Yaltaq şair

Yaltaq şair
13 mart 2015
# 12:28

Qatar tavanını vaxtında çatdıra bilməyəcəyindən təlaşlanan qumarbaz kimi çaparaq girdi “Elmlər”ə.

Bir-birinə dəyən adamların giley-güzarı dəmir relsləri qaşıyan əyləcin səsini ağzında qoydu. Tələbələrin duzsuz atmacaları yenə özlərindən savayı heç bir allah bəndəsinin gülüşünə səbəb olmadı. Qarşımda dayanan qızın saçları azman dalğalar tərəfindən sahilə atılmış balıq kimi üzümdə çırpındı. Dəmyə əkilmiş qarpız qoxusu gəlirdi saçlarından...

Maşinist əziz qonağın gedişindən narazı qalan ev sahibi ədasıyla könülsüz açdı qatarın qapılarını. Yerin altından işıqlı dünyaya tez-bazar çıxmaq istəyənlər şığıdılar eskalatora. Özüyeriyən pilləkəndə bütün günü kotana qoşulan qoca atın yorğunluğu vardı. Eskalatorda məndən 5-6 addım irəlidə əndamlı bir qız dayanmışdı. Gözüm gözlərinə sataşdı. Cazibəliydi, yekəydi...

Baxışlarımın ağırlığına dözməyən eskalator ayaq saxladı ki, nəfəsini dərsin. Dönüb hikkə ilə üzümə baxan qızın gözlərinin ağına yazılmış “gözümə niyə baxırsan” sərlövhəli şikayətnaməni ürəyimdə oxudum. Gözlərim yüklü olduğundan başımı ağır-ağır başqa səmtə çevirdim.

Hava o qədər gözəl idi ki, ağaclar öz evlərindən başqa harda gəldi gecələyən qızların tumuşu kimi əlvan çiçəklərlə bəzənmişdi. Quşlar dimdik-dimdiyə verib bahara, buludsuz göy üzünə həsr elədikləri nəğməni oxuyurdular. Boş skamyalardan birində oturub yandırdığım siqaretin tüstüsünü niqab elədim özümə. İstəmirdim məni ağaclardan başqa kimsə görsün. Baharla baş-başa qalmaq istəyirdim...

Şair Məmmədağa kəsdirmişdi başımın üstünü. Xeyli vaxt olardı ki, rastlaşmamışdıq. Mən susmuşdum. Məmmədağa danışırdı. Bir-birinə qarşımışdı quşların səsi. Əvvəl məndən niyə gec-gec göründüyümü soruşdu. Dedim, yolların damarı qırılsın, uzaqlıq düşüb araya, tez-tez gələ bilmirəm. Sonra kitab məsələsində niyə bu qədər yubandığımla maraqlandı. Dedim, şair, kitab buraxmağa pul lazımdı. Güldü. Əllərini dizinə çırpdı bərkdən. Dedi, o qədər imkanlı şair-yazıçı var ki, get, gir birinin qəbuluna. Denən, kitabının nəşrinə kömək eləsinlər. Yığdığın pulun yarısını kitaba xərc elə, yarısını da qoy cibinə. Başımı buladım yana-yana. Üzünə baxdım Məmmədağanın. Yaddaşımda bu bivecin nə vaxtsa yazdığı şeirdən bir bənd ilişib qalmışdı:

Səhər açılan kimi açıram pəncərəni,

Görürəm o qadını, o gözəl mənzərəni.

Mələkdi! Yox, yanıldım, mələkdən gözəldi o,

Ustadanə yazılmış məzmunlu qəzəldi o.

Yaddaşım bu qədərini sinirə bilmişdi...

Məmmədağa keçmişdi nə vaxtsa yazdığım şeirləri tənqidə. Mən lap çoxdan heç kəsin ağzı ilə heç zad ölçmədiyimdən susmuşdum. Şairin həyasızlığına heyrətlə yetinmək çətin olsa da, dözürdüm. Adam gərək birinci baxıb görə ki, özü nə yazır. Yuxarıda qeyd elədiyim şeirin müəllifi məni necə tənqid edə bilər axı?

Məmmədağa başlamışdı dünya ədəbiyyatından mühazirə oxumağa. Elə həvəslə danışırdı ki... Darıxdım birdən-birə. Üzümü tutdum bayaqdan Avropa poeziyasının altını üstünə çevirən Anarpərəst şairə: “Anar müəllim necə şairdi, səncə?” Məmmədağa bir anlıq duruxsa da özünü itirməyib AYB sədrini qaldırdı Füzuli mərtəbəsinə. Sonuncu dəfə kimə bu qədər güldüyümü xatırlamıram. Gülüb toxdayandan sonra yaltaq şairin üzünə baxdım. Gözlərindəki inciklik daha da miskin eləmişdi biçarəni. Nədənsə bir az əvvəl eskalatorda gördüyüm göz yadıma düşdü.

Amma nədənsə ...

# 1920 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #