Arif Quliyev: “Məni Şəmkirdə möhkəm döydülər”

Arif Quliyev: “Məni Şəmkirdə möhkəm döydülər”
1 dekabr 2014
# 08:30

Kulis.Az-ın “Yeməli söhbət” layihəsinin qonağı xalq artisti Arif Quliyevdir.

- Arif müəllim, hansı yeməkləri sevirsiniz?

- Mən insanları ayırmadığım kimi, yeməkləri də ayırmıram. Dadlı olan bütün yeməkləri sevirəm. Yeməyin hazırlanması, süfrəyə verilməsi özü bir mədəniyyətdir. Borşu elə dadlı bişirənlər var ki, adam bir boşqabla doymur, istəyir üstəlik iki qab da yesin, gözü doysun. Mən çörək batırıb yeməyin tərəfdarıyam. Bunun yerini heç nə vermir. Məsələn, kənd toyuğunu çəngəllə necə yemək olar axı. Amma ən çox sevdiyim yemək düşbərə və dolmadır.

- Özünüz bəs nə bişirisiz?

- Özüm qayğanaq ustasıyam. Yadıma yumurta ilə bağlı bir şey düşdü. Bir nəfər kafedə yumurta bişirib satır. Müştəri soruşur ki, yumurta neçəyədir. Satıcı deyir 10 qəpiyə. Müştəri soruşur ki, bəs yumurtanı neçəyə alırsan. Satıcı deyir ki, 10 qəpiyə. Müştəri soruşur ki, bəs qazancın nədir? Deyir, yumurta bişirilən suyu aparıram evə. Uşaqlar içinə çörək doğrayıb yeyir.

Bu dialoqdan belə başa düşülür ki, həmin şəxs öz işini sevir və qazancı olmasa da bu işi edir.

- Evdə yemək bişirirsiniz?

- Əlbəttə. Bildiyiniz kimi mən internat məktəbində oxumuşam. O vaxt yeməkləri bəzən özümüz bişirirdik. Buna görə də mən aş, toyuq çığırtması, soyutması, badımcandan cürbəcür şeylər bişirə bilirəm. Hər şeyi bacarmaq insana xeyir gətirir. Mən hətta paltar da tikə bilirəm.

- Sizə nəyisə xatırladacaq yemək var?

- Vermişel, makaron mənə internat məktəbini xatırladır. İnternatda oxuyanda bizimlə oxuyan şagirdlərin birinə noğul gətirmişdilər. Mən o uşaqdan noğul istədim. Amma o uşaq mənə noğul vermədi. Lütfiyar İmanova məktub yazdım ki, internat məktəbinin şagirdiyəm və mənə noğul göndərməyinizi xahiş edirəm. Üstündən bir müddət keçəndən sonra Lütfəli müəllim mənə bir köynək və beş kiloluq yeşikdə noğul göndərdi. Mən o noğulu bütün uşaqlara, hətta mənə noğul verməyən uşağa payladım.

- Arif müəllim, spirtli içkilərə münasibətiniz necədi?

- Mən spirtli içki içməmişəm. Bir dəfə mənə bir məclisdə dedilər ki, niyə içki içmirsən. Dedim, içki içəndə adam şənlənir, sonra isə sərxoş olur. Axırda isə yıxılır. Dedim, sən içirsən, sən yıxılsan səni atan, qardaşın ayağa qaldıracaq. Amma mənim dayağım özüməm. Məni heç kim qaldırmayacaq.

- Kababla aranız necədi?

- Xoşlamıram. Yaxşı basdırma kabab olanda yeyirəm.

- Oxuduğunuz internat məktəbindən bir az danışaq.

- Mən internat məktəbini indiki Şirvan, o vaxtkı Əli Bayramlıda bitirmişəm. O məktəbin müəllimləri bizə atalıq-analıq edib. Mən məktəbin nəzdində fəaliyyət göstərən özfəaliyyət dərnəyinə gedirdim. Dərslərimi zəif oxuyurdum, amma müəllimlər özfəaliyyət dərnəyində iştirak etdiyimə görə mənə yaxşı qiymət yazırdı. Biz oxuduğumuz vaxtı Əli Bayramlıya Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Bəşir Səfəroğlu qastrola gəlmişdilər. Biz məktəbin direktorundan xahiş etdik ki, qonaqlara onlarla görüşmək istədiyimizi çatdırsın. Onlar dəvəti qəbul elədi. Qarovulçunun uzun bir pencəyini geyinib, başıma yekə bir papaq qoyub məktəbin girişində qonaqları qarşıladım. Onlar məni görüb dedi ki, müdir hanı. Məktəbin müəllimləri dedi ki, bu uşaq səhnədə müdiri oynayır. Ona görə dedi ki, mən bu geyimdə qonaqları qarşılayacam. Bu qarşılanma qonaqların çox xoşuna gəldi. Qonaqlar bizə akt zalında tamaşa verdilər. Onlar gedəndən sonra gördük ki, Bəşir Səfəroğlunun rol dəftəri qalıb. Mən onu götürüb saxladım və bir müddət sonra ona göndərdim. Bundan əlavə Lütfəli Abdullayevin səhnədə geyindiyi pencəyi və papağı da orda qalmışdı. Mən həmin geyimləri bu günə qədər yadigar saxlayıram. O geyimlər mənim sənət talismanımdır.

- Hərbi xidmətiniz necə keçib?

- 1970-ci ildə hərbi xidmətə çağırıldım. Mən o vaxt Mingəçevir teatrında işləyirdim. Yataqxanada tək yaşayırdım. Məni hərbi xidmətə kollektivimiz yola saldı. İş yoldaşım Ərşad dayı mənə konserv, çörək , sudan ibarət bir balaca boğça düzəltdi. Bizi avtobusla Bakıya Biləcəriyə həkim komissiyasına apardılar. Həmin yola salma səhnəsi mənim heç vaxt yadımdan çıxmır. Çünki avtobusun hər pəncərəsinin qarşısında uşaqların valideynləri avtomobillə onları müşayiət edirdi. Amma mənim pəncərəmin qarşısı boş idi. Biləcəriyə həkim komissiyasına çatdıq və bizi sabah komissiyaya buraxası oldular. Bütün uşaqlar getdi. Mən tək qaldım həyətdə. Qarovulçu mənə dedi ki, sən burda nə edirsən? Dedim getməyə yerim yoxdu. İcazə versəydiniz burda qalardım. Qarovulçu mənə icazə verdi və mən pencəyimi başımın altına qoyub skamyada yatdım. Hərbi xidməti Lvov şəhərində hava hücumundan müdafiə qoşunda keçmişəm.

- Arif bəy, mütaliə ilə aranız necədir?

- Çox sevirəm. Mütəmadi olaraq Cəlil Məmmədquluzadənin, Sabit Rəhmanın, Süleyman Rüstəmin, Cabir Novruzun, Mikayıl Müşfiqin yaradıcılığını oxuyuram. Mikayıl Müşfiqin gözəl bir şeiri var.

Rəssam, sevgilimin rəsmini gəl çək

Sevgilim gözəldir, sən də gözəl çək

Nazına çatanda fırçadan az çək

Qoy onun nazını mən özüm çəkim.

- Maraqlı bir hadisə yadınıza gəlir?

- Bir dəfə Şəmkirdə sərxoş rolunu oynayırdım. Demək qadın səhnədə danışır ki, ərim bütün günü evə içkili gəlir, qonşuların yanında biabır olmuşam. Bu vaxt mən da zaldan səhnəyə doğru gəlməliyəm. Cırıq pencək, saçım dağınıq, əlimdə butulka zala girəndə bir də gördüm tamaşaçılardan biri cumub üstümə dedi ki, bu tüfeyli Vasişli burda neynir. Məni xeyli döydü. Zaldan çıxartdı. Çöldə buna dedilər ki, ay qardaş, sən neynirsən. Səhnəyə çıxanda gördüm ki, məni döyən tamaşaçı zalda yoxdu. Tez çölə çıxıb gördüm ki, polis bunu aparır. Polislərə vəziyyəti izah etdim, sağ olsunlar, sözümü yerə salmadılar.

Bir dəfə Lənkəranda tamaşa göstərirdik. Tamaşanın ortasında hiss elədim ki, zəlzələdir. Zala baxdım gördüm hamı bir-bir çıxır. Mən səhnədən düşüb bir xeyli qaçdım. Hardasa 5-10 dəqiqədən sonra zala qayıdanda fikirləşdim ki, yəqin tamaşa təxirə salınacaq. Amma gördüm ki, hamı öz yerində oturub. Bu da bizə tamaşaçı sevgisinin bariz nümunəsi idi.

# 4557 dəfə oxunub

Oxşar xəbərlər

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

17:00 17 aprel 2024
# # #