Qəlbin iki dastanında eşq

Qəlbin iki dastanında eşq
23 iyun 2015
# 11:04

Tehran Əlişanoğlu

Bədirxan Əhmədovun 60 yaşına esse

Bədirxan Əhmədov və mən. Deyən, heç bir-birimizi sevmirik, hətta qısqanırıq da. Kimə, nəyə? Təbii ki, elmə, ədəbiyyata. Zarafat deyil, aramızda XX əsr Azərbaycan ədəbiyyatı denilən böyük bir sevgi durur; eyni bir ədəbiyyata, eyni tədqiqat predmetinə aşiqik...

Mənim bir monoqrafiyam var: “XX əsr Azərbaycan nəsrinin poetikası” (Bakı, “Elm”, 2006). B.Əhmədovun üç cilddə “XX əsr Azərbaycan ədəbiyyatı tarixi”: I cild (Bakı, “Elm və təhsil”, 2011), II cild (Bakı, 2010)... 3-cü cildi tamamlamamış, hər üçünü ümumiləşdirən daha bir sanballı monoqrafiya hasilə gətirmişdir: “XX yüzil Azərbaycan ədəbiyyatı. Mərhələlər. İstiqamətlər. Problemlər” (Bakı, “Elm və təhsil”, 2015)... Deyə bilərsiz, nə olsun ki, bir az qabaq Şirindil Alışanlı da bütünlükdə XX əsr ədəbi-nəzəri fikrini ehtiva edən bir monoqrafiya ortaya qoymadımı: “Müasir humanitar təfəkkür və Azərbaycan ədəbiyyatşünaslığı” (Bakı, “Elm”, 2011). Yaxud lap dünənin söhbətidir, Əlizadə Əsgərli qollarını çırmayıb təkbaşına “XX əsr Azərbaycan şeirinin poetikası”nı (Bakı, “Apostrof”, 2014) yazmağa cürət etmədimi?!

Elə deyil; gəlin məsələni qəlizləşdirməyək... Bu günlərdə Bədirxan Əhmədovun qəfil 60 yaşı tamam oldu. Qəfil deyirəm; siz bu qaragöz-qarasaç-qıvraq-şux- şümal görkəmli- şax qamətli cavan oğlana heç 60 yaş verərsizmi? Mən vermirəm; indi bəlkə Ədəbiyyat İnstitutunun dəhlizləri boyu dolu-dolu, asta-çevik, qocayana yerişindən, o da, ə tövbə, biləndən sonra. Mən burda durub iki beşimi (55) bayram elədiyim girəvədə baxıb görürəm, əğyar daha beş il qabağa düşüb... Ay səni, Bədirxan müəllim!

Mənim bir konseptual məqaləm də var: “XX əsr ədəbiyyatı – tarixi-tipoloji vahid kimi”; əvvəlcə “XX əsr Azərbaycan ədəbiyyatının öyrənilməsinin metodoloji problemlərinə dair” şöbəmizdə məruzə edib, bu adla Tənqid.net jurnalının 1-ci, 2006-cı il sayında dərc etdirmişəm. Məğzi: XX əsr ədəbiyyatını həm yanaşmalardakı tipoloji ikilikdən (XX əsr və sovet dövrü), həm də təsviri-xronoloji anlamlardan (1901-2000) xilas edib, bir vahid kimi silkəmək, canında XIX əsrin tarixi borclarından nə varsa ələyib (maarifçilik, romantizm hərəkatı), yerinə otuzdurmaq niyyətlərindən ibarətiydi. Doğrudur, o zaman ideyanı yanlış şəkildə: XX əsri mexaniki bütövləmək, birləşdirmək (hətta inzibati olaraq şöbələr arasındakı sərhədləri ləğv etmək) kimi anlayıb öz adına çıxanlar, dərhal məqalə (...) çap etdirənlər də oldu. Amma Bədirxan Əhmədov nə danışdı, nə polemikaya girdi, sakitcə ağır zəhmətə qatlaşaraq, düz beş il sonra (Ax, beş ilin müdrikliyi!) “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” adlı dərsliyini (2010-2011) ortaya qoydu. Və bununla da Mir Cəlal və Firidun Hüseynovun ali məktəblər üçün klassik dərsliyindən sonra (ilk nəşri 1982 , son nəşri 2007) “XX əsr Azərbaycan ədəbiyyatı” anlayışını yeni mündəricədə birdəfəlik olaraq öz adına bağladı...

Allah Bədirxan müəllimdən razı olsun, tədrisi əhəmiyyəti və habelə gücünə görə, mən bu dərslikdən çox razıyam; müxtəlif ali məktəblərdə tələbələrimə oxuduram da. Tələbələr də çox razıdır, xüsusən dərsliyin I cildindən, gəl ki, tapılmamasından narazı olub, daim təkrar nəşrini tələb edirlər. Bu öz yerində. Amma baxın, o elmi problem ki, aktuallığına zamin durmuşdum, akademik həllini tapmayıb ki dərslikdə. XX yüzili “milli hərəkatın mənbə və qaynaqları”nda axtara-axtara (düz 26 səhifə!) B.Əhmədov gedib çıxır XIX əsrin ortalarına (maarifçiliyə), hətta bir az da o yana; ilk ədəbi hərəkat “Füyuzatçılığa” (romantizm) və “Molla Nəsrəddinçiliyə” (realizm) gəlib çatmaq üçün daha bir az (20 səhifə!) ləngiməli olur. Təbii, “XX əsr Azərbaycan nəsrinin poetikası”nı işlərkən mən də eyni problemlərlə (maarifçilikdən romantizmə keçid) üzləşmişdim (düz 60 səhifə!); milli romantizm hərəkatı öz-özünə, boş yerdə formalaşa bilməz ki... İndi bunu burda, əvvəldə qoyub, tutaq ki, keçdik XX yüzilin sonuna: yenə milli istiqlal hərəkatı, müstəqilliyin bərpası, millət idealı, romantizm, realizm... Paho!, sonra da deyirik, nədən Avropadan iki əsr geri qalırıq?! Görün bir, bu milli borc hissi (romantizmdən romantizmə!) xirtdəyimizdən necə yapışıb-qalıbdı ki, XX yüzil nədən başladı, haraya getdi, necə bitdi... – hələ də ayırd edib başa vurammamışıq.

İnsafən, Bədirxan Əhmədovun XX əsr tədqiqləri daha əvvəl başlanır; sırf XX əsr predmeti – “Sabit Rəhmanın satirası” namizədlik işindən (1986). Sonra da eyni templə davam edib: “Sabit Rəhmanın satirası” (1998), “Azərbaycan satirasının inkişaf problemləri” (2000), “Bir istiqlal yolçusu” (2003), “Əmin Abid. Seçilmiş əsərləri” (2005), “Sabit Rəhman: həyatı, mühiti, yaradıcılığı” (2010) kitablarında, habelə “Azərbaycan satirasının inkişaf problemləri (1920-1980-ci illər)” mövzusunda doktorluğunda qanunauyğun təsbitini və təsdiqini tapır. Mən isə o vaxtlar hələ sovet ruslarının tənqid publisistikasına uyub, ədəbi tənqidin nəzəriyyəsi ilə məşğuldum, namizədliyimi də elə Azərbaycan tənqidinin sovet problemlərindən yazmışdım: 1960-1980-ci illər tənqidinin üslubları. XX yüzilin tədqiqlərinə, 1989-da S.Rəhimovun “Şamo”sundan başladım, sırf əsr problemi kimi (“Tarixin həqiqəti, ədəbiyyatın şahidliyi”); sonra da doktorluq işim (1993-1995) – nəsrin poetikası...

Bədirxan Əhmədovu ilk dəfə, gərək ki, 1999-cu il idi, “Ekspress” qəzetindən tanımışam. Gərək ki, Beydulla Musayevin gündəliklərini çap etdirirdi qəzetdə; redaksiyada rastlaşıb sevincək, əsl ədəbiyyat sevdalısı tək bir xeyli tərif söylədim şəninə. Ləzzətlə susub (sanki gördüyü işin lüzümunu ondan artıq biləcəkdim!), sonra hələ nə qədər də bu növ görüləsi işlərin olduğunu vurğuladı. Mətbuata mən “poetika”dan gəlmişdim, “Ekspress”də ardıcıl tənqid yazıları ilə çıxış edirdim; Bədirxan Əhmədov birbaşa “arxivlər”dən! Hələ indi bilirəm, demə, yubilyarımız Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin poleoqrafı, baş poleoqrafı, şöbə midiri vəzifələrində çalışıbmış (1983-1990)! Sonrakı fəliyyətində və taleyində bu faktorun özəl və özül rolu, şəksiz ki, danılmazdır... Ax, bu həyat müdrikliyi! Bütün 90-cı illər uzunu mən mətbuatda yalın əllə poetika və ədəbiyyat savaşı edəndə, Bədirxan Əhmədov həyatın içindən və mübarizələrdən keçmiş, Qarabağ müharibəsi veteranı olmuş, Müdafiə Nazirliyinin orqanı “Azərbaycan ordusu” qəzetinin şöbə müdiri və baş redaktorun müavini vəzifələrində çalışmış, 1999-cu ildən kapitan rütbəsində ehtiyata və istefaya çıxmışdı...

Bir daha biz pedaqoji missiyada, BSU-da rastlaşdıq; gərək ki, 2001 idi. Isti söhbətlərimizdən birində heç də çoxsözlü olmayan Bədirxan müəllim bir neçə çizgidə özündən, həyat tarixçəsindən danışdı. Nə sehr idisə, yadımda qalan bu oldu: nəsənsə, harda-nə vaxt- nəçisənsə, çalış özün ol! Və İdealllar öz yerində, etiraf edim ki, o zamandan mən zaman-zaman praktik həyatı Bədirxan Əhmədovdan öyrənməkdən çəkinmədim. Gəl ki, haçan, hara getdimsə, həmişə onu özümdən bir addım irəlidə gördüm (Ax, bu beş ilin üstünlüyü!). BSU-ya mən rektor Kamal Abdullanın hüzuruna gəlmişdim; ədəbiyyat dostluğu möhkəm olur, - deyirlər... Amma Bədirxan Əhmədov daha müdrik həyati əsaslara söykənirdi, prorektor Asif Hacılı da onun təki Qərbi Azərbaycandan idi.... Hər ikimiz gözəl komparavist xanım Rəhilə Qeybullayevanın rəhbərliyi altında “Azərbaycan ədəbiyyatı” kafedrasında külüng çalmağa başladıq...

İntəhası, Bədirxan müəllim məni qabaqlamışdı deyə, filolojidə bütün dərslər onun payına düşdü; bayaqdan bəri başına dolandığımız “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” dərsliyini yazmaq da onun halal haqqıydı. Tahirə Məmməd “XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyini (Bakı, “Apostrof”, 2010) yazdı; mənə isə qaldı borc hissi və götürüb magistrantlar üçün “Müstəqillik illəri Azərbaycan ədəbiyyatı”nı (Bakı, “Qanun”, 2013) qələmə aldım. Onu da deyim ki, Bədirxan Əhmədovun tərcümeyi-halının ən parlaq səhifələrindən olan BSU mərhələsini nədənsə rəsmi ömürlüyündə görmədim; halbuki burda onu sevir, anır, akademik uğurlarına sayğıyla yanaşırlar (məxsusən də tələbələri!). İşə baxın ki, belə bir rəsmi xəta mənim də bioqrafimdə yer tapıb; ömrümün səkkiz ilini (1996-2004) itirdiyim AYB-nin “Ədəbiyyat qəzeti”ndəki fəaliyyətim əmək kitabçamdan yan keçib...

Hər ikimiz ömrün qayğılı dolaylarında dolaşıb qalmış doktorluq işinə eyni zamanda, 2005-də qayıtdıq; Bədirxan Əhmədov yenə qabağa düşmək istədi, olsa-olsa, bir neçə ay. Şeytan məni qıdıqladı, qoymadım; rəhmətlik Bəkir müəllimin (akademik Bəkir Nəbiyevin) vaxtlarıydı, Ədəbiyyat İnstitutunda əməlli-başlı “doktorluq növbəsi” yaranmışdı. Demə, bu da bir aldadıcı fənd imiş, hər ikimizi arxada qoyub dostumuz Vüqar Əhmədlini irəli buraxdılar... Ax bu həyat məntiqi!, bu dəfə Bədirxan Əhmədov jest edib məni də qabağa (bir ay əvvələ) buraxdı. Onsuz da rəsmən filoloji elmlər doktoru dərəcə diplomunu eyni vaxtda, 2006-nın iyununda alacaqmışıq... Əvəzində, Bədirxan müəllim pedaqoji mövqelərində irəli gedib, dosent oldu, professor oldu,Türkiyə Universitetlərinə çıxdı; mənim bundan heç xəbərim olmadı. Başım qarışmışdı Tənqid.net jurnalına, ideoloji Azərbaycanşünaslıq məsələlərinə və bu kimi nəyəmsə-nəçiyəmsə, özüm olmağa çalışdığım işlərə... Tezi-geci var, əlbəttə, mən də dosent oldum, lap təzəlikcə professor da oldum və professorluğumu ilk təbrik edən akademik İsa Həbibbəyli oldusa, ikincisi yenə də Bədirxan Əhmədov oldu...

Amma beş ilin üstünlüyü də öz yerində; hər cür pedaqoji qovğalardan yorulub, ən nəhayət elmə, sevgili XX əsr ədəbiyyatı məsələlərinə qayıtmaq istəyəndə, paho!, əzizim Bədirxanı artıq burda, həm də rəsmi postda, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun elmi katibi kimi gördüm! Təbriklər, akademik elmə qayıdışımız mübarək, köhnə dost, əğyar, XX əsr ədəbiyyatı aşıqləri! Demə, mən hələ indi “İsa Həbibbəyli məktəbi”ni özlüyümdə kəşf eləyirkən (bax: “525-ci qəzet”, 20 dekabr 2014), bəs ki, Bədirxan Əhmədov nə zamandır bu məktəbin müdavimlərindənmiş. “XX əsr Azərbaycan ədəbiyyatı tarixi”nin I cildini akademikin ümumi redaktəsilə ərsəyə gətirmiş, və budur, yeni monoqrafiyasının elmi redaktoru da yenə AMEA-nın həqiqi üzvü, millət vəkili İsa Həbibbəylidir...

Bu ki, gəlib çatdıq mənzil başına. “XX yüzil Azərbaycan ədəbiyyatı. Mərhələlər. İstiqamətlər. Problemlər” (Bakı, “Elm və təhsil”, 2015) monoqrafiyasını Bədirxan Əhmədovun ömrün 60 yaşına əsl akademik hesabatı, ədəbiyyatşünaslıq elmimizə layiqli töhfəsi hesab etmək olar.

Birincisi, təkcə elə problemi bu şəkildə qoyduğuna görə: XX yüzil Azərbaycan ədəbiyyatı tipoloji vahid kimi... – nə dərəcədə “tipoloji” alınıb, əğyarla davamız hələ sonradır, indi vədəsi deyil.

Problemi ki, bu şəkildə qoydun, istər-istəməz mabədi gəlməlidir. Tədqiqatçı “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” ni (üç cilddə) xeyli qədər təsviri tərəflərdən təmizləyib, monoqrafiyada əsri əslində olduğu kimi, məhz dinamikada görməyə meydan verib: mərhələlər, istiqamətlər, təmayüllər...

Üçüncüsü, xronikal əsr gəlişmələrini bütün peripetiyaları ilə vahid ideoloji konsepsiya ətrafında – Azərbaycan xalqının, millətinin ədəbiyyatı kimi görə, izləyə, təqdim edə bilib. Monoqrafiyada zərurətindən danışılıb, metodolojisi məxsusi vurğulanmasa da, bu, prinsipcə köhnə sovet ideolojisinin yerini tutmuş Azərbaycançılıq ideologiyasıdır... – konkretikasını saxlayaq sonraya.

Ən nəhayət, məftunluqla deməliyəm ki, Bədirxan Əhmədov empirika ustasıdır, gücü arxiv materiallarındadır... Əlahəzrət faktın cızdığı mənzərələri isə heç bir uydurma tipoloji əvəzləyə bilməz! Bu qəbildən nə qədər “ilk”ləri vurğulamaq olar B.Əhmədovun tədqiqində: post-cümhuriyyət ədəbi prosesinin nüansları, sərbəst şeirin gəlişmə təfərrüatları, ədəbiyyat və repressiya məsələləri, mühacirət və legion ədəbiyyatının cəlb olunması, “Əli və Nino” romanına həssas münasibət... – ən ümumi pafosu ifadə eləyib, geniş tərifini və tərəflərini saxlayıram öz vədəsinə.

Elə bilməyin ha, Bədirxan Əhmədovun böyük uğurlarına qibtə edib də, kiçiltməyə çalışıram. Əsla! Böyük sevgilərin qısqanclığı da böyük olar! 2004-dən AMEA Nizami adına Ədəbiyyat İnstitutunda bir şöbədəyik, 2005-dən BSU Azərbaycan ədəbiyyatı kafedrasında bir yerdə; aramızdan su keçməz , o da ola bütöv bir əsrin ədəbiyyatı... Bədirxan Əhmədov və mən – ayrı yox ki, canbirqəlb iki dastanıq. Odur ki, “XX yüzil Azərbaycan ədəbiyyatı. Mərhələlər. İstiqamətlər. Problemlər” monoqrafiyasının Mədəniyyət və Turizm Nazirliyinin 2015-ci il “Qızıl kəlmə” mükafatını qazanmasını eşidəndə elmi-ədəbi ictimaiyyət bir sevindisə, mən ikiqat sevindim; bu bizim uğurumuzdur, akademik İsa Həbibbəylinin rəhbərlik etdiyi Ədəbiyyat İnstitutunun növbəti uğurudur!

İnsafən, deyim ki, qarşılıqlı olaraq Bədirxan Əhmədov da qədrimi bilibdi həmişə, əsl zərgər dəqiqliyi ilə; hörmətimi saxlayıb, kitablarına rəyçi yazdırıbdı. Düzdü, etirazlarıma baxmayaraq, Tehran Əlişanoğlu yox, Tehran Mustafayev yazdırıbdı, amma bu da bir növ şakərdi. Necə ki, kitablarımı kitablarının ədəbiyyat siyahısına qeyd eləməyi lazım bilməyibdi. Bəlkə də XX yüzil tədqiqlərinin açdığı bu meydani-kəbirdə mənim də var olduğuma sadəcə etina etməyibdi... Nə qəm, böyük sevgilərdən xırda hesablar sorulmaz.

Akademik yaşın mübarək, əziz dost, əğyar, məni-biçarə tək XX əsr sevdalısı!

# 939 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #