news-inner
clock12:24 calendar-gray 20 Noyabr 2014 view-gray761 dəfə oxunub
view-gray761 dəfə oxunub

İnsan olmaq istəmirəm...-Zümrüd Yağmur

Burnuna dolan qoxudan ürəyi bulanırdı. Nə edirdisə, bu qoxu keçmirdi, sanki ruhuna sinmişdi. Üzünü yuyurdu, insan olduqdan sonra istifadə etməyə başladığı ətirlərdən bol-bol üstünə tökürdü. Yox, getmirdi bu qoxu...

İnsan qoxusu idi bu və bunu hiss etdiyi günü xatırlayıb hər dəfə yaşadığı peşmançılığın ağırlığını qaldırmaq üçün canavar olanda uladığı kimi ulayıb ağlamaq istəyirdi. Amma bacarmırdı, ulaya bilmirdi. Əvəzində ağlayırdı və anlayırdı ki, ağlamaq da insanların ulamasıdır, ya əzab, ya da həsrətdən... Hətta bəzən sevincdən... Bu insanlara xas idi, ağlamaq onu sakitləşdirmirdi. Ulamaq yanğısı içini göynədəndə başını dizlərinə qoyub canavar olduğu günlərin həsrəti ilə qəlbinə dolan acının göz yaşlarına çevrilib yanaqlarına süzülməsinə sakitliklə izn verirdi. Bəzən də yenidən canavar olmanın atəşini duyurdu ürəyində, dizlərini bir-birinə sıxıb hər şeyi məhv etmək istədiyini düşünürdü. Burnunda gəzdirdiyi qoxunun sahibini parçalayıb qanına qəltan etmək bəlkə indi ən böyük arzusu idi. Ancaq bu onun canavar təbiətinə zidd idi, o ancaq acından ölməmək üçün parçalamalı idi, qisas üçün deyil. Belə anlarda qorxurdu, tam insanlaşdığını düşünüb içinə dolacaq kin, nifrətin qarşısını almaq üçün özünə səbəblər yaratmaq istəyirdi.

O sevdiyi üçün canavar görünüşündən insan görünüşünə keçid edib qadın olmuşdu, bədənindən imtina etmişdi, indisə təbiətindən, mahiyyətindən imtina etməli idi ki, onun sevgisini bir heçliyə qurban demiş adamdan qisas alsın.

Onda özündən heç nə qalmayacaqdı. O da adi, qisas alan, kini və şəhvəti ilə hər şeyi məhv edən insana çevrilib hər gün ətrafında dolaşan, saxtakarlıqla bir-birinə gülümsəyən, bir-birinə dediyi yalanları həqiqətmiş kimi qəbul etdiyini elə eyni yalanla nümayiş etdirən insanlardan birinə dönəcəkdi. “Nə pəncə, nə diş lazımdır insana. O bunlar olmadan da parçalayır, özü də vücudu deyil, ruhu, bir anda da deyil, illərlə, dişini parçalayacağı ruhdan çəkmir, hər gün bir az öldürür” düşünüb başını aşağı əydi. Uzun müddət belə qaldı, yanağına süzülən isti göz yazı soyumuş ruhunu üşütdü. Çiyinlərini sıxıb daha da balacalaşmaq, görünməz olmaq istəyirmiş kimi büküldü. Gözlərini yumub içindəki acıya tabe oldu, qəlbindəki yanğını sanki heç nə söndürə bilməzdi, onun sevdiyini, xoşbəxt olmaq istədiyi birini zorla ondan qoparıb almışdılar, yaşamaq istədiklərinin hamısı yarımçıq qalmışdı. Kimsə də ondan bütün bunları istəyib-istəmədiyini soruşmamışdı. Bir gün, eləcə günlərin bir günü anlamışdı ki, sevdiyi adam onu ağlatmaqdan, incitməkdən qorxmadan etmək istədiyini edir.

Başını qaldırdı, qucaqladığı dizlərindən çəkdiyi əllərinə baxdı. İti caynaqları, qüvvətli pəncələri yoxdu, amma indi daha çox öldürmə qabiliyyətinə sahib idi. Ürəyi kinlə, qəzəblə dolu idi. Yaşadığı acılar ona daha çox yox etmə, məhv etmə qabiliyyəti yükləmişdi. “Heyvanlar yaralı olanda hərəkət edə bilməz, insansa yaralı olanda daha da güclənir sanki, ürəyinə hakim olanlar onun qollarına güc verir. Mən insan olmaq istəmədim ki, sevən bir qadın, sevilən biri olmaq istədim sadəcə... Mən insan olmaq istəmədim, amma bax, insan etdilər məni... İnsanların arasında insan olmadan, kinli, oyunbaz, saxtakar, yalanla dolu bir dünyanın sakini olmadan yaşamaq mümkün deyilmiş demək. Amma mən yenə də insan olmaq istəmirəm. İnsan sevmək də istəmirəm daha, hər nəfəsdə duyduqlarını sevgi zənn edən, xətaları belə sevgi kimi yaşayanların içində sevgi yaşaya bilməz. Dünən dediyi sözləri sabah başqa birinə deyən, bu gün birini sığallayan əllərin sabah başqasını sığallamasını adi qəbul edən, hətta bunun üçün özünə haqlar tanıyan insan sevgini yaşada bilməzdi. İnsan təbiəti ilə sevginin mahiyyəti bir-birinə ziddir. Sevgi zamandır, insan zamanı qaldırıb yaşada, onunla birləşə bilməz. İnsan an çəkən sevişmələrdəki həzzi zaman tələb edən sevgidən üstün tutur. İnsan sevginin həqiqətini, aliliyini öz adiliyində sürdürə, canlı tuta bilməz. Sevgi insan təbiətinin sürüşkənliyində və dönüklüyündə ölür, cansızlaşır. Sevgi insan nəfəsində və şəhvətində kirlənir.” Bunları düşündü qadın. Üzü soyuq və kədərli olduğunda indi onun hiss etdikləri anlamaq, nə yaşadığını qətiləşdirmək mümkün deyildi. İçindəki qarmaqarış duyğular onu da yormuşdu, tək bildiyi o idi ki, canavar mahiyyəti ilə insan təbiəti bir-birini inkar edir.

Onun canavar təbiətindəki sədaqət insan təbiətindəki nankorluğu qəbul edə bilmirdi.

Qalxdı, otaqdakı iri güzgünün qarşısına keçdi. Güzgüdən ona qonur gözlü, incə üzlü bir qadın baxırdı. Gülümsəməyə çalışdı, özünü oxşamaq, saçlarını sığallamaq keçdi içindən. Ani olaraq gülümsündü güzgüdəki əksinə... Çöhrəsindəki təbəssüm yaşadığı günlərin üzündə daşlaşdırdığı əzab cizgiləri arxasında elə gizlənirdi ki, onun indi ağladığını, ya da gülmək istədiyini ayırdı etmək belə mümkün deyildi. Baxışlarındakı ifadə uzun müddət ucsuz-bucaqsız səhrada dayanmadan hərəkət edən, yorulub taqətdən düşmüş, yandırıb yaxan səhra günəşinin qızmar istisi altından ləng-ləng hərəkət edən karvanın üzüntü və bezginliyini xatırladırdı. Yığılıb aşağı doğru sallanmış çiyinləri, dağınıq saçları, solğun üzü, son vaxtlar yaşadığı üzüntüdən arıqlayıb nazilmiş boynu... Bütün bunların ona aid olduğunu sanki etiraf etmək istəmədi. Güzgünü vurub sındırmaq istədi, onda ona baxan və “bu mənəm” deyən qadın yox olacaqdı və o yenə tək qalacaqdı.

Amma onun acısı və beynindəki düşüncələr, ürəyindəki ağrılar yox olmayacaqdı.

Görəsən o ölsəydi necə, bütün bunlar bitərdimi?

Qadın ölüm haqqımda çox düşünürdü son vaxtlar. O canavar kimi doğulub insana çevrildikdən sonra görəsən ruhu da yaranmışdımı? Onun ruhu vardımı? Vardısa və bu acı, beynindəki düşüncələrin onu parçalaması, ruhuna batıb tikan kimi dalayan xatirələri tükənib bitməsəydi?!

Birdən ruhların da yaddaşı olursa...

Bunu düşünüb yenə bir kənara çəkilib divar boyu sürüşüb oturdu. Onun ürəyi hansı idi, insan, yoxsa canavar ürəyi? O hansı ürəklə yaşayırdı bu acını... Hansı duyğularla duyurdu hiss etdiklərini, onun acısının sahibi kim idi, bu aciz və incidilmiş qız, yoxsa yaddaşındakı canavar təbiəti?

O canavar doğulub insan sevmişdi. Amma insan kimi deyil, canavar kimi, canavar sədaqəti, ürəyi ilə sevmişdi...

***

Bu qoxunu o iki il öncə , bir qış günü meşədə hiss etmişdi. Qarşısında dayanıb əlindəki tüfəngi ona doğru yönəltsə də karıxan gənclə üz-üzə duranda sevmişdi canavar ürəyi insan övladını... Üzü aydın və gözəldi, başına qoyduğu papağın altından çıxıb alnına tökülən saçlarısa valehedici görkəm verirdi ona... Qarşısındakı adam nəfəsini belə almağa qorxurmuş kimi donub qalmışdı. Canavarsa dişlərini qıcıyıb mırıldandı, amma qorxutmaq üçün deyil, sevgisini ona çatdırmaq istəyirdi. İnsansa onun canavar dilindən, sevgisindən anlaya bilmirdi. Amma canavarın qonur gözlərindən ürəyinə axan istilik sanki tətiyi çəkməyə mane olurdu. Canavar da bunu hiss edirdi sanki, qarşısındakı insan onu öldürə bilməzdi, sevgisinin böyüklüyündən bir anlığa elə əmin oldu ki, qəti addımla ona doğru addım atdı. Hər atdığı addımda canavarlıqdan uzaqlaşıb insan olurdu sanki, düşüncələrini incə bir hiss sarıb onu insanı parçalamaq istəyindən uzaqlaşdırırdı, bu istəyin yerini onu sevmək və oxşamaq doldururdu. Bir də onu ola biləcək təhlükələrdən qorumaq istəyirdi. Amma çox keçmədi ki, onları canavar dəstəsi dairəyə aldı və o sevdiyi adamı qorumaq üçün onlarla üz-üzə dayandı.

İlk irəli atılan dəstənin başçısı, atası oldu. Atası ilə sinə-sinəyə gəlməli, sevdiyi üçün atası ilə döyüşməli idi. Necə olsun, atası və sevdiyi... Bir anlığa aşiq olduğu, burnunu insan qoxusu, ətri ilə dolduran biri üçün savaşmalı idi. Dəstə günlərdi yaxşı ovlana bilmirdi, hamısı acdı, amma sevgi onun aclığına qalib gəldi və... irəli atıldı, atası ilə buruna-buruna dayandı. Atası karıxdı, eynən insan kimi... Qızının hərəkətini anlamadı, qızı arxa ayaqları üstə oturdu, düz atasının gözlərinə baxdı. Qızının gözlərində gördüyündən çaşdı, ata ürəyi bunu qaldırmadı. Qızı bir insan üçün ona qarşı gedə bilməzdi. Özünü buna inandırdı ata canavar, arxayınlıqla onunla üz-üzə dayanıb qızının yolundan çəkilməsini istədi. Qızı da qəzəblə ona baxıb dişlərini qıcıyıb mırıldadı. Ana kənarda dayanıb baxırdı, qanı donmuşdu, eynən bir az kənarda dayanıb olanlara tamaşa edən insan kimi...

Meşəni zingilti bürüdü, ata ilə qızı üz-üzə gəlmişdi, sevgi onları ölümün astanasına gətirmişdi. Ata ilə qızı savaşırdı, insana görə... Biri yemək, digəri sevmək uğrunda...

Nəhayət sevgi qalib gəldi və yaralanmış üzünü pəncəsinə sürtüb atasının geri çəkilməsini izləyən qız ondan bir az kənarda dayanan insanın yanına yaxınlaşıb üzünün qanını onun əlinə buladı. Daha özünü canavar kimi hiss etmirdi, duyğuları, hiss etdikləri ona tamamilə yad idi, həm də yeni, təzə... Ürəyi şiddətlə döyünürdü. Vücudu əvvəlkindən daha çox üşüdü, belə olmamalı idi, o illərdi meşədə yaşayırdı, nə soyuq, nə isti onu incitmirdi. İndisə soyuq onu qılınc kimi kəsirdi, şaxta quru dili ilə onun dərisini yalayıb dondururdu.

O başa düşdü ki, dəyişir, sevgi onu insana dönüşdürür. O sevdiyi insana qovuşmaq üçün canavar kimliyindən imtina edirdi.

Amma hələ o zaman bir həqiqətdən xəbərsizdi...

Gülə-gülə ölümə getdiyindən...

Sevgiyə doğru sürükləmişdi taleyi onu, amma bu sevgi iki il sonra onun faciəsinə çevrilmişdi, canavar kimliyindən imtina edəndə onu kimsə buna zorlamamışdı, insan övladı ondan bunu istəməmişdi, o özü bunu seçmişdi, amma bu iki ildə elə bir sevgi vermişdi ki, insan övladına, bu böyük sevgini belə asanlıqla adi sevişmələrə dəyişmənin mahiyyətini anlaya bilməmişdi. Sonra bir həqiqəti anlamışdı. İnsanlar üçün sevginin duyğulu halı deyil, hisslərin tüğyanı, sevişmənin həzzi əsas idi. Bunu anlayanda acımışdı insana... Əzəldən insan yaradılmadığına, sevgini həzdə tükədənlərdən biri olmadığına görə özünü sevmişdi. Bir az əvvəl güzgüdəki halını , o qadının özü olduğunu özünə etiraf etmək istəmədiyi kimi, indi də sevgidəki iflasını qəbullanmaq istəmirdi. Amma bildiyi həqiqətdən də qaça bilməzdi, o insan ola bilmədiyi kimi, insanların sevgisi də onu məsud edə bilməzdi.

Onun duyğuları kimsəyə lazım deyildi.

O yox sayılmışdı, heç olduğunu onun üzünə vurmuşdular. İndi o da heç saymalı idi, tək, tənha qalmağı öyrənib dayanmalı idi. Amma insanların içində necə dayanacaqdı? Onun təkliyi də adi, insan təkliyi olmayacaqdı, çünki o insanları anlaya bilmədiyi kimi, qəbullanmağı da öyrənməyi bacarmamışdı.

Qalxdı... Özü ilə bərabər bir dünya yükü, acını, ürəyindəki sevgi boyda ümidsizliyi, təhqiri və əzabı da bərabərində qaldırdı. Ağırdı, daş kimi idi incə vücudu, sanki hər əzasından asılmış əzab qəlbini aşağı dartırdı. Aşağı, bataqlığa, qəzəb və kinin çirkabına doğru... Ürəyindəki bütün dəyərli şeyləri sıxışdırıb çıxarırdı... Qorxdu...

İnsan olmağa yuvarlanmaqdan...

Yenidən güzgüyə doğru boylandı. Yanağındakı nazik çapıq o günün yadigarı idi. O zaman üzünü oğlanın əlinə sürtüb ilk dəfə onun qoxusunu, təmasını, dərisinin hamarlığını hiss etmişdi. İlk dəfə o gün çevrilmənin bütün qeyri-adiliyini hiss edə-edə başını onun çiyninə qoyub rahatlamışdı. Oğlanın karıxmasını, olanları heyrətlə izləməsini də xatırlayırdı. O zaman zənn etmişdi ki, bu gün həyatının bütün anlarına axıb köçəcək, zaman burda dayanacaq, gələcək indinin hökmünə tabe olacaq. Amma olmamışdı, iki il, iki il kifayət etmişdi ki, hər şey bitsin. Onun sevdiyi başqa bədənlərdə həzz axtarmışdı, onun duyğuları lazımsız bir şey kimi üzünə çırpılmışdı.

İnsan olmaq buymuş demək...

Sevmək, fədakarlıq etmək...

Sevilmək və aşağılanmaq, bir heçə qurban deyilmək...

Həyatın insana görə gedişi bu idi... Sevmək, aldatmaq, yalan demək, bir-birinin ürəyindəki ümidi tükətmək, sevgini öldürmək, çöhrəni saxta təbəssümlərə öyrətmək, gözlərindəki işığı söndürmək, yalan sevgiləri asanlıqla yaşaya bilmək, mənafelərin toqquşmasındakı savaşlarda bir-birinin ruhunu didmək.

“Yox, mən insan olmaq istəmirəm!”

Qadın qəti addımlarla otaqdan çıxdı...

***

“İnsanların ov anlayışı başqadır, onlar yemək deyil, həzz, hikkə, şəhvət üçün ov edirlər, bu zaman yaraladıqlari onların maraqlarından çıxır. Heç bir şey, adına dəyər deyib gözəl sözlərlə bəzəyib bir-birinə sırımağa çalışdıqları hər şeyi unudurlar, heç nə dövriyyəyə girmir, nə əxlaq, nə qorxu, nə mərhəmət, nə ədalət... Hər şeyi həzz, hormonlar və hikkə idarə edir. Bir də onların özlərinə tanıdığı haqlar...”

Qadın bunları anlayırdı, amma içindəki təmiz duyğular bunu rədd edirdi, sanki bunları qəbullansaydı, içində hər şey, bütün saf duyğu və hissləri kirlənib məhv olacaqdı. O özündən ayrı düşüb bambaşqa biri olacağından qorxurdu. Bir az əvvəl ona güzgüdən baxan, zahirən dəyişib yad olan qadın kimi ürəyinin də ona yadlaşacağından qorxurdu. O zaman o özü olmayacaqdı, güzgüdəki qadın necə ona yad idisə, ruhu da ona yadlaşıb hər şeyi özünə rəva görəcəkdi, kirlənməyi, yalanı, həzzi, şəhvəti, sevgi zənn etdiyi xətaların anlıq sevişmələrini... Və bir gün səhər qalxacaqdı, yenə güzgünün qarşısına keçəcəkdi, ordan ona baxan o qonur gözlər onunku olmayacaqdı...

“Dünyalı deyiləm mən, mən bu şəhərin deyil, meşənin sakiniyəm. İnsanların arasında yaşaya bilmərəm, istəmirəm də... Bədənimi acı ilə tükətdilər, amma mahiyyətimi də dəyişsələr, buna da gücləri yetsə, nə olacaq o zaman. İtəcəyəm mən, heç yerdə yerim olmayacaq. Nə burda, nə meşədə... Gedəcəyəm, evimə, bura mənim evim ola bilmədi, meşəyə, anamın yanına gedəcəm. Birdən anam məni bu halımla tanımadı, o zaman anam övlad qatili olacaq. Onda insanlardan fərqim nə olacaq? Tanımaz məni, yemək üçün parçalar, nə olur onda? Bəlkə onlara deyil, başqa birilərinə rast olsam, onlar məni parçalasa... Yox, ölmək istəmirəm axı mən. Ordakı təmizliyi, saflığı duymadan, yaddaşım təmizlənmədən ölmək istəmirəm mən... Vayy, mən canavar halımla insanların arasında zəifəm. Acizəm, o üzdən də bu haldayam. Məğlub. Tərk edilmiş və alçaldılmış. İnsanlardan təmizlənmək üçün canavarların arasına dönmək istəyirəm”. Üzünə yayılmış ironik təbəssüm uzun müddət çöhrəsini tərk etmədi. Zərif vücudunu qaldırıb qamətini dik saxlamağa çalışdı. Üzü yenə donuq və soyuqdu. Sanki içində nəyinsə mübarizəsi gedirdi.

***

Qapını bağlayıb elə üzündəki o soyuq və donuq ifadə ilə də bloku tələsik tərk etdi. Yumruqlarını bərk-bərk bir-birinə sıxıb başını dik tutmağa çalışırdı. Vücudu titrətdi və o meşədəki soyuğu xatırlayıb bir anlığa anası üçün darıxdığını hiss edib boğazına dolan qəhəri udub irəlilədi. Bu iki il ərzdən anasını az xatırlamışdı, bilirdi ki, indi ailəsi onu üçün çox yad və uzaqdır, anası belə onu bu halı ilə tanıya bilməzdi. Bəlkə qoxusundan? Yox, onun qoxusu insanca olmuşdu və o oğlanın burnuna dolan qoxusundan bilirdi ki, insan qoxusu canavarlarınkından fərqlidir. Canavarlar bir-birini qoxusundan tanıya bilirdi, insanlarsa həyatları boyu o qədər qoxu çəkirlər ki, sinələrinə, o qədər sürətlə qoxuları dəyişirdilər ki, kimsə bir-birinin qoxusunu tanıya bilməzdi. Ürəklərinin döyüntüsündən... Yox, bu da mümkün deyildi. Ürəkləri də o qədər ürək dəyişib müxtəlif ürəklərlə üst-üstə düşüb döyünürdü ki, tanıya bilməzdilər.

Bunları düşündü, acıdı insanlara, onların dünyasında təmiz, müqəddəs heç nə yoxdu. Heç nə... Hər şey hikkə və ehtirasın qurbanlığı idi.

O Allahı insan olduqdan sonra tanımışdı, qorxu, günahla burda tanış olmuşdu. İnsanların dünyasındakı bu qorxu və günahlar tabusu gözlərinin qarşısında yıxıldıqca bütün bunların insan üçün maska, örtünmə olduğunu anlamışdı. Əslində, insanların ürəyində Allah da yoxdur.

Dillərində Allah olanların ürəyində, əməlində İblis vardı. Günah, xəta, olmazlar, cəza... Bütün bunlar gözlə görünənlər, təmas edilə biləcəklər, fiziki və maddi şeylər üçün keçərli idi, ruhun öldürülməsi, qürurun əzilməsi, ləyaqətin aşağılanması üçün insanlar cəza düşünməmişdi.

Yolu keçdi. Başı hərlənirdi. Özünü o qədər zəif və halsız hiss edirdi ki... Yenə anasını xatırladı. Amma onun yanına getməyə utanırdı. Bir insan üçün onu tərk edib atası ilə savaşmışdı. Amma bunlar deyildi utancının səbəbi, o insanlaşıb anasını unutduğuna görə utanırdı. Xoş günlərində anası üçün darıxmamışdı. İnsana olan sevgisi onu məncil etmişdi.

Başqa heç nə... Dünya onun başında fırlanırdı, meşə, yaşadığı canavar həyatı onun yaddaşından silinmişdi. O bütün dünya ilə bağlantısını oğlanın üzərindən edib xoşbəxt hiss edirdi özünü...

Amma onu zorla xoşbəxtliyindən qoparmışdılar. Onun beyni ilə ürəyi arasında elə bir dərin ucurum yaranmışdı ki, bu uçurumun qırağında dayadığını hiss edəndə ordan geri dönmək istəmişdi. Sakitliklə qəlbin sevmək hökmünü geri götürməsini gözləmək istəmişdi. Amma gözləyə bilməmişdi, səbri çatmamışdı, bir gün günəşin batışında, başqa bir gün yağışın yağmasında, bir gün dənizin dalğalarındakı üsyanda yaşaya biləcəklərini düşünüb bütün bunlardan məhrum olduğunu anlayıb qəzəbin atəşinə tabe etmişdi özünü...

O bir gün ailəsi, anasını bir insan üçün tərk etdiyi kimi, onu da tərk etmişdilər. Amma biri uğruna deyil, biriləri uğruna... Bəlkə bir olsaydı, anlardı, sevdi, eynən mənim kimi deyib qəbullanmasa da anlamağa çalışardı. Amma yox, bir deyildi, oğlan daha bir bədən, bir nəfəs, bir ehtiras istəmirdi, ehtiraslar, bədənlər və nəfəslər arzusunda idi.

Bunun mənzərəsini anlamağa da aciz idi o canavar təbiəti ilə...

Hündür binanın qarşısında dayandı. Sevdiyi insan burdaydı, az sonra onu görəcəkdi, üzünə baxacaqdı, yad baxışların, nəfəslərin izini görəcəkdi üzündə. Daha da bədbəxt olacaqdı. Bu iki ildə eşitdiyi, dinləmək zorunda qaldığı yalanların qarşısındakı acizliyini anlayıb daha da yanacaqdı qəlbi... Dünya yenə onun qəlbinə çöküb ağırlığı ilə onu əzəcəkdi. “Səni sevirəm” deyib yalanlarla onu ovutduğu , başqa bədənlərdə dincəlib onun yanına gəldiyi günləri xatırladı... Qüruru xıncım-xıncım oldu yenə, üzündəki acı vulkan kimi qaynayıb püskürmək istədi, əlini sinəsinə qoydu, sanki bununla ürəyinə təsəlli verib onu sakitləşdirmək istəyirdi. Ürəyi də onun kimi tənha idi, təkdi, onun qadınlığı, duyğuları, hiss etdikləri kimi yalnızdı və kimsəyə də gərək deyildilər. Hər dəfə bunları düşünəndə kövrəldiyi kimi indi də qəhərləndi, amma bunun göz yaşına çevrilməsinə imkan vermək istəmədi, daha ağlamaq da istəmirdi.

Ən çox oğlan onunla sevişmək istəyəndə, onun sınmış və əzilmiş duyğularını zorlayanda ağlardı, içinə, qəlbinə ağlardı amma... Səssiz-səmirsiz... Bilirdi ki, indi əlinin altımda o olduğuna görə onunla sevişir. Bu anda başqa biri, daha əlçatmaz hesab etdiyi biri olsaydı onunla yaşayardı bütün bunları... Belə anlarda özünü ucuz fahişə kimi hiss edirdi. İyrənirdi hər şeydən, əvvəl etiraz edib sonda tabe olsa da, dodaqlarından öpməyə izn vermirdi. Heç olmasa bu münasibətlərdə özü üçün təmiz bir şey saxlamaq istəyirdi. Sonra ağlardı... Onu öpüb adını deyən oğlanın eynən bu səslə başqa bir qadını uyutduğunu, boynuna sürtdüyü əllərin başqa birini də sığalladığını bildiyindən ağlardı. Əslində, hələ də sevdiyi insanın ağuşunda xoşbəxt olmaq, hiss etdiklərini yaşamaq istəyirdi, amma beyni və bildikləri ona mane olurdu. Beyni ilə bəzən duyğuları savaşırdı, amma nə edirdisə də, beyni qalib gəlirdi. Onu qucaqlamağa əlləri daha qalxmırdı. “İstəmirəm” deyib onu özündən uzaqlaşdırmaq istəyirdi. Amma incitməkdən də qorxurdu sanki... Sonra onun istədiyini götürməsinə dişlərini bir-birinə sıxa-sıxa imkan verib öz dünyasında yıxılan qadınlığının yenidən zorlanmasına üsyan etməmək üçün xəyallar qurub onunla indi sevişən insanın elə əvvəlki adam olduğuna inandırıb yalanlar söylərdi özünə....

Onun canavar ürəyi insan olmağı qaldıra bilmirdi.

İnsan onun böyük hisslərini kiçik ehtiyac, ehtiraslara qurban vermişdi. Təkcə onumu? Yox, insan öz bədəni, hissləri və duyğularını da ucuz şeylərə xərcləmişdi.

Pillələri qalxıb nəhayət onun işlədiyi mərtəbəyə çatdı. Budur qapısı... İçəridə sakitlikdir. İtələdi. Qarşısındakı stolda oturub nəsə yazan oğlan... İndi ona yad olan, ruhunu və dünyasını tar-mar edən insan. Onu görcək qalxdı, gülümsünüb qarşıladı, soyuq əlindən tutub hətta yanağından öpməyə belə çalışdı. Qız üzünü çevirib başını yana əydi.

“ Mən bir azdan gələcəkdim” oğlan saxta gülüş hopmuş üzünü ona yaxınlaşdırdı. Susurdu, qonur gözləri qıyılmışdı, üzü üzgün və kədərli idi. Qarşısındakı adam... Dünyanın mərkəzidə qoyduğu, iki dünyasında özününkü saydığı adam... “Sevirəm” deyib başqa qadın bədənlərində sevgi arayan insan... “Allah” deyib İblisə tapan insan... Allahla münasibətini qorxu ilə tənzimləməyə çalışıb özünü aldadan insan... Günahı ruhunun qidasına çevirən insan...

Sakit durdu, uzun-uzun qarşısındakının gözlərinə baxdı. Dərindimi bu gözlər, ya da fərqlimi baxırdı? Onun çöhrəsindəki işıq indi daha cəlb etmirdi onu...

Anladı birdən...

İnsan onun sevgisinə cavab verə bilməzdi.

Onun sevgisindəki yükü, təmizliyin, saflığın, duyğunun və mükəmməlliyin yükünü çəkə bilməzdi.

İnsan onun sevgisindəki ucalığa qalxa bilməzdi.

Adına sevgi dedikləri təmənnalı münasibətlərdən uzaq bur duyğu insanların içində, ürəyində yaşaya bilməzdi.

O insan sevmişdi, amma insan kimi deyil, canavar kimi sevmişdi. Qarşısındakı insanın gözlərindəki parıltını işıq zənn etmişdi, deyilmiş, bu şəhvətin parıltısı idi. Onun nəfəsindəki ətir sevgi qoxusu da deyildi, ehtirasın qoxusu idi.

Onun sevgisi bir insan övladının ürəyinə ağır gələrdi.

Ədalətsiz, şəxsiyyətsiz, ruhsuz, yalançı, saxtakar, mənfəətcil insan...

Bütün bunların nəticəsində tənha, sevgisiz, duyğusuz, sevincsiz, ürəyi işıqsız, soyuq, gözləri sönük, ümidləri tükənmiş...

Niyə? Çünki pislikdən bəslənir insan...

Ona görə də yaxşılığı sürgünə göndərmiş, qəlbindəki mərhəməti heç etmiş, verdiyi sözləri yalana uduzmuş, ləyaqəti, şəxsiyyəti sıfırlanmış insanın ...

... İşi can yaxmaq, özünü və ətrafında nə varsa onu kirlətmək, ruhunu didmək və beləcə özünü tənhalığa məhrum etməkdir.

İnsan sevgisinin obyekti tez-tez dəyişir, canavar olmaqdasa bu yoxdur. O əgər bir insanı deyil, canavarı belə sevsəydi, indi dünyanın ən xoşbəxt canavarı kimi onunla soyuqda burun-buruna yatıb dünyanın ən gözəl qoxusunu da ciyərlərinə çəkə-çəkə yuxuya gedib belə də oyanacaqdı. Yaralananda yaralarını yalayıb sağaldan bir tayı olacaqdı.

***

Əlini kənara itələdi, birdən-birə içinə qəzəb dolmuşdu. İndi özünü insan kimi hiss edirdi, kin bütün canavarlığını sıxışdırıb içindən çıxarmışdı. O indi ancaq insandı, insan... Hikkəli, kinli, qəzəbli və qisasçı insan...

Az geri çəkildi, dişlərini bir-birinə sıxıb içində hələ də canlı qalan canavarlığını tam olaraq rədd etmək üçün insan övladının gözlərinə baxdı, sanki onun insanlığını ürəyinə köçürüb eynən onun kimi olmağa çalışırdı. İnadla və hikkə ilə baxırdı. Oğlan yenə karıxmışdı, eynən o gün, meşədə olduğu kimi...

Əlləri pəncə deyildi, ac qalmamaq üçün də öldürməyəcəkdi bu gün... Əlləri də insanınkı kimi idi, elə indicə də insan kimi uzadacaqdı onları, qəlbindəki qəzəbi söküb atmaq, söndürmək üçün qarşısındakı insanın ürək atışlarını durduracaqdı.

İrəli atıldı... Qəzəb az sonra qurbanının boğazında fışqıracaq qan kimi fışqırırdı.

O ac deyildi, amma ruhu sevgiyə açdı. O yemək üçün deyil, ruhunun qidası olan sevgidən məhrum edildiyi üçün öldürəcəkdi...

***

Oğlan büzüşüb balacalaşmışdı. İllərdir gözündə böyütdüyü, həqiqətinə, varlıq səbəbinə çevirdiyi adam... Böyüdüb dünyanın üzərinə çıxardığı adam büzüşüb qarşısında acizcə ona baxırdı. Alnına dağılan saçları da məftunedici deyildi. Tərdən islanıb alnına yapışmışdı. Bu adama görə öldürməyə dəyərdimi?

Qarşısındakı adam özünü sıfırlamışdı, dünyası-filan da deyildi, ola bilməzdi, çünki onun özünün var olan bir dünyası yoxdu. Əvvəl onun dünyasındakı xəyali səyahətləri təbiətindəki zənginliklə əlaqələndirirdi. İndi anladı, bu xəyali səyahətlər adi şəhvət gəzintilərindən başqa bir şey deyilmiş. İnsan övladı özünü şəhvət və həzzin dəmir barmaqlıqları arasında azad hesab edir, əslində, sevgidəki ucalığa çata bilmədiyindən aşağını seçir və özünü orda, adiliyin dibində daha rahat hiss edirdi. Sevginin məsuliyyətini qaldırmaq istəməyən insan, bunu yük zənn edib çiyinlərindən atır, heç bir əmək istəməyən münasibətlərin arxasınca gedirdi.

O Allahı tanımadığından insanı özü üçün Tanrılaşdırmışdı.

Geri çəkildi, qarşısında dodaqlarını bir-birinə sıxıb büzüşən adam bir anlığa dikəldi. Gözləri yumrulanıb qızarmışdı. Qadın geri çəkildi, özünə acıdı, bu insanı, adi bir insanı böyük canavar sevgisi ilə canavar kimi sevmişdi?! Bu insanını ruhunu didib həyatını məhv etməsinə izn vermişdi. Onun gözlərindəki parıltını işıq zənn edib sehrinə düşmüşdü.

Arxasını ona döndü.

İnsan olmaqdan imtina etdi. İnsan olmaqdan iyrəndi. Bir an burdan uzaqlaşıb insan qoxusunu burnundan atmaq istəyirdi. O canavar olmağı, onun yaralarını saracaq bir canavar sevgisi arzulayırdı.

Bu illər ərzində nəyə daha çox nəyə yanmışdı? Sevdiyini, yoxsa sevgisini itirdiyinə? Sözləri daha gözəl və bəlağətli demək üçün onları zorlayan birini itirdiyinə görə çox ağlamışdı? İndi anladı, o sevdiyini deyil, sevgisini itirdiyinə ağlamışdı bu zaman kəsiyində...

Onun acısının səbəbkarı da o adam deyildi, səbəb o idi ki, onun sevgisi belə birinə, insana tuş olmuşdu.

Onun canavar sevgisini sevgi oyunlarına qurban edə biləcək birinə...

***

Sürətlə qaçırdı. Ürəyinə iki il öncə dolmuş insan sevgisinin yerini elə böyük bir peşmançılıq tutmuşdu ki, bu yükü qaldıra bilməyəcəkdi, sanki indicə ürəyi partlayacaqdı. Ürəyindəkilər ona ağırlıq edirdi. İnsanlara da yazığı gəlirdi, bu ürəklə, ona yüklədikləri acı və əzabla necə yaşadıqlarına heyrətlənib bir an bundan xilas olmaq üçün meşəyə üz tutdu. İndi bir arzusu vardı, tək arzusu... İnsan olmamaq. O meşəyə dönürdü, insan olmaqdan qurtulmaq, azad olmaq istəyirdi. Meşədəki təmizlik onu xilas edə bilərdi. Bu iki ildə ruhuna sızan yalan və saxtakarlığın içinə doldurduğu qəzəb, kindən ancaq orda təmizlənə bilərdi. Meşəyə gedəcəkdi, orda canavarlar onu tanımayıb parçalasalar da qorxmurdu, onun ruhunu insan məhv edib öldürmüşdü, təki fiziki ölümü insan əlindən olmasın.

Son insan düşüncəsi bu oldu. Hiss etdi ki, dönüşür, bu qaçış insan qaçışı deyildi çünki... İnsanlar öz səadətindən, xoşbəxtliyindən belə sürətlə qaçır, həqiqəti daşıya bilməyib yalana doğru gedəndə belə sürtələ özündən uzaqlaşırdılar.

Amma o insan kimliyindən uşaqlaşırdı... Həqiqətdən deyil, yalandan qaçırdı...

O yalana deyil, sədaqətə, təmizliyə doğru yürüyürdü. İnsan təmizliyə doğru belə yürüyə bilməz.

İnsan olmaqdan xilas olurdu. Qaçırdı, üzünü yalayan şaxtada hiss edirdi ki, qonur gözləri daha insan kimi baxmır dünyaya, ürəyi də insanca döyünmür...

Canavar ürəyinin atışları idi bu atışlar...

Amma yanağındakı o yaranın izi hələ də sızıldayırdı. Bundan da xilas olmaq istəyirdi, amma meşəyə çatıb dayananda da bu acı keçmədi və o anladı ki, o günün yaddaşına yüklədiyindən tam xilas ola bilməyəcək. Bu onu üzmədi, sızıltıdan qorxmadı, bu sadəcə bir xatirə olacaqdı, hər zaman qalan, ancaq daha əvvəlki kimi incitməyəcək sönük xatirə...

Meşə... dayandı... Həsrətin ürəyinə yığdığı yanğı ilə üzünü səmaya dikdi, tərtəmiz və aydındı, hava da soyuqdu. Canavar ürəyi ilə fərəhli bir nəfəs alıb uzun-uzun səmaya baxdı, sonra... Sonra uladı... İnsanlar kimi ağlamadı, içindəki hüzurun gəlişini alğışladı.

Arxadakı səsə döndü, qarşısında yalquzaq dayanmışdı, qonur gözləri ilə ona baxırdı. Uzun-uzun... Yaxınlaşıb burun-buruna dayandı onunla... Canavar təbəssümü çöhrəsinə yayıldı. Dilini çıxarıb onun yanağındakı yaranın izini yaladı...

O da yalquzaq tənhalığının nisgilini unudub təbəssümü ilə ona cavab verib bu isti təmasa sahibləndi.

Hüzurlu idi... İnsanlardan uzaq və hüzurlu...

news-inner-user

16143 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Daha bir nəşriyyat Polad Həşimovla bağlı kitab nəşr etdi - Foto
18:36 14 Avqust 2020
Ayı balalarını oğurlayan çoban - Qorxmaz Şıxəlioğlu yazır...
17:14 14 Avqust 2020
Tom Kruzun çəkildiyi filmin meydançasında yanğın baş verdi
16:05 14 Avqust 2020
Xalq artistinin qızı atasının şeirlər kitabını nəşr etdirəcək
15:19 14 Avqust 2020
Oğlu Xalq artistinə klip çəkdi - Video
14:28 14 Avqust 2020
Əsl adı Pənah idi, kasıb atası ona yalnız keçi dərisindən dəf düzəldə bildi - Sürücü, vaqon ustası, montyor Alim Qasımov - Maraqlı faktlar
13:32 14 Avqust 2020
Almaz Ələsgərli efirdə erməni mahnısı oxudu - Video
12:38 14 Avqust 2020
"Sevastopol uğrunda döyüş"ün qəhrəmanı vəfat etdi
12:17 14 Avqust 2020
Bizi kütləvi öldürmək məsələsi... - Bütün bunlar masonların işidir?
11:27 14 Avqust 2020
Gənc yazara ağır itki üz verdi
10:39 14 Avqust 2020
Filmimiz beynəlxalq festivalda mükafat qazandı
10:00 14 Avqust 2020
Məni şərləyib qardaşımın gözündən salmaq istəyirdi - Bircənin romanı
08:59 14 Avqust 2020
Türk aktrisası vəfat etdi
18:30 13 Avqust 2020
Azərbaycanda əcnəbi serialların yayımı bərpa olundu
17:57 13 Avqust 2020
Məşhur rejissorların ürəyində qalan 5 film - Çəkmək istəyirdilər, alınmadı...
17:02 13 Avqust 2020
"Avatar-2" filminin çəkiliş meydançasından fotolar
16:28 13 Avqust 2020
Xalq rəssamı vəfat etdi
15:09 13 Avqust 2020
Nazirlikdən gedənlər və gələnlər
14:11 13 Avqust 2020
Mədəniyyət Nazirliyinin aparat rəhbəri vəzifəsindən azad olundu
13:24 13 Avqust 2020
Mahnılarını Niyaməddin Musayev oğurladı, rayonu işğal olunanda beyninə qan sızıb öldü – Bu gözəl musiqilərin müəllifini siz də tanıyın
13:19 13 Avqust 2020