Kişiyə qarşı zorakılıq

Kişiyə qarşı zorakılıq
2 dekabr 2014
# 13:36

Yeni köçdüyüm yataqxanadakı qonşu həmişə qadınıyla dalaşırdı. Və adam sərxoş olduğu üçün, içi mən qarışıq hamı düşünürdü ki, günah ondadır.

Hansısa bir hekayədə oxumuşdum... Kişi həmişə evdə dava salır, qohum-qonşu yığışıb onu günahlandırır, üzünə tüpürür, kişi də günahkar olduğunu etiraf etmək məcburiyyətində qalır. Amma hardasa böyük bir məntiq var. Elə bir məntiq ki, kişi orda tamamilə haqlıdır. Di gəl, bunu heç kimə izah edə bilmir...

Qonşum da eyni vəziyyətdə idi deyəsən. Odur ki, şənbə-bazara salıb yanladım onu. Dedim, niyə bu qədər içirsən? Başını buladı, gözləri doldu, dodaqları əsdi... Dedi, dözə bilmirəm. Bütün günü yolda, işdə, evdə alçalıram, sınıram. Yalanlar, riyakarlıqlar, əclaflıqlar... Əsəblərim tab gətirmir. Axşamlar iki-üç saatlıq beynimi keyitmək üçün içirəm, onu da bu qadın burnumdan tökür, onu da bu qadın çox görür mənə! Nə qədər izah edirəm, başa düşmək istəmir.

“Qadın da səninlə eyni taleni paylaşır axı, o da dözə bilmir bəlkə...” – deyincə qonşum dərindən ah çəkdi: “Nə deyirəm ki?! O da iki-üç saatlıq ovunmağa bir şey tapsın!”

Deməyə söz tapmadım.

Və onda bir daha yəqin etdim ki, Azərbaycanda gender bərabərliyi və qadın zorakılığı kimi mövzular qrant layihələri hazırlamaq, teleproqramlarda və köşə yazılarında müdrik görünmək üçündür. Həyatla, reallıqlarla ciddi bağlantısı yoxdur.

Bir qadın dostum vardı, əri ona qarşı zorakı davrandığı üçün qadın hüquqlarının müdafiəsi ilə əlaqəli bir təşkilata müraciət etmiş, yüksək statuslu hüquqşünasla görüşmüşdü. Söhbət vaxtı dostum yalan olmuş, həmin yetkili qadın öz ailəsindəki diskriminasiyadan danışaraq ona demişdi: “Belə hadisələr, demək olar ki, bütün ailələrdə olur. Get, dözməyə çalış!”

Başqa bir örnək: son vaxtlar saytlarda seksizm söhbəti gündəmdədir. Qadın yazarlar öz həmcinslərini cinsi diskriminasiya ilə bağlı etirafda bulunmadığı üçün ittiham edirlər. Maraqlıdır, özləri analoji mövzuda nələrisə etiraf edə bilərlərmi? Cavabım: əsla! Hamı yazısına, köşəsinə, hekayəsinə, verilişinə qəhrəman axtarır.

Eləcə də kişilər... Kim səmimi şəkildə durub qadınının onun üstünə qışqırdığını, hər hansı xasiyyətinə görə bütün günü deyindiyini etiraf edər? Kim bu qədər sadəlövh görünmək istəyər?

Azərbaycan çox özəl bir yerdir... Bunu yaddan çıxarmamaq lazım. Bir çox Qərb dəyərlərini imitasiya şəklində burada tətbiq etmək olmur. Qadın-kişi münasibətləri də eləcə...

Bu baxımdan gender bərabərliyi və qadın zorakılığı söhbətləri həmişə mənə altında hiylə gizlənən mövzular təsiri bağışlayıb. Xüsusən bu işdə Azərbaycanın mağmın, məğlub, miskin kişisini günahlandırmaq! Guya kişilər çox yüksəkdədir də, qadınlar onların bərabərində durdumu, hər şey düzələcək. Və ya kişi işdə, yolda, evdə qəti şəkildə zorakılığa uğramır da, yalnız qadını uğradır.

Özümüzü aldatmayaq!

Mənəvi yaddaşımızda ən çox Məmmədhəsən əmiylə assosiasiya olunan Azərbaycan kişisini Zeynəbə bənzəyən Azərbaycan qadını ilə yalnız bədbəxtlik birləşdirir.

# 1421 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #