Kilometrlərlə dərin sevgi

Kilometrlərlə dərin sevgi
12 aprel 2011
# 09:54
Aprelin 1-də Vaşinqtonda keçirilən Beynəlxalq Sənət Sərgisində bir qadın Pol Qogenin “İki qız”əsərinə hücum edərək onu məhv etmək istəyibmiş.

Dəyəri 80 milyon dollar olan bu tablo xüsusi şəffaf qoruyucu ilə mühafizə olunduğundan əsərə qadının xətəri dəyməyib.

Pol Qogen Fransada jurnalist ailəsində doğulsa da, yeddi yaşına qədər anasının vətəni Peruda yaşamışdı.

İmpressionizmin ən məşhur rəssamlarından sayılan Qogenin yaradıcılığının zirvəsi 1891-ci ildən yaşadığı Taiti ilə bağlıdır. Uşaqlığını Peruda yaşaması onda ekzotik təbiətə hədsiz sevgi oyatmışdı. Qogen sivilizasiyanı “xəstəlik” adlandırırdı.

Somerset Moemin “Ay və qara şahı” romanı Pol Qogenin həyatından bəhs edir. Uğurlu broker olan Çarlz Strilend həyatında dönüş yaradacaq bir qərar verir: o ailəsini və işini ataraq bu vaxta qədər hobbi kimi yanaşdığı rəssamlıqla professional şəkildə məşğul olmaq üçün Fransaya gəlir.

Parisdə Striklend çox böyük məhrumiyyətlərə məruz qalır.

Yoxsulluq içində ömür sürür. Ailəsi onu qaytarmaq üçün dəfələrlə
cəhd etsə də rədd edir.

Qogenin həyatını daha yaxından öyrənmək üçün İrvinq Stounun “Yaşamaq yanğısı” əsərini də oxumaq olar. Əsər Van Qoq haqqındadır.

Van Qoq və Pol Qogen dost idilər. Van Qoqun qulağını da Qogen şpaqa ilə kəsmişdi. O mahir qılınc ustası idi.

1873-cü ildə evlənmiş Qoqen beş uşaq atası idi. Arvadını sevirdi. Cəmiyyətdə nüfuz sahibi idi. Birjada broker idi. Yaxşı qazanırdı.

Paris ətrafında böyük, rahat evi vardı. Boş vaxtlarında rəssamlıqla məşğul olurdu.

Qogen parlaq həyat yaşaya-yaşaya da rəssam ola bilərdi. Pulu vardı. İstədiyi zaman sərgilərini açdırardı və s. və ilaxır.

Qogeni hər şeyini – rahatlığını, var dövlətini, nüfuzunu, hətta arvadını və beş uşağını belə qurban verib bilinməzliyin, məchul uğurun dalınca qaçmağa vadar edən nə idi?

19-cu əsrin Parisi Klod Mone, Pol Sezann, Kamil Pissaro, Van Qoq, Tuluz-Lotrek kimi azman rəssamlarla qaynaşırdı. Parisdə rəssam olmaq kənddə lift ustası olmaqdan çətindi.

Bir tərəfdən qatlaşmalı olduğu yoxsulluq, ağır həyat tərzi, xəstəlik, əyyaşlıq və üstəgəl yenidən bir işi başlamaq çətinliyi. Özü də 37 yaşında.

“Kerri bacı”da rahat həyatını tərk edib yeni bir həyata başlamağa cəhd edən Corc Hertsvud uğursuzluğa düçar olub intihar edir.

Qısacası həyatını yenidən başamaq hər zaman baş tuta bilən sevda deyil. İllah da ömrün tən ortasında.

Qogen bunu bacardı. Bütün məhrumiyyətlərə qatlaşaraq iradəsinin gücü hesabına sevdiyi işi gördü.

İmpressionizm deyəndə Qogen yada düşür. Qogen deyəndə, insan iradəsi, əzmkarlığı və sənətə olan kilometrlərcə dərin sevgisi.
# 1268 dəfə oxunub

Oxşar xəbərlər

# # #