news-inner
clock16:36 calendar-gray 10 Dekabr 2014 view-gray110 dəfə oxunub
view-gray110 dəfə oxunub

“Özümə gülmək istəyirəm” - MÜSAHİBƏ

Müsahibimiz “Yeni ulduz” müsabiqəsinin iştirakçılarından, “Oğurlanmış arzular” serialında əsas rollardan birinin ifaçısı, aktrisa Mənsurə Əhmədovadır.

- Mənsurə, “Yeni ulduz”a qatılan iştirakçıların çoxu sonradan müğənnilik fəaliyyəti ilə məşğul oldu. Hansı səbəbdən aktrisa olmağa qərar verdiz?

- Bu qərara dərhal gəlmədim. Üstündən illər keçdi. “Yeni ulduz” müsabiqəsinə gələndə universitetdə oxuyurdum. İxtisasımın incəsənətlə heç bir əlaqəsi yoxdur. Amma oxumağa çox həvəsli idim. Şou- biznesdə, toy biznesində çətindir. Evdə də narazılıq oldu. Özüm də toy biznesi istəmirdim. Əks halda bunun üçün çox böyük maliyyə tələb olunur. Hardasa çəkindim bir az. Bir ara “Soy” şirkətinə yığışırdıq qızlarla, nəsə eləmək istəyirdik.

İncəsənətə sevgim elə belə deyil. Bülbül adına orta ixtisas musiqi məktəbini bitirmişəm. Ora xüsusi istedadı olan uşaqlar götürülürdü. Mən klassik musiqi üzrə fortepiano təhsili almışam. Festivallara, müsabiqələrə gedirdim. Əmin idim ki, konservatoriyaya qəbul olunacam. Elə alındı ki, yolumu dəyişdim. Əsəblərim dözmədi, konsertlərə, festivallara. Amma müəllimim əmin idi ki, bu sahədə gələcəyim parlaqdır. Sonra Avrasiya Universitetinin regionşünaslıq fakültəsinə daxil oldum. Amma incəsənətə marağım səngimirdi. Hiss edirdim ki, nəsə çatmır. “Yeni ulduz” müsabiqəsi keçirilirdi. Universitetə təzə daxil olduğum üçün valideynlərimin razılıq verməyəcəyini bilirdim. Onda bacım qatıldı: Nigar Əhmədova. O, seçildi. Bir neçə il sonra mən bu müsabiqəyə gəldim.

- “Yeni ulduz”da neçənci yeri tutduz?

- Yüksək yer tutmadım. Haradasa ay yarım qaldım. Orda qalib smslərlə müəyyən olunur. Belə xasiyyətim yoxdur, dostları, qohumlar cəlb edim ki, mənə sms yollasınlar. Ondan sonra da müğənni kimi fəaliyyət göstərmədim.

- Azərbaycan kino bazarı zəifdir. Sizin gözləntiləriniz nədir?

- Bu sualla tez-tez üzləşirəm. Sizə deyim ki, son illər bu sahədə inkişaf hiss olunur. Məsələn, “Nabat” filmi. Bu kimi işləri görəndə ruhlanıram.

- Məsələn, nə xoşunuza gəldi o filmdə?

- Rejissorun yanaşması, süjet, aktrisanın oyunu. Ümumiyyətlə, güclü qadın obrazı. Mən özüm güclü qadınları sevirəm. Çalışıram ki, elə olum. Belə filmləri görəndə sevinirəm. Kann festivalına, müxtəlif festivallara gedən filmlər var. Düşünürəm ki, nə vaxtsa bunlar mənim də həyatıma gələcək. Neçə il sonra bundan da yaxşı olacaq. İnkişafımıza inanıram.

- “Oğurlanmış arzular” sizin aktrisa kimi ilk işinizdir. Aktyorluq dərsləri adınızmı?

- Təzə başladığım üçün öyrənəcəyim şeylər çoxdur. Adətən deyirlər ki, uşaqlıqdan aktyor olmaq istəmişəm. Məndə belə şey olmayıb. Duyğu (Duyğu Dəvəli- aktrisa) ilə model kimi başladıq. Bir dizaynerdən onun əlbisələrini göstərmək təklifi gəldi. Bir-iki jurnalda, məsələn, “Ok”da bu fotolar çıxdı. Amma modelliyin dalınca qaçmadım. Sadəcə, düşünürdüm ki, dünyada modelləri filmə dəvət etmək praktikası var. Bəlkə bizi də görüb dəvət edərlər. Sırf ona görə getdim. Yəni modelliyi kinoya gəlmək üçün vasitə kimi seçdim. Davamlı məşğul olmadım. Modellik mənlik deyil. Sonradan agentliklərdən təkliflər gəlsə də imtina elədim. Sonra eşitdim ki, rejissor Osman Albayrak kastinq keçirir. Görüşdük, tanış olduq. Bir ilə yaxın fasilə oldu. Bu arada Amerika ilə çəkiləcək “Əli və Nino”nun kastiniqinə getdim. İngiliscə bilməyim üstünlük oldu. Video sınaq elədilər. 2012-ci ildə daha bir kastinq oldu. Ramiz Fətəliyevlə Rafiq Əliyev böyük layihə həyata keçirirdi. Hollivudla bağlı nəsə müştərək layihə idi. Qarabağ problemindən çəkmək istəyirdilər. Mən də qatıldım, keçdim. Amma layihənin davamı olmadı. Əvəzində çox yaxşı insanlarla tanış oldum. Bundan sonra Rafiq müəllim aktyorluq dərslərinə dəvət elədi. Rus Dram Teatrında Rafiq Əliyevin dərslərinə gedirdim. Bir müddət sonra Osman bəy zəng elədi ki, “Oğurlanmış arzular” serialı başlayır, kastinqlərə dəvət elədi. İki rol təklif elədi: Pərvin Abıyevanın oynadığı Aysel obrazı və Nigar. O sınamaq istəyirdi ki, hansı mənə daha uyğundur. Hər iki obraz üçün monoloq verdi ki, bunları öyrən və göstər. O, daha çox meylli idi ki, zəngin qız obrazını versin. Hərçənd Ayselin obrazını da canlandıra bilərdim.

- Bu serialda özünüzü göstərə bildinizmi?

- Mənim üçün bu, daha çox təcrübə idi. Bu serialdakı işimdən lazım olan təcrübəni aldım. Özümü aktrisa kimi daha çox serialın ikinci mövsümündə göstərə bildim. O ərəfədə aktyorluq kurslarına da gedirdim. Bakı Film İnstitutunda Qurban Məsimovdan dərs alırdım. Serialdakı oyunuma baxıram ki, filan şeyi daha yaxşı edərdim. Bəlkə də bəziləri üçün bu, özünü aşağı qiymətləndirmədir. Amma inanıram ki, daha yaxşı oynaya bilərdim.

- Serialda peşəkar aktyorlarla tərəf-müqabili olduz? Hansı aktyorla daha maraqlı idi işləmək?

- Abbas Qəhrəmanovla daha rahat idi. O, mənə çox dəstək oldu. Suallar verirdim, öyrənirdim.

- Siz Cavid Təvəkkülün “Əfsanə” serialında da çəkilmisiz....

- “Oğurlanmış arzular”a fasilə veriləndə Cavid Təvəkkülün “Əfsanə” serialının pilot versiyasına dəvət aldım. İki rol təklif edildi. Əfsanə müsbət obrazdır. Düşündüm ki, mənim bir müsbət obrazım var. Ona görə Rəxşəndəni seçim. Özümə maraqlı idi ki, mənfi obrazı necə oynamaq lazımdır. Rəxşəndə obrazı, mənə daha yaxındır, nəinki Nigar. Şəxsiyyət kimi fərqli olsaq da. Çünki Rəxşəndə güclüdür, nə istədiyini konkret bilir. Daha çox özünə hörmət edir. Bu mənada daha maraqlı və yaxın gəldi. Bir də “Dəyəli adlar”dakı (Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən, Rafiq Əliyev və Cavid Təvəkkülün rejissoru olduğu uşaq filmi) rolumu çox yaradıcı iş sayıram. Burda müəllimə obrazın oynadım. Yeri gəlmişkən, üç il kurslarda ingilis dili dərsi keçmişəm. Bu obrazı yaxşı işləmək üçün onun ekranda görünməyən həyatını da özümü üçün düşündüm ki, obrazın bütövlüyünü hiss edə bilim. Yəni bu qadın niyə müəllimə olmaq istəyib, şəxsi həyatı necədir və s.

- Başqa rol təklifləri alırsızmı?

- Hər təklifə razılaşmıram. Seçiciyəm. Serial rejissorlarından təkliflər gəlir. Maraqlanıram, kimdir, nə çəkib. Elə bir rejissorla işləmək istəyirəm ki, birlikdə çalışa bilək. Sırf şöhrətə görə aktrisalığı seçməmişəm. Komediyada oynamağı çox istərdim. Xüsusən, romantik komediya. Ümumiyyətlə, özümə baxıb gülməyi çox istədim.

- Bədən aktyorluqda ifadə vasitəsidir. Sizə açıq səhnələri olan rol təklif edilərsə, razılaşarsızmı?

- Sırf sənət baxımından normal olardı. Amma yəqin ki, cəhd eləməzdim. Bilmirəm, bəlkə bu haqda tezdir düşünmək, bəlkə hazır deyiləm. Amma heç cürə pis baxmıram. Avropada yaşasaydım, çox götür-qoy edərdim. Araşdırardım ki, həqiqətən dəyərli rejissordurmu, film maraqlıdırmı? Bir öpüş səhnəsi varsa, qəbul edərdim bəlkə. Amma yenə vəziyyətdən asılıdır. Hətta pula görə yox, sənət naminə razılaşardım.

- “Üç bacı” serialının rejissoru Siyavuş Hüseynli yaxın qohumunuzdur. Nə əcəb sizi dəvət etməyib? Həm də bayaq dediniz ki, komediyada çəkilmək istəyirsiz...

- Bu serialı mən də çox sevirəm. O vaxt “Oğurlanmış arzular”da çəkilirdim. Həm də görünür, mənə uyğun rol yoxdur yəqin ki. Yaxın qohum olduğumuz üçün bəlkə də düşünür ki, birgə işləməyimiz necə olar.

- Mütaliə edirsizmi?

- Vaxtım olduqca. Kamyunun “Yad”, Markesin “Yüz ilin tənhalığı”, Züskindin “Ətriyyatçı romanlarını oxumuşam. Aktrisalıq fəaliyyətinə başlayandan sonra art-house filmlərə baxıram.

- Məsələn?

- Alen Renenin “Siz hələ heç nə görməmisiz”, Berqmanın “”Pıçılıtılar və çığırtıar”, Trierin “Qaranıqda rəqs edənlər”, Almodovarın “Onunla danış”, Bunuelin “Arzunun mübhəm obyekti”, Keşişin “Adelin həyatı”

- Bizim aktrisaların məşhur obrazları ifa etmək arzuları var. Çoxu Şeksprin obrazlarını.

- Yox. Heç vaxt bu haqda düşünməmişəm ki, hansısa məşhur obrazı oynayım. Hansısa qadını müşahidə edəndə, onda nəsə maraqlı gəlir, ya eşitdiyim bir əhvalatdakı qadın obrazı məni düşündürür. Onu necə oynayardım, öhdəsindən gələrdim deyə düşünürəm. Çox istərdim ki, pianoçu qadın obrazını yaradım. Çünki bu peşənin çətinliklərini yaşamışam. Elə psixoloji nüanslar ki, onu biz bilirik. Yəni mənim danışmaq üçün sözüm var.

- Cəmiyyətdə aktyorluq sənətinə mühafizəkar münasibət var. Sənət və ailə dilemması qarşısında qalacağınızı düşünürsüzmü?

- Əvvəl hə. Amma deyim ki, insanların cüzi də olsa münasibəti dəyişib. İndi heç düşünmürəm ki, çətinlik yarada bilər. Yəni mən işimi ləyaqətlə edirəmsə, nəyə görə pis qarşılamalıdırlar. Belə yanaşması olan insanla qarşılaşsam düşünərəm, onunla ailə qurmaq lazımdır ya yox.

news-inner-user
Sevda Sultanova

742 məqalə

Paylaş

Oxşar xəbərlər