news-inner
clock18:54 calendar-gray 25 May 2015 view-gray909 dəfə oxunub
view-gray909 dəfə oxunub

Gər ağacının nağılı HEKAYƏ

15 ilə yaxın idi ki, məktəbə bu kəsə yolla getməyə vərdiş eləmişdi. Adətən dərsləri birinci saat olurdu. Asfalt yolda maşınlar bol olurdu, əksəriyyəti də onu tanıyırdılar, – “Şakir müəllim, gəlin əyləşin maşına, sizi aparım” – deyirdilər. Ancaq o, səhər ertə kəsə, dərə-təpə yoluyla, həm də təmiz havada yeriməyi sevirdi. Həm bu gün tədris edəcəyi dərsi dilinin altında düşünür, oxuduğu kitablardan topladıqları ilə fikrini cəmləyir, həm də hər gün dünyaya yeni göz açan, günbəgün boy atan gül-çiçəyi, böcəkləri seyr etməkdən xüsusi zövq alardı.

Yolunun üstündə tək bir kölgəlik vardı – “İldırımın gəri” deyilən tənha tut ağacı. Bir Allah bilirdi bu ağacın neçə yaşının olduğunu. Kəndin ən yaşlı adamı da deyirdi ki, gözünü açandan bu gəri elə bu şəkildə görüb. “İldrımın gəri” adı da mübahisəliydi. Onun ulu babasının da adı İldrım olub – atası deyirdi ki, bu ağacı nənəmin atası əkib. Amma bəziləri də deyirdi ki, ağacı ildırım vurduğu üçün belə adlanıb. Əsl həqiqətdə isə yaşı bəlli olmayan bu ağac elə ildırımın qanadlarına bənzəyirdi. Törəş tut ağacından fərqli olaraq bu gərin hündürlüyü yalan olmasın, 55-60 metrə çatardı. Uzun və qocalıb əldən düşmüş, adda-budda kosasaqqal adam kimi yoğun budaqlarını götürməkdən yorulmuş, qəddi əyilmiş gövdəsinin içi yarıyacan böyük bir oyuq idi. Dibindəki yarıqdan içəri sərbəst girə bilərdin. Üzüyuxarı oyuğa baxanda oyuğun ucu-bucağı görünmürdü. Oyuğun divarları his-qor bağlamışdı. Yanmış, çürümüş oduncağını saxlayan, təkcə sağlam olan qalın qabığı idi. Görünür, ya doğrudan da ağacı nə vaxtsa ildırım vurmuş, ya da oyuğun içində ocaq qalamışdılar. Amma bu gər Şakir müəllimə daha çox baba yadigarı kimi doğma gəlirdi. Dərsinə vaxt qalardısa, bu ağaca söykənib onun keçəl çətirinə baxmağı, qocalıb qırış-qırış olmuş gövdəsini dəqiqələrlə sığallamağı sevirdi. Ağacın başına açılmayan oyun qalmamışdı – üstündə adlar oyulmuş, əcaib-qəraib şəkillər, heyvan bağlamaq üçün çivlər, mismarlar çalınmışdı.

Vaxtilə o da yaralamışdı bu ağacı – nə illah eləsə də, o vaxt qoyduğu oyma işarəni – “Ş+G=S” – o vaxt sirrini sevdiyinə açmağa utandığı, “ağaca dediyi” gizli etirafını tapa bilməmişdi – ağacın qabığı bu xatirələri öz dərdinin içində çoxdan əritmişdi. Dərd, özündən zəif dərdi udur. Kim bilir, neçə dərdli adamın şikayətinin, neçə sevginin, neçə cinayətin, neçə fılakətlərin şahidi olmuşdu bu ağac...

Hamısını da öz içinə yığmış, dərdini deməyə simsar tapmamış, dərd içində sozalıb qocalmışdı. Baharın oğlan çağında budaqların təpəsində o qədər tumurcuq olardı ki, deyərdin bu il bunların hamısı yarpaqlasa, bu qədər yükü götürməyə ağacın gücü çatmayacaq. Xırda “çiçəkləri” də olurdu, amma bar vermirdi – “erkəkdir” deyirdilər.

Deyilənə görə bu ağacın bir tayı da cığırın digər tərəfindəymiş. Amma burda xırdaca təpədən başqa bir iz qalmamışdı. Bəlkə bir-birinin dibinə kölgə salsa, çətirlərini bir-birinə keçirib şad-xürrəm yaşasaydılar, bu gər yəqin üç əsr də yaşayardı. Görəsən niyə ölüb o biri tayı..? Hansı nadürüstsə kəsib yoxsa, ya özü qocalıb? Kim bilir... Kənddə bu yaşda adam da yoxdur ki, bu ağacların başına gələnləri öyrənsin. Gər, kəndin ən hündür təpəsindəydi, burdan bütün kənd, kövşən əl içi kimi görünərdi. Birinin heyvanı evə gəlməyəndə bu gərin başına çıxar və burdan kövşənə boylanardı – qaraltıdan heyvanın harda olduğunu öyrənib gedib gətirərdi. Hər adamın cürəti çatmazdı bu ağaca dırmanmağa. Amma uşaqkən özü o qədər çıxmışdı ki...

Yaxın günlərdə şagirdlərinə “Təmsillər”i keçəndə demişdi ki, – “Hər yanından ötdüyünüz gülün, çiçəyin, ağacın, həşaratın, daşın-qayanın yanından elə-belə ötməyin – bir ayaq saxlayın, onların sizə pıçıldadıqlarını dinləməyə çalışın. Hər bir canlı və cansız yaradılan öz dilində danışır. Onların dilini bilməməyimiz, o demək deyil ki, onların dili yoxdur. Bizi yaradan, eyni sevgi və həvəslə onları da yaradıb. Bir “bağçada” bu qədər al-əlvan canlı-cansızıyla tanıdığımız gözəl təbiət, yaradanın bizimlə danışan dilidir. Əgər Allahla danışmaq, onunla görüşmək istəyirsinizsə, çaylağın ən gözəl daşını əlinizə götürün, gözlərinizi ona diqqətlə zilləyin, onu qulağınıza daha diqqətlə tutun. Bax onda pıçıltıları eşidəcəksiniz. Onlar, – “Ey insan, sənə qulluq etməkdən, səninçün yaradıldığımızdan çox xoşbəxtik” – deyəcəklərini aydınca eşidə biləcəksiniz”. Şagirdlərinin bir neçəsi gülmüşdi, anlamamışdılar onu. Ancaq bütün dərslərdən yayınmağa meylli şagirdlər onun dərslərini heç vaxt buraxmazdılar. Özlərinə mərhəm biri bilərdilər onu. O bilirdi ki, bu yaşda onların sevib-sevilən vaxtlarıdır. “Leyli və Məcnun”u iki “Leyli-Məcnun” boyda şişirdər, ülvi sevgini öz içindən keçirər, bişirər, sonra da doğma balaları qədər sevdiyi şagirdlərinə ötürərdi. Onun nuru və böyük inamla təbliğ etdiyi sevgi, ədəbiyyatdan da üstün idi – bu mövzulara tamarzı olan cavanlar üçün hava-su kimi lazımlı idi.

Otağa girəndə şagirdlərin basabas salıb öz yerlərini almasını gözləmək adətiydi. “Salam, uşaqlar” – deyib onların çöhrəsini izlərdi. Uşaqların, – “Salam, müəllim” - cavabı neçə illərdir ki, içindən ildırım kimi keçirdi – gər ağacını içindən yeyən ildırım kimi. Bir dəfə şagirdlərdən birinin yanında – partada oturmuşdu. Lap 30-35 il qabaqkı şagird olduğu vaxtları qəribsəmiş, uşaqlarla çox yaxın olmuşdu. Şagirdlərdən biri soruşmuşdu, – “Müəllim, ən böyük arzunuz nədir?”. O isə, – “Mən qocalacağam, təqaüdə çıxacağam. Sizlərdən biriniz bu doğma məktəbimizin direktoru, biriniz də bu sinifdə dərs deyən ədəbiyyat müəllimi olacaqsınız. Mən isə çənəm yerə dəysə də, belim bükülüb ikiqat olsam da məktəbimizin gözətçisi işləyəcəyəm. Hər dəfə sizi öz şagirdlərinizlə sevgi paylaşan görəndə cavanlaşacağam, sevinəcəyəm. Bundan böyük xoşbəxtlik olarmı.? Əgər məni sevindirmək istəyən varsa, gələcəkdə məni öz məktəbimizin gözətçisi götürməyi unutmasın” – demişdi və özü də qəhərlənmişdi. Uşaqların da bir neçəsinin gözü yaşarmışdı. Hər dəfə çöhrələrdəki bitib-tükənməyən həvəsi, enerjini gördükcə işinə daha məsuliyyətlə girişər, yorulmaq bilməzdi.

Proqramını açdı. Bugünkü dərsi “Nağıllar” idi. Bayaq gəri sığallayan əlinin içini qoxladı, – “Bu gün sizə bir nağıl danışacağam. Həm də hamınızın yaxından tanıdığı biri haqqında”. Bir ayağı hələ nağıllardan qopmamış, o biri ayağı gəncliyin kandarında olan uşaqların çiçəyi çırtladı elə bil. Kitab-dəftərlərini qatlayıb əllərini çənələrinə dirsəklədilər, bu saat müdriklik bulağından axacaq suyun səsini dinləməyə qulaq kəsildilər. Şakir müəllim bayaqdan yolboyu içində çək-çevir etdiyi “nağıl”a girmək üçün bir qapı axtarırdı. Boğazını arıtlayıb gözləyənlərini intizarda qoymadı:

– Günlərin bir günü sizin kimi cavan bir oğlan bizim “Yastı təpə”nin ortasında iki qoşa tut ağacı əkdi. Ağaclar elə sürətlə böyüdülər ki, sanki bir-birinin bəhsinə girmişdilər. Düzün ortasında tək kölgəlik olduğundan əkin-biçindən yorğun düşənlər bu ağacların dibində oturub azuqələrini yeyər, dincini alardılar. Bu qoşa ağacın səmərəsinə düzün ortasında iri bir cığır açıldı. Bu cığır iki ağacın ortasından keçirdi. Hər dəfə əkin-biçinə, məktəbə gedən insanları gördükcə, bu ağacların qol-budağı, çətiri də sevincdən böyüyürdü.

Onlara nə su verən vardı, nə də dibini belləyən – elə bir-birinə olan sevgidən günbəgün pöyrələyir, böyüyürdülər. Artıq çətirləri bir-birinə qovuşmuş, bir-birinə dayaq olmuşdular. Onlara söykənib xəlvəti sevgilərini bir-birinə açan utancaq aşiqlərin danışıqlarına şahid, yorulmadan balalarına yem daşıyan quşlara ev olmuşdular. Bir-birindən ayrılan sevgililəri, dalaşan insanları gördükcə kövrəlirdilər, baş-başa verib ağlayırdılar.

Bu ağaclar kəndin hər bir kəsinin dərdini, sevincini bilir və bölüşürdülər. Gövdələrini bıçaqla oyub sözlər yazan sevgililərdən inciməzdilər, onlar qovuşduqca, yaraları da qovuşar, yeni oymalar üçün öz sinəsini “uf” demədən açardılar. Bu ağacları əkən oğlan da öz sevgilisinə dərdini bu ağacların kölgəsində açmışdı. Bura, onların ən çox sevdikləri görüş yerləri idi. Qocalıb əldən düşənədək əllərində əsa bu ağacın altına gələr, ilk görüşlərindən ta, bu yana xoş günlərini xatırlayıb ağacları da sevindirərdilər. Günlərin bir günü kişinin arvadı dünyadan köçdü. Öz qarısını elə yolun bir tayındakı ağacın kölgəsində dəfn elədi.

Qoca təklənmişdi. O, indi qəm-qüssə içində tək-tənha bu ağacların kölgəsində oturub çəliyinə söykənər, bütün günü gözünü ömür-gün yoldaşının məzarına zilləyib gəlib-gedən cavanlara baxıb keçən xoş günlərinə köksünü ötürərmiş. Ağaclar qocanın xiffətini özlərinə dərd etmişdilər. Əvvəlki xoşbəxt günlərinin üstünə elə bil od ələnmişdi. Çox keçmədi ki, qoca da öldü. Onu da yoldaşının yanında dəfn elədilər. Artıq ağacların budaqları seyrəlir, çətirləri böyümürdü. Məzarları öz kölgəsində qoruyan ağacın gözünün yaşı durmurdu – yediyi-içdiyi gözündən gəlirmiş. Xeyli keçmiş bu ağac qurudu və külək onu yolun bu biri tərəfindəki ağacın üstünə aşırdı. Yolu bağladığı üçün insanlar qurumuş ağacı mişarlayıb evlərinə daşıdılar. Tənha ağac bu itkidən kökünəcən sarsılmışdı. İndi düzün ortasında tək-tənha qalmaqdan sıxılırdı. Ölmək istəyirdi, amma ölə bilmirdi. Çünki, yoldaşı can verəndə tapşırmışdı ki, məzarlardan göz-qulaq olsun. O da məzarlara tərəf əyilib olan-qalan çətirini məzarların üstünə sərirdi. Amma o biri yandan öz dərdi öz içini günbə-gün yeyirdi.

Bir gün ildırım çaxdı və onun başdan vurub ayağından çıxdı. İçindəki tənhalığı, sevgini, ölüb torpağa qarışmaq arzusunu bədənində keyitdi. Bir il yarpaqlamadı. Onu kəsmək istəyəndə gördülər ki, gövdəsi hələ yaşdır – qıymadılar. İkinci il özünə gəldi – təzədən qol-qanad açdı. Qocalsa da, bütün gücünü toplayıb əyilmiş qəddini azca dikəltdi, məzarları kölgəsinə aldı. Qol-budaqları öz-özünə tökülürdü, amma həvəsi bircə an da olsun öləzimirdi. Yaşamaq, yaşamaq, ancaq yaşamaq istəyirdi.

Köklərilə yerə elə yapışmışdı ki, onu heç bir külək aşıra bilməzdi. Ancaq yemək-içməkdən kəsilmişdi. Nə yanından ötən insanlar, nə də budaqlarında, oyuqlarında yuva quran quşların, qabığını yaralayan ağacdələnin vecinə deyildi onun halı. Daha onun ətrafında oynaşan uşaqlara, dibində pıçıldaşan sevgililərin sevincinə də qoşula bilmirdi. Ölmək istəyirdi, çürüyüb torpağa qarışmış sevilisinə qovuşmaq istəyirdi, amma məzarları da qoymaq istəmirdi. Neçə ki canında can vardı, sevgilisinin vəsiyyətinə sadiq qalmağı qərar vermişdi. Həmin ağac indi də yorulmadan, heç kimdən heç nə ummadan o qoşa məzarlara kölgə salmaq üçün dimdik ayaqüstə durmağa çalışır, ölümlə mücadilə aparır. O ağac hamınızın tanıdığı “İldırımın gəri”dir...

Sinifdə milçək uçsaydı, səsi eşidilərdi. Tənəffüs zənginin səsi nağılı yarımçıq qoydu. Şagirdlər zəngin səsini də eşitməz olmuşdular...

* * *

İlk bahar qədəmlərini torpağın üstünə təzəcə qoyurdu. İlaxır çərşənbənin sevinci təzəcə çıxmışdı. Herağaş gül-çiçəklər yerin altından təzə-təzə boylanırdılar. Həmin cığırla dərsə gedirdi. Birdən ayıldı ki, yolunun üstündə nəsə çatışmır. Başını qaldırdı. Gər ağacı yerə sərilmiş, qol-budağı ətrafla bir olmuşdu. Kötüyün bir hissəsini artıq daşımışdılar. Özünə təzə dərd düzəltmişdi, fikir içində sinif otağına girəndə şagirdlərindən heç kimi görmədi. Müəllimlər otağına keçdi, – “Mənim sinifimin uşaqlarını görən olmayıb ki? Yəni dərsədən qaçarlar...?” – özü də bu işə məəttəl qalmışdı. Zəng “çölə” vurulanadək sinifdə oturub gözlədi – gələn olmadı. Müəllimlər otağında biologiya müəllimi əlini onun çiyninə qoyub, – “Sən bu uşaqları necə tilsimləmisənsə, dünən axşamdan indiyədək həyətlərindəki bütün tut ağaclarını mənə calatdırırlar. Ta nəfəsimi kəsiblər. Hamısı yıxılmış “İldırımın gəri”ndən bir ovuc calaq çiliyi götürüb düşüblər üstümə, elə hey yalvarırlar ki, – “Müəllim, mənim də tutumu cala”... – deyəndə Şakir müəlliminü üzü sevincdən səyridi, dərindən köks ötürüb, – “Demək ki, dediklərimiz hədər getmirmiş, yaşamağa, hələ də işləməyə dəyərmiş” – deyib otaqdan çıxdı.

İndi Şakir müəllim çox xoşbəxt idi. Hər dəfə dərsə daha qürurla, əvvəlkindən daha həvəslə və inamla gedirdi. Onun cığırı iri bir tut bağının arasından keçirdi. Boy-boya verib hər gün böyüyən bu tut ağaclarının hamısı “İldırımın gəri”nin dopdoğmaca övladlarıydı – onun çiliyini yaşadan yadigarları...

news-inner-user

17134 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

“Cinema Radio”nun rəhbəri: “Onun səsi ilahi vergidir” – Müsahibə
17:04 29 Noyabr 2020
Nabokovdan hekayə: Sərnişin
15:30 29 Noyabr 2020
Atası xalq düşməni kimi güllələndi, bir manata rəsm çəkdi, Səttar Bəhlulzadə evini ona bağışladı... – Maraqlı faktlar
12:00 29 Noyabr 2020
İsti yatağım soyuq səngər misalı - Sara Selcandan yeni şeirlər...
16:28 28 Noyabr 2020
Azərbaycanda Mixail Qusmanın filminin premyerası oldu
15:01 28 Noyabr 2020
Bu nədir, Allahı danmaqdır? – Elçin yazır...
13:30 28 Noyabr 2020
"Şəngülüm, Məngülüm" tamaşası onlayn nümayiş olunacaq
12:01 28 Noyabr 2020
Türkiyədə "Azərbaycanlı şəhid uşaqların xatirəsinə" adlı konsert keçirildi - Foto
10:27 28 Noyabr 2020
Fuad Poladov: Qızla zirzəmidə görüşdüyümə görə məni məktəbdən qovdular – Müsahibə
09:00 28 Noyabr 2020
Ukrayna Milli Kitabxanasında Azərbaycan guşəsi açılacaq
18:31 27 Noyabr 2020
Qayıtdı gülləri yığıb başına, vətən gülşəninin Xarı bülbülü! – Yeni şeirlər
17:44 27 Noyabr 2020
Tələbənin universitetdən qovulması haqlı qərardırmı?
17:09 27 Noyabr 2020
"Qarabağ Azərbaycandır" adlı kitab nəşr olundu
16:34 27 Noyabr 2020
Rejissorumuzun da iştirak etdiyi festivalın qalibləri elan olundu - Siyahı
15:53 27 Noyabr 2020
Nənəsini yemək üstündə ağlatdı, xəstəliyinə görə yardım istədi, işdən çıxarılan gün həyat yoldaşı öldü – Məşhur diktordan maraqlı faktlar
15:11 27 Noyabr 2020
Məşhur Meksika filmlərinin ssenari müəllifi vəfat etdi
14:31 27 Noyabr 2020
İşğaldan azad olunan Xanabert qalası
13:53 27 Noyabr 2020
"Anamın kitabı" filmi gəlir - Yaxında
13:11 27 Noyabr 2020
Mənə ölümümdən yol verin... - Ötən gün dünyasını dəyişən şairin şeirləri
12:31 27 Noyabr 2020
Onlayn dərsdə gülməli vəziyyətə düşən müəllimlər
11:50 27 Noyabr 2020