Qatil ağsaqqallarımız

Qatil ağsaqqallarımız
17 mart 2015
# 11:27

Bəlkə də, inanmayacaqsınız, “dudkeş” sözünün mənasını bu yaxınlarda öyrənmişəm. Ola bilsin, bilirmişəm, yadımdan çıxıb. Çünki ən azı Sabiri oxumuşam və anlamadığım fars-ərəb sözlərinin mənasını lüğətdən oxumuşam.

Həm də “dud” sözünün “tüstü” olduğunu bilirəm axı... Yanındakı “keş” kəlməsi də, məlum...

Bir də ki, bizdə samovarın başına taxılan həmin məşhur haqq-hesaba sadəcə turba deyirlər. Amma da maraqlı sözmüş və Sabirin məşhur şeirində necə də yerində işlənib:

Dudkeş kimi bir papaq başında...

Bu misra “O olmasın, bu olsun” filminin 48-ci dəqiqəsində Sərvərin diliylə də deyilir və aktyor həmin an iki əlini başının yanından dudkeş kimi yuxarı uzadır. Nəzərə alın, lazım olacaq: burda söhbət 15 yaşlı qızı pulla alıb zorla yatağına çəkən heyvərədən gedir. Yəni, onun həyatını məhv edən, gələcəyinin qatilinə çevrilən “ağsaqqal”dan.

Dudkeş kimi papaq...

Bildiyiniz kimi, “Molla Nəsrəddin” jurnalında o dövrün qeyri-adi müsəlman geyimləri ilə bağlı xeyli mırt söhbətlər və karikaturalar var. Sabirin bu unikal bənzətməsi də zamanı keçmiş bu cür uzun papaqlara incə bir istehzadır. Sanki, buxara papağın nə qədər uzundursa, sən o qədər ağıllısan, o qədər ağsaqqalsan. Gərəkdir ki, sözünün üstünə söz deməyələr.

Əslində, dudkeş papaqlar mahiyyətində elə qorxulu sirlər gizləyir ki, adam anlayınca tükləri biz-biz olur.

Əsl buxara papaqlar əmlik quzunun dərisindən hazırlanır. Hətta, papaqçıların dediyinə görə, doğulmamış quzu dərisi daha yaxşıdır. Çünki qoyun balasını yalayanda onun tüklərinin vəziyyəti dəyişir və dəri quruyan zaman tökülür. Amma ana qoyunun dili dəyməyən tüklər daha canlı və daha uzunömürlü olur. Lap yaxşısı isə, doğulmağa yaxın ana bətnindən çıxarılan dölün dərisidir.

Beləliklə, Azərbaycanı uzun müddət “idarə edən” ağsaqqallıq institutunun kəmsavad “professor”ları öz paqonlarını – dudkeş papaqlarını doğulmağa hazırlaşan yeni nəslin dərisindən hazırladır. Onu başına qoyub qərarlar verir, hamıya ağıl öyrədir. Və bu hal xalqın mistik taleyinə təsirsiz ötüşmür. Başında döl dərisi (qətl olunmuş gələcək) gəzdirən ağsaqqalların sözü ilə oturub-duran toplumun gələcəyi olmur, onun ən bakirə, ən intim, ən munis arzuları ana bətnindəcə qətlə yetirilib ağsaqqallara qurban verilir.

Azmış kimi, aşıqlarımız və mollalarımız da həmin papaqlardan qoyurlar.

Bəzən, gənclər də müdrik, ağıllı görünmək, cəmiyyət içində hörmət qazanmaq üçün öz qətl olunmuş gələcəklərinin müqəvvasını başları üstündə gəzdirib vaxtından əvvəl qocalır, vaxtından əvvəl qatilə çevrilirlər.

Mustafa Kamal Atatürk qiyafət inqilabı ilə ozamankı Türkiyəni bu adamlarının əlindən yaxşıca xilas eləmişdi...

Dudkeş papaqlar sizə elə-belə gəlməsin...

Dudkeş papağın əsl mahiyyətini bir kənara qoyub bu papağı Novruz bayramında qapılara ataq-atmayaq müzakirəsi açan millət vəkillərinin işi isə, sadəcə baş piyləməkdir.

Deyim nə edək?

Bu papağı qapılara da yox e... tarixin kiflənmiş zirzəmisinə tolazlayaq.

# 1418 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #