Özlərini diri-diri yandıranlar, zəhər qatılmış içki içənlər - ARAŞDIRMA

Özlərini diri-diri yandıranlar, zəhər qatılmış içki içənlər - <span style="color:red;">ARAŞDIRMA
27 fevral 2015
# 12:35

Ötən əsrin əvvəllərindən Məsihçi xristian təriqətləri və müxtəlif təriqətlər sürətlə yayılır və yayılması ilə böyük faciələrə yol açır…

Dünyanın fərqli nöqtələrində kütləvi intihara, qətliama yol açan təriqətlər meydana gəlir. Bu təriqətlər və dinlər müxtəlif terror, kütləvi intihar hadisələrində iştirak edərək dünya üçün ciddi qorxu və təhlükə yaradır. Xaotik və məntiqsiz inanclarla silahlanmış dini qruplara qoşulmağın nəticəsi istənilən halda faciədir...

Dünya ciddi-cəhdlə islam terrorundan, islamçı qrupların törətdiyi qətliamlardan danışdığı bir zamanda, qədim tarixə malik xristian terrorunun, yeni yaranan təriqətlərin və dinlərin törətdiyi qətliamları, kütləvi intiharları gözardı etmək olmaz.

Müxtəlif mənbələrdə xristian dinini əsas götürən məsihçi cərəyanlar, yeni yaranan dinlər və təriqətlərlə bağlı məlumatlara nəzər salaq:

David Koreş və tərəfdarları

“Federal agentlər və məzhəb üzvləri arasındakı 51 günlük gərginlik faciə ilə nəticələndi. Məzhəbin Uako, Texas yaxınlarındakı məbədləri və sığınacaqları tamamilə yandı. 33 yaşı olan “Branch Davidians” hərəkatının lideri və Məsihi David Koreş 74 tərəfdarı ilə birlikdə həlak oldu”.

Britaniya Ensiklopediyasından götürülən yuxarıdakı məlumatda haqqında danışılan David Koreş “Yeddinci gün adventistləri”nin tərəfdarlarından biri idi. Bu təriqətin tərəfdarları İsa peyğəmbərin yenidən gəlişinə inanırdılar. Məsihin gəlişini dəfələrlə müjdələsələr də bu baş vermirdi. Sonuncu dəfə 1959-cu ildə Məsihin gələcəyini gözləyən təriqət üzvləri böyük xəyal qırıqlığına uğradı.

Amma İsanın gəlişinə inanan böyük bir qrup Texas ətrafında böyük bir bölgəni satın alaraq dövlət idarəçiliyinə qarşı çıxmağa başladı. 19 yaşında adventistlərlə tanış olan Vernon Houel 1986-cı ildə adını dəyişərək “David Koreş” olur və 1986-cı ildə yeni təriqətin rəhbəri seçilir. Vernon dünyaya gələndə anasının 15 yaşı var idi. Təriqət üzvləri onu “Günahkar Məsih” adlandırırdı.

Devid Koreş və tərəfdarları 90-cı illərdə isə kütləvi ölümləri ilə ən çox diqqəti çəkən qrup olub. 28 fevral 1993-cü ildə təhlükəsizlik orqanları araşdırmaq üçün təriqətin Texas kənarında saldığı kəndə girmək istəyəndə təriqət üzvləri təhlükəsizlik işçilərini güllə yağışına tutdu. Bu hadisədən sonra kənd mühasirəyə alındı. Mühasirənin 51-ci günündə təhlükəsizlik işçilərindən biri kəndə girməyə çalışdı və bir anda fermadan tüstü qalxmağa başladı. David Koreş kəndi yandırmışdı...

David Koreş və içərisində uşaqlar, qocalar da olmaqla 74 təriqət mənsubu yanaraq həlak olur.

Kometa qurbanları

BBC-nin arxivində 1997-ci ildə baş vermiş daha bir kütləvi intihar hadisəsi haqqında informasiya var. 1997-ci ildə San Diyeqonun şimalında, ayaqlarında idman ayaqqabıları, əyinlərində qara T-Şort ilə toplu olaraq intihar edən 40 adam dünya gündəmini yenidən silkələdi. Yaşları 26 ilə 72 arasında dəyişən 40 adam, o dövrdə dünyanın yaxınından keçən Hale-Bopp kometasının onları təkamülün növbəti mərhələsinə daşıyacağı inancı ilə intihar etmişdilər. “Cənnət qapısı” təriqətinin lideri Marşal Applevayt tərəfdarlarını intihara təşviq etmək üçün, onları cənnətlə müjdələyir.

Kəşf edildiyi 1995-ci ildən sonra sadəcə bir dəfə 1997-ci il martın 28-də dünyada görünən Hale-Bopp kometası həmin gün faciəyə səbəb olub.

Constaunda kütləvi intihar

1978-ci il... CNN-nin xəbərləri: “Elə bir hadisə idi ki, səbəb olduğu dəhşətli dalğaları dünyanın hər tərəfinə yayıldı... Ən yeni tarixin ən dəhşətli kütləvi intiharı. Bir məzhəbin üzvləri olan 900-dən çox insan ölmüş halda Cənubi Amerika meşələrindən tapılıb. Ölənlər Cim Consun tərəfdarları idi”.

1951-ci ildə İndiana Kommunist Partiyasına üzv olan Cim Cons bir müddət sonra partiyasının xalqı səhv istiqamətləndirdiyini düşünərək partiyadan ayrılır. Daha sonra marksizmi xalq arasında geniş yaymaq üçün kilsəyə daxil olur. Cim qısa müddət ərzində kilsə tərəfdarları arasında etdiyi çıxışlarla böyük şöhrət qazana bilir. Cimin çıxışlarını dinləmək üçün kilsəyə böyük axın var idi. İnsanlar bütün var-dövlətini kilsəyə bağışlayırdı. Nəhayət Cimin əziyyətləri boşa getmədi və “The People's Temple of the Disciples of Christ” təriqəti yarandı. Təriqət yaranandan sonra Cimin göstərişi ilə təriqət toplantıları gizli keçirilməyə başladı.

1974-cü ildə təriqət üzvləri Cənubi Amerika meşələrində bir kənd salıb, modern həyatdan tamamilə uzaqlaşdı.

Təriqətin məskunlaşdığı bölgəyə Constaun adı verildi. Cim buranı “Sosializm cənnəti” adlandırırdı. Dünya ilə əlaqəsini kəsmiş Constaun Şimali Kaliforniya sakinlərini narahat edirdi. Çünki Constaunda yaşayanlar onların yaxın qohum-əqrəbası idi. 1978-ci ildə parlament Leo Ryanın rəhbərliyi ilə Constauna bir heyət göndərir. Təriqətin məskunlaşdığı ərazidə vəziyyətin ağırlığını görən Ryan təriqət üzvlərinə geri dönməyi tövsiyə edir. Nəticə acı olur. Təyyarəyə minmək istəyən Ryan və bir neçə jurnalist öldürülür. Qurduğu təriqətinin çöküşünü hiss edən Cim kütləvi intihara qərar verir. Xüsusi zəhər qatılmış içkidən içən təxminən 900 nəfər həlak olur...

Özünü diri-diri yandıranlar

1994-cü ildə isveçrəli Juke Zurenin rəhbəri olduğu “Günəşin məbədi”nin üzvləri kütləvi şəkildə intihar edir. Juke qlobal çirklənmə, sağlam həyat tərzi mövzularında qadın klubları təşkil edirdi. Əslində Jukenin yeni təriqət yaratması çoxlarına bəlli deyildi. Onun rəhbərliyi altında başıpozuq gənclər və cəmiyyətin kasıb təbəqəsi “Günəşin Məbədi”ndən yüksək məbləğlər qazanırdı. Onlar düşüncələri və dünya görüşləri ilə dünyadan təcrid olunmuş vəziyyətdə yaşayırdı. Jukenin təliminə görə, tezliklə hamı odda yanacaqdı.

Nəhayət, Juke Zureninuzunmüddətli planı baş tutur. Tərəfdarları xoşbəxtliyə nail olmaq üçün odda yanmalı idi. Juke “Ölüm səyahəti” adı verdiyi kütləvi intihar planını hazırlamışdı. İndi sadəcə “yuxarı”dan bir işarə gözləyirdi.

Gözlənilən siqnal 1994-cü ilin qış aylarında həm Jukeyə, həm də 53 üzvə göndərilmişdi. Qətllər Friburunda, Valyada, həmçinin Kanadanın xizək kurort qəsəbəsində və İsveçrənin 2 balaca kəndində baş vermişdi. Həlak olanlardan onu uşaq idi. Təriqət üzvlərinin intiharı şüursuz vəziyyətdə baş tuturdu. Təriqət üzvləri narkotik qəbul edirdi və huşsuz halda başlarına plastik torbalar keçirildikdən sonra güllələnirdilər.

Bir il sonra 1995-ci ilin dekabrında arasında bir neçəsi uşaq olan təriqət üzvü Alp dağlarında özlərini yandıraraq intihar edir. 1997-ci ilin martında (yaz gecə-gündüzün bərabərliyi günü) “Günəş Məbədi”nin 5 üzvü birlikdə intihar edib. Ümumilikdə bu təriqətin qurbanları 74 nəfərdir və onlardan 48 nəfəri güllələnib.

“Cinayət gözəl əxlaqdır”

Bu cür təriqətlər təkcə intihara, kütləvi ölümlərə təhrik etmir, eyni zamanda cəmiyyətin nizamını pozur, sadə vətəndaşları hədəf alan hücumlar da təşkil edirlər. Yaponiyada yaxın keçmişdə yaranmış “Aum Shinrikyo” təriqəti metroya zəhərli qazla basqın etmiş, hücum nəticəsində 5.500 nəfər yaralanmış, 12 nəfər isə həlak olmuşdu. Təriqət mənsubları 1994-cü ildə, Tokio yaxınlığındakı Matsumotoda reallaşdırılan və 7 nəfərin ölümü , 144 nəfərin yaralanması ilə nəticələnən oxşar hücumda da günahlandırılır.

Təriqət lideri Asaharanın təlimlərinə görə, bir insan ancaq cinayət işləyərək ruhunu təmizləyə bilər. Dünya hakimiyyətinin təmin edilməsi isə ancaq zorakılıqla mümkündür. Adi insanların törətdiyi cinayətlər, təriqət üzvlərinə görə bir növ gözəl əxlaqi xüsusiyyətidir.

# 1013 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
# # #