Orxan Pamukdan esse: “Mənim türk kitabxanam”

Orxan Pamukdan esse: “Mənim türk kitabxanam”
7 iyun 2019
# 13:20

Kulis.az Orxan Pamukun doğum günü münasibəti ilə yazıçının “Mənim türk kitabxanam” essesini təqdim edir.

Kitabxanamın əsasını atamın kitabxanası təşkil edir. 17-18 yaşlarımda vaxtımın çoxunu kitab oxuyaraq keçirməyə başlayanda, İstanbul kitabçıları qədər, atamın qonaq otağındakı kitabxanasına da hücum çəkdim. Oxuyub bəyəndiyim bir kitabı atamın kitabxanasından götürüb öz kitabxanama aparmağa həmin illərdə başladım. Oğlunun kitab oxumağından məmnun olan atam, onun kitablarından bəzilərini öz kitablarıma qatmağıma sevinər, mənim kitabxanamda öz köhnə kitablarından birini görəndə, “Ooo bu cild də yüksək mərtəbəyə qəbul edilib!” - deyə mənə ilişərdi.

1970-ci ildə 18 yaşımdaykən, kitablara marağı olan hər türk uşağı kimi şeir yazmağa başladım. Bir yandan memarlıqda oxuyur və rəsm çəkməkdən aldığım zövqü itirdiyimi hiss edir, bir yandan da hamıdan gizlin-gizlin gecə yarıları siqaret çəkib şeir yazırdım. Cavanlığında şair olmaq istəyən atamın kitabxanasındakı türk şairlərin kitablarının hamısını bu dönəmdə oxudum.

Türk poeziya tarixinə Birinci yeni (1940 və 1950-ci illər) və İkinci Yeni (1960-70-ci illər) adlarıyla düşən şairlərin nazik və solğun üzlü kitablarını sevir, onları oxuduqca onlar kimi şeir yazmaqdan zövq alırdım. Modern türk şeirinə küçədəki vətəndaşın dilini, zarafatcıllığını gətirən və təzyiq edən, avtoritar dünyadan gələn rəsmi dilin formalist tərəfinə etiraz edən Birinci yeni şairlərini Orxan Vəli, Məlih Cövdət Anday və Oktay Rıfatın birlikdə çap etdirdikləri ilk şeir kitabının adıyla “Garip” qrupu olaraq çağırardılar. Atam bəzən bu şairlərin kitablarının ilk nəşrini kitabxanasından götürər və bizi nəşələndirib xoşbəxt edən, zarafatcıl, əyləncəli bir-iki şeiri, ədəbiyyatın həyatın ən gözəl yanlarından biri olduğunu hiss etdirən bir ədayla yüksəkdən oxuyardı.

Bu yenilikçi cərəyanın davamı olan İkinci Yeni poeziyası isə şeirdən təsvirçi, nəqli tonu çıxartmağı, bəzən dadaist, sürrealist, bəzən də bər-bəzəkli bir xaos yaratması ilə məni həyəcanlandırardı. Bəzən qəribə şəkildə, həm anlaşılmaz və çətin, həm də təsirli olan və bu gün hamısı dünyadan köçmüş olan bu şairləri (Cemal Süreya, Turgut Uyar, İlhan Berk) oxuyarkən, eynilə “abstrakt” bir rəsmə baxarkən “Bunu mən də çəkə bilərəm” düşüncəsinə qapılan saf biri kimi hiss edərdim özümü. Yaxşı bir rəsmə, ya da ümumən hər hansı bir rəsmə baxıb, o rəsmin necə çəkildiyini anladığını zənn edərək tezcə atelyesinə qaçıb nəsə çəkmək istəyən bir rəssam kimi, şeir yazmaq istəyər, oturub yazardım da.

Bu şairlərin yazdıqlarından başqa türk poeziyası, dili gündəlik həyatdan çox uzaq və süni olduğu üçün, bəzi marjginal və nadir gözəl şeirlər, misralar xaricində, məni şeirdən çox, intellektual bir məsələ kimi maraqlandırırdı. Qərbləşmənin, modernləşmənin, Avropa təsiri altında, yerli şair, dağılıb gedən ənənədən nəyi, necə qoruyacaqdı? Osmanlı ədəbi elitasının İran ədəbiyyatının təsiri ilə yaratdıqları Divan şeirinin yeni nəslin ancaq lüğətlər və bələdçi kitablarla anlaya bildiyi gözəlliklərini, ədəbi oyunlarını, modern şeirə necə tətbiq edə bilərdik? “Ənənədən bəhrələnmə” sözüylə dildə özünə ifadə tapan bu suallar, məndən əvvəlki nəslin yazıçıları qədər mənim nəsildaşlarımı da uzun müddət məşğul etdi. Qərb təsirindən kənarda qalmış güclü Osmanlı şeiri və onun necə əsrlik ənənəsi sayəsində ədəbi, fəlsəfi problemlər şeir vasitəsilə daha rahat və asanca müzakirə olunurdı. Düz yazı və roman ənənəsinin olmaması, ədəbi və formal lokallıq əndişələri olan biz romançıların, gözlərini şeirə çevirməsinə səbəb olardı.

1970-ci illərin əvvəlində, şeir həvəs və həyəcanımın qısa müddət içində alovlanıb sönməsindən sonra, romançı olmağa qərar verəndə, Türkiyədə şeir həqiqi ədəbiyyat, roman isə daha aşağı və populyar bir şey sayılırdı. Keçən otuz beş ildə romanın daha çox ciddiyə alındığını, şeirin isə önəmini itirdiyini söyləmək haqsızlıq olmaz. Bu müddətdə ədəbiyyat oxucusu və kitab sənayesi də heyrət olunacaq bir sürətlə böyüdü və zənginləşdi.

Mən yazıçı olmağa qərar verəndə, hakim ədəbiyyat anlayışı həm şeirdə, həm də romanda bir fərdin yalnız kəlmələrlə özünü, öz ruhunu və qəribəliyini ifadə etməsinə yox, qruplarla, camaatlarla, dostlarıyla birgə hərəkət edən bir yazıçının ictimai bir utopiyaya, bir xəyala (modernizm, sosializm, islamçılıq, milliyyətçilik, dünyəvi cümhuriyyətçilik kimi) xeyir verməsini də qiymətləndirirdi.

Buna görə də tarixdən, ənənədən bəhrələnmə instinkti yaradıcı yazıçıların özlərinə ən uyğun gələn tondakı ədəbi biçimi tapmaqlarına yarayan fərdi ədəbi problem yox, onun əvəzinə gələcəkdəki xoşbəxt və harmonik cəmiyyəti, hətta milləti, dövlətlə birgə inşa etmək xəyalının bir parçası halına gəlmişdi. Bəzən düşünürəm ki, istər maarifçi və dünyəvi cümhuriyyətçi, istərsə də bərabərlik tərəfdarı sosialist olsun, modernist pozitiv ədəbiyyat, gözlərini gələcəyə çox dikdiyi üçün, ötən əsrdə İstanbulun küçələrində, evlərində olanların ruhunu gözdən qaçırdı, itirdi. Türkiyənin parlaq bir gələcəyə necə yetişə biləcəyini təşnəliklə özünə dərd edən yazıçılar yox, Tanpınar, Abdülhak Şinasi Hisar kimi keçmiş mədəniyyətin itkisinə hüznlənən yazarlarla, Ahmet Rasim, Sait Faik və Əziz Nesin kimi İstanbul küçələrinin şeirini və həyatiliyini qərəzsiz sevən yazarların yaşadığımız həyatı daha doğru ifadə etdiyini düşünürəm.

Qərbləşmə və modernləşmə başladıqdan sonra, təkcə türk ədəbiyyatının yox, Qərbdən kənar bütün ədəbiyyatların əsas problemi, gələcək xəyallarıyla indinin rənglərini, modern bir insan və ölkə xəyal etməklə, var olan ənənəvi dünyada yaşamağın zövqlərini eyni anda qucaqlamağın çətinliyi olmuşdur. Radikal bir gələcək xəyal edən yazarların çox vaxt siyasi döyüşlərə, iqtidar mücadilələrinə girişib həbsxanalara düşməsi onlarını tonlarını, müşahidələrini sərtləşdirib acılaşdırmışdı.

Atamın kitabxanasında Nazim Hikmətin hələ həbsə düşməmişdən öncə 1930-cu illərdə çıxmış ilk kitabları da vardı. Bu şeirlərin öfkəli, ümidli və xoşbəxt bir gələcəyə inanan pozitiv ədasından və rus futuristlərindən gələn forma yeniliyindən təsirləndiyim qədər, şairin çəkdiyi çilədən, həbsxanada keçən günlərindən, onunla eyni zindanda yatmış Orxam Kamal, Kamal Tahir kimi realist romançılar xatirə və məktublarındakı həbsxana həyatından da təsirlənərdim. Həbsdə yatmış türk ziyalılarının, jurnalistlərin xatirələri, zindanda keçən roman və hekayələr, öz-özlüyündə bir kitabxanadır. Həbsxana ədəbiyyatını bir dönəm o qədər çox oxudum ki, kameralardakı gündəlik həyatı, çox sevdiyim həbsxana jarqonunu, lotuluq, cayıllıq qaydalarını zindana düşmüş bir məhkum qədər öyrəndim. O illərdə yazıçılıq mənə qapısında daim polislərin gözlədiyi, küçələrdə sivil polislər tərəfindən izləndiyi, telefonlarının dinləndiyi, pasport ala bilməyən və sevgilisinə həbsdən təsirli məktublar və şeirlər yazdığı bir həyat kimi görünürdü. Kitablardan öyrəndiyim bu həyata qəti qibtə etməz, amma onu romantik hesab edərdim. Otuz il sonra bənzər sıxıntıları bir azcıq yaşayanda, mənim vəziyyətimin, gəncliyimə xas dəhşət və qəribə bir romantizmlə oxuduğum kitablardakı yazıçıların vəziyyətindən daha yumşaq olduğunu düşünərək təsəlli tapdım.

Kitabların bizi həyata hazırlayan şeylər olduğunu dəstəkləyən maarifçi və mənfəətpərəst düşüncəni, əfsus ki, bir az itirdim. Bəlkə də Türkiyədəki yazıçılıq həyatı həmişə bunu doğruladığı üçün. Daha çox da o vaxtlar Türkiyədə istədiyiniz hər kitabı asanca tapıb oxuya biləcəyiniz böyük kitabxanalar olmadığı üçün. Kitabların hər birinin əsrarəngiz bir keyfiyyət qazandığı və buna görə də kitabxananın dünyanın qarmaqarışıqlığına uyğun bir stixiyaya və metafizik bir sərhədsizlik haləsinə büründüyü Borxesçi kitabxana fantaziyasının arxasında sayıla və oxuna bilməyəcək qədər çox kitabları olan böyük kitabxanalar durur. Borxes Buenos-Ayresdə belə bir kitabxananın müdiriydi. Amma marağı olanlar üçün mənim cavanlığımda bu kitabxanalardan İstanbulda, Türkiyədə heç yox idi. Xarici dildə olan kitablar isə heç bir kitabxanada tapılmırdı. Hər şeyi öyrənmək, bilgili, dərin biri olub milli ədəbiyyatın camaatlar, dostluqlar, ədəbi diplomatiya və yasaqlarla qorunan boğucu sərhədlərindən qurtulmaq istəyirəmsə, böyük kitabxanamı özüm qurmalıydım.

1970-1990-cı illər arasında bütün önəmli, yararlı kitabların yer aldığı bir kitabxana qurmaq üçün kitab almaq, yazmaqdan sonra ən önəmli işim oldu. Atam mənə yaxşı cib xərcliyi verirdi. On səkkiz yaşımdan başlayaraq Bəyazıtdakı bukinistlər yarmarkasına həftədə bir dəfə getməyə adət etmişdim. Kiçik elektrik sobalarıyla güclə qızdırılan, təsnif edilməmiş kitab qalaqları ilə tıxa-basa dolu olan, satıcısından dükan sahiblərinə, təsadüfi ziyarətçidən kitab axtaran həvəslilərə qədər hamının çox yoxsul göründüyü bu yerlərdə saatlarımı, günlərimi keçirərdim. İkinci əl kitablar satan bir dükana girər, bütün rəfləri, bütün kitabları tək-tək gözdən keçirər, XVIII əsr Osmanlı-İsveç əlaqələrindən bəhs edən bir tarix kitabını, Bakırköy Ruhi dispanserinin baş həkiminin xatirələrini, uğursuzluqla bitən bir hərbi çevrilişə şahidlik etmiş bir jurnalistin qeydlərini, Makedoniyadakı Osmanlı binaları barəsində bir monoqrafiyanı, XVII əsrdə İstanbula gəlmiş bir alman səyyahın xatirələrindən ibarət türkcə bir antologiyanı, depressiv pozğunluqla şizofreniyaya meyllilik haqqında Çapa Tibb Fakültəsindən bir professorumuzun düşüncələrini, hamının unutduğu bir Osmanlı şairinin çağdaş türkcəyə çevrilmiş və şərh edilmiş Divanını, yaxud İstanbul Valiliyinin 1940-cı illərdə şəhərdə çəkdirdiyi yolları, binaları və parkları göstərən ağ-qara rəsmli bir təbliğat kitabını seçər, satıcı ilə qiyməti danışıb alardım. Əvvəlcə dünya və türk ədəbiyyatının bütün klassiklərini – türk ədəbiyyatı üçün “önəmli kitab” demək daha doğrudu – toplayırdım. Digər kitabları da, eynilə klassiklər kimi bir gün oxuyacağımı düşünürdüm. Amma çox oxuduğum üçün dərdlənən anam da oxuduğumdan daha çox kitab aldığımı görür, bezginliklə “Barı bu dəfə aldıqlarını oxumamış gedib yenə alma!” – deyərdi.

Kitabları bir kolleksioner kimi yox, gələcəkdə hər şeyi oxuyaraq dünyanın mənasını və Türkiyənin niyə bu qədər yoxsul və problemli olduğunu tezliklə anlamaq istəyən nigaran biri kimi alırdım. İyirmi-iyirmi iki yaşlarımda valideynlərimlə birgə yaşadığım evə gəlib, otaqları get-gedə daha sürətlə dolduran bu kitabları niyə aldığımı soruşan dostlarıma konkret bir cavab verə bilməzdim. Gümüşxana nağıllarında ev motivini, Çərkəz Ethemin Atatürkə qarşı çıxmasının pərdə arxasını, Məşrutiyyət dönəmi siyasi cinayətlərin salnaməsini, Əbdülhəmidin London konsulunun padşahın sifarişi ilə İngiltərədən alıb Türkiyəyə yolladığı tutuquşunun hekayəsini, utancaqlar üçün sevgi məktubu nümunələrini, Marsel kirəmitinin Türkiyəyə gəlişinin tarixini, Türkiyədə ilk vərəm xəstəxanasını açan həkimin siyasi xatirələrini, 1930-cu illərdə yazılmış 150 səhifəlik Qərb sənət tarixini, fırıldaqçılıq, oğurluq, söyüşcüllük kimi kiçik küçə qanunsuzluqları ilə başa çıxmağın yollarını polis məktəbi tələbələrinə öyrədən prokurorun qeydlərini, köhnə prezindentin sənədlərlə doldurduğu altı cildik xatirələrini, Osmanlı gildiyalarının əxlaqının kiçik modern müəssisələrə təsirini, Cərrahi təriqətinin tarixini, sirlərini və şeyxlərinin silsilənaməsini, hamının unutduğu bir rəssamın 1930-cu illərParis xatirələrini, fındıq qiymətlərini yüksəltmək üçün tacirlərin fırıldaqlarını, sovetpərəst türk marksist hərəkatının, Çin və Albaniya tərəfkeşi bir hərəkata beş yüz səhifəlik ağır tənqidlərini, dəmir-polad fabrikləri qurulandan sonra Ereğli şəhərinin dəyişməsini, uşaqlar üçün yazılmış, “100 Məşhur Türk” adlı kitabı, Aksaray yanğının hekayəsini, otuz il əvvəl tamamən unudulmuş bir jurnalistin iki savaş arasında yazdığı köşə yazılarından ibarət bir toplunu, xəritədəki yerini ilk cəhdlə tapa bilməyəcəyim balaca bir Orta Anadolu şəhərinin 200 səhifəyə sığdırılmış iki min illik tarixini, ingiliscə bilməyə-bilməyə Kennedinin qatilinin kimliyini türk qəzetlərini oxuyaraq müəyyənləşdirən təqaüdə çıxmış bir müəllimin iddialarını başdan sona qədər oxuyacaq qədər kitablarla maraqlanırdımmı? Bu sualları çox sonralar tez-tez qarşılaşacağım “Orxan bəy, kitabxananızdakı bütün kitabları oxudunuzmu?” sualı kimi yüngül saymaz, “Hə” – deyərdim, - “Hamısını oxumasam belə, bir gün lazım ola bilər”. Ciddiyətlə verdiyim bu cavabdan da görüldüyü kimi, cavanlığımda kitablarla münasibətim, bilgiylə bütün dünyaya sahib ola biləcəyini zənn edən islaholmaz bir pozitivistin optimist baxış bucağı ilə məhdudlaşmışdı. Bu bilgiləri bir gün bir romanımda istifadə edə bilərdim. Jan Pol Sartrın “Ürəkbulanması”nda təsvir etdiyi şəhər kitabxanasındakı bütün kitabları A-dan Z-yə oxuyan avtodidaktik qəhrəmanının əzmindən, Elias Kanettinin “Korlaşma”da yazdığı ordularıyla şeşələnən bir əsgər kimi kitabları ilə qürurlanıb onlardan güc alan Peter Kleindən məndə nələrsə vardı. Borxesçi kitabxana fikri mənim üçün dünyanın sərhədsizliyinə eyham vuran metafizik bir xəyal yox, tək-tək kitablarla İstanbuldakı evimdə qurduğum kitabxananın özüydü.

Osmanlı İmperiyasında XV-XVI əsrlərdə Zirai Ekonomikanın Hüquqi Əsasları haqqında bir kitabı o saat alardım. Pələng dərisinə necə vergi qoyulması barədə oxuyanda, o zamanlar Anadoluda pələngin hələ mövcud olduğunu öyrənmişdim. XIX əsrin mübariz, vətənsevər, romantik və pedaqoji şairi Namiq Kamalın (Türk Viktor Hüqosu!) sürgün olunduğu yerlərdən yazdığı məktubların ağır cildlərindən, məktəb kitablarının və ədəbsiz tələbə lətifələrinin vaz keçilməz qəhrəmanı bu əfsanə şairimizin söyüşcül olduğunu öyrənmişdim. Həbsə düşmüş köhnə bir millət vəkilinin əyləncəli siyasi xatirələrini, bir sığortaçının həyatı boyunca qarşılaşdığı ən qəribə yanğın və maşın qəzalarını anlatdığı kitabı, qızı sinif yoldaşım olan yekəxana bir diplomatın xatirələrini kitab dükanında görən kimi alardım. Kitablarla həşir-nəşir olduqca, həyatın bir tərəfini daha əldən verir, bunu anladıqca da əldən qaçıb gedən həyatdan intiqam alarcasına kitablara gömülürdüm. Soyuq kitab dükanlarında mənə çay verən satıcılarla dostluq edər, tozlu, köhnə kitab qalaqlarının dibində eşələnərək çox xoşbəxt saatlar keçirdiyimi, neçə illər sonra indi başa düşürəm.

İstanbulun köhnə kitab evlərində, Bukinistlər Məhəlləsində on ilə yaxın eşələndikdən sonra, 1970-ci illərin axırında Cümhuriyyətin əvvəlindən o günə qədər latın hərfləriylə yayımlanmış bütün kitabları görüb vərəqlədiyim qənaətinə gəlmişdim. Atatürkün istəyi ilə 1928-ci ildə bütün bir millərin ərəb hərflərindən latın əlifbasına keçməsindən sonra, 50 il ərzində türk dilində ən çox 50 min kitab çap edilmişdir – deyə hesablayardım bəzən. Bu rəqəm 2008-ci ildə uzağı 100 mini keçib. Kitab almaq ehtirasımın arxasındakı gizli plan, bütün bu kitabları öz evimdə yığmaq idi bəlkə də... Amma kitabları daha çox içimdən o andaca gələn instiktlərlə yığırdım. Tək-tək kitab almağımın, daş-daş bir ev inşa etməyə bənzəyən tərəfi vardı.

1980-ci illərin əvvəlində təkcə bukinistlərdə yox, İstanbulun bəlli-başlı bütün böyük kitab dükanlarında mənim kimi başqalarını da görürdüm. Axşamüstü saat beşdə, altıda kitab evinə dəyib, satıcıya “Bu gün təzə nə var?” – deyib, o gün dükana yeni gələn kitabları tək-tək vərəqləyənləri deyirəm. Bu rəqəm 2008-ci ildə üç dəfə artıb, amma 1980-ci illərdə Türkiyədə ildə orta hesabla üç minə yaxın kitab çap edilirdi. Böyük hissəsini gördüyüm bu kitabların yarıya yaxını tərcümə idi. Xaricdən elə də çox kitab gəlmədiyi üçün, dünya ədəbiyyatında nə baş verdiyini, çoxu tələsik edilmiş bu səliqəsiz tərcümələrdən öyrənməyə çalışardım. 1970-ci illərə Türkiyənin “geridə qalmışlığının”, yoxsulluğunun, siyasi və ictimai böhranlarının kökünü araşdıran böyük tarixi cildlər, kitab evlərinin ulduzuydu. Qəzəbli dillə yazılmış bu iddialı, modern tarixlər, hər gün yeni hərflərlə yeniləri çapa hazırlanan – və hamısını aldığım - əski Osmanlı tarixlərinin əksinə, bizi başımıza gələn fəlakətlərdən dolayı çox da günahlandırmaq, yoxsulluğumuzun, təhsilsizliyimizin və “geridə qalmışlığımızın” səbəblərini ya xarici qüvvələrlə, ya da aramızdakı bir yığın zatıqırıq, pis insanlarla açıqlayar və bəlkə də buna görə də çox oxunar, çox sevilərdilər. Yaxın tarixdə baş vermiş bir çox hərbi çevrilişin, siyasi hərəkatın, Osmanlının tənəzzül illərindəki hərbi məğlubiyyətlərin, birib-tükənməz siyasi cinayətlərin “arxasında” bir əsrar, bədniyyət bir komplo, beynəlxalq güclərin bir oyunu olduğunu isbat edən tarix, xatirə kitablarının, romanların da hamısını alardım. Təqaüdə çıxmış müəllimlərin yazdığı, müəlliflərin ya öz hesabına, ya da bələdiyyə hesabına çap edilən şəhər tarixlərini, idealist həkimlərin, mühəndislərin, vergi məmurlarının, diplomatların və siyasətçilərin xatirələrini, film ulduzlarının həyat hekayələrini, şeyxlər və təriqətlər haqqında yazılmış kitabları, masonların iç üzünü və adlarını ifşa edən cildləri, içində bir az yumor, bir az həyat, bir az gerçəklik, ya da heç olmasa bir az Türkiyə olan bütün kitabları satın alırdım.

Atatürk haqqında yaxın çevrəsi və dostları tərəfindən yazılmış kitabları uşaqlığımda sevərək oxumuşdum. Atatürkü tanıyıb gerçəkdən sevənlərin yazdığı bu kitabların əksinə, ondan sonrakı nəsillərin beynindəki Atatürk xəyalı, onun insani tərəflərini görüb yazmağımıza əngəl olan yasaqlar ucbatından avtoritar bir üst-insan obrazına dönüşdürülmüş, etibarlı adı çox vaxt siyasi təzyiq və yasaqları leqallaşdırmaq üçün sui-istifadə edilmişdir. Bu gün Türkiyədə tətbiq edilən yasaqlar ucbatından Atatürkdən bir romanda normal bir insan olaraq söz açmaq, ya da onun inandırıcı bir bioqrafiyasını yazıb məhkəməyə düşməmək qeyri-mümkündür. Amma yenə də hər il onun haqqında yüzlərcə kitab yazılır. Bəlkə də, eynən islamiyyət mövzulu kitablar kimi, yasaqlar çətin və qarışıq olan mövzunu bəsitləşdirib yazıçılara xeyli rahatlıq verdiyi üçün.

Rəssam və memar olma xəyallarını bir yana atıb romançı olmağa qərar verdiyim 1970-ci illərin ortasında, Türkiyədə ildə 40-50 roman çap olunurdu. Bunların hamısından xəbərim olar, çoxunu da bir gün işimə yarayar deyə alar, ədəbi dəyərlərindən çox, içlərindəki kənd həyatının detalları, əyalətdən insan mənzərələri, İstanbuldan və Türkiyədən həyat fraqmentləri üçün bir az vərəqləyərdim. Bir tərəfdən hər şeyi ilə Qərb mədəniyyətini – özəlliklə də fransız kültürünü – təqlid etməyimizi yüksək səslə müdafiə edən, o biri tərəfdən isə təhsilləri yaxşı olmayan yazarların fransızları təqlid edərkən etdikləri saçmalıqları lağa qoymaqdan qaça bilməyən 1950-ci illərin məşhur tənqidçisi Nurullah Ataç yazmışdı ki, bizimki kimi ölkələrdə insan çap olunan kitabları bəzən sırf müəllifinə və naşirinə dəstək olsun deyə almalıdır. Onun bu öyüdünə əməl edərdim.

Bu kitabları oxuyarkən, vərəqləyərkən, həm bir kültürə, bir tarixə aid olmağın zövqlərini hiss edər, həm də irəlidə yazacağım kitabları düşünüb xoşbəxt olardım. Amma bəzən də təhlükəli bir pessimizmə, bir kədərə özümü yavaş-yavaş təslim edərdim. Bir kitabdakı kobud çap xətaları, yazarın və naşirin diqqətsizliyi diqqətimi dağıdar; bir başqa kitabda isə daha ağıllı və zəngin şəkildə işlənə biləcək bir mövzu, yazarın tələskənliyi, öfkəsi və təlaşı ucbatından məhv olduğu üçün üzülərdim. Zatən mövzusunu da bir absurd və çox ağlamalı hesab edərdim... Bu saçma və dəyərsiz kitab çox sevildiyi üçün, ya da bu maraqlı və sehrli kitab diqqətdən kənarda qaldığı üçün də kədərlənərdim...

Bütün bu duyğular, içimdəki çox böyük, çox dərin bir əndişəni daha da qıcıqlandırar və Qərb ölkələrindən başqa ölkələrin bütün oxuyub-yazanlarının həyatları boyunca savaşdıqları qəhredici şübhə buludları qafamda yavaş-yavaş böyüməyə başlayardı: Anadoluda XV-XVI əsrlərdə pələnglərin gəzdiyini bilməyin nə önəmi vardı? Ya da türk oxucusunun belə düz-əməlli tanımadığı şair Asaf Halet Çələbinin şeirinə hind ədəbiyyatının təsirini bilməyin mənası nəydi? 6-7 sentyabr 1955-ci ildə soyğunçu və yağmaçıların İstanbulun Ortodoks və yəhudi azlıqlarının evlərini, dükanlarını yağmalayıb, keşişləri öldürmələrinin arxasında, gizli türk təşkilatları qədər, Kiprin tamamən yunanlara aid olmasını istəməyən ingilislərin olduğunu bilmək də o qədər önəmli görünməzdi mənə, Atatürkün İran şahıyla boğaz gəzintisində nə danışdıqlarını oxumaq da. Bu mövzularda olan araşdırmalar, romanlar və tarix kitabları yazanların əziyyətlərinin boşluğunu hiss edərdim. İkinci romanım “Səssiz evdə”, Osmanlı arxivlərində neçə əsrlik sənədləri oxuyub, faktların heç birini unutmadan yadında saxlayan, amma heç birini bir-biriylə əlaqələndirə bilməyən tarixçi qəhrəmanım Faruq kimi, mən də pessimist vaxtlarımda, kitabxanamda uğurla mühafizə etdiyim bu bütöv tarixin, kültürün, dilin detallarının “önəmi” haqqında əndişələnməyə başlayardım. Böyük İzmir yanğınını kimin törətməsinin bu gün nə önəmi vardı? 27 may qiyamının, yaxud İkinci Dünya Savaşından sonra “Demokrat partiyası”nın yaranmasının arxasındakı səbəblər, mənə elə gəlirdi ki, təkcə mənim kimi üç-beş nəfəri maraqlandırır. Türk kültürü hədsiz siyasi olduğu üçünmü beləydi bu? Ya da ölkənin həyatı daha çox siyasət üzərindən ifadə edildiyi üçünmü? Yoxsa mərkəzdən uzaq olma, əyalətçilik duyğusu, insanın öz milli kitabxanasının dəyərini öz gözündə düşürdüyü üçünmü?

Evimin otaqlarına istəklə, sevgiylə doldurduğum kitablardakı faktların, başqa millətlər üçün, dünyanın digər hissəsi üçün istədiyim qədər önəmli olmaması düşüncəsi bir boşluq və ötərilik hissilə birgə rahatlığımı qaçırardı. İyirm yaşlarımda öz aləmimin dünyanın mərkəzindən bu qədər uzaqda olması məni arada bir narahat etsə də, bu duyğu, kitabxanamı çox sevməyimə əngəl deyildi. Otuz yaşlarımda ilk dəfə Amerikaya gedib başqa kitabxanaların və dünya kültürünün zənginliyi ilə qarşılaşanda, türk kültürü və kitabxanalarının timsalında, dünyada çox az şeydən xəbərdar olduğumuzu görmək mənə acı verdi. Bu acı, eyni zamanda, bir romançı kimi mənə mədəniyyətin və kitabxanamın ötəri tərəfi ilə təməl tərəfləri arasındakı fərqləri daha yaxşı görməyimi, həyata və kitabxanama daha “dərin” baxmağımı öyüd verən bir xəbərdarlıq idi.

Milan Kunderanın “Astagəllik” adlı romanında, beynəlxalq bir toplantıda fürsət düşdükcə həmişə “mənim ölkəmdə” deyə sözə başlayan və buna görə gülməli olan bir çex qəhrəman var. Öz ölkəsindən başqa bir şeyi düşünə bilmədiyi və öz insanlığı ilə bütün insanlıq arasındakı əlaqəni görə bilmədiyi üçün bu qəhrəman haqlı olaraq aşağılanır. Amma “Astagəlliyi” oxuyarkən, mən özümü “mənim ölkəmdə” deyəni aşağılayanla yox, o gülünc qəhrəmanla eyniləşdirdim. O gülünc qəhrəman kimi olmaq üçün yox, olmamaq üçün. Əyalətçiliyindən və əzikliyindən qurtulmaq üçün etdiklərinə görə Naipulun “təqlid adam” dediyi adamın səfalətini aşağılamaqla yox, onunla eyniləşib yalnız onu anlamaqla – “Qara kitab”ın qəhrəmanını sözləriylə desəm – “özüm ola biləcəyimi” 1980-ci illərdə başa düşdüm.

Türklər tarixləri boyu heç vaxt qərblilərin müstəmləkəsi olmadıqları üçün, Atatürkün eləməyimizi istədiyi kimi Qərbi təqlid etmək, Kundera, Naipul, ya da Edvar Saidin eyham vurduğu kimi aşağılayıcı, qəhr edici bir şey yox, modern türk kimliyinin önəmli bir parçası olub. Qərbləşmə həsrətini “ədəbaz, snobluq” – deyə tənqid etmək üçün yaradılmış türk ədəbi qəhrəmanlarının ən seviləni – ya da nifrət ediləni – Əfruz bəyin sevimli gülünclüyünün türk oxucusuna göstərdiyi şey, təkcə türk kitabxanasının vaz keçilməz zənginliyi yox, zaman-zaman qan davasına, irqçiliyə də inanan davakar, milliyətçi hekayə yazarı Ömər Seyfədinin (1884-1920) qərbliləşməyi xalqdan qopuq üst siniflərin hərəkatı kimi görməsidi.

Mən bu məsələlərdə özümü, Avropanı Rusiyadan daha yaxşı tanıdıqları üçün rus ziyalılarına qəzəblənən Dostoyevskiyə yaxın hiss edirəm. Amma Dostoyevskinin, Turgenevə nifrət etməsinə səbəb olan bu qəzəbə çox da haqq vermirəm. Çünki Dostoyevskinin rus mədəniyyətinin, ortodoks mistisizminin, - rus kitabxanası deyəkmi? – müdafiəsinə bu qədər həvəslə girişməsinin arxasında, yalnız qərblilərin yox, rus ziyalılarının da bu mədəniyyəti tanımamaqlarına duyduğu emosional reaksiyanın nə olduğu mənə yaxşı tanışdır.

Roman yazdığım bu 36 ildə, türk kitabxanamın ən axmaq, ən əyalətçi, ən zamansız, çağdan və dəbdən çox uzaq, çox ağılsız, çox yanlış və ən qəribə kitablarını belə, gülünc sayıb bir küncə atmamağı öyrəndim. Bu kitabları sevə bilməyin sirri onları müəlliflərinin istədiyi biçimdə oxumaq deyildi amma... Bu qəribə, dəxilsiz və bəzən də şaşırdıcı dərəcədə gözəl kitabları, özümü yazıçıların yerinə qoyaraq oxumaq idi gərəkli olan.

Əyalətçilikdən qurtulmağın yolu əyalətdən qaçmaq yox, o duyğuyla sonuna qədər eyniləşmək idi. Beləcə, həm getdikcə böyüyən kitabxanamın içində dərininə girə bilməyi, həm də onunla arama məsafə qoya bilməyi öyrəndim. Qırx yaşımdan sonra, kitabxanamı sevməyimin ən qüvvətli səbəbinin, nə qərblilərin, nə də türklərin onu tanımaması olduğunu beləcə anladım.

İndi isə, “Nobeli qazandınız, bu ildə Frankfurt Kitab Yarmarkasında Türk ilidi” – deyirlər mənə. “Bizi kitabxananızla tanış edə bilərsizmi?” Bunu etməyə, türk kitabxanasını sevdirməyə hazıram, amma bunu edərkən ona olan sevgimi itirməkdən qorxuram...

Tərcüməçi: Qismət

# 2227 dəfə oxunub

Oxşar xəbərlər

"Dedpul"un üçüncü hissəsi haqqında açıqlama

"Dedpul"un üçüncü hissəsi haqqında açıqlama

18:30 17 aprel 2024
"Loki"  ilham mənbəyini açıqladı

"Loki" ilham mənbəyini açıqladı

18:00 17 aprel 2024
“Retro” mövzusunda poeziya yarışı keçirildi

“Retro” mövzusunda poeziya yarışı keçirildi

17:30 17 aprel 2024
Xalq rəssamının 80 illik yubileyinə həsr olunmuş sərgi açılacaq

Xalq rəssamının 80 illik yubileyinə həsr olunmuş sərgi açılacaq

17:00 17 aprel 2024
Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı - Açıqlama

Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı - Açıqlama

16:50 17 aprel 2024
"Qıfıl" filminin çəkilişləri üçün hazırlıqlar başladı

"Qıfıl" filminin çəkilişləri üçün hazırlıqlar başladı

16:30 17 aprel 2024
#
#
# # #