Küçə uşaqları

Küçə uşaqları
16 aprel 2015
# 11:49

Küçə uşaqları "türmə" mahnıları oxuyurlar çox vaxt.

Küçə uşaqları tərbiyəsiz lətifələr danışırlar çox vaxt.

Küçə uşaqlarının əzbər bildiyi şeirlər qafiyəli söyüşlərdi adətən.

Onlar üçün dünyanın ən rahat çarpayısı yay gecələrində polisin gözündən uzaq olan oturacaqlardı çox vaxt...

Onları ad günlərində hansısa əyləncə mərkəzinə, kinoteatra, restorana əlindən tutub aparmaz kimsə.

Onların ad günlərində üstü şamlı, ya şamsız tortlar kəsilməz adətən.

Onların ad günlərində ad günü olmaz ümumiyyətlə.

Onların ad günü dünyanın ən pis peşəsi sayılan dilənçiliyi ən yaxşı bacardıqları gündür əslində.

Nə qədər çox pul qazansalar o qədər çox sevinirlər küçə uşaqları.

Çünki, kimlərinsə hesabını verəndən sonra özlərinə də bir az çox nələrsə qalır...

Əslində çöldə yox, öz evlərində dilənirlər küçə uşaqları.

Onların evləri küçədir. Kimdən gəldi pul istəyən tanıyır hamı onları.

Amma onlar əslində öz evlərindəkilərdən pul istəyirlər.

Küçəyə çıxan hər adam onların evinə girmiş sayılır. Amma onlar kimdən pul aldıqlarını ox, yalnız kimə pul verdiklərini xatırlaya bilirlər. Çünki hər gün verməlidirlər. Verməlidirlər ki, ala bilsinlər. Almasalar arada bir özlərinə qutab, dondurma da ala bilməzlər küçə uşaqları...

Onlar varlığı kimsəyə bəlli olmayan atalarının, analarının, bacı-qardaşlarının adına pul yığırlar çox vaxt.

"Anam xəstədi", "Bacım acdı" kimi bəzən düz olan yalanlarla.

Küçə uşaqları üçün ən müqəddəs yer elə küçənin özüdür. Onları evsizlikdən küçə qoruyur yəni. Ən azı soyuq bir ev qədər qoruyur.

Onlar qələbəliyi xoşlayırlar. Evlərində daim çoxlu qonaq olsun yəni. Çünki bu evdə gələn-gedən nə qədər çox olsa, onların ruzisi də çox olur.

Küçə uşaqlar ruzini Allahdan yox, küçədəki Allahlılardan gözləyirlər. Küçədə hamı Allahlı deyil küçə uşaqları üçün adətən.

Bəzən qarşıdan gələn hər əlli nəfərdən biri, bəzən hətta hər yüz nəfərdən biri Allahlı çıxırsa, demək həmin gün Allah daha çox var küçə uşaqları üçün.

Amma küçədə ümumiyyətlə Allahlı adamların olmadığı günlər də olur.

Hətta hamımız küçədə olsaq belə...

# 3175 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #