Şeiri ikinci dildən çevirməkdənsə-Saday Budaqlı

Şeiri ikinci dildən çevirməkdənsə-Saday Budaqlı
14 yanvar 2015
# 13:42

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin dəstəyi və iştirakı ilə Kulis.az saytı “Tərcümə problemlərinin aktuallaşdırılması” adlı layihəyə start verir. Layihənin məqsədi tərcümə sənətinin problemlərini gündəmə gətirmək, bu sahəyə diqqəti artırmaq, mövcud problemlərin aradan qaldırılmasına çalışmaqdır.

Müzakirələr bir neçə paneldə keçiriləcək. Hər panelin müstəqil mövzusu və məruzəçiləri olacaq. “Türk dilindən tərcümə lazımdırmı?”, “Tərcümə sənətinin hazırkı problemləri”, “Müqayisəli tərcümə”, “Fəlsəfi mətnlərin tərcümə problemləri”, “Poetik tərcümənin çətinlikləri”, “İkinci dildən tərcümə problemi” kimi mövzular 6 panelin məruzəçiləri tərəfindən müzakirə ediləcək. Artıq “Türk dilindən tərcümə lazımdırmı?” mövzusunun müzakirəsi ilə tanış olmusuz.

İkinci müzakirə mövzusu “İkinci dildən tərcümə problemi” adlanır. Mövzu üzrə məruzəçilər İlqar Əlfi, Saday Budaqlı, Mahir Qarayev, Mirmehdi Ağaoğludur. Saday Budaqlının məruzəsini təqdim edirik.

İkinci dildən tərcümə problemi

Saday Budaqlı

İkinci dildən tərcümə, müqayisəli tərcümə, sətri tərcümə əsasında çevirmək – bunlar öz yerində, ancaq təbii ki, əsas şərt – orijinaldan tərçümədi. Hər sözün öz “dadı-tamı”, öz çaları var, əsərin ruhunu, ritmini tutmaq lazımdı. Tərcüməçi dar bir çərçivədə işləyir, “atını istədiyi kimi çapa” bilməz, mətndən kənara çıxa bilməz; tərcüməçi cümlədəki hiss və duyğuları, fikri öz ana dilində yüksək bədii səviyyədə oxucuya çatdırmağı bacarmalıdır.

İkinci dildən tərcümə, necə deyərlər, xoş günümüzdən olunmur. Sovet məkanında yaşamışıq, rus dili ikinci ana dili olub, xarici ədəbiyyatın bu dildən tərcümə olunması ənənə şəklini alıb və hələ də bunun təsirindən qurtara bilmirik. Səbəb isə çox sadədi – orijinaldan tərcümə edənləri barmaqla saymaq olar, ümumiyyətə, tərcüməçi yox dərəcəsindədir. Öz dilini bilən xarici dili bilmir; xarici dili bilən öz dilini bilmir. İndi ingilis dili rus dilini sıxışdırmaqdadı. Bu dildən olunan tərcümələr artır (keyfiyyət barədə bu sözləri demək olmaz). Bəs ispan, italyan, fransız, portuqal, yapon, alman, Skandinaviya dilləri? Bu siyahını bir xeyli uzatmaq da olar. Bəs nə etməli? Əlimizi əlimizin üstünə qoyub gözləyək ki, bu dilləri bilən tərcüməçilər nə vaxt yetişəcək? Onsuz da çox gözləmişik, qonşular balonlarda uçanda, biz arabada gərnəşirdik. Görünür, eyni vaxtda bir neçə istiqamətdə iş görülməlidi: həm xarici dildən tərcüməçilər yetişdirilməli, eyni zamanda, orijinaldan tərcümələrlə yanaşı, ikinci dildən tərcümələr olunmalıdı.

Poeziyanın tərcüməsindən danışmaq istəmirəm. Şeir Allah vergisidi. Onu orijinaldan tərcümə eləməyin özü belə çox çətindi. Hələ götürüb ikinci dildən tərcümə eləsən, şeirin suyunun suyu qalacaq. İkinci dildən tərcümə olunmuş şeiri təzədən orijinalın dilinə çevirsən, yəqin ki, tamam başqa şeir alınar. Ona görə ikinci dildən tərcümədənsə, poeziyada sətri tərcüməyə üstünlük vermək lazımdı.

Bizdə ikinci dildən tərcümə kimi indi rus və Türkiyə türkcəsinə üstünlük verilir. Ruslarda tərcümə məktəbi çoxdan püxtələşib, onların tərcümələrinin keyfiyyətinə inanıb, xarici ədəbiyyatı bu dildən çevirmək olar. Türkiyə türkcəsinə edilən tərcümələrin keyfiyyətinə bələd deyiləm. Ancaq Türkiyə türkcəsindən Azərbaycan dilinə uyğunlaşdırılan əsərlərdə bu dildən tərcümə olunduğu hiss olunur, tərcüməçilər Türkiyə türkcəsindən qopa bilmirlər. Tərcümədə əsas məsələ mətnin Azərbaycan dilində səslənməsidi. Oxucu əsərin tərcümə olduğunu hiss etməməlidi.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəznin yaradılması tərcümə problemlərini çözmək üçün atılmış böyük addımdı. Biz hələ yolun başlanğıcındayıq. Tərcüməçi yetişdirmək çətin olduğu qədər də, çox vaxt aparan işdi. İlk növbədə sözü duyan, hiss eləyən gənclərin, gənc yazıçıların dil öyrənməsinə çalışmaq lazımdı. Tərcümənin həm də dilimizi zənginləşdirdiyini nəzərə alsaq, bu işin vacibliyi daha aydın olar.

Birinci müzakirəni burdan oxuya bilərsiz.

İkinci yazını burdan oxuya bilərsiz.

# 873 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
# # #