Kitab tutmayan əl bıçaq tutar

Kitab tutmayan əl bıçaq tutar
4 may 2015
# 12:15

İnsanları nə üçün öldürürsünüz, bir az gözləyin, onsuz da öləcəklər (Konfutsi)

Son günlər Aytacın sevgilisi tərəfindən amansızlıqla qətlə yetirilməsi müzakirə mövzusuna çevrilib. Psixoloji gərginlik, yeniyetməlik dövrü və sair. Hər kəs bir ad verir bu vəziyyətə...

Həyatda heç kim heç nədən sığortalanmayıb. Bəzən hisslər, emosiyalar adamı o həddə çatdıra bilər ki, insan rəzil də olar, vəzir də. Amma bu, heç də hər kəsə İzzət və başqaları kimi insan qanına susamağa əsas vermir. El deyimi ilə desək, bir qarışqanı yarada bilmirsənsə, bir insanı niyə öldürürsən ki?

Bir ömrə saplanaraq sınan bıçaq... Bıçaq sınmasaymış özünü də öldürəcəkmiş qəhrəman.... Amma ölmədi. Nəticədə iki ailə dar və dayaz sevgi düşüncəli gəncin törətdiyi əməlin əzabını çəkdi. Əslində bu bizim hər birimizin əzabı və faciəsidir.

Etiraf edək ki, gənclərimizin əksəriyyəti savadsızlığın qurbanı olub, başqalarını da qurban edirlər. Ətraf mühit və digər amillərin təsiri nəticəsində getdikcə cılız, bayağı gənc nəsil yetişir.

Dilimizi, ədəbiyyatımızı, tariximizi bilməyən, zövqü darmadağın edən mahnılara qulaq asan, dünya görüşü sıfıra bərabər olan gənc isə gələcəkdə yaxşı heç nə vəd etmir. İnsanın və insanlığın dəyərini bilməyənlər hər gün, hər saat günahsız qanlar axıdırlar. Savadsızlıq şəhvəti ağlından üstün edir nə yazıq ki...

Kitab oxumaqdırmı bunun çarəsi? Bəli! Kitab oxuyanın əli bıçaq tutmaz, insan həyatına qəsd etməz, nadanlıqdan, cəhalətdən uzaq olar. Çünki beyni sözün əsl mənasında yaxşı çalışan gənc həyatdan yalnız qurşaqdan aşağı zövq almaz. Mütəxəssislər də deyir ki, kitab oxumaq zehnin, hissin, düşüncənin, danışıq qabiliyyətinin artmasında mühüm rol oynayır. Kitab dostdur, həyata açılan bir pəncərədir, sevgidi, qayğıdı, mərhəmətdir. Təbii ki, oxuyub, anlayana....

İctimai yerlərdə çox nadir hallarda kitab oxuyanlara rast gəlmək olur təəssüf ki... Bizim avtobuslarda, metroda, parkda kitab oxuyana baxışlar elə zillənir ki, insan özünü yadplanetli kimi hiss edir.

Qulağında qulaqlıq, mahnıya özünün yox, özgələrin də eşidə biləcəyi bir səslə qulaq asan qızlarımıza, oğlanlarımıza “Kitab oxu desən!”, özünü müasirlik simvolu sayıb, səni geridə qalmış hesab edər.

“İnsanların rahatlığını pozan bir təlxək olmadığım üçün çox utanıram. İşləyib pul qazanıram, pulum çatan qədər kitab alıb, kitabxanalara getməyə çalışıram. Çox utanıram belə bir insan olduğum üçün. Kirli paltarım metroya uyğun deyil, amma zehnimi kirlətmirəm, utanıram. Hər nə olursa olsun, mənə kitablar belə olmağı öyrətdi, insan olmağı, heyvanlaşıb ətrafımı çirkləndirməməyi öyrətdi”.

Bu bir müddət əvvəl Türkiyə mətbuatının gündəmində olan Ali Uçarın-“Terlikli-Keko”nun onun şəkilini çəkib sosial şəbəkədə məsxərəyə qoyanlara verdiyi cavabdır. İbrətamiz bir mesajdır. Təqdirəlayiq olan da budur. Çətinliklərə baxmayaraq, vəhşiləşməmək, insan olmaq!

Şəkil çəkib, sosial şəbəkələrə yerləşdirib, altından da lağlağı şərh yazanlar bizdə də var. Sadəcə olaraq, bəzən onların hədəfi başqa olur. Mentalitet, qeyrət, tərbiyə şüarı altında çox sözlər yazılıb, deyilir. İçi boş qazan kimi səs çıxaranlardır onlar... Elə dəhşətli faciələrə səbəb olanlar da məhz belələridir. İşləməyən, veyl-veyl gəzən bir baltaya sap olmayan, adını belə düzgün yaza bilməyən gənc, insan həyatını oyuncaq hesab edir, can alır....

Dünyanın hər yerində belə hadisələr baş verir deyib, keçməyək. Niyə biz də başqaları kimi olaq, niyə bacarırıqsa, dəyişməyək? Elə edək ki, pisliklərin bir parçasına çevrilməkdən uzaq olaq...

Çünki uzaq olmadıqca qətllər daha da çoxalır, günahsızlar qurban gedir. Bir fərdin törətdiyi pis əməl bütöv bir cəmiyyəti ya dərin uçuruma aparır, ya şikəst edir, ya da kor bıçaq kimi öz köksünə saplanır. Eyniylə Aytac və onun kimi gənc qızları qanına qəltan edən bıçaq kimi...

# 1430 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #