Əclafcasına səmimi

Əclafcasına səmimi
30 iyun 2015
# 14:52

Yəqin ki, səs yarışmalarında belə bir mənzərənin şahidi olmusunuz, qəfildən oxumağa başlayan bir iştirakçı elə ağzını açan kimi həm zaldakıları, həm səhnədəkiləri sanki ovsunlayır. O an yalnız zövqünə arxalanan sadə tamaşaçılar da, sənətin bütün sirlərinə vaqif münsiflər də eyni qərara gəlir: “Gözəl oxuyur”.

Yenicə çapdan çıxmış “Sözün sağlığına” adlı kitabın müəllifi haqda fikirlərimi ifadə etmək üçün ağlıma daha dəqiq müqayisə gəlmədi. Çünki əminəm, bu imzayla bağlı sadə oxucuları da, sənətin bütün incəliklərini bilən yazıçıları da eyni fikir birləşdirir: “Gözəl yazır”.

Bilmirəm, ədəbiyyatla musiqinin müqayisəsi nə dərəcədə məqsədəuyğundu, dediyim odu ki, oxuyan üçün orijinal səs nə qədər önəmlidirsə, yazan üçün də fərdi üslub o qədər vacibdi.

Bəli, Aydın Canıyev həmin o uşaq kimi nə tamaşaçıları, nə münsifləri nəzərə almadan, öz-özünə zümzümə edirmiş kimi, ətrafındakı səsləri susdurmaq üçün yazır. Bütün ədəbi priyomlardan imtina edərək, öz təkrarsız üslubunda gözlənilməz zəngulələr, “şirinliklər” yaparaq, zilə qalxıb, bəmə düşərək, hətta hərdən “xaric vuraraq”.

Baxmayaraq ki, o, söz sənəti olan jurnalistika fakültəsində sözü bilən müəllimlərdən dərs alıb, dünya ədəbiyyatından yaxşı mütaliəsi var, bir müddət Moskvada rus qəzetlərində redaktor olub, dil məsələlərində dilçilərlə davaya çıxacaq qədər inamlıdı, müasir ədəbi prosesdən tənqidçi kimi, musiqidən musiqişünas kimi, siyasətdən siyasətçi kimi yazmağı bacarır, amma bütün bu görüb-götürdüklərini bədii yaradıcılığına yükləməyib. Qırx yeddi illik ömrün tortasından uzaq, hələ də həmin o yarışmaya qatılan uşaq kimi təmiz səslə “oxumağı” bacarır.

Çünki o, nə tamaşaçıdı, nə münsif, nə seyrçi olmağa səbri çatır, nə juri olmağa həvəsi var. Aşağıdakılardan fərqli olaraq, mükəmməl ifa bacarığına malikdir, yuxarıdakılardan fərqli olaraq, özünü istədiyi kimi ifadə etmək sərbəstliyinə. Dağda, bağda budaqdan-budağa qonaraq oxumaq lüksünü münsiflik iddiasına satmaq fikri yoxdu, nə kürsüdədi, nə zalda, ona görə də həmişə ürəkdən “ifa etmək” səlahiyyətini saxlayır. Bir də kefi istəyəndə “xaric vurmaq” azadlığını...

Biz yaşlandıqca, nə istədiyimizi bildikcə, hədəfimizə doğru daha kəsə getməyi bacardıqca, özümüzü azadlıqdan daha çox məhrum etdikcə içimizdə bir uşaq öldürdüyümüzün fərqində deyilik. Amma nə qədər “doymuş məhlul” olsaq da, nə qədər münsiflər heyətində otursaq da, həmişə bizi silkələyən təmiz bir uşaq səsinə ehtiyacımız var. Hər sözün düzünü deməyi ar bilməyən, “kral lütdür” deyə qışqıran uşaq cəsarətinə.

Ona görə də ətrafımızda az-az tapılan, hələ də içindəki uşağa qıymamış adamları görəndə silkələnirik, qulaqların pasını təmizləyən bir səs eşitmiş kimi diksinirik. Yanlarından ötüb keçsək də, görməzlikdən gəlmirik, ətini yesək də, sümüyünü atmırıq. Özünü “oxumasaq” da, sözünü oxuyuruq. Elə bu səbəbdən yalnız zövqünə arxalanan oxuculardan tutmuş, sənətin bütün bicliklərini bilən yazıçılara qədər inanmıram, kimsə Aydın Canıyev imzasını etiraf eləməsin. Bu süni şöhrətə hesablanmış şişirtmə qiymət deyil, həqiqətin özü kimi aksiomdu.

Hətta bəzən dostları zarafatla ona deyirlər, sən əclafcasına yaxşı yazarsan. Mən bu fikri bir az da dəqiqləşdirərdim, o, əclafcasına, daha düzgünü, insafsızcasına səmimi yazardı, bir az da dərinə gedəndə o, sadəcə olaraq, insafsızcasına səmimi insandı. Çünki bütün təşbehlər məhz insan sözündən sonra gəlir... və bütün tilsim də elə bunda - xarakter məsələsindədi, səmimiyyətə sadiq qalmaq üçün bəzən əclaf görünməyi də, insafsız olmağı da gözə almaqda.

Aydın Canıyevin bu - hələlik yeganə kitabını “top on” adlandırmaq olar. Kitab on onluqdan ibarətdir və hər onluqda ayrı janrlar verilib. Amma içərik gül çələngi kimi nə qədər rəngarəng olsa da, kitabda bütün janrları birləşdirən eyni ruh hakimdi. Nə yazıçılıq, nə şairlik iddiası olmasa da, müəllif bu on şeirdə şair, on hekayədə yazıçı, on essede esseistdi. Hətta müsahibələrində belə öz üslubunu nümayiş etdirən, bədii publisistikanın haqqını verən qələm adamı.

O yazar ki, bütün təbliğ və tənqid etdiklərinin, dostların və düşmənlərin, zalda və kürsüdə oturanların qarşısına, çoxlarının layiq olub-olmadan at oynatdığı ədəbiyyat meydanına “Sözün sağlığına” adlı kitabıyla çıxır. O kitabla ki, söz haqqında deyilmiş və deyiləcək ən özəl tostlardan biri olacaq.

Fikrimi sübut eləmək üçün mən bu kitabdan hər hansı yazını, hər hansı fikri, cümləni, misranı, abzası əminliklə misal gətirə bilərəm, amma buna ehtiyac duymuram. Çünki bu, ənənəvi bir resenziyadan çox, səmimi bir həmkar sözüdür.

Çoxumuzu oxuyan, haqqımızda xoş söz yazan, yeni əsərlərə Azərbaycan ədəbiyyatı adına sevinən, yaxşı şeyləri qiymətləndirmək səxavətinə malik, hərdən oxucu, hərdən tənqidçi, hər zaman isə yazar olan Aydın Canıyevin bu kitabı haqda əsl sözü isə oxucular deyəcək.

Bir sözlə, “Sözün sağlığına” kitabını sağlıqla oxuyun...

# 850 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #