Qış düşüncələri

Qış düşüncələri
15 yanvar 2015
# 11:36

Bakıya lopa-lopa qar yağır. Elə bil göydən hökmlü bir əl böyük torbadan qarı ovuclayıb ətrafa səpələyir. Ulduz-ulduz qar pəncərələrə qonub həsrətlə isti evlərə boylanır. Evlərin damından və sürahilərdən asılmış buz sırsıralar bəyazlığa bürünmüş aləmin gözəlliyini bir daha nidalayır. Ağ yorğanı üstünə çəkən ağaclar uzun sürən yorğunluqdan mışıl-mışıl yatırlar. Təkəbbürlü, lovğa pişiklər damda-bacada, isti su borularının böyür-başında xumarlanırlar. Vəfalı sərçələr civildəşərək dən axtarırlar. Qara qarğalar səs salaraq səmada dövrə vururlar. Qartopu oynayan uşaq anasının ətəyindən yapışıb evə getmək istəmir. Paltosunun yaxalığını qaldıran, yun şarfı boğazına dolayan, papağını qar basan adamlar isə, özlərini tez-tələsik avtobusa, metroya salmağa çalışır. Parkın uzaq küncündə sevgilisiylə bir-birini qartopuya tutan cavanların xoşbəxtliyi də qar kimi təmiz və işıqlıdır. Yəqin ki, bu gün onların xatirəsində belə işıqı qalacaq.

Yavaş-yavaş qaş qaralır. Axşamın sazağında sürüşkən küçə və səkilərdə adamlar yıxıla-dura evlərinə tələsirlər. Şaxtanın soyuq nəfəsi yanaqlarımı yandırsa da, sakit yerişimə haram qatmıram. Çünki qışı, daha doğrusu qarlı yolu sevirəm. Ev qaçmır ki...

Dalanda, köhnə bir vedrədə ocaq qalayan, nimdaş geyimli, saçları pırpız bir neçə kişi dayanıb. Onlar, ocaq adına ətrafına dolaşdıqları vedrədən qalxan qaramtıl alovda isinirlər. Arıq, beli bir az donqarlaşmış kişi əlini-əlinə sürtərək: “Kaş ki, indi burda yaxşı yemək-içmək olaydı”. Yanındakılar onun bu sözlərindən həvəsə gəlirlər. Onların donuq, əzik-üzük duruşları dəyişir, elə bil hamısı cana gəlir.

Lap çoxdan, mən uşaq olanda nənəm pəncərədən yağan qara baxıb: -“ Eh, ay bala, qış kasıblar üçün deyil! Qar küçəyə yox, onların ürəyinə yağır, - deyərdi, - sonra kəlayağısının ucuyla gözlərini silər, pəncərədən uzaqlaşardı...

***

Qarlı, şaxtalı havalarda isti sobanın yanında oturub kitab oxumağı çox sevirəm. Oxuduğum kitabdakı adamların iztirabını, sevgisini onlarla birgə yaşayıram. Deyəsən, kitab həvəsi yavaş-yavaş qar sevgisini üstələyir. Evə tələsirəm.

***

Mətbəxdən adamı bihuş edən yemək qoxusu gəlir. Kitabı qatlayıb divanın qırağına qoyuram. Aclıq nə kitab bilir, nə də qar. Qar yağanda, elə bil evdəki əşyalar da gözümdə dəyişir, daha rahat, yaraşıqlı görsənir. Özümü mətbəxə salıram. Anamın səliqəsi, evdəki ab-hava könlümü oxşayır. Diyircəkli asılqandakı allı-güllü çay dəsmalı baharı xatırladır. Qaz sobasının üstündəki çaynikin aramsız səsi evimizə kövrək bir ovqat gətirir. Həmişə çörəyi mətbəxdə yeyirəm. Burda yeməyin dadı bambaşqadı. Böyük iştahla şam yeməyini başa vurub, yenə otağıma qayıdıram. Yox, daha kitab oxumağa həvəs yoxdur. Pəncərəyə yaxınlaşıram. Gecə lampalarının işığında qar örtən ağaclar məni bir az da duyğulandırır. Pəncərənin buxar basan şüşəsində müxtəlif sözlər yazıram. Bir neçə saniyədən sonra bu sözlər əriyib itir...

***

Üzbəüz evlərdəki pəncərələrdə işıq yanır. Elə bil işıqlar küçələri, ağacları, binaların damlarını örtən bəyaz qara sevinir. Bu sevincdən və istilikdən küçədən keçənlərin də qəlbinə hərarət gəlir. Qar üzərinə düşən işıqların parıltısı uşaqların gözlərindəki sevincdən boylanır.

8.01.2015

# 1523 dəfə oxunub

Oxşar xəbərlər

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

11:30 3 aprel 2024
Mənim səssizliyim  dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

Mənim səssizliyim dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

17:29 28 mart 2024
Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

16:30 9 fevral 2024
"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

14:00 2 fevral 2024
Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

11:14 26 yanvar 2024
"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

10:53 17 yanvar 2024
#
#
# # #