Ədəbiyyat əyləndirməlidirmi? - SORĞU

Ədəbiyyat əyləndirməlidirmi? - <span style="color:red;">SORĞU
10 sentyabr 2015
# 13:47

Umberto Ekonun fikrincə postmodern ədəbiyyat öz kütləviliyini təmin etmək üçün həm də əyləncəli olmalıdır. Bəs bizim yazıçılar necə düşünür. Sualımız konkretdir: “Ədəbiyyat əyləndirməlidirmi?” Cavabları təqdim edirik.

Cavanşir Yusifli

- Bəli, əyləndirmə xüsusiyyəti olmadan olmaz, bunsuz ötüşmək mümkün deyildir. Məsələnin tarixi köklərinə gedildikdə bu, daha aydın görünür və ortaya çox maraqlı məsələlər çıxır. Ən məşhur nağılların, ən gözəl bədii əsərlərin süjet poetikasını araşdırdıqda belə bir fakt ortaya çıxır. Məsələn, bu nağılların süjetinin ilkin variantı öz qəddarlığı ilə seçilirmiş. Şarl Pero və Qrimm qardaşlarının və digər nağılçıların yazdıqları əsərlər əsasən orta əsrlərdə meydana çıxıb və onların orijinal süjetləri xüsusi qəddarlığı və məişət səhnlərinin naturalistliyi ilə diqqəti cəlb eləyib. Məsələn, yatan gözəl haqqında nağılda yadelli kral qızı öpmür, zorlayır. Canavar təkcə nənəni yemir, kəndin az qala yarısını dişindən keçirir. Başqa bir nağılda bacılar başmağı geyinə bilmək üçün biri barmağını, digəri dabanını kəsir. Bədii əsərlərdə əyləndirmə - insan ruhunu oyatma, istiqamətləndirmə, dünya, gerçəklik haqqında bildiklərimizin sınırlarını genişləndirmə prosesi bir an olsun dayanmır. Bu səbəbdən, indi oxuduğunuz kitabların süjetlərinin hansı dəyişikliyə uğradığını bilmək çox maraqlıdır. Bəzən tərcüməçilər də ədəbiyyatın, lap elə çox ciddi əsərlərin adına ironiya və gülüşlə yanaşıblar. Məşhur yazıçı və publisist Aleksandr Sumarkov “Hamlet”i ilk dəfə rus dilinə çevirib, özü də bu şəkildə: “Omlet, Daniya şahzadəsi”... Yaşadığı müddətcə Frans Kafka əsərlərini nəşr etdirmirdi, onları doğrudan da boş şey hesab edirdi. Vərəm xəstəliyinə tutulmuşdu, dostu Maks Broddan xahiş eləmişdi ki, öləndən sonra bütün əlyazmalarını yandırsın. Gi dö Mopassanın ən çox zəhləsi getdiyi şey Eyfel qülləsi idi. Ancaq hər gün də burda oturub nahar edərmiş, izahı da beləymiş ki, yeganə yerdir ki, burdan qüllə görünmür. Bədii əsərin "əyləncə qatı" əslində araşdırılmalıdır

Nəriman Əbdülrəhmanlı

- Mənə görə, ədəbiyyatın missiyası əyləndimək deyil, əyləndirmək üçün başqa sənət növləri var. Ədəbiyyat sözlə ruhun mənzərəsini yaratmaq cəhdidi. Düzdü, əyləncə kitabları da yazılır, ancaq onların əsl ədəbiyyata dəxli yoxdu.

Zahid Sarıtorpaq

- Ədəbiyyatın içində hər şey ola bilər. Ancaq onun başlıca məqsədi insanı düşündürmək və durultmaqdır.

Mehman Qaraxanoğlu

- Ədəbiyyatın birinci missiyası düşündürməkdir. Baxır necə düşündürmək? Düşüncənin özü də mütəhərrik bir şeydir. Belə olan yerdə niyə bu mütəhərrikliyə əlavə duz - Oyun elementləri qatılmasın?! Axı bunun ən klassik formulunu bizə dahi Nizami verib. “Xəmsə” büsbütün əyləncəvi, teatral elementlər üzərində qurulub. Bədii Oyunlar həm də sözü parıldadır. Bizdə müəlliflər oxucunun çiynindən tutub qəzəblə silkələyirlər. Bu, doğru deyildir.

İradə Tuncay

- Mən bu suala birmənalı “hə” və ya “yox” deyə bilmərəm. Amma biz ədəbiyyatla bələkdə tanış oluruq. Laylalar, sonra nağıllar, daha sonra məktəbdə oxuduğumuz macəra ədəbiyyatı, detektiv... Hər kəsin vaxtilə oxuduğu ilk ədəbiyyat nümunələri yadındadı. Nəyisə həvəslə oxuyurduq, nəyinsə səhifələrində ancaq dialoqlar maraqlı gəlirdi, ricətləri oxumadan keçirdik. Deməli, ədəbi janrları həm yaş, həm də zövqə görə ayırır hər kəs. Hər kəsin öz təsnifatı var. Yeni dövrün templəriylə inanmıram ki, Tolstoy o boyda romanlar yazmağa cürət edərdi. Məsələn, mən o romanları yenidən oxumağa cəhd eləmirəm. Yoracaq məni. Amma kiçik hekayələri dəfələrlə oxuyuram. Tolstoyu nəzərdə tutaraq deyirəm. Amma Bulqakovu həvəslə yenidən mütaliə edirəm. Çünki içində əyləncə də var, macəra da... Bu günün oxucusunu cəlb edib arxasınca apara bilmək üçün məncə əyləncə elementləri olmalıdı mətndə... Amma bu o demək deyil ki, ədəbiyyatın qarşısında qoyulan tələbləri burdan istəməyək. Maraqlı olmalıdır, səliqəli dili olmalıdır, obrazlılıq, məzmun, dinamik dialoqlar və ən əsası ideya... Yaxşı hər şey kimi tələblərə cavab verməsə, oxunmayacaq...

Murad Köhnəqala

- Ədəbiyyat insanın estetik zövqünü tumarlamağı bacarmalı, bu mənada ona sürprizlər atəşfəşanlığı bəxş etməli, idraka təsir edəcək yeniliklər aşılamalıdır. Eləcə də insan mənəviyyatının saflığı və müvazinəti üçün uzun bədii strategiya nəzərdə tutmalıdır. Novator olmayandan klassika çıxmır, bu mənada bütün klassikalar həmişə novatorlara minnətdardır. Belə ədəbiyyat nümunələri əlbəttə, həm də əyləndirir, əyləndirməyi öyrədə-öyrədə, səviyyəli şəkildə bacarır...

Seyfəddin Hüseynli

- Yazıçı-əsər-oxucu münasibətlərinin xarakterini, aradakı asılılığı nəzərə alanda belə görünür ki, bəli, əyləndirməlidir. Amma bu əyləndirmənin məzmunu, səviyyəsi, keyfiyyəti əsas şərtdir. Bunlar mümkün qədər yuxarı olduqca hər üç tərəf qazanır, yəni yazan da, əsər də, oxucu da irəli düşür.

Etimad Başkeçid

Biz ədəbiyyata həddən artıq ciddi yanaşırıq. Onu fetişləşdirir, elə təriflər veririk ki, adam bəzən kitabı əlinə almağa da qorxur. Ədəbiyyat böyük qüvvədir, söz yox, ancaq mahiyyətcə əyləncə novüdür. Ciddi, klassik musiqi də eləcə. Bəyəm biz Motsartı, Bethoveni dərin fəlsəfi fikirlərə dalmaq üçün dinləyirik? Bununçün fəlsəfə kitablarını oxumaq lazımdır. Sadəcə, zövqlü ədəbiyyatı zövqlü adamlar oxuyur, populyar ədəbiyyatı isə, əksinə.

Yüksək bədii meyarlara cavab verən ədəbiyyat istər-istəməz düşündürür, insanı bəzi pisliklərdən arındırır. Mən heç bir böyük sənətkardan «ədəbiyyat – ciddi məsələdir» iddiası eşitməmişəm, baxmayaraq ki, belələri də yox deyil. Ancaq Oskar Uaylddan tutmuş Rey Bredberiyə qədər, çoxları ədəbiyyatın əyləncə olduğunu deyir və məncə düz deyir.

Qismət Rüstəmov

- Ədəbiyyat bədii gücündən, intellektual yükündən, problematikasının miqyasından başqa, mütləq şəkildə həm də əyləndirməlidir. Əyləncəviliklə intellektuallığın vəhdəti çağdaş ədəbiyyatın ən xarakterik məziyyətidir. Və məncə təkcə çağdaş ədəbiyyatın yox, elə klassiklərin əsərlərində də əyləncəvi damar həmişə olub. Məsələn, mənə həmişə elə gəlib ki, Şekspir "Hamlet"i yazanda nə qədər təlatümlü ruhi əhvalda olsa da, həm də Hamlet obrazını yaradarkən həddindən artıq əylənib. Yaxud dünyanın bəlkə də ən hüznlü romanı "Don Kixot"u yazarkən sol qolu olmayan Servantes, fikrimcə, yalnız iztirab çəkməyib, həm də öz yazdıqları ilə əylənib.

Kənan Hacı

- Ədəbiyyatın əyləndirmək, yaxud kədərləndirmək, tərbiyə etmək və ya kiminsə tərbiyəsini pozmaq kimi bir öhdəliyi olmamalıdır və yoxdur. Əylənmək istəyənlər üçün çoxlu bulvar romanları var. Ciddi ədəbiyyat əyləncə menyusu üçün deyil, insanın təfəkkür sınırlarını genişləndirmək, masştablı düşünə bilmək yetənəyini formalaşdırmaq və dünyanı bütöv halda görməsini müəyyən mənada təmin etmək üçündür. Buna görə kitab heç vaxt əyləncə aksessuarlarına daxil edilə bilməz. Əylənmək üçün istirahət məkanları var. Əyləncə və kitab, tamam fərqli məfhumlardır. Bu qədər.

Əvəz Qurbanlı

- Ədəbiyyatın missiyası yaş qruplarına görə fərqlidir. Məsələn, macəra romanları uşaqların fantaziyasını genişləndirməklə bərabər həm də əyləndirici xarakterlidir. Lakin ümumilikdə, ədəbiyyat insanları əyləndirmək üçün deyil, ayıltmaq, düşündürmək, yeni dövrə hazırlamaq, sosial-siyasi məsələlərin bədii həllini vermək və s. üçündür.

Əyyub Qiyas

- Ədəbiyyat ləzzət eləməlidir. Bunun içində əyləncə var, ya yoxdur, onu deyə biləmərəm. Amma ədəbiyyat zövq üçündür, zövq vermədisə oxuyan olmaz. Lütfən ləzzətlə zövq eyni anlamda başa düşülməsin, başqa şeylərdir onlar.

Mirmehdi Ağaoğlu

- Ədəbiyyatın əsas funksiyası əyləndirmək olan lətifə, yumor kimi növləri var. Bunu danmaq olmaz. Amma böyük ədəbiyyata gələndə sırf əyləncə tərəfləri ilə yaddaqalan, unudulmayan, oxunan əsərlər xatırlamıram. Əksinə, “Robinzon Kruzo”, “Qulliverin macəraları”, “Cəsur əsgər Şveykin macəraları” kimi nəhəng əsərlərdə yumoristik, əyləncəli tərəflər olsa da onların mesajı gülməli deyil, əksinə olduqca ağırdır. Yəni, bu əsərlərdən görürük ki, əyləncəvilik vasitə rolu oynayır, məqsəd yox. Deməli ciddi əsərlərin məqsədi heç vaxt əyləndirmək deyil. Çağdaş dünya nəsrindən bu cür əsər adları çəkmək olar. Çağdaş türk yazıçısı Murat Menteşin “Ruhi Mücərrəd” adlı romanı həm əyləndirən, həm də alt qatı olan, maraqlı texnikası, rəvan, aforistik dili olan, postmodernist gedişləri ilə bol əsərdir.

Sevinc Çılğın

- Ədəbiyyat zövq işidir. Oxu boyunca insanın hisslərində, düşüncələrində gəzişmədir, bu bəzən əyləncəli, bəzən də əzabverici ola bilir. Ədəbiyyatın əslində heç bir öhdəçiliyi yoxdur. Bütün gözəl sənətlər kimi ədəbiyyat da ərköyün, şıltaq, əhli-kef, heç nəyə tabe olmayan əyləncədir həm də. Mənim üçün ədəbiyyat nazəndə sevgilidir və sevgilinin də işi çox zaman əyləndirməkdir.

Fərid Hüseyn

- Ədəbiyyat tam yox, bədii mətnlər kimlərisə əyləndirə, könlünü aça bilər. Ancaq bu əyləncə Orxan Pamukun "Mənim adım qırmızı" romanındakı kimi struktura oturmalıdır. Yaxud da bu əyləndirmək gücü Yusif Səmədoğlunun "Deyilənlər gəldi başa" əsərindəki kimi ironik, eyni zamanda mahiyyətli olmalıdır. Müasir dövrdə ədəbiyyat mütləq marağa yönəlməlidir, ədəbiyyatla din kimi məşğul olmaq özünü doğrultmur. Ədəbiyyatla din kimi məşğul olacaqsansa oxunmayacaqsan deməli, kim o mənəvi pilləyə qalxırsa, ona əhsən deyirəm və heç bilmirəm ona bundan belə ədəbiyyat lazımdırmı?

Biz yazarların bu gün ən böyük problemlərimizdən biri xalqdan ayrı düşməyimizdir, xüsusən poeziyada. Ən urvatsız sərbəst şeir yazanlar belə hecasevər xalqımıza yuxarıdan aşağı baxır, etiraf edək bizim insanlarımızı qafiyə əyləndirir, ona görə də hər şeyə qafiyə qoşmaq şakərimiz var. Avstriya şairi Ernst Yandl demiş: “öz sözlərindən xilası mümkünsüz nə qədər hərf var”. Bax, biz günü-gündən öz sözlərdən canını qurtara bilməyən hərflərə çevrilirik. Hansısa üzüsulu bir yolla oxucuya yol tapmaq lazımdır.

Cəlil Cavanşir

- Müasir ədəbiyyatın funksiyalarından biri də əyləndirmək, əyləncə olmalıdır. Amma əyləncəli ədəbiyyat istər-istəməz ciddi ədəbiyyatdan ayrılır. Məsələn uşaq ədəbiyyatı, detektiv, fantastika, qotik ədəbiyyat, eşq romanları məncə bu qəbildəndir. Sadəcə müasir çağda ədəbiyyatın əyləncə funksiyası aktual deyil. Bu boşluğu seriallar,filmlər, şoular kifayət qədər doldurduğu üçün ədəbiyyatın boynuna ciddiyyət yüklənir. Məncə yazıçı ən ciddi romanında belə oxucunu əyləndirməyi bacarmalıdır. Müasir oxucunu ağır mətnlərlə yükləmək, oxucunu ədəbiyyatdan küsdürməkdir.

Cavid Zeynallı

- Bizim təsəvvürümüzdə əyləncə sözü başqa mənalarla, başqa rənglə assosiasiya olunur. Ona görə bu əylənmək sözünü ədəbiyyata aid edəndə bəzən insanlar qeyri-ciddi qəbul edirlər. Əslində isə ədəbiyyatın klassik təyinatını – insanı mənən zənginləşdirməyi, insana təsir etməyi, hisslərə toxunmağı nəzərə alsaq, bunun içində əyləncə də, istirahət də var. Məsələn, yadıma düşənləri deyim. Yuri Polyakovun “Süddə çəpiş” romanı, Əziz Nesinin hekayələri, Mirzə Cəlilin felyetonları və hekayələri, klassik komediyalar və s. nə qədər ciddi ədəbiyyat nümunəsidirsə, ciddi sosial mesajları özündə ehtiva edirsə, bir o qədər əyləndirir, güldürür. Yaxud lətifələri götürək. Şifahi ədəbiyyat kimi xalq arasında əyləncə və lağlağı statusu daşıyır, amma hər birinin alt qatında sosial-siyasi mesajlar var. Ona görə əylənməkdən qorxmamaq lazımdır.

Kəramət Böyükçöl

- Həmişə o fikirdə olmuşam ki, ədəbiyyatın şou tərəfi olmalıdır. Ən azı əlli-əlliyə razılaşmaq olar. Biz ədəbiyyat haqqında çox ağır sözlərlə danışırıq. Çünki çox ciddiyə alırıq. Məsələni mümkün qədər sadələşdirmək lazımdır. Bir oxucu kimi deyirəm, mən ən yaxşı şeirləri, romanları oxuyanda əylənirəm. Yəni bədii əsərin oxucuda yaratdığı sarsıntını da əyləncə kimi təqdim etməyi daha məqbul sayıram. Göz yaşı da əyləncədir. Bizdə əyləndirən yazıçılar çox azdır. Bəlkə də yoxdur. Ona görə də dünyaya pəncərə açmaq mümkün olmur. Bu sözü tam ciddi deyirəm: həyatla ədəbiyyat vasitəsilə məzələnmək lazımdır. Dünyanı ələ salmaq adama ləzzət eləyir.

Əsəd Qaraqaplan

- Yox, əksinə əyləncəni, ucuz və bayağı şeyləri kənara itələmək, onlardan beyni, ruhu təmizləmək üçündür. Ədəbiyyat əyləndirmək üçündürsə, bəs o bayağı, ucuz və əyləncəli şeylər nə üçündür?! Ümumiyyətlə, mən belə sualları absurd suallar hesab edirəm. Və qəribədir ki, anormal cəmiyyətlərdə həmişə məhz belə anormal suallar qoyulur və hadisələrə həmişə belə absurd yanaşmalar daha çox qabarıq olur. Ədəbiyyat nədir, bəlkə buna konkret cavab vermək olmaz, amma ədəbiyyat nə deyil sualına çox rahat cavab vermək olar. Ədəbiyyat həm də əyləncə deyil.

# 936 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
#
#
# # #