Şəlalə Göytürk Murad Köhnəqala ilə birlikdə yazdığı kitabdan danışdı

Şəlalə Göytürk Murad Köhnəqala ilə birlikdə yazdığı kitabdan danışdı
23 iyun 2015
# 16:52

Murad Köhnəqala və Şəlalə Göytürkün həmmüəllifi olduğu “Nizami Cəfərovla Türk dünyasına səyahət” kitabı işıq üzü görüb. Şəlalə Göytürklə kitab haqqında söhbətləşdik.



- Şəlalə xanım, ilk kitabınızın çıxması münasibətilə sizi təbrik edirik. Kitab nələrdən bəhs edir, tədqiqat mövzusu nədir?

- Təşəkkür edirəm. Adından göründüyü kimi kitab türkoloji araşdırmalar sırasından bir topludur. Bu kitabı ümumtürk dili və ədəbiyyatı tarixinin ən qədim dövrlərindən tutmuş, “Kitabi-Dədə-Qorqud” dastanlarının yazıya alınmasına qədər olan tarixi mərhələnin müxtəlif yönlərdən araşdırılması hesab etmək olar. Kitab girişdən və ayrı-ayrı yarımhissələr də daxil olmaqla, beş fəsildən ibarətdir. “Ümumtürk dili və ədəbiyyatına qısa səyahət”, “Türk ədəbiyyatı islamiyyətdən öncə”, “Mifologiya və eposçuluq”, “Dədə Qorqud işığında” və “Azərbaycan intibahı”.


Bölümlərin hər biri, geniş tədqiqatlar tələb edən, lakin maksimum dərəcədə yığcamlaşdırılmış, lakonik qəlibə salınmış mövzuları əhatə edir. Mövzuları maksimum dərəcədə sıxışdırmaqla, biz, bu kitabı türkologiya ilə maraqlananlar üçün qısa məlumat toplusu kimi hazırlamağı nəzərdə tutsaq da, kitab təkcə informatik xarakter daşımır. Tarixi faktlarla müqayisəli analizlər, mübahisəli məsələlər, müəlliflərin şəxsi yanaşmaları da burada yer alır. Hesab edirəm ki, Murad Köhnəqala ilə birlikdə yazdığımız bu kitab Türk dünyasına səyahət etmək istəyənlər üçün yaxşı bələdçi olacaq.

- Nə üçün məhz “Nizami Cəfərovla Türk dünyasına səyahət”?

- Bu kitabı yazmağa başladığımızda Azərbaycan türkologiyasında aparılan araşdırmalarla maraqlandıq. Bizdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu “Türkologiya” jurnalı buraxır. Həmin jurnal “Sovet Türkologiyası” dərgisinin varisidir. Haradasa, subyektiv fikir kimi görünə bilər, amma Aydın Məmmədov dönəmini çıxmaq şərtilə, Sovet alimləri türk xalqlarının dili, tarixi və coğrafiyasını tarixi gerçəklik əsasında deyil, SSRİ-nin ideoloji məqsədlərinə xidmət edən saxta iddialarla yazırdılar. Buna görə də Azərbaycanda (eləcə də keçmiş SSRİ-nin tərkibindəki digər türk dövlətlərində də) türkologiya haqda normal elmi ədəbiyyat tapmaq kosmosda həyat tapmaq kimi bir şeydir. Elə bu mövzular üzərində vurnuxduğumuz zaman professor Nizami Cəfərovun “Seçilmiş əsərləri”nin beş cildliyi əlimə keçdi. Nizami müəllimi bu vaxtadək orta məktəb dərsliklərindən Azərbaycan dili və ədəbiyyatını bizə yüksək səviyyədə öyrədən bir müəllim kimi tanıyırdım. Onun “Seçilmiş əsərləri”nin beş cildliyinə daxil olan məqalələrini oxuduqdan sonra tarixən mövcud olmuş vahid ümumtürkcənin parçalanması və ayrılması, bunları əhatə edən mürəkkəb etnolinqvistik proseslər, türk xalqlarının bölünərək, ayrı-ayrılıqda müstəqil dil və mədəniyyətlər yaratması, bu xalqlar arasında əlaqə və münasibətlərin tarixi inkişafı, Azərbaycanda vahid dilin və mədəniyyətin meydana gəlməsi, Azərbaycan xalqının təşəkkülü, türk ədəbiyyatında eposçuluq təfəkkürü, ümumtürk dastanlarının milli ədəbiyyat hadisəsinə çevrilməsi, mürəkkəb tarixi şəraitlər zəminində türk xalqlarının, o cümlədən Azərbaycan xalqının məqsədli şəkildə öz genetik kimliyindən uzaqlaşdırılması və s. kimi çox ciddi məsələlərin akademik tədqiqi ilə tanış olduq.

Bundan əlavə, müstəqillik dövrümüzdə çıxan bəzi dərgilərin materiallarından, internet resurslarından faydalanaraq, dünyaca məşhur türkoloqlar – Bartoldun, Radloffun, Anna Marie fon Qabeinin, Lev Qumilyovun, Osman Nedim Tunanın, Zeki Velidi Toğanın və digər ünlü bilginlərin yaradıcılığına baş vurduq.


Professor Nizami Cəfərovun mükəmməl analitikası isə bizə bu kitabın süjetini idarə etməkdə böyük yardımçı oldu.


Yeri gəlmişkən, onu deməliyəm ki, Nizami müəllimin rəhbərlik etdiyi Azərbaycan Atatürk Mərkəzinin 2006-2007-ci illərdə buraxdığı IV cildlik “Türk Xalqları Ədəbiyyatı” ensiklopedik silsiləsi ümumtürk ədəbiyyatını xronoloji ardıcıllıqla öyrənmək üçün qiymətli mənbədir.

- Sizcə, bu gün Türkologiya ilə bir elm sahəsi kimi məşğul olmaq nə dərəcədə vacibdir?

- Dünyada Hind-Avropa, Roman-German, Slavyan dilləri, dil qrupları, xalqları, bunların coğrafiyası bir elm sahəsi kimi necə ciddi şəkildə öyrənilirsə, Türkologiya, Türkbilimi də dünya regionşünaslıq elminin bir hissəsi kimi bu elmi tədqiqatların bir predmetidir. Türkologiya elm kimi Qərbdə yaranıb, formalaşıb. Türk xalqlarının tarixi və türk dillərini tədqiq edən ilk institut 1795-ci ildə Parisdə açılıb. Bundan sonra Macarıstanda, Almaniyada, ABŞ-da, Qərbi Avropanın bir çox ölkələrində türk ocaqları, türkologiya institutları fəaliyyətə başlayıb. Təkcə ABŞ-da iyirmiyə yaxın türkoloji tədqiqat mərkəzi fəaliyyət göstərir. Amma nə yazıq ki, Avropada türk ocaqları açılanda, Osmanlı dövlətinin içində ərəb-fars mühiti hökm sürürdü. Qərb türkləri öyrənməklə məşğul ikən, türk saraylarında ərəbcə düşünür, farsca yazıb oxuyurdular. Türkiyədə Türklük bilimi Mustafa Kamal Atatürkün islahatlarından sonra dirçəlməyə başladı.


Bu mənada Türkologiya - türk dilləri, ədəbiyyatı, tarixi, dinləri və türk toplumlarının maddi-mənəvi mədəniyyətini sistematik şəkildə toplayan, araşdıran ciddi elm sahəsi olaraq bütün dünyada öyrənilir. Yəni, türkün kim olduğunu özündən başqa hamı yaxşı bilir...

- Bu sahədə növbəti çalışmalarınız olacaqmı?

- Müştərək işləmək çox çətindir. Müəlliflərin fikirləri toqquşur, mübahisələr uzanır, iş prosesini ləngiyir. Həm də Murad bəyin işlərinin çoxluğunu nəzərə alaraq, düşünürəm ki, növbəti araşdırmaya tək başlamalı olacağam.

# 863 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
#
#
# # #