news-inner
clock14:05 calendar-gray 02 İyul 2015 view-gray239 dəfə oxunub
view-gray239 dəfə oxunub

Sovet vaxtı kosmosa uçmayıblarmış - HEKAYƏ

Kulis Azad Qaradərəlinin “Uçuş” hekayəsini təqdim edir.

İyirmi il üzünü görmədiyim tanışımla gənc bir yazıçının kitabının təqdimatında qəfil rastlaşdıq və yaxın dostlar kimi görüşdük. Ayrı-ayrı şəhərlərdə yaşasaq da, telefonla hərdən danışırdıq. Budur, neçə illərdən sonra Bakıda üz-üzə gəldik. Əslində biz elə sən deyən yaxın olmamışıq, sadəcə mən rayon qəzetində çalışanda digər ziyalılar kimi o da hərdən redaksiyaya gələr, işlədiyi məktəbdə keçirdikləri tədbirləri qəzetdə işıqlandırmağımı istəyirdi. Mən də gücüm çatan köməyi əsirgəməzdim... Bir də rayon miqyaslı tədbirlərdə görüşər, salamlaşardıq.

Onun təkidilə kafelərin birində əyləşib çörək yedik, adama yüz əlli araq da vurduq... Sonra söz sözü çəkdi. Mən üzünün ifadəsini heç cür oxuya bilmədiyim (belə şeydən bir az başım çıxır: adamların üzündən nə düşündüklərini oxuya bilirəm bəzən) bu hündürboylu köntöy adamdan qəfil soruşdum:

- Sən heç uçmusan?

- Yo-ox... Qanadsız necə uçmaq olar?

- Olar... Mən uçmuşam...

- O Dedal, İkar əfsanəsini-filanı mən də oxumuşam e... Sonra uçan xalçalar-zad... Bunlar yalan-palan, yəni uydurmadı, əfsanədi...

- Hə də! Əfsanə! Mif!.. Məgər bunlara yalan demək olar? Axı bunların hansı qatındasa həqiqət var... Olmaz e, qəti olmaz ki, təyyarə, vertalyot birdən-birə yaransın?.. Əvvəl...

- Lap sovet filosofları kimi danışırsan ... Təkamül nəzəriyyəsi, sosializmin bir ölkə daxilində qalib gələ bilməsi...

- İndi sovet filosofları niprav çıxdılar? Nə təhər olur, sən sovet fəlsəfə kitabını oxuyub adam olursan...

- Dayan bir... Mən o dövrün fəlsəfi sisteminin olduğunu danmıram ki, onun fəlsəfi düşüncəsinin yanlış olduğunu deyirəm... Bir bax: Azərbaycanda Heydər Hüseynov intihar edəndən sonra universitetin fəlsəfə fakültəsini qapayıblar... Sonra da deyirsən ki, sovet fəlsəfəsi... Əgər laboratoriya bağlanıbsa, elmi təcrübə harada keçirilməlidir?! Bax, mən bu yalanın, bu sintetik fəlsəfi düşüncənin əleyhinəyəm...

- Amma uçmağın da əleyhinəsən...

- Heç gör dəxli var!? Mən niyə uçmağın əleyhinə olum ki?! Mən uçmağın yox, yalançı uçmaq fəlsəfəsinin əleyhinəyəm! Sən Pelevinin “Omon-Ra” romanını oxumusan?

- Əlbəttə, oxumuşam... Özü də rus dilində...

- Mən azərbaycanca oxumuşam... Fərqi yoxdur... Amma söhbət ondadır ki, bu romanda müəllif Sovet kosmonavtlarının kosmosa uçuşunu yalan və illüziya adlandırır... Heç bir kosmosa uçuş-zad olmayıb. Hər şey yerdə qurulan kosmik mühitdə baş verib...

- Romanda hər şey olar... Bəs həyatda? Sən bu nihilizminlə, doğrudan da, uça bilməzsən...

- Yaxşı da... Mən susdum. İndi söz sənindir. Buyur, dinləyirəm. İnanıram ki, Karlson kimi belinə ventilyator taxmamışdın...

- Yox, təbii ki, Karlsonun bura dəxli yoxdur... Mən özümdən, öz uçmağımdan bəhs edəcəkdim...

- Buyur...

- Fikrimi dağıtdın... Qoy özümə gəlim... Bunu sənə ona görə danışıram ki... Əslində, birbaşa sənə dəxli var... Nəysə...

(Adamın sifətinə baxıram. Asfalt kimi şumaldır, cansızdır, bərkdir. Hələ desən, saxtadır üzü. Saxtalığını ondan bilirəm ki, yüz əlli vurub, qəti rəngi dəyişməyib. Mən bədbaxta güzgüdə baxsan, yəqin ki, xoruz kimi qızarmışam. İndi oxu bunu, görüm necə oxuyursan...)

- Mən onda on üç yaşındaydım... İlaxır çərşənbəni axşam qeyd eləyəcəkdik... Ona görə də dərsdən çıxan kimi hamımız evə qaçırdıq ki, axşamki çərşənbəyə hazırlaşaq. Axı bizdə Novruz bayramından qabaq ilaxır çərşənbə qeyd olunur və özü də bu, Novruzdan geri qalmayan bir bayramdır. Yolaşan deyilən yerdən təzəcə keçmişdik ki, arxadan kimsə qışqırdı: “Ədə, Əfsər, Əfsər!” Mən öz adımı eşidib geri döndüm və yaxasında saplı iynə olan Nüyvər kirvəmizi gördüm. (Məni bu arvadın ərinin qucağına qoymuşdular sünnət olunanda. Sonra kişi ölüb, ögey qardaşlarımı da oğlunun qucağına qoyublar. Nənəm deyərdi ki, atamgilin dədə-baba kirvələriymişlər.) Hər dəfə bu yaraşıqlı qadını görəndə içimdə nəsə anlamadığım şeylər olurdu. İndi də dili tutulmuş kimi ona tərəf yüyürdüm. O mənə qıyqacı bir nəzər salıb, “ay maşallah, əməllicə yekəlmisən ki” dedi və qabağına qatıb evlərinə apardı. Qabaqca qarşıma bir qab südlü aş qoyub “dərsdən gəlmisən, bunu ye, sonra danışarıq” dedi. Utana-utana üstünə şəkər tozu səpilən südlüaşı qaşıqladım. Qurtaran kimi bu yaraşıqlı qadın məni güzgünün qabağına gətirdi. “Yaraşıqlı” sözünü elə-belə demirəm ha! And olsun allaha ki, bu 50-55 yaşlarında qadının yerişi, duruşu, geyim-keçimi və baxışı bir əfsanəydi. Gen alnı, iri ala gözləri, moruğu dodaqları, illah da onnan yayılan gül qoxusu huşumu başımdan çıxardırdı. Həm də o bizim kənddə bəlkə də yeganə qadındı ki, qaşlarını alırdı, üzünə ənlik-kirşan çəkirdi. Bunları nənəmlə qonşu qadının danışığından eşitmişdim. “Lotu Nüyvəri görürsənmi, aaz? Özünə baxır deyən, get-gedə cavannaşır. Biz də kəndin zillətinnən itib-batmışıq. Onnan ənlik-kirşan qoxusu gəlir, bizdən də mal poxu, pəyə iyi...”

Ağappaq əndamı, gümşü biləkləri vardı. Bir az kök idi, amma nə olsun? Mən elə sonralar da qadının kökünü istəmişəm. Qabırğası qabırğasına dəyənnən zəhləm gedir... Həəə... Dediyim kimi, atamgilin kirvəsi meşəbəyi Səfəralının anası olan bu qadın, bir ayrı gözəlliyə sahib idi. (O, bizim kəndə bayramdan-bayrama, toydan-toya gələrdi. Kiçik oğluyla qəsəbədə yaşayardı. Nənəm deyirdi ki, əri Mahmudu qatar vurub öldürəndən sonra dəmiryolçular qəsəbəsində onlara ikimərtəbəli paraxda – taxtadan tikilmiş yaşayış binasında ev vermişdilər) Qadın var ki, yaşlaşdıqca gözəlliyini itirir, Nüyvər arvad yaşlaşdıqca gözəlləşirdi.

O, hələ tamam tikilib qurtarmamış, iynə ilə ora-burası basdırılmış par-par parıldayan bir paltarlığı əynimə taxdı. Belə parçanı mən hələ heç kimdə görməmişdim! Fikir edin ki, gün suya düşür və sudakı qırçın ləpələr işıl-işıl yanır! Bax bu tam tikilməyən paltar doğrudan da alışıb yanırdı... Hə, Nüyvər arvad elə əynimdəcə pencəyin ora-burasını iynəylə basdırdı. Sonra hazır tikilib qırağa qoyulmuş qollarını da qoluma keçirib iynəylə ordan-burdan şöttələdi. Daha sonra əynimdəki köhnə finkamı (biz yaşda oğlanlara anaları – mənə isə nənəm - maşında, yaxud əldə tikdikləri beli rezinli gen şalvarlar geyindirərdilər ki, buna finka deyərdik) çıxartdırdı. Mən bir az etiraz etdim, çünki altda o vaxt işdan dediyimiz tursikim yox idi. Amma arvad, “kirvə qurban, nədən utanırsan, çıxart” deyib, finkamın ayaqlarından tutub əynimdən çıxartdı və bu vaxt hər şeyim qaldı düzdə. Arvad yançağıma bir yüngül şapalaq vurdu, sonra əlini uzadıb şeyimi tumarlaya-tumarlaya “kirvə qurban, burda nə var ki” dedi. Sonra üzümə baxıb o namnazik qaşlarını dartdı, upuzun kipriklərini oynatdı (and olsun allaha oxudum üzündəkiləri: “Boyyyy, ə sənin əməlli-başlı həcəmətin-zadın varmış ki, ay iyid ölmüyəsən!”) və təzə şalvarı əlindəki təbaşirlə üstümdə “yazdı”, iynəylə ora-burasını basdıra-basdıra, arada bir şeyimə də bilərəkdənmi, bilməyərəkdənmi toxundu... Hətta hərdən əlini oramın üstündə lap çox saxladı... Və bir də gördüm ki, mənim biyabırolmuşum özündən çıxıb, əməlli-başlı yerindən tərpənib... Hə, Nüyvər arvadın da, deyəsən, bunun belə olmasından daha çox xoşu gəldi və mənim cəmi iki qıçası olan bu par-par parıldayan təzə şalvarımın üstündə o ki var işlədi. Arada əlini uzadıb mənim yuxa yerimin üstündə saxlayır, əli ilə məni əməlli-başlı əlləyirdi. (Ya bəlkə mənə belə gəlirdi, nə bilim?! Allah mənim xasiyyətimi kəssin...) Əlbəttə, mən onun bunu bilə-bilə etdiyini qəti fikirləşmirdim. Sadəcə, bu mənim çox xoşuma gedirdi. Amma etiraf edim ki, par-par parıldayan paltar olmaq üzrə olan bu parça ( üstümdə iynə ilə ora-burasını basdırdığına görə artıq paltara oxşayırdı) daha çox xoşuma gəlirdi. Yəni, iki xoşbəxtliyin içinə birdən düşmüşdüm deyin, özümü göyün yeddi qatında sanırdım. Onunçün də, ayaqlarım hərdən yerdən üzülürdü. Və bəlkə də Nüyvər arvad mənim o arsız qulpumdan hərdən ona görə tuturdu ki, uçub harasa getməyim... Hər nəydisə, arvad heç məni buraxmaq istəmirdi... Çöldə at kişnərtisi eşidiləndə, o, tələsik özünü yığışdırdı, sonra məni güzgünün qabağında o tərəf-bu tərəfə döndərib baxdı və gülə-gülə dedi:

- Novruz bayramına bir gün qala dədəngilə bayramlığa gələciyik... Nənənə deyərsən ki, Nüyvər kirvəm bu kastumu əynimə biçib-tikdi... Analığına deyəcəyəm, göndərsin evinizə...

Alışıb-yanan kostyumu əynimdən çıxarda-çıxarda elə kostyum kimi yanan sifətimdən iki dəfə çox bərk öpdü və məni qapıdan ötürdü. (Bərk öpdü ona görə deyirəm ki, yeri göynədi.) Atın odun yükünü boşaldan Səfəralı kirvəyə salam verib çantamı kürəyimə aşıra-aşıra qaçdım evimizə. Elə qapıdan çantamı içəri atıb çölə yüyürürdüm ki, nənəm biləyimdən tutub “hara” deyə çığırdı. Dalıncan da “Bəs axı çörək yeməmisən?!” dedi.

- Nüyvər kirvəgildə süddaş yemişəm... O mən çağırıb apardı evlərinə... Əynimə kastyum biçdi, iyniynən tikdi də... Amma vermədi, dedi Novruzda dədəngilə bayramlığa gələndə gətirəcəm...

Nənəmin gözləri doldu:

- Nə irəng idi? Qəşəy idi?

- Həəə! Yanırdı eeeee! Heş kimdə heyləsi yoxdu... Rəngi.. Zaddı... Gömgöyüydü!

***

Bayram çıxdı. Amma mənim kostyumumdan xəbər çıxmadı.

(Sənə deyim ki, mən o kostyumu daha heç görmədim. Amma əynimdən də çıxartmadım ki! Bütün bayramlarda, toylarda o parıldayan rəngli paltar əynimdə olardı. Andersenin “Kral lütdür” nağılı yadındadır? Heylə bir işə mən də düşmüşdüm. O sürüşkən, o parıltılı paltarın təsiriylə mən sonsuza qədər göylərdə uçdum. Uçub-uçub gedib Nüyvər kirvəgilin evinin üstündə dayanar, bir deşik tapar, oradan bu gözəl xanıma baxar, baxardım... Səni öz canın, mənə gülmə. Arvad heç o evdə yaşamayıb sonralar. Bayramdan sonra gedib qəsəbədəki oğlunun yanında qalıb... Amma mən adətkərdə olmuşdum. Gedib oturardım o evin yuxarısındakı daşın üstündə, saatlarla o qapının açılmasını gözləyərdim. Axırda uşaqlar məni lağa qoymuşdular.

Kastyumu göydü Əfsər,

Ayrısı geydi, Əfsər.

Gözü yollarda qalıb,

Avamdı, keydi Əfsər...

Ağzımdan qaçırmışdım ki, Nüyvər kirvəm mənə bir kostyum tikib, bir kostyum tikib, alışıb yanır! Onlar da bunu bilib məni dolamışdılar... Amma özüm ölüm, mən o evin üstündəki daşda təkcə kostyuma görə oturmurdum saatlarla...)

Və bir gün nənəm məni də götürüb qəsəbəyə apardı. Bazarda gilasımızı, lobyamızı satdıq. Arada gördüm ki, nənəm hərəsindən bir az xaşanın dibində saxlayıb. Niyə saxladığını soruşdum, cavab vermədi. Qəsəbənin kənarındakı parax dedikləri ikimərtəbəli binanın yanında dayanıb, eşşəyi kölgədə bağladıq. Nənəm birinci mərtəbədəki qapını döydü. Nüyvər arvad, dalınca da iki balaca qız çölə çıxdı. Nənəmi qucaqlayıb öpdü. Nənəm də könlüsüz-könülsüz onu öpdü. Arvad məni özünə tərəf çəkib hər iki yanağımdan marçıldatdı. Və mən də gözucu baxdım ki, arvad elə bil bir azcana sınıxıb. Amma gözəlliyi üstündəydi.

İçəri keçdik və nənəm xaşaları çevirdi, gilasla lobya döşəməyə töküldü. Nüyvər arvadın elə bil çiçəyi çırtladı. Döşəmədəkiləri gətirdiyi süzgəcə yığa-yığa “payın çox olsun, əlinizi yuyun, yeməyim hazırdı” dedi. Nənəm hardasa gedib əlini yudu, amma mən getmədim. Az sonra arvad süfrə saldı, çay-çörək gətirdi. Çox dadlı bişirdiyi şorbanı yeyirdik ki, nənəm dedi:

- A Nüyvər, mənim gədəmi niyə umsux elədin? İndi adam dədəsiz olanda beləmi eliyəllər?

(Hə, atam anamla mən balaca olanda ayrılıblar. Atam ayrı arvad alıb, bir sürü uşağı var. Anam da hardasa uzaq bir rayonda ərdədir, 3-4 ildən bir azıb-təzib gəlir nənəmgilə. Mənə də paltar-filan gətirir. Babamla nənəmin canı sağ olsun! Heç onun paltarına-zadına qalmamışam! Amma anadı, nə gizlədim... İstəyirdim tez-tez gəlsin.)

Nüyvər arvad içini çəkdi:

- Uyyyyy! Ay Zəriş, nə danışdığındı?! Səfəralının, Nuralının canı haqqı, kirvənin o biri uşaqlarının bayram paylarıyla birlikdə əlimnən gətirib vermişdim Səmərqəndə!.. O nə sözdü?! Vermiyiplərmi? Dedim e, qoyun uşağı çağırım, geyindirim əllərimlə, Səmərqənd qayıtdı ki, axşama çağırıb Zərişə verəciyik... Bıy-bıy, az, bı nə işdi az?! Deyirəm axı, kirvənin arvadı maa göz-qaş eliyirdi... Annamamışam... Qaynanası Səmərqəndi göstərib, göz-qaş eliyirdi... Uyyyy... Belə işmi olar?

Nənəm özü demişkən, oxun atmışdı, daha yayını gizləmədi:

- Örgənmişəm, Səmərqənd oğlunun Malbinəsindəki kirvəsi Qulunun gədəsinə aparıb o kastumu... Neynək, allah onnara bildiyincən versin... Mənim uşağımın paltarının nəyidi?! İntihası, adamı mars eləməzdər... Bir görəydin uşax sizdən nə kökdə gəlmişdi?! Uçmağa qanadı yoxuydu...

- Allah, allah!.. Bı nə işdi ay Zəriş, sən bilirsən ki, heş kim mənim yayımı əlliyə bilməz! Amma o Səmərqənd məni pərt elədi bı cocuğun yanında... Səni qardaşıın goru, səni Mahmud yatan torpaq, iki dəyqa məni gözdə, gəlirəm!...

Arvad yan otağa keçib bir az orada eşələnəndən sonra əlində bir qolsuz köynək qayıtdı və dedi:

- Zəriş, o olsun Səmərqənd, mən olum Nüyvər... Neynək... Səni o kəsdiyin çörək, bax bı teniskanı nəvaa pay qoyuram... Neynəy, qoy belə olsun...

Nüyvər arvad əynimdəki üstündə çilləri olan qollu köynəyi bir göz qırpımında çəkib çıxartdı, o qısaqol köynəyi geydirdi mənə və güzgünün yanına aparıb saçımı əlləriynən geri daradı. Çəkib sinəsinə sıxdı, o üzümdən, bu üzümdən bir də öpdü və dedi:

- Sağlığına qismət?

Nənəm də nəsə dedi. Guya etiraz edirdi-filan...

Mən isə köynəkdən çox bu xanım-xatın arvada baxır və onun üzümdən aldığı öpüş yerlərinin od tutub yandığının hayındaydım...

Mən bax ikinci dəfə onda uçmuşam... Özü də məndən azı qırx yaş böyük olan bu gözəl qadına – mənim ilk məhəbbətimə əməlli-başlı vurulmuşdum. Gecələr yata bilmirdim. Elə hey o yaşlı qadın məni soyundurur, geyindirirdi...

Mən susdum. Dostum isə qarnını tutaraq qəhqəhə çəkib gülürdü. Gözləri yaşarıncan güldü və birdən təəccüblə mənə baxdı:

- Dayan! Dayan! Belə çıxır ki, o kostyumu mənə gətirmişdilər?

Mən çiyinlərimi çəkdim:

- Atamın sizin kənddə sizdən başqa kirvəsimi vardı? Və mənim yaşıdım oğlan da səndin? Bəlkə boynundan atasan?

O acı-acı güldü:

- O kostyum yadımdadır... Lastik parçadandı, həqiqətən o zamançün bahalı materialdı, amma məni heç uçurtmadı ki...

Mən gülümsündüm:

- Amma üstündən 45 ildən çox vaxt keçib, Nüyvər arvadın sümükləri də çürüyüb, mən hələ də uçuram... Və bir də söz deyim sənə: bu uzun illərdə bir şeyi də anladım: uçmaqçün təkcə qanad kifayət etmirmiş...

İyun, 2015

news-inner-user

17102 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

İşğaldan azad olunan 700 yaşlı abidəmiz
18:52 25 Noyabr 2020
“Can Qarabağ” deyən uşaqlar
18:10 25 Noyabr 2020
Erməniyə zorla ərə verilən qızın Xocalıdan qaçış planı - Yeni hekayə
17:29 25 Noyabr 2020
Azərbaycanlı yazarın pyesi Batumidə tamaşaya qoyulacaq
16:49 25 Noyabr 2020
Azərbaycanlı yazıçı dünyasını dəyişdi
16:04 25 Noyabr 2020
"Yetim qızsan, qıvrıl, yat!" - Seymur Baycandan Aqşin Yeniseyə sərt tənqid
15:20 25 Noyabr 2020
Kəlbəcərli şair Sücaətin qardaşı: “Onun baş daşına ölüm tarixi yazılmayıb” – Müsahibə
14:40 25 Noyabr 2020
Məşhur aktrisa vəfat etdi
13:57 25 Noyabr 2020
“Qırmızı papaq” tamaşası onlayn nümayiş etdiriləcək
13:15 25 Noyabr 2020
“Qapımıza dizin-dizin gedəcəm” – Kəlbəcərlilər Qələbə sevincini bölüşür
12:34 25 Noyabr 2020
Tərəf müqabili ilə üçaylıq sevgi yaşadı, evi olmadığı üçün qarajda qaldı, iki dəfə intihara cəhd etdi – Ötən gün vəfat edən Xalq artisti
12:08 25 Noyabr 2020
Məşhur rəssam 101 yaşında vəfat edib
11:30 25 Noyabr 2020
Mıxı mismara döndərən Kəlbəcər – Şərif Ağayar yazır...
11:04 25 Noyabr 2020
Hadisə koronavirusa yoluxdu
10:21 25 Noyabr 2020
Elşən Xəzər: “Anam dedi, südümü sənə halal eləmərəm” – Müsahibə
09:00 25 Noyabr 2020
Tank lüləsində striptiz- Dahiyanə filmlər
21:00 24 Noyabr 2020
“Zorla erməniləşdirmə” sənədli filmi təqdim olunub
19:40 24 Noyabr 2020
Bakı Kitab Mərkəzinə 100-dən çox ərəb dilində kitab hədiyyə olunub
19:37 24 Noyabr 2020
Xalq artisti Əjdər Həmidov vəfat etdi
18:50 24 Noyabr 2020
Xocalı haqda film Tehran festivalının əsas müsabiqəsində
18:21 24 Noyabr 2020