Yaxşı yazıçı hələ yaxşı tərcüməçi demək deyil - Mahir Qarayev

Yaxşı yazıçı hələ yaxşı tərcüməçi demək deyil - <span style="color:red;">Mahir Qarayev
13 yanvar 2015
# 14:34

Yaxşı yazıçı yaxşı tərcüməçi deyil-Mahir Qarayev

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin dəstəyi və iştirakı ilə Kulis.az saytı “Tərcümə problemlərinin aktuallaşdırılması” adlı layihəyə start verir. Layihənin məqsədi tərcümə sənətinin problemlərini gündəmə gətirmək, bu sahəyə diqqəti artırmaq, mövcud problemlərin aradan qaldırılmasına çalışmaqdır.

Müzakirələr bir neçə paneldə keçiriləcək. Hər panelin müstəqil mövzusu və məruzəçiləri olacaq. “Türk dilindən tərcümə lazımdırmı?”, “Tərcümə sənətinin hazırkı problemləri”, “Müqayisəli tərcümə”, “Fəlsəfi mətnlərin tərcümə problemləri”, “Poetik tərcümənin çətinlikləri”, “İkinci dildən tərcümə problemi” kimi mövzular 6 panelin məruzəçiləri tərəfindən müzakirə ediləcək. Artıq “Türk dilindən tərcümə lazımdırmı?” mövzusunun müzakirəsi ilə tanış olmusuz.

İkinci müzakirə mövzusu “İkinci dildən tərcümə problemi” adlanır. Mövzu üzrə məruzəçilər İlqar Əlfi, Saday Budaqlı, Mahir Qarayev, Mirmehdi Ağaoğludur. Mahir Qarayevin məruzəsini təqdim edirik.

İkinci dildən tərcümə problemi

Mahir N. Qarayev

İkinci dildən tərcümə problemindən danışmazdan öncə, diqqəti şəxsən özümün kifayət qədər aydın gördüyüm acınacaqlı mənzərəyə yönəltmək və bu məqsədlə həmkarlarıma bir sual ünvanlamaq istərdim: sizcə, öz dilimizdə mükəmməl bədii cümlə yazmağı bacaran yazıçılarımızın sayı nə qədər olar? Söhbət tərcümədən, yaxud tərcüməçidən yox, sadəcə, bədii sözün vasitəsilə öz dilində öz fikrini ifadə etmək səriştəsindən, belə bir adi qabiliyyətə malik yazarlarımızdan gedir.

Konkret rəqəm söyləmək, razılaşarsınız ki, çətindir. Daha doğrusu, belələrinin sayı hətta bizim düşündüyümüzdən, xəyalən fərz etdiyimizdən də azdır. Nə qədər nikbin olmağa çalışsaq da, təəssüf ki, fakt faktlığında qalır.

İndi təsəvvür edin ki, bədii ədəbiyyatın tərcüməsi ilə məşğul olanlar (söhbət, əlbəttə ki, peşəkarlardan gedir) həmin bu azlığın içindədir. Üstəlik, tərcüməçi peşəsi spesifik peşədir, yəni hər hansı yaxşı yazıçı hələ yaxşı tərcüməçi demək deyil. Bu faktı, yəni hər yaxşı yazıçının yaxşı tərcüməçi olmamasını, yaxud ümumiyyətlə tərcüməçiliyə meyl etməməsini də bura əlavə etsək, həmin rəqəmin bir qədər də azaldığını, kiçildiyini etiraf etməliyik.

Bundan başqa, biz hələ bu kiçilmiş rəqəmi ikiyə bölməyə, ən azından iki yerə ayırmağa məcburuq: bədii mətni birbaşa yazıldığı dildən, yəni orijinaldan çevirənlərə və bizim kimi məcburən ikinci dildən çevirənlərə.

Belə hesab edirəm ki, biz bugünkü mövzumuzu məhz bütün bu riyazi vurma-çıxma əməliyyatlarının ortaya çıxardığı reallığın fonunda müzakirə etməliyik. Məncə, bu daha obyektiv olardı. Çünki mən qətiyyən şübhə eləmirəm ki, əsəri ikinci dildən çevirən tərcüməçilər çox vaxt qınaq obyektinə çevrilirlər. Bizi qınayanlar var ki, nə üçün və nə haqla biz əsəri ikinci dildən çeviririk; hətta bəzi saytlarda hərdən bu, bir ittiham kimi də səslənir: əsəri ikinci dildən çevirmək nə deməkdir?

Kənarda bekar dayanıb iş görəni tənqid atəşinə tutmaq iş görməyənlər üçün həmişə sevimli məşğuliyyət olub, bu gün də belədir. Amma məsələyə bu cür yanaşanlar, görünür, yuxarıda qeyd etdiyim ədəbi mənzərənin reallığından bixəbərdilər, ya da mövcud “tərcüməçi potensialı” haqqında çox nikbin fikirdədilər.

Halbuki ölkədə bədii tərcümə ilə bağlı vəziyyət son dərəcə acınacaqlı durumdadır və belə bir durumda problemin kökünü heç də tərcümənin ikinci dildən edilməsinin gərəkli olub-olmamasında axtarmaq lazım deyil.

***

Müxtəlif ölkə yazıçılarının hekayə və novellalarından ibarət hazırladığım kitabın ön sözündə belə bir qeyd yazmışdım:

“Hörmətli oxucu, sən bu kitabda Frans Kafka, Şervud Anderson, Marçello Venturi, Peter Handke kimi müxtəlif yazıçıların əsərləriylə tanış olacaqsan. Bəlkə də haçansa bu kitaba heç bir ehtiyac qalmayacaq və adı çəkilən müəlliflərdən hər hansı birinin əsərini sən elə qələmə alındığı dildəcə oxuyacaqsan. Kaş belə olsun. Amma o vaxta qədər istərdim ki, həmin əsərlərə mənim təqdimatda nəzər salasan. Əgər bəyənməsən – müəllifi qınama, çünki müəllif öz yazdığı mətnə cavabdehdir; tərcümənin qüsurları isə yalnız tərcüməçiyə aiddir…”

Həqiqətən də belədir.

Şəxsən mən, ingilis, fransız, alman, ispan, italyan dillərində yazan bir çox müəlliflərin əsərlərinə müraciət edərkən ona ümid etmişəm ki, hər halda, rus tərcüməçiləri kifayət qədər peşəkardır və onların tərcümə mətninə etibar etmək olar.

Biz (ikinci dildən tərcümə edənləri nəzərdə tuturam) istənilən halda mətni tərcümə edirik. Əgər mən əcnəbi müəllifin əsərini rus dilinə çevrilmiş mətndən çevirirəmsə, deməli, əsərə məhz həmin mətnin əsasında daxil oluram və bir növ rus mütərcimdən asılı vəziyyətə düşürəm. Orijinalın sətri tərcüməsi istisna edildiyi təqdirdə, başqa çıxış yolu yoxdur və bu vəziyyət ikinci dildən tərcümə edən mütərcimlərin hər biri üçün qaçılmazdır.

Yəni, biz buna sadəcə məcburuq.

Əlbəttə ki, əsəri yazıldığı dildən tərcümə etmək daha yaxşıdır. Yəni, burası iki kərə ikinin dörd olması qədər mübahisəyə ehtiyacı olmayan bir həqiqətdir.

Yadımdadır ki, Henrix Böllün seçilmiş əsərləri çap olunarkən, kitaba Əkrəm Əylislinin çevirməsində “O illərin çörəyi” povesti də salınmışdı. Alman dilindən tərcümə edən peşəkar tərcüməçimiz Vilayət Hacıyev bu münasibətlə bildirmişdi: ruscadan çevrilməsinə baxmayaraq, bu əsərin tərcüməsi o qədər mükəmməldir ki, biz onu alman dilindən təkrar tərcümə etməyə ehtiyac duymadıq.

Deməli, hər halda ikinci dildən çevirməklə də ortaya mükəmməl tərcümə nümunəsi qoymaq mümkündür. Nəzərə alanda ki, ortalıqda “birinci” dildən edilmiş xeyli uğursuz tərcümə nümunələri var – onda bu fakt öz dəyərini ikiqat artırmış olur. Yəni, əsas problem heç də tərcümənin ikinci dildən edilməsində deyil, sadəcə, qeyri-peşəkarlar tərəfindən edilməsindədir.

Nə qədər qəribə olsa da, bizdə ikinci dildən çevrilən uğurlu nümunələrin sayı daha çoxdur. Ola bilər, bu müvəqqəti haldır və bir səbəbi də alman, ingilis, ispan, yaxud fransız dilindən çevirən tərcüməçilərin azlığındadır. Digər səbəb də var və hesab edirəm ki, bu səbəb (yəni ingilis, fransız, alman, yaxud italyan dilindən çevirən tərcüməçinin öz dilində “axsaması”) daha ciddi səbəbdir. Çünki uğurlu tərcümənin birinci şərti – mütərcimin məhz öz dilini, lap konkret desək, tərcümə etdiyi dili yaxşı bilməsindədir; ingilis, ispan, yaxud yapon dilini nə qədər mükəmməl bilir-bilsin – əgər tərcüməçi öz doğma dilininin incəliklərinə lazımi səviyyədə bələd deyilsə, bütün zəhməti hədər getmiş olacaq. Və burda artıq onun ikinci, yoxsa birinci dildən çevirməsi artıq heç bir əhəmiyyət kəsb etməyəcək.

Bu səbəbdən, mənim fikrimcə, bu gün bizdə başlıca problem tərcüməçinin birbaşa birinci, yoxsa ikinci dildən çevirməsi deyil: çünki ikinci dildən edilmiş yaxşı tərcümə nümunələri də var, birinci dildən edilmiş naqis tərcümə nümunələri də.

İdeal tərcümə variantının şərtləri isə, həmişəki kimi dəyişməz qalır: tərcüməçi peşəkar, hər iki dili (həm əsərin qələmə alındığı dili həm də həmin əsəri çevirdiyi dili) mükəmməl bilən və o, fərdi yaradıcılıq qabiliyyətinə malik insan olmalıdır.

Birinci müzakirəni burdan oxuya bilərsiz.

# 1060 dəfə oxunub

Oxşar xəbərlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

17:00 17 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
# # #