Məni sevindirən qadın

Məni sevindirən qadın
27 may 2015
# 11:29

Bir dostum var. Ağzıdualı və şükran adamdı. Bu əhvalatı da onun dilindən danışıram. Birinci şəxsin dilindən danışmayanda rahat ola bilmirəm. Mənim ona çatmağıma çox var. Çünki çox halal adamdı...

...Bir müddət əvvəl adətim üzrə evlərin arasıyla gəzirdim. Fikirliydim. Aranı dağa, dağı arana daşıyırdım. Ovqatıma düz mütanasib tutqun hava idi.

Eyni mənzərə məni bezdirdiyindən bu dəfə marşrutumu dəyişdim və “Bahar” şadlıq sarayına tərəf getdim. Əvvəllər “Xudafərin”ə qədər gəlib, ordan da geri qayıdırdım.

“Bahar” şadlıq sarayının tuşuna çatanda gözlərim yolun ortasına düşüb qalmış əskinaslara sataşdı. Fikirləşdim ki, yəqin saxtadır. İndi belə əskinasları reklam üçün buraxırlar. Ayağımın ucu ilə tərpətdim. Baxdım ki, bir neçə yüzlükdür, özü də saxta pula bənzəmir. Əyilib götürdüm. Beş dənə yüz manatlıq idi. Sanki ütüləmişdilər, cib də görməmişdilər. Sürüşkən və cəlbediciydilər.

Durub gözlədim ki, bəlkə sahibi çıxar. Çünki mən həmişə tapdığımı qaytarmışam, hətta bazarlıq edəndə də kimsə çaşıb mənə artiq pul qaytaranda geri vermişəm. Çünki havayı pul bizim ocağa düşmür. Ha gözlədim, heç kim gəlmədi. Soyuq da bir tərəfdən yerimdə durmağa qoymurdu. Məcbur olub gəldiyim küçəylə geri qayıtdım. Fikirləşdim ki, pul itirən bura sakinidirsə, qarşıma çıxa bilər. Bir də gördüm ki, orta yaşlı bir qadın 12-13 yaşlı qız uşağını dürtmələyə-dürtmələyə, çimdikləyə-çimdikləyə harasa aparır və yolu göstərir, yəni pulu burdamı salmısan. Qabağımdan keçdilər və mənə fikir vermədilər. Dayanıb arxalarınca baxdım, sonra onların dalına düşdüm , anladım ki, pulu itirən həmin uşaqdı. “Ay xanım, - deyə arxadan səsləndim, - uşağı niyə döyürsünüz?” Qadın dönüb əyri-əyri mənə baxdı. Bir şey anlamadı. Hətta hiss elədim ki, məni söymək də istəyir, yəqin elə başa düşür ki, sataşıram. Dedim ki, yəqin nəsə itirmisiniz. Qadın ürəkləndi: “Bu canı yanmışı göndərmişəm bajım gildən borc pul alsın, özüm gedəmmədim, alim xamırlıydı!” Qadın Gürcüstan ləhcəsiylə danışırdı. Soruşdum ki, nə qədər pul itirib, cavab verdi ki, beş yüz manat. Əskinaslar necəydi? O da qızdan soruşdu ki, pullar neçəlik idi. Uşaq başa düşmədi.

“Bacına zəng elə dedim”. Qadın mobil telefonunu çıxarmaq üçün əlini cibinə atdı, amma telefonu evdə unutmuşdu. Qızı qorxa-qorxa öz telefonunu ona uzatdı. “Bax, bunun azarına düşmüsən, başın telefona qarışıb, pulu itirmisən” dedi. Deyinə-deyinə bacısına zəng elədi və verdiyi sualın cavabını mənə də dedi: beş yüzlük olub.

Çıxarıb pulu verdim. Qadın sevincindən ağladı. Mənim canıma, balalarıma, ailəmə çoxlu dua oxudu. Dedi ki, xingəl kəsib satırlar, mağazaya paylayırlar. Bu yaxınlarda ərini ilişdiriblər ki, qanunsuz alver edirsən. Ona görə də borc almağa məcbur olublar. “Mən sizə neyniyim, - dedi, - bu yaxşılığın qabağında.” Cavab verdim ki, siz mənə yaxşılıq elədiniz. Qadın təəccübləndi. İzah elədim ki, siz məni böyük bir naharatçılıqdan qurtardınız. Gecə-gündüz fikirləşəcəkdim ki, görən bu pul kimindi. Bəlkə xəstəsi varmış, bəlkə son ümid yeriymiş...

Adımı soruşdu. Demədim. Eləcə dedim ki, məni hərdən televizorda göstərirlər. “Müğənnisən?”- deyə xəbər aldı. Mızıldandım...

Qadın sonra daha nələrsə soruşdu, yaxşı eşitmədim, həm də yavaş-yavaş onlardan aralaşırdım deyə cavab verə bilmədim...

May, 2015

# 1352 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #