Elnarənin bağışlanmaz səhvi

Elnarənin bağışlanmaz səhvi
16 iyun 2015
# 11:54

Ötən həftə sosial şəbəkələrdə, mediada ANS kanalının “İncə maraqlar” proqramının aparıcısı (artıq keçmiş) Elnarə Təhməzovanın başıörtülü qadınlara qarşı səsləndirdiyi fikirlər çox müzakirə olundu.

Qızğın mübahisələr doğurmuş bu məsələdə bir neçə nüansa münasibət bildirməyi vacib saydım.

Teleaparıcı böyük auditoriya qarşısına çıxırsa, o, artıq özünün vətəndaş statusundan - mövqeyindən, şəxsi fikirlərindən uzaqlaşaraq aparıcı statusuna keçir. Onun ən başlıca vəzifəsi öz mövqeyini ictimaiyyətə sırımadan tərəflərə fikirlərini ifadə etmək üçün bərabər imkan yaratmaqdır. Və digər vacib şərt tərəf tutmamaqdır.

Konkret olaraq, E. Təhəməzovanın situasiyasında nə baş verdi? “İncə maraqlar” format etibarilə tok-şoudur. Birinci, tok-şouda polemika zamanı əks tərəflər bərabər təmsil olunmamışdı, hətta baxmayaraq ki, əsas müzakirə mövzusu həmin verilişdə bu, deyildi. Sadəcə, aparıcının qeyri-peşəkarlığı verilişi, sonradan onun üçün problemə çevrilən məlum istiqamətə apardı.

Aparıcı da şəxsi mövqeyini belə bir bərabərsiz şəraitdə bəyan elədi. Təklif olunan vəziyyət isə artıq qeyri-peşəkarlıq, yumşaq desək, peşə etikasına zidd idi.

Aparıcının daha bir səhvi fikirlərini son dərəcə emosional tərzdə, basqı ab-havasında, əks tərəfdə qıcıq oyadan formada ifadə etməsiydi. Yeri gəlmişkən, eyni səhvi bir neçə il əvvəl, indi ATV kanalında çalışan İlqar Mikayıloğlu da eləmişdi.

Daha pisi hər iki aparıcının fikirlərini savadlı, məntiqli, mədəni şəkildə yox, məhz aqressiv, dava-dalaş, “razborka” estetikasında deməsidir.

E.Təhməzova aqressivcəsinə, hicablıları “bayquş” adlandırır və onlardan neqativ enerji aldığını deyir.

İ.Mikayıloğlu da eyni tərzdə hicab taxan balaca qızları yerdə gəzən kisəyə bənzədir.

Şəxsən mən də, kiçik yaşlı qızların hicab taxmasına, uşaqlara azad seçim vermədən, dünyanı, həyatı dərk etmədən kiçik yaşlarından onlara dinin təbliğ olunmasına qarşıyam.

Fəqət, buna qarşı olmaq kiməsə təhqiramiz formada münasibət göstərmək haqqını vermir. Xüsusən də, o tərəfsizliyini qoruyub saxlamağa borclu olan aparıcıdırsa.

Baş verənlər bir daha bizim teleməkanda ciddi savad, bilik, peşəkarlıq, teleşəxsiyyət amilinin böhranı məsələsini qabardır.

Nəhayət, kanala gələn dindarların hərəkəti də mahiyyətcə aparıcıların davranışından fərqli deyil. Onlar bir dindarın etməli olmadığı hərəkəti elədi, təhqirə təhqirlə cavab verdilər (“lüt üryan gəzir", "bayquş onun nəslidir"). Ona az qala savaş açdılar.

Hər iki tərəfdə cahillik, bilgisizlik, qarşı tərəfə dözümsüzlük amili var.

Nəzərə almaq lazımdır ki, din həddən ziyadə, həssas, ciddi, ehtiyatlılıq tələb edən mövzudur.

Arzuolunmaz müzakirələrə yol verməmək, tərəflərin ümumi dil tapması, aqressiyanın azalması üçün cəmiyyəti maarifləndirən, onları əks fikirlərə dözümlü olmağa çağıran savadlı, peşəkarcasına hazırlanmış proqramlara ehtiyac var. Elə bir proqram ki, onu emosiyalar yox, ağıl idarə eləsin. Çünki normal cəmiyyəti şərtləndirən amillərdən biri bütün tərəflərə eyni şəkildə fikrini ifadə etmək imkan yaradan polemikalardan keçir.

# 2034 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış qarmon ifaçısı vəfat etdi

Tanınmış qarmon ifaçısı vəfat etdi

17:52 31 mart 2026
Gənclər Kitabxanasında soyqırımı qurbanlarının xatirəsi anıldı

Gənclər Kitabxanasında soyqırımı qurbanlarının xatirəsi anıldı

17:30 31 mart 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

17:01 31 mart 2026
Coninin konsertləri ləğv olundu

Coninin konsertləri ləğv olundu

15:40 31 mart 2026
Xalq yazıçısı Anar orada tək oturmayıb... - FOTOYADDAŞ

Xalq yazıçısı Anar orada tək oturmayıb... - FOTOYADDAŞ

14:37 31 mart 2026
Namiq Dəlidağlının Qırğızıstanda kitabı nəşr edildi

Namiq Dəlidağlının Qırğızıstanda kitabı nəşr edildi

14:00 31 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər