlığımıza” sözlərinin acı faniliyini damaqlardan yuyub apardı.

- Hə, alim dedi ki, - arağın üstündən yenə sümüklə öpüşmələrin marçamarçı başladı, - əgər adam ayaqyolundan sol ayaqla çıxdığı anda onu infarkt vursa, qabağa, yəni çölə yıxılar, pak qalar, arxaya aşıb murdarlanmaz.

- Pəh! Hikmətə bax e söz də! Gör hansı incəliklərə gedib çıxıblar e... – kimsə sümüklə süpürləşməni yarıda saxlayıb öz heyranlığını bildirdi.

- Əşi, mənim atamın bir sözü var, həmişə deyir ki, savadlı adam başqa şeydi. – Lap başda oturan vətəndaş yenə öz-özünə danışdı.

Məlikməmməd boş qədəhləri doldura-doldura yenə məclisin intellektual idarəetmə mərkəzi rolunu oynadı:

- Mən aparıcının yerinə olsaydım, o alimdən soruşardım ki, bəs birdən infarkt adamı ayaqyolunda oturduğu yerdə vursa, necə olacaq?

- Sən öl, soruşdu! – söhbəti başlayan gənc adam gümrah səslə bağırdı.

- Bə alim buna nə cavab verdi, sən mənim canım? – Məlikməmməd də eyni gümrahlıqla dilləndi.

- Dedi, hələ ora qədər keçməmişik.

- Sən öl, zırıltı söhbət olub. – Məlikməmməd radioya qulaq asmadığına heyifisləndi. – Ə, belə söhbətləri eşidəndə yaz at da feyzbuka, qoy bu qara camaat da oxuyub savadlansın. Bax gör mənim səhər yazdığım statusa nə qədər layk gəlib. - Telefonunu açıb gənc adama göstərdi. Sonra yeni gələn şərhləri bir-bir oxumağa başladı. Onsuz da, masadakılar marçamarçların zövqünü siqaret dumanı ilə davam etdirmək üçün ara vermişdilər.

Məclisdə seksortası bur dinclik hökm sürürdü.

- Biri soruşur ki, - Məlikməmməd barmağı ilə telefonun ekranını aşağı-yuxarı dartıb hamını oyatdı, - statusda dırnaqda yazdığınız söz kimidir?

- Hansı söz? – buranı lap şair yığıncağına döndərdiniz e... – qarnının ağırlığından yarıyacan masanın altına girmiş başqa bir gənc vətəndaş narazı-narazı gəyirdi.

- Bayaqkı sözü deyir, “insanların necə yaşadığını bilmək istəyirsinizsə, onların necə öldüyünə baxın”.

Bu zaman utancaqlığından tələb olduğu gendən bilinən sütül qarson süfrənin üstündən xaşın xatirələrini yığışdırırdı. Sözü eşidib başını qaldırmadan dedi ki, bu fikiri fransız yazıçısı Kamyu deyib.

- Ə, sən də bir məktəb oxuyursan deyə üz verən kimi genəlmə, ordan diş qurdalamağa bir şey gətir. – Gəyirə-gəyirə masanın altından çıxmağa çalışan, ancaq buna məclis başlayandan nail olmayan yekəqarın vətəndaş tələbə qarsona bozardı.

- Kamyu... Kaymu... mən bu sözü hardasa oxumuşam, sən öl! – Məlikməmməd ovcunun içini alnına döyəclədi: - Kaymu... Kamyu...

Və qəfildən var gücüylə bağırdı:

- Ə, sən ol, tapdım, baş deyil e, Elmlər Akademiyasıdır! Ə, Kaymu feybukda ayaqqabı satan firmanın adıdır, deyirəm axı bu sözü haradasa oxumuşam. Kaymu... Kaymu... Yüz faiz bu sözlər həmin ayaqqabı firmasının reklamıdır!

Məclisdəkilər artıq mürgüləyirdilər, onun dediklərini başları ilə təsdiqlədilər.

(Ardı Qiyamətdə olacaq)

/azvision.az/

Paylaş

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Arvad deyil ey, Sokratdı - Aqil Abbasın yeni hekayəsi
17:40 21 Sentyabr 2019
Xərçəngin mübarizə simvolu Neslicanın həyatından parçalar
16:44 21 Sentyabr 2019
Qadına şiddətə yox deyir, amma qadına şiddət göstərir
16:12 21 Sentyabr 2019
Döyülsə də, şəkillərdə gülən qadınlarımız
15:05 21 Sentyabr 2019
“Anama ikinci uşağı qadağan eləmişdilər” – Müsahibə
14:30 21 Sentyabr 2019
Avtobus etüdləri
13:11 21 Sentyabr 2019
Tanınmış rəssamın sərgisi keçiriləcək
12:26 21 Sentyabr 2019
Nəsimiyə həsr olumuş heykəltəraşlıq simpoziumuna start verilib
12:01 21 Sentyabr 2019
Üzeyir Hacıbəyli haqda çarx hazırlanıb - Video
11:14 21 Sentyabr 2019
Xalq artistimiz Böyük Teatrda oynayacaq
10:05 21 Sentyabr 2019
On yaşlı uşağı qaçırıb evində saxlayırdı...
08:58 21 Sentyabr 2019
“İnsana bədbəxtlik lazımdır” – Şekspirdən aforizmlər
21:00 20 Sentyabr 2019
Xalça Muzeyində Nəsimiyə həsr olunan sərgi keçiriləcək
18:47 20 Sentyabr 2019
Qanad açır uçmağa tənha qadın - Şeirlər
18:20 20 Sentyabr 2019
Azərbaycan şairləri Dünya Yazarlarının Belqrad görüşündə
17:32 20 Sentyabr 2019
Tarkovski filmləri nədən bəhs edir?
17:30 20 Sentyabr 2019
Haluk Bilginər “Emmi” mükafatına namizəd olub
17:10 20 Sentyabr 2019
Dünyanın ilk vagina muzeyi açılır - Fotolar
16:33 20 Sentyabr 2019
SSRİ-nin Xalq artisti vəfat edib
15:50 20 Sentyabr 2019
Fala baxan Bəxtiyar Vahabzadə, evində rus qızı saxlayan Sabir Əhmədli... – Yazıçıların başına gələn qeyri-adi hadisələr
15:30 20 Sentyabr 2019