Kiminsə ana-bacısı...

Kiminsə ana-bacısı...
1 dekabr 2014
# 15:50

Çünkü o kadın
Ne yapsa, neye uygulansa
Bir aralıktır şimdi dünyada
Bir aralık, bir aralık!

Bir gidip bir geliversin diye boşlukta
Umutla, erinçle, tutkuyla
Kendine kendine kendine katlanarak
Hani görmeden daha, bilmeden darıldığını kendine
Tanrım
Ona bir salıncak!

Edip Cansever

Məsələ qadın yox, qadına baxışdır. Bu yaxınlarda Nyu-Yorkda, Şoşana Roberts adlı gənc qız 10 saat küçədə gəzərək ona söz atan kişiləri kamera ilə çəkib.

Həmin videodaki replikaları BBC Azərbaycan, “Necəsən, ceyran?”, “Gözəl!”, “Salam, can-ciyər!” kimi tərcümə etmişdi və sosial şəbəkələrdə həmin videonu bu tərcümə ilə paylaşanların statusunun altına, bir neçə kişi elə bu cür də şərh yazmışdı: “Ceyrandan niyə xoşları gəlmir ki? Ceyran gözəl heyvandır”.

Yox, məsələ doğrudan da qadın deyil, qadına baxışdır. Hətta qadınların özlərinin özlərinə baxışı. Məsələn, N.Kamalın verdiyi "Sizin seksizm hekayəniz yoxdurmu?" sualına heç bir qadın cəsarət edib cavab vermək istəmir. Qadın deməkdən utanır ki, harasa gedəndə hansısa oğlan onu, necə deyərlər, elə gözləriylə soyundurub, söz atıb, harasınasa toxunub. Utanır, çünki, ta uşaqlıqdan ona elə deyiblər: “Oğlan kimi üzlü olma, qız uşağı utancaq olar.”

Demək olar ki, bütün qızlara uşaqlıqda da, yeniyetməlikdə də və nəhayət gənc qız olub universitetə gedəndə də, elə qapının ağzındaca anası, nənəsi deyib: "O nə sumkadır, qız sumkası tax, bel çantasını oğlanlar taxar, sən oğlansan?". Ayaqqabı alanda deyiblər: "Bu nə ketdir, sən oğlansan ket geyinirsən? qız ayaqqabısı geyin də" və s. Bir sözlə, qızın utancaq, nərmə-nazik olduğu, oğlanınsa bel çantası və ketləri ilə “azad” olduğu fikri, patriarxal düşüncənin “fıtratında var”.

Balaca vaxtından “qız” edilməyə çalışılmamışıqmı? Söyüşlər belə qadınların üzərində kişi hökmranlığını ifadə etmirmi? Təkcə kişilərin deyil, qadınların da söyüşü eynidir: "Səni belə belə edərəm". Yaxud qadınlar bir- birinə "fahişə" deyib özləri özlərini aforoz edə bilirlər. Bütün bunlar seksizm hekayəsinin faktorları deyil mi?

Qızlar qız uşağını bəzəmək üçün istəyir: "Qızım olsun, onu bəzəyəcəm". Bu belə patriarxal düşüncənin ifadəsidir - qızlar (qadın) ancaq bəzəməyə yarayır.

Lap uşaqlıqdan qızlara "o gün olsun, ana olasan", "gələcəyin anasısan" deyilmirmi? Hələ heç bir seçim haqqı verilməyən qıza ana olmaq əmr edilir. Çünki o, başqa bir işi bacara bilməz. Mütləq ana olmalıdır. Hələ təhsilini tamamlamamış qızlara ana olmağı arzulayırlar. Ana olmaq onu görünən edir, amma ana olmasa o görünməzdir. Edəcəyi heç bir şey qalmayıb, ana olmasa nə etsə də faydasız əməkdir. Kəsəsi, patriarxal düşüncə özünü hər yerdə göstərir - ətrafımızda, dinlərdə, miflərdə, siyasətdə və... incəsənətdə belə!

Daha çox komediya filmlərində olur - hansısa kişi onu təqib edən mafiyaya görünmədən evdən necəsə çıxmalıdır. Və çarəni qadın paltarı geyinməkdə tapır. Qadın olacaq kişimiz birinci özünə yastıqlar, yumşaq bezlər vasitəsiylə böyük döşlər yaradır, sonra böyük bir arxa; hündürdaban ayaqqabı və qısa ətək geyilərək ayaqlar çöldə buraxılır; üzünə şit, rəngli boyalarla makiyaj edir və nəhayət, qırmızı pomada da vuraraq “qadına oxşayır”. Bu karikatura-tipajın arxasından rejissorun bizə hırıldayaraq göz vurmasından anlayırıq: qadın böyük döşlərdən, böyük arxadan, böyük, qırmızı dodaqlardan və uzun ayaqlardan ibarətdir. Bunların fonunda qadının nə geyindiyi, nə etdiyi, nə dediyi heç də vacib deyil. Bu, filmlərdə də belədir, reklamlarda da, hətta "Bu Şəhərdə" də.

"Bu Şəhərdə"də Coşqun Rəhimovun yaratdığı qadın parodiyalarında qadın ifrat bər-bəzəkli, böyük arxalı, iri döşllü, uzun ayaqlı verilməyibmi? Kişinin komikliyi o danışana (hərəkətə keçənə) kimi gizlidir, ancaq qadın səhnəyə addım atar-atmaz, görüntüsü (varlığı) ilə gülməlidir! Və qadınlar da daxil olmaqla nə qədər insan həm bu cür filmlərə, reklamlara və elə "Bu Şəhərdə"yə baxıb gülməyibmi? Qadın varlığı ilə gülüş obyektinə çevrilməyibmi?

Qadın, çox vaxt özünün nəzarət edə bilmədiyi, özündən asılı olmayan şeylərlə dəyərləndirilir. Bədəninin forması, üzünün düz, ya yumru olması ilə... O, 90-60-90-la, ölçülərlə, yaşla, bir sözlə rəqəmlərlə dəyərləndirilir. Onun dəyəri rəqəmlərlə verilir. Heç kim onların içi ilə maraqlanmır. Onlar, içlərinə heç bir şey qatmayan, içlərinə heç bir şəkildə təsir etməyən fiziki ölçülərinə görə qiymətləndirilir. Kosmetika, ətir, zinət əşyaları, estetik əməliyyat reklamlarının hamısında qadın seks nəsnəsi kimi dəyərləndirilir. "Gözəl qadın" anlayışı reklamlarla, podyumdakı modellərlə, filmlərdəki ulduzlarla “yaradılır”. Və beləcə, qadına "gözəllik utancı" yüklənir. Qadın o filmlərdəki, reklamlardaki, podyumlardaki qədər gözəl olmalıdır. Artıq qadının “özü kimi gözəl” olmaq şansı da qalmayıb. O, ya “Adriana Lima kimi gözəldir”, ya “Monica Bellucci kimi cazibədardır” ya da hansısa “serial qəhrəmanına oxşayır”. "Gözəllik utancı" da beləcə ortaya çıxır. Qadınlar, onlardan gözəl olmaları tələb edildiyi üçün utandırılır. Əlbəttə, bunların arxasında elə həmin reklamlardakı, filmlərdəki kosmetik vasitələrin, zinət əşyalarının satılması da güdülür - "Bu üzüyü taxsan bu qadın kimi xoşbəxt, gözəl olacaqsan", "Kipriyinə bu tuşdan, üzünə bu kremdən vursan cazibəli, gözəl olacaqsan".

Bütün dövrlərdə qadın həmişə baxılan, daşıyan olub - əxlaq, iffət, namus daşıyıcısı olub; kiminsə anası, bacısı olub - çünki qadın tək başına patriarxal dünya, cəmiyyət üçün heç nə ifadə etmir - baxılan, ölçülən gözəllik simvolu olmaqdan savayı. Onları hər cür etiketləyiblər. Hər cür geyimdə - qapananda (rahibə olanda, hicaba keçəndə) deyiblər ki, günahkardır və günahını yumaq üçün qapanıb, qapanmalıdır; açıq geyinəndə deyiblər, əxlaqsızdır, fahişədir. Sonra da "bir toplumun necə olduğunu görmək üçün əvvəl həmin cəmiyyətdəki qadınlara baxmaq lazımdır" deyiblər.

Patriarxal sistem qadını, xəyali, olmayan bir qadınla müqayisə edərək mühakimə edir. Bu sistemdə qadına “düşən rol” isə, heç olmazsa eyni yerdə qala bilmək üçün var gücü ilə qaçmaqdır. Çünki qadın, elə şairin dediyi kimi, doğrudan da aralıqdır. Dar cığırın o tərəfinə keçsə “cəllad”, bərisində qalsa “qurbanlıq” biləcəklər...

# 2074 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #