Faşistlərin ölüm düşərgəsində səsləndirdikləri məşhur mahnı

Faşistlərin ölüm düşərgəsində səsləndirdikləri məşhur mahnı
10 mart 2015
# 15:38

“Titanik” filmində o məşhur səhnəni xatırlayın: Gəminin qəzaya uğraması xəbəri yayılır. Xilasedici qayıqlar kifayət qədər deyil. Ona görə birinci qadınlar və uşaqlar xilas edilməlidir.

Gəmi sərnişinləri isə təlaş içindədirlər. Hamı xilas olmağa çalışır. Bircə musiqiçilər sakitdirlər. O möhtəşəm kvartet öz təmkinini pozmadan mahnılarını ifa etməkdə davam edir. Təki insanları ovuda bilsin...

İkinci Dünya müharibəsi. Polşa. Lvovda yerləşən Yanovski konsentrasiya düşərgəsi. Bu lagerdə qaz kameraları, krematoriyalar yox idi. Rəsmi şəkildə əmək lageri adlanırdı. Bununla belə burada 200 minə yaxın yəhudi, ukraynalı, polyak və başqa millətlərin nümayəndələri məhv edilmişdi.

Lager rəhbərliyinin qəribə qətl metodları vardı. Onlar müxtəlif “ölüm yarışları” təşkil edir, dustaqlara işgəncələr verirdilər.

Bu dəhşətləri, insan oğlunun yer üzündə yaratdığı bu cəhənnəmi isə kinolaşdıran qəribə bir nüans vardı. Kənardan müşahidə etsən elə bilərdin filmə baxırsan. Qulağında maraqlı musiqi səslənərdi.

Hardan gəlirdi musiqi sədası? Bu dəhşətin içində kimlər vaxt tapıb musiqi çalırdı, kimlər onu dinləyirdi? Kimlər ondan zövq alırdı?

İnsan ah-nalələrinin ərşə ucaldığı bu məkandan hansısa musiqidən zövq almaq mümkün idimi?

Nə bilmək olar? İlk dəfədən qərar verməyək.

Bəlkə düşərgə rəhbərliyi zövq alırmış.

Bəlkə musiqiçilər doğma insana sarılmış kimi basırmışlar alətlərini sinələrinə.

Bəlkə işgəncə altında ölənlərin qulaqlarında dua kimi səslənirmiş bu musiqi.

Bəlkə...

Lagerdə işgəncələr və güllələnmələr vaxtı həmişə musiqi səslənirdi. Mahnının adı da vahiməli idi-“Ölüm tanqosu”. Onu dustaqlar belə adlandırmışdı.

Orkestr məhbuslardan təşkil olunmuşdu. Onlar ancaq “Ölüm tanqo”sunu ifa edirdilər.

Orkestrantlar arasında Lvov Dövlət Konservatoriyasının professoru Ştriks, opera dirijoru Mund və başqa tanınmış yəhudi musiqiçilər vardı. Məhbusların asılması zamanı orkestrdən bu tanqonu səsləndirmək tələb olunurdu.

İşgəncə nalələri göylərə ucaldıqca bu həzin tanqo lager divarlarında əks-səda verirdi. İnsan xislətində yaxşı ilə pis, xeyirlə şər, mərhəmətlə vəhşilik bir-birinə qarışdığı kimi lagerdə də fəryadla musiqi bir-birinə qarışırdı.

XX əsr tarixi də, psixoloqları da sübut etdilər. Təəssüf ki, insanın özünə qalanda o çox vaxt içindəki vəhşiliyi, şəri, pisliyi seçir. Necə ki, bu şər, bu pislik, bu vəhşilik ötən əsrdə ölüm düşərgələri şəklində təzahür eləmişdi.

Orkestri bəzən düşərgə rəisinin pəncərəsi ağzında çalmağa da vadar edirdilər.

Lvovun Sovet ordusu tərəfindən azad edilməsi zamanı alman faşistləri 40 nəfərlik orkestr üzvlərinə dairəvi şəkildə dayanmağı əmr edirlər. Düşərgənin mühafizə dəstəsi musiqiçiləri mühasirəyə alaraq onları çalmağa vadar edir. Əvvəlcə orkestrin dirijoru Mund öldürülür. Komendantın əmri ilə bundan sonra hər musiqiçi bir-biri dairənin mərkəzinə gəlir, alətini yerə qoyub çılpaq soyunur, sonra başından güllələnirdi.

“Ölüm tanqosu”nun müəllifi naməlumdur. Onu bərpa etmək cəhdləri isə uğursuzluqla nəticələnib. Notlar saxlanılmayıb. Bir neçə keçmiş məhbus yaddaşları əsasında mahnını bərpa etmək istəsələr də trans vəziyyətinə düşərək hönkür-hönkür ağlayıblar. Nəticə uğursuz olub.

Belə hesab olunur ki, düşərgədə insanların işgəncələrə məruz qaldığı, öldürüldüyü vaxt səslənən mahnı “Ta ostatnia niedziela” adlı məşhur Polşa tanqosu imiş.

# 3698 dəfə oxunub

Oxşar xəbərlər

Atatürkün axtardığı batmış qitə: Kritdən Muya gedən yol

Atatürkün axtardığı batmış qitə: Kritdən Muya gedən yol

15:00 19 oktyabr 2026
Səmanı fəth edən pilotun son döyüşü – Zaur Nudirəliyev necə şəhid oldu?

Səmanı fəth edən pilotun son döyüşü – Zaur Nudirəliyev necə şəhid oldu?

12:00 19 oktyabr 2026
Almaniyada 7000 il əvvəl  dəfn edilmiş insanın qeyri-adi skeleti  tapıldı

Almaniyada 7000 il əvvəl dəfn edilmiş insanın qeyri-adi skeleti tapıldı

18:40 16 oktyabr 2026
Misir qədim mumiyaların  üzərindəki portretləri ilk dəfə xarici sərgiyə göndərir

Misir qədim mumiyaların üzərindəki portretləri ilk dəfə xarici sərgiyə göndərir

17:00 16 oktyabr 2026
Qobi səhrasında dinozavr yumurtalarını xatırladan muzey – Memarlıq möcüzəsi

Qobi səhrasında dinozavr yumurtalarını xatırladan muzey – Memarlıq möcüzəsi

15:00 16 oktyabr 2026
Acın ova, toxun Allaha getdiyi yer... - Qobustanla Göbəklitəpəni hansı sirr birləşdirir?

Acın ova, toxun Allaha getdiyi yer... - Qobustanla Göbəklitəpəni hansı sirr birləşdirir?

14:00 11 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər