Musiqi zövqüm haqqında

Musiqi zövqüm haqqında
13 aprel 2015
# 10:47

Bir dəfə ümidverici, gənc və perspektivli bəstəkar Firudin Allahverdi (Allah ondan həm bu dünyada, həm də o dünyada razı olsun) pianoda bir əsər ifa etdi. O ərəfədə Russonun “Etiraflar”ını oxuyurdum. Firudinin ifa etdiyi əsərdən xeyli duyğulandım. Bu sanki Russonun “Etiraflar”ına yazılmış bir musiqi idi. Musiqini dinlədikcə “Etiraflar”dan oxuduğum ayrı-ayrı səhnələr gözümün önündə canlandı. Firudinin ifa etdiyi əsər Bethovenin 8 nömrəli sonatası idi.

Əgər əsərin adını qaydasında yazmadımsa musiqiçilər bağışlasınlar. Musiqi savadım qənaətbəxş deyil. Bilmirəm 8 nömrəli sonata yazılmalıdı, yoxsa 8-ci sonata. Hərçənd bunun mövzuya bir o qədər dəxli olmasa da özümü bəri başdan sığortalamaq məcburiyyətindəyəm. Bir çox ağıllıların irad tutacağından əminəm. Mövzu, yazının məğzi qalacaq qıraqda, yapışacaqlar 8 rəqəmindən. Ki, sən 8-ci sonata yox, 8 nömrəli sonata yazmalı idin. Ya da tərsinə. Sən 8 nömrəli sonata deyil, 8-ci sonata yazmalıydın. Ona görə də bəri başdan deyirəm, musiqi biliyim, musiqi savadım qaydasında deyil.

Həmin gündən, yəni Firudin Allahverdinin pianoda Bethovenin 8-ci sonatasını ifa etməsindən sonra hər bir əsəri oxuyarkən onun musiqisini axtarıram. Dəxli yoxdu, mətn əvvəl yazılıb, yoxsa musiqi. Düşünürəm ki, hər bir mətnin musiqisi, hər bir musiqinin mətni var. Bu əlaqəni tapmaq lazımdı. Həmin gündən sonra musiqi və mətn arasında bağlılıq aramaq bir vərdişə çevrildi mənim üçün. Məsələn, Şahmalı Kürdoğlunun ifasında Zabul-segaha və Rasta qulaq asarkən İsi Məlikzadənin povestlərini xatırlayıram. Düşünürəm ki, Şahmalı Kürdoğlu ilə İsi Məlikzadə arasında qəribə bir uyğunluq var. Mənə elə gəlir ki, İsi Məlikzadə bizim ədəbiyyatda hansı yeri tutursa, Şahmalı Kürdoğlu da muğam dünyasında eyni yeri tutur. Səmimi bir şirinlik və ürəkdən gələn yaradıcılıq hər ikisi arasında uyğunluq təşkil edir.

Hansı musiqilərə qulaq asırsan? Bu sualdan çox qorxuram. Musiqi zövqüm haqqında danışmaq çox çətindi. Əvvəlcə yazı prosesi zamanı qulaq asdığım musiqilər haqqında danışmaq istəyirəm. Əgər hər hansı xarici ədəbiyyat haqqında yazıramsa həmin dövrə aid, ona uyğun gələn musiqilərə qulaq asıram. Əgər bir az bəşəri mövzuda yazı yazıramsa Motsartın “Rekviyem”ini, yaxud Vaqnerin “Matəm marşı”nı dinləyirəm. Yerli mövzulardan yazıramsa bu mövzuya uyğun, xüsusən Rübabə Muradovanın, Nəzakət Məmmədovanın, Şövkət Ələkbərovanın, Akif İslamzadənin ifasında müxtəlif mahnılara qulaq asmağa ehtiyac hiss edirəm. Sentimental və lirik mövzuda yazı yazıramsa Bethovenin “Ay sonatası” əsərini dinləyirəm. Həm duyğularla yüklənib, həm də əsəbiləşməməyi qarşıma məqsəd qoymuşamsa mütləq Erik Satinin əsərlərini dinləyirəm. Bu mənə mövzunu daha yaxından hiss etməkdə kömək edir. Əgər mənsub olduğum xalqın maarifçilik tarixindən yazıramsa Üzeyir bəyin əsərlərini dinləməyə üstünlük verirəm. Bəzən müxtəlif insanların ifasında “Mirzə Hüseyn” segahını dinləyirəm. Əlbəttə, yazı yazdığım zaman dinlədiyim bütün müğənnilərin, qrupların və mahnıların adlarını bura yazmaq çətindi. Ümumi mənzərə və təəssürat yaratmaq üçün sadəcə istiqamətləri qeyd etdim.

Musiqi həm də yaddaşımı qıcıqlandırmaq üçün çox güclü bir vasitədi. Burda bütün formalar, janrlar üslublar, dövrlər bir-birinə qarışır. Kinoteatrda baxdığım filmləri daha canlı hiss etmək istəyirəmsə Sovet zamanı məşhur olan hind filmlərindən musiqiləri dinləyirəm. Bu musiqilər istər-istəməz bir çox səhnələri, iyləri, sifətləri gözlərim önündə canlandırır.

Bazar günü “Səhər görüşləri” adlı bir veriliş nümayiş olunurdu. Hətta belə bir söhbət yayılmışdı. Bu söhbət hələ də danışılır. O vaxtlar planı doldurmaq üçün adamlar hətta bazar günü də işləyirdilər. Ölkə rəhbərlərindən biri Aran rayonlarından birinə gedir. Zəhmətkeşlərlə görüşür. Zəhmətkeşlərdən nə istədiklərini soruşur. Zəhmətkeşlər isə iki arzularını dilə gətirirlər. Birincisi “Səhər görüşləri” verilişinin axşam da nümayiş olunmasını xahiş edirlər. Çünki adamlar səhər sahəyə çıxırdılar, verilişə baxa bilmirlər. İkincisi isə xahiş edirlər ki, kənd kitabxanasına Əlibala Hacızadənin “İtgin gəlin” romanını göndərsinlər. Kitabxanaya bir ədəd kitab gəlibmiş, o da oxunmaqdan cırıq-cırıq olubmuş.

Mənə qaldıqda isə, “Səhər görüşləri”ndə daha çox Zeynəb Xanlarovanı görməyi arzulayırdım. Nə gizlədim, Sərxan Sərxanı, Flora Kərimovanı, Oqtay Ağayevi, Akif İslamzadəni görəndə əsəbiləşirdim. Onları heç görmək istəmirdim. İnsan dəyişir. Kimə nifrət edirdimsə sonradan sevimli müğənnimə çevrildi. Kimi istəyirdimsə sonra zövqümə uyğun gəlmirdi. Həyat enişli-yoxuşlu bir yoldu. Burda insanın düşdüyü mühitə uyğun olaraq zövqündə də dəyişikliyin baş verməsi qaçılmazdı. O vaxt televiziyaya buraxılmayan, amma xalq arasında populyar olan müğənnilər vardı. Onların kaseti satılardı. Kasetin üstünə yazılırdı: “Baloğlan toy”, “Sədi toy”, “İsrail toy”. “Baloğlan-24, “Baloğlan-25, “Baloğlan-34” də çatanda Sovet dağıldı. Artıq tamam başqa sistem çıxdı ortaya.

Men uşaq olanda televiziyaya buraxılmayan müğənniləri el şənliklərinə böyük həvəslə dəvət edərdilər. Məsələn, deyirdilər filankəsin oğlunun toyuna filan müğənni dəvət olunub. Bundan başqa xalq arasında gəzən əfsanələr də bu müğənnilərin şöhrətinə əlavə rənglər qatırdı. Deyirdilər Niyaməddin Musayevi Gəncədə bıçaqlayıblar.

Qəzet yox, jurnal yox, şou-maqazin verilişləri yox, hardan bilək bıçaqlayıblar, yoxsa bıçaqlamayıblar. Onsuz da bu yazdıqlarım təzə nəsil üçün anlaşılmaz qalacaq. Ancaq hardasa vəziyyəti, ab-havanı təsəvvür etmək olar. Bir də yaşıdlarım nə demək istədiyimi biləcəklər.

İndi xatırlayıram, hər şey necə də gülməli görünür. Anam əhd etmişdi ki, böyük toyuma Sabir Əliyevi dəvət edəcək. Bu onun arzusu idi. İndi Sabir Əliyev harda, mən harda. Əslində isə hər şey onun istədiyi kimi ola bilərdi. Biz sadəcə təsadüflərin məhsuluyuq, olmaya da bilərdik və məntiqlə olmamalı idik.

Bir az yaxına gələk. Birdən-birə ortaya Alim Gəncəli adlı bir müğənni çıxdı. Bu bir partlayış idi. İndi də Alim Gəncəlinin mahnılarına qulaq asdıqda Sovet maşınlarında gəzdiyim vaxtları xatırlayıram. Dayım profaktoriyada işləyirdi. O vaxtın qayda-qanununa görə profaktoriyada təmir olunan maşın təmir olunduğu müddət boyu ustanın istifadəsində olurdu. Usta təmir etdiyi maşından istifadə edirdi. Üstü kraskalı əzik-üzük maşınlarda xeyli gəzmişəm. Maşının bir dənə ya qabaq oturacağı olurdu, ya da arxa. Amma maqnitofon yüz faiz yerində olmalı idi.

Bir dəfə də nənəmgilə getmişdik. Anam toyuq gətirməyi tapşırmışdı. Dayım gəldi. Dedi evinizə gedirsinizsə gəlin sizi maşınla aparım. Biz də sevincək doluşduq maşına. O qədər sevincək maşına doluşduq ki, toyuqlar da yadımızdan çıxdı. Kimisi oturacaqda oturdu, kimisi də eləcə salonda çömbəldi. Getdik evə. Dayım maşını evimizin qabağında saxladı. Düşdük maşından. Bacım sevinə-sevinə dedi ki, mama, biz maşında gəldik. Mamam soruşdu: “Bəs toyuqlar hanı?” Birdən yadımıza düşdü ki, toyuqları unutmuşuq. Oğlanlar qaçıb aradan çıxdı, ələ keçən bacım oldu.

Bir adam da yadıma düşür. Atamın usta dostu idi. Deyilənə görə əsgərlikdə bir bəstəkarla xidmət etmişdi, həmin bəstəkar onda klassik musiqiyə həvəs oyatmışdı. Radioda klassik musiqiyə qulaq asırdı. Biz də başa düşmürdük ki, bu qarmaqarışıq səslərdən adam nə həzz alır. Mat qalmışdıq. Ləqəbi Çaykovski idi. Onun haqqında “Quqark”da yazmışam. Sonradan bu adam saytlardan birində əleyhimə yazı yazdı. Məni qınından çıxıb qınını bəyənməməkdə ittiham etmişdi. Bunu da görməli idim, gördüm.

Bir az da yaxına gələk. Aydınçikin mahnılarına qulaq asdığım dövrlər də yadımdadı. Əfsanələr gəzirdi ki, televiziyaya buraxmırlar, mahnıları gizli studiyalarda yazılır. “Elnarə” mahnısı çox populyar idi. Tahir adında bir türkmən müğənnisinin də mahnılarına xeyli qulaq asmışdım. Sonralar nə qədər axtardım adamın mahnılarını tapa bilmədim. “Qız hara, şalvar hara” mahnı-meyxanan nə qədər populyarlıq qazanması da xatirimdədi.

Sonra hərbi məktəbdə oxuduğum dövrdə bir müğənni peyda oldu-Cananə. Rus dilində, türk dilində nə gəldi oxuyurdu. Bir az da yaxına gələk. “Karvan” qrupu... İlqar Xəyal... “Lenin” prospekti. Bir məhəllədə qaldığımız tələbə qızlardan biri İlqar Xəyalı uzaqdan uzağa sevirdi. “Yuxu” qrupu... Dəyişdikcə musiqi zövqüm də dəyişir, amma bununla belə keçmişdə dinlədiyim musiqilərin heç birinə gülmürəm. Bu həyatımızın bir parçasıdır. Hər bir müğənni nəyisə xatırladır, hər bir musiqi müxtəlif səhnələri yada salır. Sifətlər, xarakterlər, sözlər, danışıq tərzləri, məkanlar…

Şəhriyar adına Mədəniyyət Sarayında keçirilən konsertlər. Qorxmaz Əlilinin təşkil etdiyi gecələr. Bir konsertdə neçə müğənni səhnəyə çıxır-Aygün Kazımova, Teymur Əmrah, Faiq Ağayev, Firəngiz Musəvi, Flora Kərimova, İzzət Bağırov... Sonradan bu adamları görmək çətin olacaq. Hər şey dəyişəcək. O vaxtlar isə ucuz qiymətə bir bilet alıb onların hamısını bir yerdə görmək olardı. Qəribə-qəribə qruplar peyda olurlar, yoxa çıxırlar. Yenə peyda olurlar, yenə yoxa çıxırlar, bəziləri itir, bəziləri sonradan elə bir məşhurluq qazanır, elə bir parıltıya bürünür ki, özün öz gördüklərinə, xatirələrinə şübhəylə yanaşırsan, bəlkə bütün bunlar heç olmayıb, gözünə görünüb...

Bir az da yaxına gələk. Hərbi xidmət illərinə. Sovet maşınlarında Lökbatan qəsəbəsindən Güzdəkdə yerləşən hərbi hissəyə gedərkən Şəfanın mahnılarını dinlədiyimi xatırlayıram. İndi də Şəfanın mahnılarına qulaq asdıqda Sovet maşınlarını, palçıqlı yolları, səhər yerbəyerinə gecikmək qorxusunu, çörəyin üstünə çətinliklə çəkdiyimiz donmuş yağı, soyuq yeməkxananı canlı-canlı hiss edirəm.

Daha sonra araya Xumar Qədimova girir-hərbi xidmətin ilk aylarında “Gələcəyəm, gəl desən”, hərbi xidmətin son aylarında “Aman ayrılıq” mahnısı ilə. Bir əsgər bütün gecəni “Aman ayrılıq” mahnısını dinləyir. Gecənin hansı vaxtı oyansam həmin mahnını eşidirəm. Qeribə adam idi. Biz hamimiz “Darıxıram” deyirdik. O isə “Bükülürəm” deyirdi. Bir mahnıyla tez bir zamanda böyük populyarlıq qazanmış, sonra yoxa çıxmış müğənnilər haqqında yazmıram. Türklərdən, ruslardan, rok qruplardan ümumiyyətlə yazmaq istəmirəm. Söhbət çox uzanacaq. Mahnılar, səhnələr, sifətlər, mənzərələr… Bunlar bir-biriylə nə qədər bağlıdı. Ona görə “Hansı mahnılara qulaq asırsan?” sualına cavab vermək mənim üçün çətindi. Musiqi zövqüm haqqında danışmaq nə qədər çətin olsa da “Hansı mahnılara qulaq asırsan?” sualı bir anda yüzlərlə xatirənin oyanmasına səbəb olur...

# 1419 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #