Meşşan qadının qarderobu

Meşşan qadının qarderobu
16 dekabr 2014
# 15:34

Doqquz-on yaşlarında oğlan uşağı səkidə oturub tütək çalırdı. Qarşısında da karton qutu. Əyilib pul atanda gördü ki, qutu bomboşdu. Oğlanın üzü də qarşısındakı qutu kimi təmizdi, çaldığı melodiya da sadəydi, hiss olunurdu ki, bu “işə” təzə başlayıb.

Addımlarını yeyinlədib o uşağı yaratdığı təəssüratla birgə geridə buraxdı. Hava yaxşıydı, o, heç yerə tələsmirdi. Bir neçə saat ünvansız yerə şəhərdə gəzib-dolaşmaq istəyirdi. Adətən boş vaxtlarını evdə keçirir, şəhərdə ancaq iş dalınca qaçdığı vaxtlarda olur. Ona görə də “Bu gün məni günəşə çıxardılar” əhvalındaydı.

Əvvəlcə bir-iki mağazaya dəyməli idi. Evdən çıxandan oğlu tapşırıq vermişdi:

- Baxçaya da tort al!

- Yaxşı, oğlum.

- Böyük olsun, hamıya çatsın!

- Yaxşı.

Uşaq bir az da fikirləşib qayğıkeşliklə əlavə eləmişdi:

- Evə balaca al.

Bu dəfə o duruxmuşdu. Beş yaşlı uşağın davranışında elə incə bir detal kəşf eləmişdi ki. Deməli, oğlu böyüməyə başlayırdı, artıq qənaət haqqında düşünür, ya da anasını əlində iki böyük torbayla təsəvvür edib, vicdanı sızlayırdı. Əslində, bunların hər ikisi yaxşı haldı. Düzdü, o, uşaqları yoxluqla erkən tanış etməyin əleyhinəydi, amma onların laqeyd böyümələrini də istəmirdi. Bu məsələdə orta xətti tutmaq çox vacibdi. Üçüncü yaxşı hal da o idi ki, oğlu böyük tortu özünə deyil, yoldaşlarına istəmişdi.

Market gözlədiyi kimi adamla doluydu. Cürbəcür yeməklərin, şirniyyatların ətri bir-birinə qarışmışdı. Belə böyük, göstərişli mağazaları xoşlamırdı. Laqeyd satıcılar, alış-veriş çilğlnlığıyla eqosunu bəsləyən alıcılar. Beş yaşlı uşaq qədər balans haqqında düşünməyən böyüklər. Yəqin ki, bunu düşünməkçün artıq çox böyüyüblər, xilasları mümkün deyil.

Tortları sifariş verib bir-iki xırda para şey aldı. Kassada həmişəki kimi növbəydi. Mağazada sanki səssiz-film gedirdi. Sanki barama qurdları tut yarpaqlarına daraşıb xımır-xımır yeməklə məşğuldu.

Növbəsinin çatmasına az qalmış, satıcı qızlardan biri yanlarından yel kimi ötüb bayıra çıxdı. Keçərkən kassadakı oğlana replika atdı. Sonra orta yaşlı bir qadınla geri döndü. Qadın çantasını açıb qurdalandı. Qız qadını qapıya qədər ötürüb qayıdan kimi gəlib kassadakı oğlanın başının üstünü kəsdirdi.

Onların söhbətini qeyri-ixtiyari dinlədikcə beynində parçaları birləşdirir, hər şeyi anlayırdı. Çox güman ki, bayaqkı qadın mağazadan nəsə götürüb əl çantasına qoymuş, pulunu vermədən getmişdi. Satıcı qız da onun dalınca qaçmışdı, ardı isə artıq bizə məlumdu. Qız küllü miqdarda qaçaq mal tutmuş sərhədçi kimi xoruzlanır, oğlanı diqqətsizlikdə suçlayırdı.

Əslində, hadisə əl çantasına sığacaq o oğurluq məhsul kimi balaca məsələydi. Amma qız kirimək bilmirdi. Axır ki, qorxduğu başına gəldi, əsəbləri dözmədi:

- Yazıq qadını geri gətirməyə ehtiyac yoxdu. Bilsəydim, mən ödəyərdim.

Qız yeni müsahib tapdığına sevinmiş kimi oldu:

- Aaa. Niyə, sabah yenə oğurluq etsin?

- Oğrular yemək oğurlamır,- hiss etdi ki, səsi titrəyir.

Oğlan utanan kimi oldu:

- İstəyəydi, verəydik.

- Nə götürmüşdü ki?

- Kətə.

- Neçəyədi bəyəm?

- Səksən qəpik.

Pulun qalığını götürəndə əllərinin əsdiyini gördü.

Oğurluq üstündə tutulmuş kimi pərt halda mağazadan çıxdı. Qız hələ də donquldanırdı:

- Guya ehtiyacdan edirlər? Vərdiş eləyiblər...

Oqtay Eloğlunun sözlərini, Cəfər Cabbarlının o möhtəşəm ironiyasını xatırlayırdı:

“Mən hardan bilim ki, sən, həqiqətən, acsan? Qoy bir saxsı tapım, qarnını cırım, əgər həqiqətən acsansa bu çörəyi sənə verəcəm”.

Kim daha çox ac, kim daha çox oğruydu, on-on beş növ şirniyyat alanmı, bir kətəyə ehtiyacı olanmı, qəliz sual idi.

Bayırda da səssiz film gedirdi. Maşınlar bir-birinə qarışmışdı, adamlar harasa tələsirdilər. İçi özü qarışıq hamı yuvasına yem daşıyan qarışqalara bənzəyirdi.

Oğlan hələ tütək çalırdı. Qutu hələ bomboşdu. Bir az aralıda dilənən yaşlı qadının qarğışa bənzəyən alqışları uşağın çaldığı melodiyanın səsini batırırdı. Hər yerdə professionallıq tələb olunur. Hətta dilənçilik və oğruluqda da. Naşılar işini bilənlərə uduzmaq zorundadılar. Əlinə cibinə salıb xırda pulları çıxartdı; düz səksən qəpik idi. Qəpiklər hərəsi qutunun bir tərəfinə dığırlandı.

Yolboyu yan-yana düzülmüş geyim mağazalarının vitrinləri parıldayırdı. Ona elə gəlirdi ki, hər gün bu mağazaların sayı artır. Şəhər get-gedə böyük bir qarderobu xatırladır. Meşşan qadının dolu, tör-töküntülü qarderobunu. Bu vitrinlər həm də balaca Kozettaların qabağında dayanıb xəyala dalması üçündü.

Gəzməkdən də, oğluna doğum günü hədiyyəsi almaqdan da vaz keçmişdi. Evə qayıdırdı, öz mağarasına. Bu günü “kətə oöurlayan qadınla tütək çalan uşağın nağılı”na həsr edəcəkdi. Beynində uşaq vaxtı söylədikləri, həmişə ona anlamsız görünən o şeir fırlanırdı:

Yolla gedirdim,

Peraşki tapdım,

Peraşkinin qiyməti

On qəpik idi.

İlk dəfə idi ki, bu sözlər dumanlı da olsa, nəsə bir məna kəsb edir, qəribə bir qüssə ifadə edirdi.

# 852 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #