writer1

Cavanşir Yusifli

Məqalə sayı

48
clock09:15 calendar-gray 24 Sentyabr 2015 view-gray74 dəfə oxunub
view-gray74 dəfə oxunub

Həyatla həyat arasında

Kulis Cavanşir Yusiflinin “Həyatla həyat arasında” essesini təqdim edir.

İndi nədən, kimdən deyək? Məsələ deyəsən qəlizləşib bir az. Bu o deməkdir ki, həyat artıq qat-qat oyunlara bələnib. Oyun ifadəsinin oyun ifadəsi. Bunu Lotman Qoqolun “Müfəttiş”indən danışanda yazırdı. İndi, xüsusən informasiya texnologiyalarının gözə aman verməyən inkişafı çağında artıq öz canımızda hiss edirik, sanki... bayaq sərbəst, çox rahat baxa bildiyin quş uçuşu indi başgicəlləndirici bir şeyə çevrilib və anidən, qanının hər damlasında hiss edirsən ki, sənin istəmədiyin bir oyun başlayır.

Sən bu əraziyə girmək istəmirsən, amma, özün də hiss etmədən ora itələnirsən, yəni, sənin canında da az deyil, oyuna girib onu pozmaq, ləzzətini dadmaq, oyunçulara isbatlamaq istəyirsən ki,əliyalın adamın üstünə qılıncla getməzlər.

Sənə hücum çəkir qəm qoşunları

Hamısı köhnəli, həm də təzəli

Tapılsa hər dərdə milyonca məlhəm

Yenə yaşamağa yoxdu təsəlli.

Bunu sözgəlişi dedim. Həm də belə bir şey: səni istədikləri kimi oynatsınlar, daşa-divara çarpsınlar, özünü elə göstər və bacarsan həm də elə ol ki, elə indicə ürəyin ovcun içinə qonacaq, bir quş kimi... Bunu da bacarmaq olar, məncə, çünki biz iki sahədən ibarətik, canlı və virtual, canlı sahədə ətini şişə çəkirlər, virtualda acı-acı gülürsən və fərqində də deyilsən ki, əliyalın bir qatilə çevrilibsən, öz qanını içirsən. Heç nə dəyişməyib, köhnə dünyanın, bax bu köhnə divarın suvağı da heç tökülməyib, amma bəzi yerlərdə bu suvaq ayrılmaq istəyir, bezdiyindən bilmir neyləsin.

Oyunlar qarışır bir-birinə, kimin haqlı, kimin haqsız olmağının artıq bir əhəmiyyəti qalmır, çünki sən bu olayın artıq ən qəddar oyunçususan. Səni heç kim, heç özün də xilas edə bilməzsən. Hər şey çox adi şeylərdən başlayır, bir pıçıltı, sevgi sözü, sünbül saçağı, eşq... bular necə gözəl sözlərdir, ürəyini titrədir, üzünə cənnət nəsimi əsdirir, ortaya ən gözəl, ən qənirsiz şeirlər gəlir, buyur, bədəni nazikdən nazik bir qədəhin içinə süz, iç getsin, yox, belə olmaz, başına çək, son damalısını dodadqlarınla sümür... Bir də olmayacaq belə şeylər.

Ancaq sən hardan biləsən ki, mən bu ömrü dəli kimi, dəli bir eşq kimi yaşadım, bəlkə heç kəsi sevmədən, heç kəsə doğru yürümədən, ən qalabalıq məclislərdən qopan gülüş səslərinin içindən ürəyimə saplanan xəncərin tiyəsindən yapışdım. Və günlərin bir günü hava tutuldu, göy üzü ağlamaq dərəcəsində qaraldı, o adamı ilğım kimi gördüm, oyun yaddan çıxdı, həyat başladı. Ancaq bu necə həyatdı ki, səni yerdən-yerə çırpır, sinə gərdiyin bütün dərd və məşəqqətləri gül suyuna döndərib üzünə çəkir. Ölüb-dirilirsən, anlayırsan ki, btün bunlar əbəs deyil, tale indi gəlib, kərpic necə kürədə yanırsa, sən də o alovun içində qarsıyırsan, amma... insan sinəsinə taxdığı qızılgüldən necə xoşlanırsa, sən də ürəyinə tuşlanan güllədən xoşlanırsan. Səni divara söykəyib güllələsinlər istəyirsən, amma sən ölməyəsən, daha doğrusu orta əsrlərdə bir qərib aşiqin yazdığı qəzəlin bir misrasına sığınan qüssədən diriləsən. Belə ola bilərmi? Ola bilər. Həyatda ölərsən, virtualda dirilərsən. Nə olur-olsun həyatın, daha doğrusu eşq əzabı davam eləyər.

Belə olduqda sən şöhrəti, adı, yazıb-pozduqlarını... hər şeyi unudarsan, hətta vaxtilə həyatın tənəffüslərində sevdiyin qızları, həm də səni atıb gedən qadınları. Bəli bunlar olub, əlini uzadıbsan, şəffaf şüşəyə dəyib, səni sevənlər səni atıb gediblər.

İndi səninlə iki ayrı-ayrı sahədə dayanmışıq, birimiz həyatda, digərimiz şəffaf şüşə arxasında. Ancaq hər şey həyatı xatırladır. Ancaq mən bu həyata heç zaman inanmamışam.

Paylaş

REKLAM

Yazarın digər yazıları