Bu dünyanın darağını axtarıram

Bu dünyanın darağını axtarıram
8 aprel 2015
# 15:02

Darağını axtarıram bu dünyanın

Darağını axtarıram bu dünyanın,

Saçlarının biti yağır.

Bir telində qarışqalar yem daşıyır ,

Min telindən qan sovuran gənə baxır...

Darağını axtarıram bu dünyanın

Təmizləyim, sığal çəkim tellərinə,

Qan qoxuyur, mərhəmətdən, məhəbbətdən

ətir səpim tellərinə.

Çiçək düzüm gülüşlərdən,

Çələng edim öpüşlərdən...

İstədilər tağ atdılar saçlarına,

Neçə yerdən hörük vurub bağ atdılar saçlarına.

istədilər tüstüsü başından çıxsın

Yağ atdılar saçlarına.

Boyadılar həm ağ-qara,

həm al qana,

boyadılar yana-yana...

Darağını axtarıram bu dünyanın

Tanrım, sənin əlindədir?

İçimdəki ilahi səs:

Daraq onun barmaqları, daraq sənin barmaqların,

onun, sənin əlindədir.

Kor, amma sən...

Həyata küsmə kor!

Hə, dünya nurundan payın yox sənin

Günəşin yox sənin, ayın yox sənin.

Gözləri deyil, sözləri görürsən,

üzləri deyil, sözləri sevirsən.

Görmürsən təbiətin fırçasında boyasını-

ağ qarını,

yamyaşıl ormanını, sarı qumlu səhrasını...

görmürsən.

Amma sən qar üstündə qan izini,

Yurdu olan yurdsuzların bənizini

Meşələri alovlanan ürəklərin tüstüsünü görmürsən kor!

Gözəlik nədir aləmində, bilmirəm.

Gözəllərin üzündəki həyasını görmürsən

Amma sən, qəlbində on “sevgi” yatan,

Ruhunu satan bakirələri,

Vücudunu kapital edən kariyeristləri də görmürsən kor!

Sənin əxlaqın nurlu, gözlərin kor,

Amma görən gözlər var ki, şor.

Sənin gözlərin tox,

tamahın yox.

Amma acgözlər var

nəfsi çox.

Bəsirəti zığlı,

Fəziləti bağlı...

Sən zəngin sarayları, göyü dələn qüllələri,

Zər-zibalı otelləri, otaqları,

Yaraşıqlı yataqları görmürsən.

Amma sən dərdinin odu ilə isinən,

Ümidin işartısı ilə nurlanan daxmaları,

Samanlı döşəkləri, ilanlı çadırları da görmürsən kor!

Sən görmürsən,

Amma sən xoşbəxtsən kor!

Mənin, onun gördüklərini görmürsən.

Ürəyin mənim, onun kimi acıyırmı?

Haqqın saçları yonulanda,

Ülgücsüz daz ediləndə başı

Tanrının mizanı, tərəzisi pozulanda da,

ədalətsizliyə dünya susanda,

üsyan edən “lal” dillərin göz yaşı

içini acıdırmı?

Sən xoşbəxtsən kor!

Zülmətlər içində saf, aydın dünyan var .

xəyalının öz güzgüsü, təmiz aynan var

bu dünyaya baxmağa.

Sərhədsiz vətən

Hər kəsin dövləti-yer kürəsi,

milliyyəti-insan,

dili-məhəbbət,

dini-mərhəmət olsa...

Düşünsənə,

əsgərsiz vətən,

səngərsiz vətən,

sərhədsiz vətən.

Tikanlı məftillər,

silahlar, mərmilər,

dənizləri qoruyan gəmilər,

qanadlı, uçan dəmirlər

kimə lazım o zaman?!

Düşünsənə,

Sənin,

mənim,

onun,

bizim

yer kürəsi-vətənimiz.

Nəyi bölüşə bilmirik?

Torpaq, su, hava

Hamıya yetər olsa,

Onun, mənim, sənin

Başın, əlin-ayağın, bədənin

Nəyi bölüşə bilmirik?

Hər kəsin milliyyəti insan olsa.

Nifrət deyil, sevməyi öyrədər analar

Kiçicik ürəklərində kin cücərtməz uşaqlar,

Şəhid deyil, qızlara ər doğular.

Artıq sözlər nəyə gərək

məhəbbətin dili varsa,

Bu qırğınlar, bu savaşlar nəyə gərək?

Hər kəsin oturmaq üçün yeri varsa.

Dünya darısqal olmaz ki,

Bir insanın ürəyində

Min insanın yeri olsa...

# 898 dəfə oxunub

Oxşar xəbərlər

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

11:30 3 aprel 2024
Mənim səssizliyim  dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

Mənim səssizliyim dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

17:29 28 mart 2024
Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

16:30 9 fevral 2024
"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

14:00 2 fevral 2024
Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

11:14 26 yanvar 2024
"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

10:53 17 yanvar 2024
# # #