Cinsi azlıqların çoxalması bəşəriyyəti süquta aparır

Cinsi azlıqların çoxalması bəşəriyyəti süquta aparır
8 dekabr 2014
# 14:01

Uzaq-uzaq tundra və tayqa meşələrində rosomaxa adlı heyvan növü yaşayır. Soyuqdan donmadığı üçün dərisindən kosmonavt və təyyarəçilərə kostyum tikirlər. Ələkeçməzlik, sirlilik baxımından rosomaxanın məğlubedilməzliyi simvolik olaraq insani dəyərlərə də şamil oluna bilər. Deyilənə görə, rosomaxa Yer kürrəsinin sonuncu əfsanəvi heyvanıdır. Təyyarəçilər demişkən, yadıma göylər düşdü...

İnsan Yerdə dünyaya gəlir. Göylər fərh olunana qədər oralara vücudunu tərk etmiş ruhlar uçardı. Sonra təyyarələr, kosmik raketlər kəşf olundu ki, Yerdə doğulan insan fəzalara yol aça bildi. Kosmik raketdə yad planetlərə uçmaq tək-tək insanlara nəsib olsa da, təyyarədə hər birimiz uça bilirik. Maşının mühərriki xarab olanda dayanır, amma təyyarə torpağa çırpılır. Elə bu səbəbdən də təyyarədə uçmaq nə qədər maraqlı olsa da, qəribə bir həyəcan, narahatlıqla müşaiyət olunur. Mənə görə, peşələrin ən çətinini özünə həyat tərzi seçən təyyarəçilərin buluddan yuxarı və gəmiçilərin açıq dəniz həyatı sağlamlıqlarına təsirsiz ötüşmür. Belə insanlar gecə ilə gündüzün fərqində olmurlar. Narkomaniyanın, meypərəstliyin səbəb olduğu ikilikdən fərqli, amma iki xasiyyətli olurlar.

İnsanların yaşadıqları iqlim rənginə, xüsusiyyətinə, rəftarına və s. təsir etməklə yanaşı onlarda müxtəlif təbiət hadisələrinə fərqli dözümlülük dərəcəsi aşılayır. Göydə və Yerdə yaşayan insan təbii olaraq yerdəkilərdən fərqlənəcək. İnsanlar da təbiəti etibarı ilə müxtəlifdir. Daha çox həssas olanı daha çox təsirə məruz qalır. Məsələn, göylərin buz soyuğundan yayın isti cəhənnəminə enmək orqanizmin istiyə davamlılıq müqavimətini dəfələrlə azaldır. Küləkli havalarda dənizin ortasında olanlar, ürəkləri bulanmasın deyə yeməkdən imtina edirlər. Bir sözlə, ikili həyat və ikili xasiyyət...

Qeyri-normal həyat şəraiti insanlarda müxtəlif trans vəziyyətə, hal dəyişkənliyinə səbəb ola bilər. Lakin bu hal dəyişikliyi düşüncənin məhsulu olmadığı üçün transendent immanentlik sayıla bilməz. Çünki təyyarəçinin uçuş vaxtı düşünməyə vaxtı hardandır? O, özünü hər an döyüşdədir kimi hiss edir. Qarşılaşacağı hər hansı təhlükəyə hazır olmağa çalışır. Deməli, onun düşəcəyi trans vəziyyət qorxu və sarsıntının nəticəsi ola bilər.

Transendent immanentlik idrakın vəcd halı olduğu üçün bədəndə dəyişiklik etməsə də, məqsədsiz şəkildə idrakı vücuda xidmət etməkdən çəkindirir. İnsan bu məqamda bədəninə məcbur olduğu qədər qayğı göstərir. Yəni o qədər ki, özünün sağ qalması bu qayğı olmadan mümkün deyil. Lakin çoxsaylı trans vəziyyətlər bizim üçün müxtəliflikləri qədər də sirr olaraq qalırlar.

Transendent immanentlik nədir? Transendent–üstün olmaq, immanentlik fəlsəfi söz olub “özündə var olan” mənasını verir. Əslində, bu məqamın necə fəth olunduğu fatehlərinə məlum deyil. Çünki hər kəsi, hər şeyi dərk edən idrak özündən baş aça bilmir. Transendent immanentlik idraki dəyişiklik olduğu üçün prosesi izləmək idrakın özü üçün əlçatan deyil. İdraki vəcd halında dərk olunan həqiqət insanın doğulandan qaranlıq tuneldə yaşayıb birdən-birə yerin üstünə–işığa çıxmasına bənzəyir. Məhz bu vəziyyətdən sonra dünyanın dərki başlayır. Transendent immanentliklə trans vəziyyətin üst-üstə düşən kiçik nöqtəsi ikililik mənasındadır. Yəni birincilərin iki dünyası, ikincilərin iki həyatı var.

Qorxudan və sarsıntıdan min cür xəstəlik baş verə bilər. Hətta həkimlər həyəcan təbili çalırlar ki, hər sarsıntıdan sonra mütləq qanda şəkəri ölçmək lazımdır. Bu kimi xəstəliklər psixoloji və qeyri-psixoloji ola bilirlər. Qeyri-psixoloji xəstəliklər mümkün olduğu qədər müalicə olunsa da, psixoloji xəstəliklərin müalicəsi fərdi və fərdi olduğu qədər də mürəkkəbdir. Ümumiyyətlə, psixoloji xəstəliklərin müalicəsi varmı? Psixoloji xəstəliklərin çox növünə rast gəlmək mümkündür. Özlərini idarə edə bilməyən xəstələr həkim nəzarəti altında sakitləşdiricilərin köməyi ilə “müalicə” olunurlar. Özlərini idarə edənlərin müalicəsi xeyli çətinləşir. Həkimə müraciət etməyənə qədər onlar haqqında hər hansı bilgi qurbanlarına və onlardan yararlanan insanlara məlumdur. Cəmiyyət içində kimliyini gizlədib yaşayanlar da, kimliyini gizlətməyib gizlənənlər də az deyil. Formasından, növündən asılı olmayaraq, belə xəstələr cəmiyyət üçün zərərlidir. Niyə? Çünki belələrinin ikinci həyatı birincinin davamı–təkamülü olmayıb, əksinə onun əleyhinə çevrilmişdir. Bütün üzdəniraq vərdişlər eyni zəncirin müxtəlif həlqələridir.

Bu xəstəliklər niyə baş verir sualının cavabı, mənə görə, birmənalıdır. Psixoloji xəstəliklərin baş vermə səbəbləri elmə dəqiq məlum deyil. Çünki, xəstələnən bədən deyil, ruhdur. Düşünərək və ya düşünmədən transcinsli olmaq, müəyyən istisnaları nəzərə almasaq, müalicə olunandır. Asılılıq libasını soyunmaqla. Siqaretdən imtina etmək bəziləri üçün çox çətindir, amma məcbur olanda atırlar. Trans-psixoloji, ifadə mənə məxsusdur, xəstələrin nicatı birbaşa mənada öz əllərindədir. Qarşılarına ciddi sağalmaq məqsədi qoyub ardıcıl prinspial olmaq ənənəsinə sadiq qalsalar, xilas, demək olar ki, mümkündür.

17 may bütün dünyada «Antihomofobiya» günü kimi qeyd olunur. Bu, o deməkdir ki, 25 il bundan qabaq həmin gün Dünya Həkimlər Assosiasiyası cinsi azlıqları ruhi xəstələr sırasından çıxarıb. Yəni sübut olunub ki, seksual azlıqlar ruhi xəstə deyillər. Mən bu fikirlə razılaşmıram. Cinsi azlıqlar sağlam insanları, əsasən gəncləri, “yoluxdurmaqda” maraqlıdırlar. Əgər belə olmasaydı, onların sayı ildən-ilə çoxalmazdı. İnsan dünyaya, ya qadın gəlir, ya da kişi. Üçüncü cins yoxdur, amma bunlar özlərindən üçüncü cins düzəldir və yalandan deyirlər ki, biz dünyaya belə gəlmişik. “Dünyaya belə gəliblərsə”, cərrahi müdaxilə nə üçündür? Deməli, problem ruhda və əxlaqdadır.

Dərrakənin–dərk etmənin məkanı beyindir. Beyni görmək imkanımız var. Lakin düşünmə qabiliyyətinin özünü deyil, təzahürünü görürük. Fərdin dərk etmə qabiliyyətini həyatdakı əməllərinə görə dəyərləndirmək mümkündür. Hər kəsdə, xəstəliyə qədər–şiş, filan, beynin bir forması, bir şəkli var. Dərk etmə qabiliyyətinin hüdudları isə bizə məlum deyil. Zaman-zaman bu qabiliyyət çoxalıb-azala bilər, yəni dəyişkəndir. Azalma dəliliyə aparır. Çoxalma transendent immanentlik hesab olunur. Birincidə ağıl kəmləşir, ikincidə idrak o qədər inkişaf edir ki, dünyaya kənardan baxır. Deməli, dərk etmə qabiliyyətindəki dəyişiklik dəliliyə də gətirib çıxarar, dahiliyə də. Amma elə dəyişikliklər var ki, nə dəliliyə səbəb ola bilir, nə də dahiliyə. Manyaklar, cinsi azlıqlar və s. üçüncü tip dəyişmələr kimi xarakterizə olunmalıdır. Əgər dəlilik ruhi xəstəlikdirsə, dahilik insanın öz ruhu üzərində qələbəsidirsə, bu iki qütb arasında baş verənlər nədən ruhi vəziyyət hesab olunmasın?

Görəsən, bizim bu “qayğıkeş” həkimlər Zori Balayanı ruhi xəstə hesab eləyir, ya yox?

Əgər hesab etmirlərsə, deməli, insan psixologiyasından o qədər də başları çıxmır. Erməni əsgərləri tərəfindən evin pəncərəsinə mıxlanmış 13 yaşlı Xocalı sakininin, səs-küy salmasın deyə, anasının döşünü kəsib ağzına soxmaq, sonra ayrı-ayrı hissələrini cərrah bıçağı ilə soymaq və yeddi dəqiqəyə ölən uşağa verdiyi “işgəncənin sevincindən qürurlanmaq” sağlam ruhun etirafımı? Məgər Zori Balayanın ağlında problem var? Əlbəttə, yoxdur. Onda həkimlər balayanların xəstəliyinə, ya gərək başqa ad qoysunlar, ya da onun ruhi xəstə olduğunu qəbul etməlidirlər.

Manyak kimdir? Hansısa əmələ, vərdişə dəli kimi mübtəla olmaq, xəstəsi olmaq. İnsanlar cinayətkar, seksual manyakların hücumuna məruz qalmasalar və cinayət hadisələrinin üstü açılmasa, onların xəstə olduqlarını kim anlayar? İnsan niyə manyak olur? Tibb elmi bu suala cavab verə bilərmi? Zənnimcə, birbaşa mənada yox. Əgər Zori Balayan qatil manyak deyilsə, bəs kimdir?

Fikrimə görə, cinsi azlıqlar da manyaklardır. Tez-tez belə bir ifadə eşidirik ki, onlara heç yerdə iş verilmədiyinə görə, pis yola düşürlər. Əgər onların məqsədi pis yol deyilsə, işdə özlərini elə apara bilərlər ki, heç kim duyuq düşməz. Geyimin, zahiri görkəmin dəyişdirilməsi elə müəyyən məqsədlər üçündür. Cəmiyyətə zidd həyat sürüb cəmiyyətin hüquqlarını paylaşmaq nə dərəcədə düzgündür? Yenə də əvvəlki fikrimə qayıdaraq qeyd edirəm ki, cinsi azlıqlar pis vərdişlərindən xilas ola bilərlər. Azından digər insanları öz yollarına çəkməmək üçün susmağı bacarmalıdırlar.

Dəfələrlə cinsi azlıqlardan alınmış müsahibələri oxumuşam. Hətta bir gənc deyirdi ki, mən tövbə eləyib sevdiyim qızla evlənmək istəyirəm. Lakin tövbə etməyə gücüm çatmır. Jurnalist ondan soruşanda ki, sən “mavi” olduğunu sevdiyin qıza etiraf etmisənmi, yaxud edəcəksənmi?

Oğlan qətiyyətlə “yox” cavabı vermişdi. Deməli, sevdiyi qızdan utanan gənc cəmiyyətdən utanmır. Maraqlı yanaşmadır.

Yadıma zöhd dövrünün məşhur zahidlərindən Fudayl b. İyaz düşdü. Xorasanlıdır. Gəncliyində arvadbaz olub. İndiki dildə, yəni seksual manyak. Tövbəsi belə bir hadisə ilə izah edilir ki, aşiq olduğu qadını görmək üçün onun hasarına dırmaşan Fudaylın qulağına Quranın Hədid surəsindən bir ayə gəlir: “Mömünlərin qəlblərinin Allahın zikri qarşısında pərəstiş duymalarının zamanı gəlmədimi?” Fudayl: – O an gəldi, ya Rəbb – deyir və geri dönür. Gecəni bir xarabalıqda keçirmək qərarına gəlir. Bu zaman bir qrup adamın xarabalıqda öz aralarında söhbətini eşitməli olur:

– Qalxın, daha gedək.

– Getməyək, Fudayl yolumuzu kəsə bilər.

Bu söhbəti eşidən Fudayl bir daha tövbə edir və tövbəsini onlara da bildirir.

Deməli, hər bir ağlı özünü idarə eləyən insan tövbə edib pis əməldən çəkinə bilər.

Bütün ölkələrdə narkomaniya eyni şəkildə təkzib olunur. Çünki cəmiyyəti xəstələndirir. Xəstə cəmiyyət gec, ya tez məhvə məhkumdur. Amma cinsi azlıqları “başa düşməyə” çalışırlar. Nəyə görə? Məgər trans-mransların xəstəlikləri sağlam insanlara yoluxmur? Məgər trans-azlıqlar münbit şəraitə düşdükcə sürətlə trans-çoxluq yaratmaq istəmirlər? Cinsi azlıqların çoxalmasına imkan yaradıb hüququnu tanıyan ölkələr, görəsən, antinatalizm, yəni insanın doğuluşu əleyhinə olan fəlsəfi nəzriyyəni necə qəbul edirlər?

Mən də, bu trans azlıqların hüquqlarına toxunulsun, istəmirəm. Lakin əxlaqsız həyat tərzi hüquqdurmu? Cəmiyyəti, xüsusən gəncləri sonu olmayan uçuruma yuvarlamaq hüquqdurmu? Sözümün canı budur ki, psixoloji xəstəliklər zamanı ağlı özünü idarə edən hər kəsin sağalmaq imkanı var. Necə ki, narkomaniyanın təbliği və yayılması cəmiyyəti məhvə sürükləyir, bu trans azlıqların da çoxalması bəşəriyyəti süquta aparır. Mənəvi tərəflərini nəzərə almasaq belə, onlar dünyaya övlad gətirə bilmirlər. Bəs antinatalizm necə olur, ey cinsi azlıqların hüququnu müdafiə edən ölkələr? Siz hüquq müdafiə etmirsiniz, bəşəriyyəti məhvə sürükləyirsiniz. Lakin mən demirəm ki, siz pis iş turursunuz. Nəyin pis, nəyin yaxşı olmağına qəti hökm vermək siyasətçilərə məxsus bir manevrdir. Sadəcə sizə iri addımlarla irəlilədiyiniz yolun sonunu nişan verirəm.

Söhbətimə göylərdən başladım. İnanclarımıza görə, göylər bütün uçmuş ruhların vətənidir. Təsadüfü deyil ki, laməkan olan Allahı zikr edən hər kəs üzünü göyə tutur. Göylər yerdəkilərin müqəddəslik simvoludur. Müqəddəs olanı zikr etmək insanı əksər əyər-əksikliklərdən qoruyur. Yəqin ki, bu səbəbdən Artur Şopenhauer transendent immanentliyi yerüstü yüksəklik adlandırır–səmasız.

İsti ürək və soyuq ağıl! Yeri-ürək, göyü-idrak kimi qələmə vermək olar. Yerdə əldə olunan bütün yüksəkliklər idraki kəşflərdir.

Qaibanə ustadım Artur Şopenhauer “Dünya iradə və təsəvvür kimi” əsərində cinsi azlıqlar barəsində soruşur: “Doğrudanmı, təbiət özü-özünə zidd getmişdir?” Ona cavabım belədir: “Təbiət özünə zidd getməz, insan öz təbiətinə zidd getmişdir”.

2014, sentyabr

# 940 dəfə oxunub

Oxşar xəbərlər

# # #