Dost üçün darıxan gözlər

Dost üçün darıxan gözlər
14 avqust 2015
# 15:45

...Filan küçədə, filan nömrəli evdə yaşayıram və səni gözləyirəm, gəldim səni tapmadım, gələrsən bu ünvana, “...Sən gəlməsən, özüm gəlləm...”

Biz dost idik, möhkəm dost. O qədər möhkəm ki, o, samovara çilik doğrayarkən baltanı çilik əvəzinə ayağına vuranda... balta həm də mənim ürəyimə dəymişdi elə bil, ağlamaqdan bağrım yarılırdı. Həmin vaxt aramıza mərdimazar girmişdi, küsülü idik, uşaq da olsaq bir-birimiz üçün darıxmaqdan ölürdük, amma kimsə qürurundan keçib barışığa addım atmırdı. Eşidəndə ki, balta ayağını yaralayıb var qüvvəmlə ona doğru qaçmaq istədim, istəyim yumrulanıb boğazımda qəhərə çevrildi. Düyünləndi, axşam ailədə süfrə başında o düyün boğazımdan açılıb hönkürtüyə çevrildi. Atamın tikəsi boğazında qaldı. Yoxsa, kimsə qızını elə incidib ki, uşaq açıb deyə bilmədiyindən bu hala qalıb? Qucaqladı, oxşadı, soruşdu, açıb dedim ki, Aksana ayağını kəsib, küsülü olduğumuzdan yanına gedə bilmirəm, çox narahatam, birdən ona nə isə olar. Atam gülümsədi, ayağa qalxdı, əlimdən tutub sakitcə yola düzəldi. Getdik onlara, çiyinlərimdən ağırlıq götürüldü, görüşdük, anlaşdıq, həqiqətləri bildik, daha da möhkəmləndi dostluğumuz, bizi bir daha heç kim ayıra bilmədi, heç kim.

Həyatdan qeyri...

Bir sinifdə oxuyurduq. Sevincimiz, kədərimiz, tikəmiz aramızda bölünürdü. Hər ikimiz eyni vaxtda qəbula gəldik, imtahanlararası görüşüb bir yerdə istirahət edərdik. Üç imtahandan sonra o, qəbul olundu, mən ovaxtkı qəbul qaydalarına görə, “konkursa düşdüm”. Aksana qəbul olduğu ali məktəbə getmək istəmədi, mənə görə. “Mən də səninlə qayıdıram kəndə, gələn il bir yerdə qəbul olub, oxuyarıq”-dedi. Olmaz-dedim, mən qayıdıram, məğlub deyiləm, bu bir qismətdi, gələn il qəbul olacam, inşallah, bir il fərqi ilə yenə bir yerdə olacağıq. Arxamca ağladı. O bir ili hər gün məktublaşdıq. Tətildə bir yerdə olduq, heç ayrılmadıq.

Növbəti il qəbul olundum, yenə bir yerdəydik. Onun yeni dostları ilə mənim tələbə dostlarım da dostlaşmışdılar. Ayrı-ayrı yerlərdə qalırdıq, amma bir yerdəydik. Bir yerdə gəzməyə, bir-birimizin yanına getməyimiz adi həyat tərzimiz idi. “Vaxtım yoxdu”, “gələ bilmirəm”, “Gərək bağışlayasan, işim var” və sair kimi indi aktual olan bəhanələr yanımızdan yel olub keçə bilməzdi, yox idi onlar. Münasibətlərimiz dəfələrlə çalxanıb durulmuşdu, bir-birimizə özümüzə inandığımız kimi inanırdıq, dost deyilən söz yerinə bizim üzərimizdə oturuşmuşdu.

Hər ikimizin dostları ilə onun toyunda iştirak etdik. Onu ər evinə yola salanda itirirmiş kimi ağlayırdım, düşünürdüm ki, “yad oğlu” ayıracaq bizi. O evli, mən subay, yenə ayrılmadıq. 90-cı illər idi, hələ insanlar arasında münasibətlər bu qədər uçuruma yuvarlanmamışdı. Yenə gedib-gəlir, yenə bir yerdə idik. İllər keçdi, onun övladları oldu, yaşlı ata-anası da yanında. Üstəlik sinif müəlliməsi işləyir məktəbdə. Mən də ailə qurdum, uşaqlar oldu, qayğılar artdı, üstəlik iş-güc, məsafələr uzandı. Bax, həmin yuxarıda dediyim bəhanələr bizim üçün də aktuallaşdı.

İndi çox az görüşürük, ildə-əyyamda bir dəfə, yasda, toyda, keçmiş tanışlar kimi. Anası xəstə yatanda tez-tez gedirdim yanına, çox istəyirdim onu da. Mənə öz övladına olan münasibəti hiss edirdim qadından. Bu xanım-xatın qadının həyatdan köçdüyünü başqalarından eşidib yasına getdim.

Bir-birimizin ad günlərinə getmirik, uşaqlarımızın şad günlərindən xəbərsiz oluruq, ya da kənardan eşidirik. Ayrı-ayrı zümrələrə mənsubuq.

Özümü tərifləməyəcəm, amma lütfən, məni hər hansı bir addım atmamaqda qınamayın. Bunun olmaması üçün, qəlbən, ruhən bir yerdə olan iki insanın bir-birinin mənəvi ehtiyacını ödəməsi üçün nə eləyə bilərdimsə elədim, olmadı. Onu da qınamayın, əminəm ki, o, da mənim kimi düşünür.

Həyat ayırdı bizi. Sadəcə içimdə orda, uzaqlarda hardasa məni çox sevən, düşünən, şadlığıma sevinən, kədərlənməyimi istəməyən, ayağıma daş dəyməsinə razı olmayan, nə olursa olsun, mənə inanan, güvənən birisi olduğunu hiss edirəm, odur məni yaşadan, dostluq məfhumunun yaşamasına inandıran.

“...Filan küçədə, filan nömrəli evdə yaşayıram və səni gözləyirəm, gəldim səni tapmadım, gələrsən bu ünvana, “...Sən gəlməsən, özüm gəlləm...”” – İkinci il qəbula gələndə məndən əvvəl yaşadığım evə gəlib qapıya qoyduğu bu “zapiska” hələ də yadımdadır. Çox darıxıram bu çağırış üçün. Hərdən istəyirəm, ona ünvanımı yazıb göndərəm, deyəm ki, səni gözləyirəm. Amma eləyə bilmirəm. Düşünürəm elə bilər ki, nə isə təmənnam var, yaxud hədiyyə alıb gətirməyini istəyirəm, fikrimdən daşınıram dərhal.

İllərdir yalnız biz yox, heç bir dost o birinin qapısına belə çağırış qoymur. Heç kim özünün yox, dostunun mənəvi ehtiyacı olanda ona – çayniki qoy, gəlirəm-demir. İnsanlıq – “evdəsən, gəlirəm”, “yeməyə nəyin var, acmışam”, “darıxdım sənin üçün”, “bu gün sizdə qalacam”, “səni heç yerə buraxmıram” kimi ifadələrə təşnədir.

Heç kimin gözünün üstündə dosta yer yoxdur. Gözlərimin üstü dostlar üçün çox darıxıb. Çayniki qoyuram üstə, gələn varmı?

# 1967 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #