news-inner
clock16:06 calendar-gray 03 Noyabr 2015 view-gray213 dəfə oxunub
view-gray213 dəfə oxunub

Mifdən yazıya körpü: “Kitabi Dədə Qorqud”

Kulis filologiya üzrə elmlər doktoru Yeganə İsmayılovanın “Kitabi Dədə Qorqud” dastanları və Azərbaycan ədəbiyyatı problemlərinin tədqiqində “Folklor və yazılı ədəbiyyat” münasibətləri modeli” məqaləsini təqdim edir

“Kitabi Dədə Qorqud” dastanları mifdən yazıya keçidi yaradan “körpüdür”

akademik K.Abdulla

«Kitabi-Dədə Qorqud» dastanları XX əsr Azərbaycan milli düşüncə mühitində göründüyü «an»dan ədəbi düşüncənin bütün sferalarının diqqətini özünə cəlb etdi. Ona maraq təkcə yazıçı və şairləri yox, tarixçiləri, dilçiləri, etnoqrafları, psixoloqları, bir sözlə, bütün elm sahələrini əhatə etdi. Lakin burada «marağı özünə cəlb etmək» ifadəsi «Kitabi-Dədə Qorqud» eposu ilə bağlı XX əsr Azərbaycan cəmiyyətində baş verən milli düşüncə proseslərini tam şəkildə səciyyələndirmək gücündə deyil. Burada söhbət sözün həqiqi mənasında milli düşüncəmizin düşdüyü «Kitabi-Dədə Qorqud» cazibəsindən gedə bilər. Epos Azərbaycan cəmiyyətini heyrətə saldı: onu öz tarix və mədəniyyətinin parlaq faktı ilə üzbəüz qoydu. Bu «an»dan milli düşüncənin bütün sahələrindən daha çox ədəbiyyatda coşqun «Dədə Qorqud» epoxası başlandı. Sanki milli ədəbi düşüncədə bir «Dədə Qorqud» yanğısı var imiş və «Kitabi-Dədə Qorqud» eposu əlyazmalarının tapılması və Azərbaycanda çap olunması ilə bu yanğı alovlanıb tonqala döndü. Məsələnin burada bir qədər obrazlı qoyuluşunun kökləri əslində bununla – XX əsr Azərbaycan ədəbiyyatının əsrlər boyu varlığında mövcud olan «Dədə Qorqud» ruhu ilə bağlıdır. «Kitabi-Dədə Qorqud» dastanının XX əsrdə Azərbaycanda çap olunub yayılması ilə bu ruh oyandı və XX əsrin birinci yarısından bu günə qədər «Dədə Qorqud» mövzusunu yazıçı və şairlərimizin düşüncəsində aktual və diri saxlayan da elə həmin ruhdur.

«Kitabi-Dədə Qorqud» bütün hallarda şifahi ədəbi düşüncənin – folklor yaradıcılığının məhsuludur, müasir Azərbaycan cəmiyyəti «Dədə Qorqud» eposu ilə XX əsrin birinci yarısında tanış olmasına baxmayaraq, o, ilk növbədə milli ədəbi-estetik düşüncənin konkret mərhələsidir. Onun təşəkkül, formalaşma, canlı ifa dövrü var. Bu cəhətdən, «Kitabi-Dədə Qorqud» eposu həm də Azərbaycan ədəbiyyatının – ümumədəbi düşüncə tarixinin konkret bir dövrüdür.

«Kitabi-Dədə Qorqud» Azərbaycan ədəbi-estetik düşüncəsinin qaynağıdır, bu istiqamət məsələnin «epos» aspektidir. «Kitabi-Dədə Qorqud» janrı etibarilə qəhrəmanlıq dastanıdır. Lakin bu dastan eyni zamanda xalqın bütün etnik-mənəvi dəyərlərini özündə cəmləşdirən, onu yaddaş xəzinəsi kimi qoruyan eposdur. Bir epos kimi Azərbaycan ədəbi düşüncəsinin ilkin estetik normaları, müasir ədəbi növ və janrların «arxetipləri» – «rüşeymləri» bu dastanda qorunmaqdadır. O, bir dastan kimi uzun əsrlər boyu canlı ifada olmuş, daha sonra öz canlı mövcudluq tarixini başa vurub, yeni dastanların yaranmasına səbəb olmuş və orta əsrlərdə əlyazması halında qeydə alınmışdır. Bu gün «Kitabi-Dədə Qorqud» eposu artıq bizim üçün milli ədəbi-estetik düşüncənin tarixi arxetiplərini özündə qoruyan epos xəzinəsi – epik yaddaşdır.

«Kitabi-Dədə Qorqud»un Azərbaycan şifahi ədəbi düşüncə tarixinə təsiri əvəzedilməzdir. Müasir Azərbaycan ədəbiyyatı bütün növ və janrlar sistemi, mövzu, məzmun və ideya qaynaqları etibarilə qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının davamıdır. «Kitabi-Dədə Qorqud» özündən sonrakı ədəbi düşüncəyə, xüsusilə Azərbaycan qəhrəmanlıq və məhəbbət dastanlarına çox güclü təsir etmişdir. Bu səbəbdən müasir Azərbaycan ədəbiyyatının «Kitabi-Dədə Qorqud»la əlaqəsinin bir xətti də orta əsrlər Azərbaycan şifahi ədəbiyyatıdır. Yəni, “Kitabi Dədə Qorqud” eposunun təsiri orta əsr Azərbaycan dastanlarından keçməklə də gəlib müasir ədəbiyyatımıza çatmışdır. Bu, haqqında yuxarıda bəhs etdiyimiz «Qorqud milli-ədəbi ruhu», yəni XX əsr Azərbaycan ədəbiyyatının əsrlər boyu varlığında, tarixi yaddaşında, düşüncəsinin köklərində həmişə mövcud olan, yaşamını günümüzə qədər sürdürən «Dədə Qorqud ruhu» məsələsidir. «Dədə Qorqud» eposu ədəbi ruh kimi Azərbaycan ədəbi düşüncəsini ən qədim çağlarından tutmuş müasir dövrümüzə, günümüzə qədər daim müşayiət etmişdir.

«Kitabi-Dədə Qorqud»un yazılı ədəbi düşüncə tarixinə təsiri misilsizdir. Azərbaycan alimlərinin ədəbiyyatımızda «Dədə Qorqud ənənələrinə dair apardığı araşdımalar göstərir ki, epos qədim və orta əsrlər ədəbiyyatımıza da güclü təsir göstərmişdir. Məsələnin bu tərəfi məlum edir ki, müasir Azərbaycan ədəbiyyatının «Kitabi-Dədə Qorqud» eposu ilə əlaqəsinin bir qaynağı da bu istiqamətdə axtarılmalıdır. Çünki müasir ədəbiyyat ənənə konktekstində qədim və orta əsrlər ədəbiyyatının varisidir.

«Kitabi-Dədə Qorqud» dastanlarının Azərbaycan ədəbiyyatına təsiri ilk növbədə «folklor və yazılı ədəbiyyat» aspektində yanaşma tələb edir. Bu, çox mühüm yanaşmadır və onun nəzərə alınması son dərəcə vacibdir. «Kitabi-Dədə Qorqud» bütün hallarda folklor abidəsidir. Folklor abidəsinin bütün quruluş elementləri (mövzu, məzmun, forma, obraz, süjet, motiv, epizod, bədii dil, onun təsvir və ifadələr sistemi və s.) istisnasız şəkildə folklor poetikasının qanunauğunluqlarına tabedir və heç bir halda ondan qırağa çıxmır. Folklor mətninin poetikası ilə yazılı ədəbiyyatın poetikası biri-biri ilə qırılmaz şəkildə bağlı olduğu kimi, onların arasında kəskin fərqlər də vardır. Bu bağlılıq (vəhdət) və fərqlər «folklor və yazılı ədəbiyyat» modeli çərçivəsində reallaşır. Hörmətli alimimiz Ə.Ələkbərli folklorun və yazılı ədəbiyyatın özünəməxsusluğunu səciyyələndirən (həm də müəyyənləşdirən) bədii şərtilik amili haqqında yazır ki, «bu, ilk növbədə, ümumiyyətlə, folklor təfəkkürü, folklorun digər bədii yaradıcılıq sahələrindən, o cümlədən yazılı ədəbiyyatdan fərqli spesifik poetikası ilə bağlı əlamətdir və dünyanın bütün digər xalqlarının şifahi söz sənəti tarixində bu və ya digər forma və səviyyədə müşahidə olunur. Xüsusilə qədim dövrlərdə folklorda gerçəkliyin bizim bugünkü təfəkkür tərzimizə müvafiq yox, məhz ilkin-ibtidai təfəkkür prizmasından keçirilərək əks olunduğunu və bu təfəkkür tərzi üçün bir sıra keyfiyyətlərin (məsələn: hadisələr arasında səbəb-nəticə əlaqəsinin səciyyəvi olmaması; bir sıra anlayış və təsəvvürlər, o cümlədən canlı və cansızlar, insanlar və heyvanlar arasında diferensiasiyanın, yaxud lazımi səviyyədə diferensiasiyanın yoxluğu və s.) səciyyəviliyini də nəzərə alsaq, onda folklorun bədii şərtilik elementlərindən istifadə özünəməxsusluğundan hətta onun poetikasının əsas komponenti kimi danışa bilərik».

Azərbaycan folklorşünaslığında folklor mətnlərinin folklorun öz poetikasına uyğun yox, yazılı ədəbiyyat prinsipləri ilə təhlil olunması rast gəlinən haldır. Həmçinin ədəbiyyatşünaslıqda ədəbi əsərlərdəki folklor «layının» (folklor motiv və obrazlarının) təhlili zamanı «folklor və yazılı ədəbiyyat» münasibətlər modelinə bir çox hallarda etina edilmir. Nəzərə alınmır ki, hər hansı folklor obrazı yazılı ədəbiyyata gələrkən yazıçı təxəyyülünə uyğun dəyişsə də, ədib onun üzərində müxtəlif yaradıcılıq əməliyyatları aparıb həmin folklor obrazını öz ideyasının daşıyıcısı kimi yenidən yaratsa da, bu folklor obrazının «bətnində», «mayasında» (obrazın semantik strukturunda, formal-poetik quruluşunda və s.) folklor poetikasının qanunauyğunluqları yaşamaqda davam edir. Bu amildən irəli gəlməklə hər hansı yazılı ədəbiyyat əsərində folklor qatının araşdırılması, o cümlədən bizim tədqiqatımızda olduğu kimi müasir Azərbaycan ədəbiyyatında «Kitabi-Dədə Qorqud» dastanlarının təsirinin qlobal aspektdə öyrənilməsi zamanı «folklor və yazılı ədəbiyyat» münasibətlər modeli hökmən tətbiq olunmalıdır.

«Folklor və yazılı ədəbiyyat» ədəbiyyatşünaslıq üçün bütün hallarda aktual və zururi yanaşma aspektidir. Bu aspektin aktuallığı və zərurəti «Qorqud» eposunun müasir ədəbi düşüncəyə təsiri probleminin araşdırılması üçün də dəyişməz olaraq qalır. Baxmayaraq ki, folklor və yazılı ədəbiyyat bədii yaradıcılıq hadisələri kimi bir axarda birləşə bilir. Ancaq bunları eyniləşdirmək olmaz. Bunlar bədii yaradıcılığın müxtəlif üslubları, tədqiqatlarda göstərildiyi kimi, kodları, yəni təsvir dilləri, ifadə üsullarıdır.

«Dədə Qorqud» eposunun müasir milli ədəbiyyatla əlaqələrinə «folklor və yazılı ədəbiyyat» münasibətlər modelində baxıldıqda məsələnin tarixən çox mürəkkəb olduğu meydana çıxır. Akad. K.Abdulla bu modeli daha dərin tarixi aspektdə «mif və yazı» münasibətlər modeli kimi müəyyənləşdirib «Kitabi-Dədə Qorqud»a bu kontekstdə yanaşmışdır. Alimin fikrincə, bu münasibətlər modeli son dərəcə dərindədir və ilk növbədə mif ilə yazı mədəniyyətlərinin (kodlarının) sistem kimi hüdudları və biri-birinə keçidi nəzərdə tutan sistemlərarası diffuz məqamları ilə bağlıdır. O yazır: «Vacib olan odur ki, biz belə bir aydın sualın əhəmiyyətini dərk edək: mifoloji təsəvvür harda qurtarır və Yazı mədəniyyəti hardan başlayır? Və vacib deyil ki, biz bu sualın dəqiq cavabını bilmirik, bəlkə, heç bunu bilməyimiz mümkün də deyil. Əsas məsələ odur ki, bu iki nəhəng mədəniyyət tiplərinin bu sualdan çıxış edib özünəməxsus xüsusiyyətlərini müəyyənləşdirmək mümkündür. Özü də bu, ona görə mümkündür ki, xoşbəxtlikdən Dastan (“Kitabi-Dədə Qorqud-Y.İ.) özündə mifoloji dünyagörüşünün və Yazı mədəniyyətinin ən əlamətdar cizgilərini saxlayır. Bir az da dəqiqləşdirsək, bu mədəniyyətlərin birindən digərinə körpü salan böyük və zəngin keçid mərhələsini özündə əks etdirir. Təkrar edək ki, açıq-aydın şəkildə yox, gizli şəkildə əks etdirir».

Akad. K.Abdullanın bu fikrində mövzumuzla bağlı çox maraqlı iki məqam var. Birinci məqam ondan ibarətdir ki, «Kitabi-Dədə Qorqud» mifdən yazıya (uyğun olaraq: «folklordan ədəbiyyata») keçidi özündə yaşadan «körpüdür». Bu məqam «Dədə Qorqud» eposunun müasir Azərbaycan ədəbiyyatına coşğun və məhsuldar təsirinin, ədəbi düşüncədə meydana gələn «Dədə Qorqud» cazibəsinin səbəblərini izah edir. Yəni bu eposun bədii mayasında, poetik strukturunda folklordan yazılı ədəbiyyata keçidin hazır mexanizmləri var. Həmin mexanizmlər XX əsrin birinci yarısında Azərbaycan ədəbiyyatının üfüqlərində «Dədə Qorqud» eposunun göründüyü «an»dan işə düşür və milli ədəbiyyatımızda «Qorqud» epoxasının başlanğıcını qoyur. İkinci məqam isə mifdən yazıya («folklordan ədəbiyyata») keçidin mexanizmlərinin eposun strukturunda gizli şəkildə mövcud olmasının prof. K.Abdulla tərəfindən xüsusi vurğulanmasıdır. Bu, bizim yuxarıda artıq hallandırdığımız «Dədə Qorqud» ədəbi ruhudur. Həmin ruh milli ədəbiyyatımızın bütün tarixi boyunca ona xas olub, «Kitabi-Dədə Qorqud» vasitəsi ilə müasir Azərbaycan ədəbiyyatında yenidən canlanaraq ədəbi düşüncəyə yeni həyat (yeni məzmun və forma əlvanlığı) vermişdir.

news-inner-user

16836 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Anar Kərimov: "Dəyərli xalçalarımızı hərraclarda tapmışıq"
18:58 28 Oktyabr 2020
Əməkdar rəssam vəfat edib
18:23 28 Oktyabr 2020
Oljas Süleyemenov Minsk qrupunu tənqid etdi
17:45 28 Oktyabr 2020
Əfsanələr taleyimizi dəyişə bilərmi? - Təbrizdən polemik yazı
17:10 28 Oktyabr 2020
Arif Məlikov haqqında kitab çap olundu
16:25 28 Oktyabr 2020
Böyümür ölü uşaqlar - Günün şeiri
15:12 28 Oktyabr 2020
Teatrşünas alim maaşını orduya köçürdü
14:55 28 Oktyabr 2020
Xalq artisti: "Artıq real film qəhrəmanlarımız var"
14:30 28 Oktyabr 2020
Fransız tərcüməçi Azərbaycan romanından yazdı: “Ona hirslənirdim”
13:44 28 Oktyabr 2020
Uşaqlığımın yay ayları – Pərvanə Bəkirqızı Qarabağdan yazır...
13:01 28 Oktyabr 2020
Bakı kəndlərində nökərçilik etdi, bir qız onu acından ölməyə qoymadı, arvadının çarpayısına qızılgüllər səpdi – Mirzə İbrahimovdan 10 inanılmaz fakt
12:18 28 Oktyabr 2020
85 yaşlı erməninin söylədiyi böyük həqiqət
11:46 28 Oktyabr 2020
Gənc yazar işğaldan azad olunan kəndlərindən danışdı: “Yuxu kimidir!”
11:01 28 Oktyabr 2020
Tanınmış uşaq yazıçısı vəfat etdi
10:10 28 Oktyabr 2020
Fransada yaşayan vəkil: “Burda işsizlik daha böyük problemdir, nəinki erməni məsələsi” – Müsahibə
08:55 28 Oktyabr 2020
Əməkdar artist vəfat edib
19:21 27 Oktyabr 2020
Məşhur serialın qəhrəmanı vəfat etdi
18:50 27 Oktyabr 2020
Fikrət Qocanın "Seçilmiş əsərləri" çap olundu
18:10 27 Oktyabr 2020
Üzünü o yana çevir – Sevincdən müharibə şeirləri
17:47 27 Oktyabr 2020
Nizami kino Mərkəzi Mel Gibsonun filmlərindən imtina etdi
16:32 27 Oktyabr 2020