news-inner
clock09:00 calendar-gray 21 Noyabr 2015 view-gray277 dəfə oxunub
view-gray277 dəfə oxunub

Atatürkə etiraz edən, Nazim Hikmətlə düşmən olan yazıçı

“Qəriblər qəbiristanlığı”nda dəfn olunan şair

Türk ədəbiyyatının tanınmış simalarından biri, şair İsmail Safanın oğlu, psixoloji romanları ilə böyük şöhrət qazanan Peyami Safa 9 yaşından ədəbiyyatla ciddi şəkildə maraqlanmağa başlayıb. 1899-cu ildə İstanbulda doğulan yazıçı 2 yaşında atasını itirir. “Tənzimat” və “Sərvət-i Fünun” ədəbiyyatının görkəmli nümayəndələrindən olan İsmail Safa Məkkədə dünyaya gəlmişdi. Atası Mehmed Behçet Efendi Akşemseddinə qədər uzanan bir soyun nümayəndəsi idi və Məkkədə dövlət işlərində çalışır, eyni zamanda şeirlər yazırdı. İsmail Safa 1878-ci ildə qardaşları ilə birlikdə İstanbula köçür və yaradıcılığını davam etdirir. O şair kimi tanınsa da, ədəbi tənqid və tərcümə ilə məşğul olur, siyasi hadisələrə də biganə qalmırdı.

II Abdulhamidə qarşı etdiyi çıxışlar onu dövlət rəhbərləri arasında arzuolunmaz adama çevirir. 1895-ci ildə vərəmə yoluxan şairi 1900-cu ildə Sivasa sürgünə göndərirlər. Sürgündə sıxıntıları artan şairin qızları Selma və Ulya vəfat edir. Sürgün həyatı, övlad itgisi və amansız xəstəlik şairin vəziyyətini daha da gərginləşdirir. Şair 1901-ci ildə Sivasda, sürgündə vəfat edir. Şairi “Qəriblər qəbiristanlığı”da dəfn edirlər. Amma talesiz şairin cəsədi də rahatlıq tapmır. Sivas millət vəkili Ziya Başar şairin cənazəsinin “Qəriblər qəbiristanlığı”ndan Paşa Camisi qəbiristanlığına köçürülməsini təşkil edir. Paşa Camisinin sökülməsi qərarından sonra Sivas liseyində dərs deyən sosioloq Eflatun Cem Güney şairin cənazəsinin Ali Ağa camisinə köçürülməsinə nail olur.

13 yaşında romanını yazan yazıçı

Kasıbçılıq və erkən yaşlarında tutulduğu xəstəlik səbəbindən Peyami Safa normal təhsil ala bilmir. “Sümük vərəmi”nə tutulan yazıçı təhsilini davam etdirə bilməsə də, ardıcıl mütaliəsi hesabına ədəbiyyatı dərindən öyrənir və 13 yaşında “Köhnə dost” adlı ilk romanını qələmə alır. Xəstəliklə mübarizə apardığı uşaqlıq illərində həm də işləməyə başlayan Peyami Safa müxtəlif işlərdə çalışıb. 19 yaşından jurnalistika ilə məşğul olmağa başlayan yazıçı müxtəlif qəzetlərə və dərgilərə yazdığı yazılardan aldığı qonorarla həm müalicəsini davam etdirir, həm də ailəsinin dolanışığını təmin edirdi. Peyami Safanın ilk qələm təcrübələrinin toplandığı kitab satışa çıxandan qısa müddət sonra satılıb, qurtarır. Usta yazıçı kitabın reklam işini düzgün qurduğu üçün bu uğuru qazandığını düşünürmüş. Çünki Peyami Safa ilk kitabının üz qapağına bu cümləni yazdırmışdı: “Bu kitabı əsla oxumayın!” Yazıçı bu cümlə ilə türk oxucusunun maraq hissini oyatmış, qısa müddətə bütün tiraj satılmışdı.

Yazıçıya uğur gətirən gizli imza

Atası İsmail Safa kimi əmiləri Ahmed Vefa və Ali Kami də şair idi. Peyaminin yaradıcılıqla ciddi şəkildə məşğul olmasında əmilərinin böyük rolu var. Qardaşı İlhami ilə birlikdə çıxardığı “İyirminci əsr” adlı axşam qəzetində “Əsrin hekayələri” rubrikasında kütləvi oxucu zövqünə hesablanmış hekayələr yazan gənc yazıçı böyük şöhrət qazanır. Pul qazanmaq məqsədi ilə yazdığı hekayələrdə anası Server Bediadan təsirlənərək götürdüyü Server Bedii imzasından istifadə edirdi. Yazıçı ona böyük oxucu kütləsi qazanan “Cingöz Recai” seriyasından yazdığı detektiv romanları da Server Bedii imzasıyla yazırdı. Yazıçının Server Bedii imzası ilə yazdığı romanların bəziləri 1920-ci ildə 70 min tirajı keçirdi. Hələ sağlığında Peyami Safanın gizli imzasıyla bağlı türk yazıçıları arasında maraqlı lətifələr dolaşırmış.

...Peyami Safa öz imzası ilə yazdığı yazılara görə az qonorar aldığı halda, Server Bedii imzasıyla yazdığı romanlara görə nəşriyyatlar yüksək qonorar ödəyirmiş. Ünlü romançıdan əhvalını soranlara deyirmiş: “Çox şükür, Server Bediinin evində yeyib, içib, canına dua edirik”. Bu zarafat Peyami Safanın qələm yoldaşları arasında da yayılıbmış. Bir gün Necip Fazıl Kısakürekdən soruşurlar:

- Ustad, Peyami Safanı tanıyırsınızmı?

Ustad şair cavab verir:

- Tanıyıram, tanıyıram. Server Bediinin evində qalır.

Peyami və Nazim dostluğu, “Dokuzuncu Hariciye Koğuşu” romanın yazılması

Ustad romançı olan Peyami Safa ilə dövrünün ən böyük şairi Nazim Hikmət arasındakı polemika, daha doğrusu qovğa ədəbiyyat aləmində çox məşhurdur. 20-ci illərdə Ankarada həbsdə olan Nazim Hikmətin “Yanardağ” şeirini “Cümhuriyyət” qəzetinin ədəbiyyat əlavəsində çap edən Peyami Safanın bu addımı ona baha başa gəlir. Qəzet rəhbərliyi ilə münasibətləri pozulan yazıçı işini itirir. Hətta qəzetin rəhbərliyi şeir çap olunandan bir gün sonra məhbus şairin şeirlərini çap etdiyi üçün oxuculardan üzr istəyir.

Nazim Hikmət həbsdən çıxdıqdan sonra Peyami Safanı axtarıb tapır və aralarında böyük dostluq başlayır. 1928-ci ildə Moskvadan qayıdan Nazim “Resimli Ay” dərgisində yazmağa başlayır və Peyami Safanı da əməkdaşlığa cəlb edir. Nazimin gəlişi ilə “Resimli Ay” dərgisi solçu qələm adamlarının toplaşdığı bir məkana çevrilir. Nazimlə dost olsa da, Peyami Safa solçuları sevmirdi. Nazimlə tanış olana qədər, lətifələr, gündəlik sosial-siyasi yazılar, detektiv hekayələr, romanlar yazan Peyami Safa, Nazimlə tanışlıqdan sonra ədəbiyyata münasibəti dəyişir. Nazimin tövsiyəsi ilə ona böyük şöhrət gətirən “Dokuzuncu Hariciye Koğuşu” romanını yazır. Aziz Nesin sonradan qanlı-bıçaq düşmənə çevrilən dostların münasibətləri və “Dokuzuncu Hariciye Koğuşu” romanın yazılması ilə bağlı belə yazır: “Peyaminin kokain istifadə edib, əməlli-başlı narkoman olmağı bacarmadığı günlərdən birində kokain qəbul edib dostlardan birinin evinə gəlirlər. Peyami qolunun necə şikəst olmasını danışanda Nazim onun sözünü kəsir:

- Bu nədir, axmaq-axmaq şeylər yazırsan. Niyə bu danışdıqlarını romana çevirmirsən? Cingöz Recaidən əl çək, bunları yaz! O gündən sonra Nazim Peyamini bu romanı yazmaq üçün təhrik edir, həvəsləndirir və ona dəstək verir. Beləcə “Dokuzuncu Hariciye Koğuşu” ortalığa çıxır. Peyami də dostuna olan minnət borcundan çıxmaq üçün, kitabı Nazimə həsr edir.”

Nazim Hikmət “Dokuzuncu Hariciye Koğuşu” romanı haqqında deyir: “Mən Peyaminin bu son romanını üç dəfə oxudum, otuz dəfə də oxuya bilərəm və oxuyacağam. Əgər iztirabı və nəşəni coşqun bir ciddiyyətlə hiss edən xalis xalq kütlələri oxumaq-yazmaq bilsəydi bu roman on min, yüz min, hətta bir milyon tirajdan da çox satılardı.”

Köhnə dostların düşmənçiliyi

Amma dostlar arasındakı mehribanlıq uzun sürmür. Peyami Safa Nazimin “Resimli Ay” dərgisində çap olunan “Jokond ile Sİ-YA-U” adlı yazısını sərt şəkildə tənqid edir. Nazim bu yazıya bir o qədər fikir verməsə də, dostlar arasında soyuqluq başlayır. Peyami Safa 1934-cü ildə söhbət əsnasında həmişə pulsuzluqdan şikayətlənən Nazim Hikmətə “Bəs Moskvadan göndərilən pulları kim alır?” deyə sual verir. Bu köhnə dostlar arasındakı münasibəti daha da gərginləşdirir. Daha sonra nasist Almaniyasına haqq qazandıran Peyami Safa ilə kommunist Nazimin polemikası dərinləşir. “Köhnə dostlar” bir müddət eyni qəzet və dərgilərdə bir-birinin ziddinə yazılar yazır, bir-birlərini sərt tənqid edirlər. Hər iki yazara eyni səhifədə köşə verən “Tan” qəzetinin sahibi Zekeriyya Sertel bu polemika haqqında gizlinlərə işıq tutur: “Nazim kommunizm haqqında yazıb, ətrafındakı adamları öz yoluna çəkməyə çalışırdı. Bu Peyamini hövsələdən çıxarırdı. Peyami çox ağıllı və qabiliyyətli gənc idi. Nazim onu mübarizə sıralarına qoşmağa çalışırdı. Təəssüf ki, Peyami ağıllı olduğu qədər, pis ruhlu adam idi. Çox içər, hətta narkotikdən də istifadə edərdi. Nazimin çevrəsinə göstərdiyi təsiri qısqanır, onun ağ dediyinə hər zaman qara deyərdi.”

Bu qovğanın, illər sonra kitaba çevrilən bu “fikir savaşı”nın Türk ədəbiyyatı tarixində önəmli yeri var. Ergün Göze “Peyami Safa ve Nazim Hikmet kavğası” adlı kitabında bu davanın bütün detallarına aydınlıq gətirib. Müəllif baş verənlərə birtərəfli yanaşaraq Peyami Safaya bu polemikada haqq qazandırıb.

Atatürkə etiraz etmək cəsarəti

Payami Safa düşüncələri, siyasi görüşləri, ədəbi meyarları nə qədər mübahisəli olsa da, bu gün də sevilən və oxunan yazıçılar arasındadır. Nazimlə münasibətlərinin kökündə şəxsi qısqanclıq olsa belə, Peyami Safa düşüncə olaraq sosializmə, kommunizmə və materializmə qarşı idi və onları tənqid etməkdən çəkinmirdi. Nazim Hikmətlə dostluqları yarıda qırılsa da, Necip Fazılla dostluqları ömürlərinin sonuna qədər davam edib, hətta ustad şair bir müddət onun evində yaşayıb. Peyami Safa haqqında dolaşan söhbətlərdən biri də Mustafa Kamal Atatürklə bağlıdır.

Ədəbiyyat adamlarını toplayan Atatürk Halit Fahri Ozansoydan soruşur: “Ədəbiyyat qavramını necə başa düşməliyik?” Ozansoy danışmağa başlayanda Atatürk onun sözünü kəsir: “Olmadı paşam, olmadı”. Daha sonra Atatürk ədəbiyyat haqqında düşüncələrini bölüşür, ədəbiyyatın vəziyyəti haqqında danışır. Atatürk çıxışını bitirər-bitirməz Peyami Safa yerindən dillənir: “Olmadı paşam, olmadı”. Ortalığa ölüm sükutu çökür. Amma Peyami, ətrafındakıların qorxusuna fikir vermədən Atatürkün ədəbiyyatla bağlı düşüncələrinin yanlış olduğunu izah edir. Söhbətin sonunda Atatürk ədəbiyyat bilgisinin zəif olduğunu etiraf edib, yazıçının əlini sıxır və təşəkkür edir.

Faciəvi şəxsiyyət, talesiz insan

Atasını erkən yaşda itirən, uzun müddət ağır xəstəliklə və kasıbçılıqla yazıçının şəxsi həyatı da qaydasında olmayıb. İçkiyə və narkotikə aludəçiliyi, ruh çağırma məclislərinə marağı, parapsixologiyaya meyli, mason lojasına üzv olmaq istəməsi onun qeyri-adilikləri arasındadır. Yazıçı şəxsi həyatında da xoşbəxtliyi əldə edə bilməyib. Həyat yoldaşı Nebahat xanımla tanışlıqları dərgilərin birində baş tutub. İlk qələm təcrübələrini çap etdirmək üçün dərgiyə gələn Nebahat xanıma aşiq olan yazıçı ona evlənmək təklif edir. Toydan sonra Nebahatın psixoloji və fiziki problemləri üzə çıxır. Həyat yoldaşını müalicə etdirmək üçün hətta xarici ölkələrə də üz tutsa, Nebahat xanım tam olaraq sağalmır.

1957-ci ildə oğlu Merve sağalmaz xəstəliyə tutulur. Uzun müddət müalicə olunsa da, onu xilas etmək mümkün olmur. 1961-ci ildə Merve uzun sürən sağalmaz xəstəlikdən sonra vəfat edir.

Həyatı boyu əzablar, məhrumiyyətlər içində yaşayan yazıçı oğlunun ölümündən sonra cəmi dörd ay yaşayır və ağır xəstəliyə tutularaq vəfat edir.

Oxşar xəbərlər

Xəbər lenti

Notr-Dam kilsəsi yenidən bərpa ediləcək
10:01 10 İyul 2020
Dodağının altında məni söyüb qarğıyırdı - Bircənin romanı
09:00 10 İyul 2020
Xalq artistinin oğlu vəfat etdi
01:53 10 İyul 2020
Azərbaycanlı alimin kitabı Avropa dillərində nəşr olunacaq
18:37 09 İyul 2020
Uşaqlar üçün tamaşa
17:56 09 İyul 2020
Təranə Vahidin Türkiyədə çap olunan hekayəsi: "Durna adam"
17:15 09 İyul 2020
Qızını ərə verən atanın ölümü
16:26 09 İyul 2020
İspaniyada Haqverdiyevə həsr olunmuş poçt markaları buraxıldı
15:47 09 İyul 2020
Qadına görə başına bəla gələn məşhurlar: onların arasında Müşfiq də var
15:08 09 İyul 2020
Məşhur sənətçi prezidentliyə namizəd olacaq
14:19 09 İyul 2020
Yaltaqlıq ən perspektivli valyutadır
13:30 09 İyul 2020
Uşaq təbəssümü
12:53 09 İyul 2020
Qorxu və təşviş insanı necə formalaşdırır? – Nazlı Əmirova ekzistensializmdən yazır...
12:30 09 İyul 2020
Bəhram Bağırzadənin həyat yoldaşı: "Hələ danışa bilmir"
11:48 09 İyul 2020
Cinsi yanğısını Facebookda söyüşlə soyudanlar
11:19 09 İyul 2020
Son 200 ilin ən yaxşı qəzəli – Mətn
10:46 09 İyul 2020
Elton Conun şərəfinə sikkə hazırlandı
10:09 09 İyul 2020
Sovet ordusunda üsyan edib almanlar tərəfə keçən azərbaycanlı - Amerikadan yazırlar...
09:01 09 İyul 2020
Moskvada teatrlar avqustun 1-dən açılır
18:54 08 İyul 2020
Uşaq tabutunda basdırılan kişi - Günel Natiqdən yeni hekayə
18:22 08 İyul 2020