Bir gəncin anasına son məktubu

Bir gəncin anasına son məktubu
10 dekabr 2015
# 13:33

Dostlarıma, anama, hər kəsə anlatmağa çalışardım onu niyə sevdiyimi, ən çox nəyini sevdiyimi. Bəlkə mənə olan səbəbsiz qəzəbini sevirdim, bəlkə də heç səbəbsiz deyildi bu qəzəb, nə bilmək olar. Hər dəfə məni bir sual ciddi narahat edirdi, amma qorxuram sadalasam, sayı biri keçsin.

Məsələn, mənə olan limoni münasibətinə rəğmən (əslində bu münasibət birtərəfli deyildi, yəni mən də ona qarşılıqlı sayğısızlıq göstərməyə çalışırdım) mən yenə də düşünürdüm ki, o sevilməyə layiqdir, niyə ətrafım onu sevmir? Bəlkə ətrafım minimal sayda olsa, ona olan antipatiyalar məni bu qədər rahatsız etməzdi, bəlkə lap bir nəfər olsaydı belə yenə bu barədə şiddətli düşünəcəkdim. Az qalırdım onu nümayişkaranə şəkildə insanların qarşısına çıxarıb: “Bu adamın nəyini sevmirsiz?”- deyə bir mübarizə aparım.

Yahu, həqiqətən onu niyə sevmirdilər? İnsanları “tipa” haqlıymış kimi əzməyə, onlarla kobud davranmağa çalışsa belə, yenə onun əslində sevimli, mülayim, xoşxasiyyət, yaxına buraxsan, vaz keçə bilməyəcəyin biri olduğunu həm daxilən özümə, həm də ortaq ünsiyyətdə olduğumuz insanlara çatdırmağa çalışırdım. Bəli, bəli... məhz çalışırdım, məni buna heç kim məcbur etmirdi, amma nə məcbur edirdi, bax bunu bilmirəm. Digər narahat edən şey isə o idi ki, o niyə tək qalmaqdan qorxurdu, ümumiyyətlə niyə elə düşünürdü ki, insanlar bir gün onu tək-tənha qoyacaq? Niyə heç kəsə güvənmirdi, daha doğrusu güvənmək istəmirdi, niyə daxilində duyduğu tənhalıq qorxusunun həddi bilinmədiyi halda ona səmimi hislərlə uzadılan sevgi dolu əlləri geri qaytarırdı?

Bir dəfəsində anam soruşdu:

- Axı nədir onu sənə bu qədər bağlayan?

Düzü məhz həmin an bu suala gülmüşdüm, acizlikdən doğan gülüş idi bu əslində. Fəqət anamın artıq cavab ala bilməyəcəyini anlayıb yaratdığı sonsuz sükutun dibindən başımı qaldırıb bu sual ətrafında düşündüm və qısa fasilədən sonra əlimə qələm alıb anama deyə bilmədiklərimi (amma bir tanrı şahid idi ki, demək istəyirdim) bir kağıza köçürdüm:

Bu şəkli görürsən? - Anam izahımı daha yaxşı başa düşsün deyə onun ən sevdiyim şəklini əlimə alıb dərin köks ötürərək davam etdim? - Bu insanı mən necə sevməyim? Bir qadın bu zəmanədə bu qədər səmimi, özü olaraq qalıbsa, üzündə bu qədər təbiilik varsa, ürəyinin dərin yox, elə ən üst qatında nifrət etdiyi adamı görəndə yalançı sevgi qusmağa məcbur deyilsə, insanları iki qrupa bölüb, ya sevib, ya sevmirsə və ən əsası, ana, bu gözlər (işarət barmağımı şəkildəki məğrur qadının aşırı-qürurla baxan gözlərinə tuşlayaraq biixtiyar gülümsünürəm) bu qədər gözəl baxırsa, ümid doludursa, daxilində artıq tüğyan edən dərdlərini, problemlərini kimsəyə yükləməyib, əksinə insanlara pozitiv aura bəxş etməyə çalışırsa, mən niyə onu sevməyim? Doğrudur, yaşım yaşına uyğun deyil, amma bunun nəyi problemdir, əgər sonucda mən onunla evlənmək düşünmürəmsə? Onun tərəfindən baxsaq, bəlkə savadsızamsa və bu səbəbdən heç vaxt bir araya gələ bilməyəcəyiksə də, mən ona yenə bağlıyam.

Bu bağı gözəgörünməz olduğuyçun kimsə qıra bilməz. Mənə hədsiz nifrətlə baxan gözlərini başqalarına dərin sevgiylə baxan görməsəydim, bəlkə də sevməzdim onu. Birinin günahsız olmasına rəğmən özünə görə səbəbləri olduğunu düşünüb məcburən günah və ittiham yeməsinə bənzəyir gözlərinin məhkum etməsi.

Mən pis insan deyiləm, günahkar da deyiləm, tək günahım - əslində buna Tanrının istehzası da demək olar – ondan gec doğulmağım və həddimi bilmədən ona bağlanmağımdır.

Mən də istəyərəm ki, özümdən asılı olmadan qurulan bu bağı qırmağa yetəcək gücdə biri çıxa və qıra, inan, büsbütün azad olaram... Anlamazsan sən, ana, əslində mən anlada bilmərəm, insan kiməsə lazım olmayacağı qorxusuyla yaşayır hər zaman.

O insan ölür ki, artıq heç kəsə lazım olmadığını duyur, cismən aramızda dolaşsa da. Mən hər zaman bir ümidlə yaşamışam, bəlkə uzaqlarda mənimçün darıxanım, gözləyənim var deyə. Həmişə “bəlkə kiməsə lazımam” deyə düşünmüşəm, içimdəki o ümidi ölməyə qoymamışam, can verə-verə son nəfəsimədək özümlə sürümüşəm, ana. İndi təklifin nədir? Daha heç kəsə lazım olmadığımı anlayıb ölümmü deyirsən?

# 1433 dəfə oxunub

Oxşar xəbərlər

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

11:30 3 aprel 2024
Mənim səssizliyim  dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

Mənim səssizliyim dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

17:29 28 mart 2024
Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

16:30 9 fevral 2024
"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

14:00 2 fevral 2024
Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

11:14 26 yanvar 2024
"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

10:53 17 yanvar 2024
# # #