Teymur Məmmədov: “Bizdə Hamleti dərk edəcək tamaşaçı yoxdur”

Teymur Məmmədov: “Bizdə Hamleti dərk edəcək tamaşaçı yoxdur”
4 iyun 2015
# 15:27

Kulis aktyor Teymur Məmmədovla müsahibəni təqdim edir:

- Teymur müəllim, əvvəl daha çox “Qulp”dan tanındınız, indi deyəsən seriallarla tanıyırlar...

- Hə, “Qız atası” adlı yeni serialda oynayıram. “Bacanaqlar” serialı da gedir, yaxşı da reytinqi var. Məsələ ondadır ki, həm “Bacanaqlar”, həm də “Qız atası” eyni əldən çıxan işdir, eyni prodakşnın məhsuludur. Bütün yaradıcı heyət eynidir. Rejissor, operatorlar, ssenari müəllifi eyni adamlardır. Yalnız aktyorlar fərqlidir.

- Çatdıra bilirsiniz?

- Təbii ki, böyük əziyyət çəkirik. Hər serialın çəkiliş günü ayrıdır. Maraqlı kollektivdir. Neçə illərdir ki bir yerdəyik. Görün “bacanaqlar” nə vaxtdan çəkilir? Bir ailə kimiyik. Xeyri-şəri bir olan ailə kimi. hətta mən “Qız atası” serialında az qalırdım uşaqların çəkilişdən kənar həyatlarına da müdaxilə edim. Elə bil doğrudan onlar mənim qızlarımdır. Bax elə indi də qızlarımdan birinin toyuna gedirəm.

- Müşahidə edirəm, çox tamaşaçı aktyoru oynadığı obrazla eyniləşdirir. Bu nədən irəli gəlir: aktyormu yaxşı oynayır, adamlarmı kinonun, obrazın nə olduğunu bilmir? Sizdə də mi belə hallar olub?

- Belə deyənlər çox olur. Saxlayıb soruşurlar ki, qızlara gələn elçiləri niyə boş qaytarırsız, qızların anası niyə belə edir-filan... İndi nə etməli, onların qəlbini qırmaq olmaz. Bizi bu dərəcəyə çatdıran onların sevgisidir. Ümumiyyətlə, tamaşaçı teatrın yaradıcı komponentlərindən biridir. Qapalı səhnədə nəsə oyna, kimsə görməsə o kimə lazımdır?

Tamaşaçının iradı da bilirsiniz necədir? İndi bizdə “Hamlet”i oynayan aktyoru tanıyan adam yoxdur. Bizim Hamleti tanıyacaq, Hamleti sevəcək, Hamleti dərk edəcək, o ideyaların ardınca gedəcək tamaşaçımız yoxdur. Müsəlman Şərqində ilk Cümhuriyyəti biz yaratmışıq deyirik, Orta Asiyada ilk dram, ilk opera bizdə yaranıb deyirik, amma əfsuslar olsun ki, nəinki sadə adamlar, hətta universitet təhsillilər belə, elmi dərəcəli adamlar belə, adama irad tutur ki, o nə roldur e, oynayırsan, sürücü rolu da roldu? Ya da “O teatrda o nə sözlərdi e sənə deyirlər?” Adama çatmır ki, bu obrazdır. Mən nazir rolunu oynayanda nazir olmuram ki? İçlərində belə istək var ki, səhnədə də kimsə səni aşağılamasın. Oyandığım obrazı aşağılaya bilərlər, amma bu, onlara çatmır...

- Bəs “Səhnədə bunu etmərəm” deyəcəyiniz hədlər varmı?

- Əvvəla indi elə bir kəskin şey yoxdur, razılaşırıq. Əgər dünya səviyyəsində bir iş görmək istəsən, sənin işindən asılı olsa, yəni sən bu rolu belə oynamasan bu iş dayanar-filan olsa etmək olar. Təbii ki, elə söz, elə mizan, elə yazı olur ki, razılaşmırsan. İndi elə zəmanədir ki, yazan da, bəstələyən də, oxuyan da eyni adamdır, amma bunlar ayrı sənətlərdir. Yazmaq başqasının işidir, oxumaq bir başqasının, bəstələmək digərinin. Ona görə də, peşəkarlarla işləmək başqadır. Düzdür e, elə şeylər olur ki, bu adama toxunur, lap qrimdə də olsan, hiss edirsən ki, nəsə düz deyil. Amma bu məsələlər də həllini tapır...

- “Qulp” verilişinin açılacağı ilə bağlı xəbər oxudum. Artıq işə başlamısınızmı?

- Mən də ordan-burdan eşitmişəm. Mübariz müəllimlə az-az görüşürük. O, Xəzər TV-də “Rezonans” verilişinin layihə rəhbəridir. Danışanda hiss edirəm, belə nəsə olacaq kimi bir ümid var, amma aradan da xeyli vaxt keçib...

Əslində o verilişdə də dərd danışmaq idi. Tamaşaçı sevgisindən başqa heç bir qazanc güdmürdük.

- “Qulp” sırf tənqidi-satirik veriliş idi. İndi necə o satiraya, tənqidə ehtiyac hiss edirsizmi? Yoxsa artıq bu məsələlər adiləşib, insanlar barışıb hər şeylə?

- Əgər başqa xalqlarda, bizdən də artıq inkişaf etmiş ölkələrdə bu janr varsa... Özü də bu indinin deyil. “Molla Nəsrəddin”dən, “Mozalan”dan gələn ənənədir. İnsan varsa, eyib də, nöqsan da var. “İncəsənət”də oxuyanda bizə aşılayırdılar ki, istər kino, istər teatr olsun, o lokomativ olmalıdır, çəkib aparmalıdır. Əgər teatr, kino, publisistika vaxtın, zamanın sözünü deyə bilmirsə, tamaşaçının nəyinə lazımdır? Tamaşaçı istəyir ki, öz problemini arzularını görsün.

- Necə düşünürsünüz, yenidən açılsa “Qulp” əvvəlki “Qulp” olacaq?

- Olar elə bilirəm. Dərd çox, problem çox. Amma meydan olsa. O televiziyada, o şirkətdə şərait yaradılsa. Yoxsa, “paraya dəymə, bütövə dəymə, doğra doyunca ye”- olmur. Tamaşaçı üçün adını “Qulp” qoy, içində adi söhbətlər elə, o işin dadı yoxdur. Söz gərək hədəfə dəyə. Ağrıyan yeri vurasan gərək. Belə verilişlə əvvəlkinin təəssüratını öldürməyi nə biz, nə tamaşaçı istəyər...

Əslində vaxt dəyişir, amma problemlər dəyişmir. Bu gün-sabah Sabirin yubileyi keçiriləcək. Haqverdiyevdən, Mirzə Cəlildən, Sabirdən, Ordubadidən, yəni “Molla Nəsrəddin” məktəbinin nümayəndələrindən danışanda deyirik ki, necə yazıbsa yazdıqları bu gün də aktualdı. Əslində bu ifadədən utanmaq lazımdır. Onlar o vaxt deyiblər, amma biz indi də düzəlməmişik...

- “Qulp”da olduğunuz vaxtlarda personajlarınıza görə, sizi qınayan, təzyiq edən, yaxud nəsə qanqaraçılıq yaradan olubmu?

- Bilirsiniz, o dərdi ki, göstərirsən, xalq deyir, əla, var ol, yaşa-səndən yoxdur... Amma məsələ ondadır ki, bu xalq da sənə nəsə etmək iqtidarında deyil. Bir dəfə Qədir Rüstəmovla söhbət edirdim. Deyirdi, elə adamlar var ki, məni aparır toya, toyun əvvəlindən axırına kimi oxuyuram, axırda mənə deyir, sağ ol. Ayə, mən sənin “sağ ol”unu bazarda xərcləyə bilməyəcəm ha?

Yenə o xalqın başına dönüm e... O əli qabarlı, üzünə qapı çırpılan adamlar sənə deyir ki, səni çox sevirəm. Amma məni düz başa düşün, o istəyi ev edib içində yaşamaq olmur. O enerjini elektrik enerjisinə çevirib evini isidə bilmirsən axı... Mənəviyyatı maddiyyata çevirmək çətin olur. Sən deyirsən ki, qanun şah olsun, qanunlar qüvvəyə minsin, qüvvələr qanunları yox, dövlətçiliyimiz inkişaf etsin. Bəlkə də onun fəsadlarıdır ki, mən Şuşadan qaçqın düşən bir aktyor kimi, bir vətəndaş kimi 24 ildir ki, Tibb İnstitutunun yataqxanasında bir otaqlı mənzildə yaşayıram. Qızım, oğlum alt-üst uşaq çarpayısında böyüdü. Qızı köçürdüm, oğlanı da evləndirməliyik, hələ bilmirəm neyləyim. İndiyədək bir fəxri adım yoxdur. Vermirlər də... Nə edim?

- Siz Şuşa Dövlət Musiqili Dram Teatrında işləyərsiniz, yox?

- işləyirəm. İşlə əlaqədar arada teatrdan getmişdim. Bu ad məsələsinin bir təqsiri də elə özümdə oldu. ..

- Şuşa teatrı harada fəaliyyət göstərir?

- Şuşa teatının yeri, şəraiti elədir ki, fəaliyyəti məhdudlaşıb, amma tədbirlərdə çıxış edir, tamaşalarda oynayırıq. Əsas yerimiz “Savalan” kinoteatrı idi, ora cənab prezidentin sərəncamı ilə təmir olacaq. Teatrın əmlakını indi Dərnəgüldə “Dostluq” restoranına yığmışıq. Sahibi Yadigar müəllimin dostudur, sənətsevər bir adamdır. Orada da məşq edirik, hansısa teatr bizə yer verəndə , ya məktəbdə gedib tamaşa oynayırıq. Bizə “Azərsun holdinq” çox şərait yaradır. Onların tədbiri olanda, bizim tamaşamız olanda çox köməkləri dəyir- şərait yaradırlar...

- Axınla aşağı” filmində polis işçisini oynadınız. Ümumiyyətlə, filmlə, çəkilişlə bağlı nə təəssüratınız var?

- Yaradıcı adam üçün, aktyor üçün bədii film nə deməkdir, aktyorlar bilir. Bu il filmin təqdimatı oldu. Bu yaxınlarda da film Los-Ancelosdan mükafatla qayıdıb. “Axınla aşağı” 2013-cü ildə çəkilib. Təqdimat bir az gec oldu. Asifə (filmin rejissoru Asif Rüstəmov-red.) zarafatla dedim ki, iki il də tez getsə idin bəlkə Oskar alardıq. Oskarı axı yeni çəkilmiş filmlərə verirlər. Çeynənmiş fikirlər var e, deyir, sənətdə zirvə yoxdur. Asifin də ilk böyük işidir. Uğurlar da var, qüsurlar da.

Bilirsiniz, bizdə bəzən elə yanaşmalar olur ki.... Bir dəfə Mübariz müəllimə də dedim bunu. Ronaldoya 70 min pul veriblər, transfer edirlər ki, oynasın, vursun. Olur ki, vura bilmir. Biz 100 manatla, 150 manatla can qoyuruq, sonra biri gəlib deyir ki, bu nədir? O da düzdür ki, adamın gücü çatmaq məsələsi də var. Mənə 100 min də versələr 70 kilodan artıq yükü götürə bilmərəm axı... O da var.

- Bəzən serialda və ya kinoda aktyorların çətinliyi onda olur ki, rolu büsbütün aktyorun öhdəsinə buraxırlar. Obrazlar boş olur, ssenarist ona hansısa xarakter cizgisi qoya bilmir, hadisələrdə onun xarakterini göstərə bilmir və aktyor onu özü doldurmalı olur. Bu aktyor üçün yaxşıdır, yoxsa pisdir?

- Belə bir söz var, deyir ki, müəllim üçün qaranlıq olan, şagird üçün zülmətdir. Bu, komanda işidir, aktyor rejissordan çox bilsə, o iş alınmaz. Rejissorluq çətin sənətdir, hər şeyi o görür və idarə edir. Mən işini bilənlə də işləmişəm, rolu verib “Gör neynirsən?” deyənlərlə də...

- Yaydır. Hərə imkanına görə bir yerə üz tutacaq dincəlməyə. Sizin kəndiniz işğaldadır.

- Mən o qədər təbiəti sevən adamam. Bizim bir təbiətşünas alimimiz var idi: deyirdi ki, deməyin o daşın, otun, ağacın dili yoxdur, deyin mən bilmirəm onun dilini. Mən özüm barədə o qənaətə gəlmişəm ki, başımıza bu işlər gəlməsəydi, Şuşada qalsaydım, mən otun, ağacın, daşın dilini bilərdim, onlarla danışardım... Mən təbiəti o qədər hiss edirəm. İndi yaşadığım beşinci mərtəbədəki otaqda dibçəkdə güllər əkmişəm, onlara baxıram, onlarla danışıram, onlarla təsəlli tapıram...

Bölgələrdə dostlarımız var. Qonaq da gedirəm, hasarlardan imkan tapanda dənizə də gedirik... Özümüzü ovundururuq. Amma körpə öz anasının qucağından düşdüyü kimi, biz də ana qucağından ayrı düşmüşük, heç nə onun yerini vermir bizə...

# 1351 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
Evləndi, boşandı, yenə evləndi – Çağdaş İsrail hekayəsi

Evləndi, boşandı, yenə evləndi – Çağdaş İsrail hekayəsi

15:00 12 aprel 2024
Qəzetçilər Üzeyir bəyi necə lağa qoyurdular? - İlham Rəhimli

Qəzetçilər Üzeyir bəyi necə lağa qoyurdular? - İlham Rəhimli

10:00 12 aprel 2024
# # #