Əli Əmirli: “Heç bilmirəm pulu kim göndərir”

Əli Əmirli: <span style="color:red;">“Heç bilmirəm pulu kim göndərir”
7 dekabr 2015
# 11:25

Kulis yazıçı-dramaturq Əli Əmirlinin APA-ya müsahibəsini təqdim edir.

- Əli müəllim, deyəsən, vaxtınızın çoxunu müəllimliyə həsr edirsiniz. Qrafik sıxdır, vaxt tapmaq çətinləşib...

- Təmirlə əlaqədar Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinə orta məktəblərdən birində dərs keçirik. Bizə konkret vaxt ayrılıb, həmin vaxtda dərslərimizi yekunlaşdırmalıyıq. Demək olar, həftənin bütün iş günlərində universitetə gedirəm, tələbələrimlə dərslərimizi aparırıq. Ona görə, hə, demək olar, vaxt tapmaq çətinləşib. Çalışıram, tələbələrin dərsi boş keçməsin, imtahan qabağı çətinlikləri olmasın. İndiki tələbələr belədir: yazı yazmırlar, imtahanın suallarının şəklini çəkirlər, dərsi danışanda səsimi diktofona yazırlar. (Gülür). Hətta mühazirələri tələbələrimin e-maillərinə göndərirəm ki, əziyyət çəkib üzünü çıxarmasınlar.

- Bildiyim qədər, qaydalarda mühazirə dəftərinin olması vacibdir. İmtahanda toplanan bala əlavə olunur...

- Yox, olsa da olar, olmasa da. Boloniya sistemindən sonra bu məsələdə tələbələrə azadlıq verilir.

- Müəllimlik etmək sizin özünüzün təşəbbüsünüzdür, yoxsa hansısa ehtiyacdan irəli gəlir?

- Vaxtilə tamam başqa bir sahə ilə məşğul idim. Natiq Rəsulzadə universitetdə dərs deyirdi, mənə zəng vurdu ki, Əli müəllim, istərdik, bizim kafedrada dərs deyəsiniz. Dedim, müəllimlik səriştəm yoxdur, heç ağlıma da gəlməyib ki, müəllimlik edim. Təkid elədi ki, yox, gəlin, mən də razılaşdım. Düzü, o vaxt normal maaş da yox idi, simvolik nə isə verirdilər. Müəllimlik mənim özümə də maraqlı gəldi, iki işi bir yerdə aparmağa başladım. Sonradan tam ştata keçdim, işlədiyim təşkilatdan çıxıb özümü universitetə həsr elədim. İndi universitetin dosentiyəm. Artıq on beş ildir müəllimlik stajım var.

- Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin intellektual səviyyəsinin aşağı olması ilə bağlı tez-tez fikirlər səslənir...

- Tələbəyə münasibətdən çox şey asılıdır. Müəllimin özünün savadı, dünya görüşü olmalıdır ki, tələbə ilə yaxşı münasibət yarada bilsin. Təhsilimizin səviyyəsində şübhəsiz ki, kəsirlər var və bunu hamımız bilirik. Amma bir şeyi nəzərə alaq: bu gün Azərbaycanın incəsənətinin, mədəniyyətinin yönün Mədəniyyət və İncəsənət Universitetinin məzunları müəyyənləşdirir. Bütün yaradıcı sahələrdə bizim universitetin məzunları çalışır. Pisləmək indi dəbdədir, amma nəticə gözümüzün qabağındadır ki, universitetdən çox savadlı, istedadlı insanlar çıxıb. Aydın məsələdir, məsələn, kino ixtisasını bitirən insanlar qabaqcıl ölkələrdə təhsil alsalar, yaxşı olar. Yoxsa, Mədəniyyət və İncəsənət Universitetini bitirdim, oldum kinorejissor, belə şey olmur. İnsan hər vaxt öz üzərində çalışmalıdır, inkişaf etməlidir.

- Fərəh Əliyeva ilə münasibətiniz necədir? Sadəcə, rektor və müəllim münasibəti, yoxsa rəsmilikdən uzaq dost münasibəti?

- Fərəh xanım çox gözəl, çox sadə insandır. Əsas odur, insanı dinləməyi bacarır, hörmətlə yanaşır. Şəxsiyyət kimi onun özündən, iş üsulundan çox razıyam. Bəlkə də bu mətbuat üçün deyil... Dəhlizlə gedirsən, bir də görürsən, çox sadə, adi bir qadın gəlir.

- Heç deməzsən, rektor gəlir...

- (Gülür). Qətiyyən! Çünki yanında əshabələri gəzmir. Adətən biz alışmışıq ki, rektor gələndə yanında kimlərsə olur, təmtəraqla gəlirlər.

- Bir dəfə oxumuşdum ki, əsərlərinizi iyul-avqust aylarında yazırsınız. Bilmirəm, dekabrda sizdən “yeni nə yazırsınız? “ sualını soruşmağın yeridir, ya yox...

- İyul-avqust ayında mən təzə əsər yazıram. Yerdə qalan vaxtlarda həmişə işləyirəm. Hansısa işi redaktə edirsən, əsəri səhnələşdirirsən və s. Bunlar elə işlərdir ki, xüsusi yaradıcılıq komfortu lazım deyil. Yeni əsər yazanda isə mənə mütləq sakitlik, qayğılardan uzaq olmaq lazımdır. Bu il pyes yox, “Ağdamda nəyim qaldı?” adlı roman yazdım.

- Roman “Azərbaycan” jurnalında çap olunub. Necə qarşılandı, reaksiyalar var?

- Mənim dostum, yazıçı Mustafa Çəmənli əsəri bitirməmiş zəng vurdu ki, o qədər ləzzət alıram, istədim indidən səni təbrik edim. Rəşad Məcid zəng etdi ki, Əli müəllim, romanı tam oxumamışam, amma elə vəziyyətdəyəm, zəng etməyə bilmədim. Əsəri “525-ci qəzet”də yaxşı bir ön sözlə hissə-hissə çap edir. Aydın Talıbzadə bu yaxınlarda mənim e-mailimə isti bir məktub yazıb, sonra yenə zəng vurdu, xoş sözlər dedi. Yəni tanıdığım, tanımadığım xeyli adam zəng vurub, onlardan xoş sözlər eşitmişəm.

- Dramaturgiyanın qazandırdığı sevgini yaşamaq xoşdur, yoxsa nəsrin gətirdiyi diqqəti?

- Bilirsən, dramaturgiya tamam başqa ləzzətdir. Dramaturgiyanın uğurunu dərhal görürsən. Məsələn, Akademik Milli Dram Teatrında “Şah Qacar” hər dəfə göstəriləndə 400 nəfər ayaq üstə dayanıb böyük zövq və ləzzətlə əl çalır. Roman fərdi oxunur, o zövqü fərdi alıram, pyesimin nümayişində isə kollektiv sevgi görürəm.

- Amma dramaturgiyanın uğurunu rejissor və aktyorlarla bölüşürsünüz...

- Əlbəttə, rejissor deyir ki, bu mənim tamaşamdır, dramaturq deyir mənimdir, aktyor da deyir mənimdir. (Gülür).

- Əli müəllim, tamaşaya qoyulan əsərlərinizə görə ilk və son aldığınız qonorarı xatırlayırsınız?

- Xatırlayıram. “Ərizə” pyesim nazirliyin keçirdiyi müsabiqədə ikinci yer tutmuşdu. O pyesə görə mənə 800 manat pul vermişdilər. Mükafatdan əlavə tamaşadan 2500 manat da qonorar aldım. Təkcə “Ərizə”dən aldığım qonorar normal vəzifədə işləyən adamın iki illik maaşı idi. Sonuncu qonorarımı isə “Şah Qacar”a görə nazirlikdən almışam: 2500 manat.

- Əsərləriniz bölgə teatrlarında da çox oynanılıb. Qonorara görə sizdən güzəştə getməyi xahiş edərlər...

- Mən onlardan onsuz da pul istəmirəm. Heç pul vermirlər də. (Gülür). Əslində, hər teatr bir bilet satışına görə məbləğin on faizini müəllifə verməlidir. Açığı, mən bilmirəm teatrlar onu göndərirlər, ya yox. Qonorar Müəllif Hüquqları Agentliyinə göndərilir. Hər ay bankomatdan pul çəkirəm, amma bilmirəm, hansı teatr nə qədər göndərib. Bircə o dəqiqdir ki, əsas pul Akademik Milli Dram Teatrından gəlir. Gənc Tamaşaçılar Teatrından da qonorar alıram. Bəzən o qədər də səliqə ilə göndərmirlər. Amma hesabat verilir. Sadəcə, borclu qala bilərlər, o pul itmir.

- Bütün tərəflərini nəzərə alanda dramaturgiyanın perspektivləri daha böyükdür...

- Bu gün üçün, əlbəttə. Populyarlıq gətirir, tamaşaçı baxır, maddi məsələ də öz yerində. Bir romanı ən yaxşı halda 300 adam oxuya bilər, amma mənim tamaşama bir gündə 400 adam baxır. “Şah Qacar” 41 dəfə oynanılıbsa, elə bil, 15-16 min tirajla kitab çap etdirmisən.

- Akademik Milli Dram Teatrı ilə əməkdaşlığınız davam edir?

- Əlbəttə, “AzDrama” ilə mənim əməkdaşlığım hər zaman davam edir. Ümumən, həm paytaxtda, həm də bölgələrdə olan teatrlarla əməkdaşlığım davam edir. Tamaşalarım repertuarlarda var, oynanılır, baxılır. Mənim şikayət etməyə qətiyyən əsasım yoxdur. Yəni qiymətləndirməyi bacarırlar. Hər bir əsərin tamaşaya qoyulmağının prosedur qaydaları var. Dramaturq bütün bunlara səbir və hövsələ ilə yanaşmalıdır. Şəxsən mən hövsələ ilə yanaşıram, reallıqlarla hesablaşmağı bacarıram. Hər kəs özünə cavabdehdir. Əgər hansısa əsərim tamaşaya qoyulmursa, ola bilər, mənim əsərim teatr rəhbərliyinin zövqünə uyğun deyil. Bunu anlayışla qəbul etmək lazımdır. Çünki bu gün teatr rəhbərinin zövqü əsasdır, bununla hesablaşmaq lazımdır. Deyə bilməzsən ki, sənin xoşuna gəlmir deyə, mənim əsərim tamaşaya qoyulmamalıdır. Bəli, onun xoşuna gəlmirsə, bu, vacib olan şeydir. Bu mənada mən belə şeylərə səbirlə yanaşıram və həyat göstərir ki, mənim yanaşmam doğrudur.

- “Mesenat”a 2005-ci ildə Əlabbas Qədirovun çıxışında baxmışam. Pyesi mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin təklifi ilə yazmısınız. İndi sizin bir müsahibənizi xatırladım: demisiniz, Tağıyev haqda yazmağı düşünmürdüm, onun haqda bildiyim faktlar Tağıyevin xeyrinə olmayıb. Söhbət hansı faktlardan gedir?

- Məsələn, 70 yaşlı kişinin 17 yaşlı qızla evlənməsi yaxşı əlamət deyil. Özü də aldığı qız oğlunun baldızı olub. İkincisi, Tağıyevin Lütfəli bəy Behbudovla münasibətində çox ciddi məqamlar var. Tağıyev yoldaşı Sona xanımı Lütfəli bəyə qısqanırdı, hətta şəhərdə qeybət də var imiş. Buna görə Lütfəli bəyi çox ciddi cəzalandırıb. Vaxtilə mətbuatda rast gəlmişdim ki, Tağıyev özü də həmin cəzalandırma mərasimində iştirak edib. Tağıyevi o vaxt məhkəməyə veriblər, məhkəmə ona iki il yarım iş kəsib. Tağıyev xalq arasında böyük hörməti vardı, böyük insan idi, ona görə gedib qazamatda yatmayacaqdı. O vaxt bir neçə milyonçu bu işə görə Peterburqa gedib, çara müraciət olunub və iş ləğv olunub. Bu faktlar əlbəttə, adamda qıcıq yaradır. Ədalət müəllim məni dəvət etdi, dedi, Tağıyev haqda pyesin yazılmağını istəyirik, qərara gəldim ki, pyesi siz yazasınız. Doğrusu, təklif gözlənilməz idi. Bir az düşündüm və qəbul etdim. Əsəri bir aya yazdım, Ədalət müəllimə təqdim etdim, çox bəyənildi. Əlabbas Qədirov o vaxt teatrın bədii rəhbəri idi, dedi, bu rolu mən oynamaq istəyirəm. Tamaşanı Bəhram Osmanov hazırladı və həm rejissor işi, həm də aktyor oyunu çox yaxşı qarşılandı. Təqdimatdan sonra bir jurnalist yazmışdı ki, Əlabbas Qədirov tamaşaçıları saymadı. Sən demə, aktyorlar ikinci alqışa çıxanda Əlabbas müəllim səhnəyə gəlməyib. Ayaq üstə çox alqışlasalar da, çıxmayıb. Həmin jurnalistin xəbəri olmamışdı ki, Əlabbas Qədirov qan xəstəliyindən əziyyət çəkirdi, o qədər halsızlaşıb ki, səhnəyə gəlməyə heyi olmayıb. Sonrakı tamaşada səhnənin arxasına keçdim, yenə o qədər halsız idi, başını qaldırıb mənə “sağ ol” deyə bilmədi. Həmin gün xəstəxanaya düşdü, bir həftə sonra dünyasını dəyişdi. Növbəti həftə tamaşa yenidən oynanılmalı idi. Tağıyev rolu Nurəddin Mehdixanlıya həvalə olundu, bir həftə məşqdən sonra Nurəddin rolu çox yaxşı oynadı.

- Ümid verən gənc dramaturqlar var?

- Kim mənə əsər təqdim edirsə, oxuyuram. İlqar Fəhminin dramaturgiyası xoşuma gəlir. Mehman Musabəyov pyesini göndərmişdi, kifayət qədər maraqlı idi, xoşuma gəldi. Bizim əsas teatrımız “AzDrama”dır. Orda yaşı 50-dən aşağı heç kimin əsəri tamaşaya qoyulmur. Niyə qoyulmur, çünki yoxdur. Kim desə, var, tamaşaya qoymurlar, inan, düzgün deyil. Heç bir teatr keyfiyyətli əsəri geri qaytarmır, əksinə, yaxşı pyes axtarır. Yaxşı pyes o qədər azdır ki, elə təəssürat yaranır kimlərsə əsəri tamaşaya qoymaq istəmir. Gənc dramaturqlar yetişir. Məsələn, Ülviyyə Heydərovanın, Pərvinin, Rəvan Tohidoğlunun əsərləri oynanılır. Samir Sədaqətoğlu dramaturgiya ilə məşğul olsa da, böyük səhnədə əsərini hələ görməmişəm. Amma teatra bələd adamdır, teatrı sevən insandır.

- Sualım qəribə səslənməsin, Əli Əmirlinin pyesləri teatr tarixində qalacaqmı? Yəni əsərlərinizin sonrakı taleyi haqda düşünürsünüzmü ki, onlar 50 ildən sonra aktual olacaq, ya yox?

- Mən gələcəyi yox, bu günü düşünüb yazıram. Əli Əmirlinin qalıb-qalmayacağı məni narahat etmir. Yəni gələcəyi özüm üçün dərd etmirəm.

# 1564 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
#
#
# # #