Metro vadisi

Metro vadisi
14 noyabr 2014
# 13:12

Əvvəllər qələm və kağız görəndə nəsə yazmaq istəyi yaranardı... İndi isə kompüterin qabağına keçirəm və açdığım yeni Word səhifəsi məni yenə də yazmağa vadar edir. Elə nənələr demişkən, əvvəllər başqa idi hər şey... Nə isə, mövzumuz o deyil...

Neçə gündü fikrimi məşğul edən bir şey var... Əslində çox şey var e, amma söhbət onda deyil, söhbət ondadı ki, mən evdən işə, işdən evə (bu tamamilə başqa mövzudu) metro ilə gedib gəlirəm, daha doğrusu gedib gəlməyə məcburam. Elə bu cümləni yazarkan üzünüzdəki ifadəni təsəvvür edirəm. Çoxunuz acı-acı təbəssüm atsanız da, elə çoxunuz də üzünüzü turşutdunuz. Nə deyə bilərəm ki? Eyni dərdliyik...

Hələ metroya girəndə başlayır bu əzab. "Elmlər Akademiyası" stansiyasına qədəm qoyar qoymaz bir izdihamın içərisində tapıram özümü. Amma bu izdihamda sevindiyim bir şey var-yaxşı ki burda gəlmək üçün yox, getmək üçün varam... Bunu BDU-ya tələsən tələbələri görəndən sonra düşünürəm. "Eybi yox, mübariz olmağı öyrənirlər " fikri ilə hətta onlar adına bir az təsəlli də tapıram. Çünki, elə ki, qoçaq oldun özünü qatarın içində tapa bilərsən, amma bir az yavaş tərpəndin gedən qatarın dalınca sadəcə köks ötürmək qalacaq. Hə, bir də əgər "fədakar " insanlar varsa mütləq qapını səndən yana açıq saxlayacaqlar təki, "könlün xoş olsun".

Nə isə, o qoçaqlardan olmadığım üçün nəhayət ki növbəti qatardayam. Daha doğrusu heç xəbərim olmadan özümü qatarda tapıram. Sağ olsunlar heç əziyyət çəkməyə də icazə vermirlər. Çantam bir tərəfdə, paltarım yanımdakı xalanın qolunun altında, ayağım kiminsə ayağının üstündə olsa da yenə də sevincliyəm, axı qatardayam. Bir təhər toxtaqlıq tapıb, özümə gələndən sonra ətrafıma göz gəzdirirəm başqa çarəm də yox.

Oturanların üzündə özlərindən razı bir sevinc var, nə də olsa böyük qələbədi. Bəlkə də anonsdan "bir birinizə qarşı ehtiyatlı olun, qocalara, əlillərə, uşaqlı qadınlara yol verin" cümləsi səslənməsəydi indi heç onlarda otura bilməmişdilər. Çox şeyi itirsək də, hələ də bir az abır etməyi bacarırıq deyəsən. Nə isə önəmli olan əyləşməkdi... Krosvord həll edən kim, telefonda oyun oynayan kim, kitab oxuyan kim, mürgüləyən kim... əyləşməyin dadını çıxardırlar. Çətinliklə tapdığım çantamdan dəsmal çıxardıb tərimi silərkən qarşımdakı qızın sərt baxışı ilə rastlaşıram, görəsən neyləmişəm düşüncəsi ilə özümdən şübhəli-şübhəli yana baxanda bu dəfə də acıqlı baxışı ilə baxan xalanı görürəm. Yox, yox deyəsən mütləq nəsə eləmişəm, yəqin borcum var onlara, ya da evlərini yıxmışam. Səhər-səhər bir təbəssüm axtarışı ilə ətrafa göz gəzdirirəm. Qarşımda dayanan, az qala bu hal ürəyincə olan bir çiftin üzlərində gülüş var ... Amma nafilə, heç dünyadan xəbərləri də yoxdu, elə bil səs-səmirsiz bir yerdəymişlər kimi heç kəsi görmürlər, təbii məni də. Özümə söz veririəm ki, düşən kimi güzgüyə baxacam, günə yeni başlarkən gülər üz görmək lazım. Qatarın tak-takından, bir də yalnız özünün eşitdiyini düşünən qızın qulaqcığından gələn mahnıdan başqa, səssizlikdi. Növbəti stansiyaya çatdığımızı bildirən anons səslənəndə hamını yenə fikir bürüyür, kimisi qatardan necə enəcəyini düşündüyü halda, kimisi də qatara yeni gələnlər hesabına hara sürükələcəyi dərdində. Mən də ikincilər sırasındayam. Yerimi bərkidirəm, amma boşuna. Özünü təngənəfəs qatara atan iri cüssəli xala məni elə itələyir ki, ətrafımda ətdən divar olmasaydı yerə çırpılıb şil-küt olmuşdum. İlk dəfədi ki, adamın belə çox olduğuna sevinirəm. Hə, bir də mənə acıqlı baxan xalanın qatardan endiyinə. Hardansa yapışmağa ehtiyac olmadan yola düşürük. Heç vaxt boyumdan şikayət etmədiyim halda, kaş ki boyum uca olardı deyə düşünürəm. Ən azından hava alardım. Ətir qoxuları biri birinə qarışıb, üstəlik də kəsif qoxu verən tər iyləri. Üzümü turşudarkən, gözüm anasının ətəyindən yapışıb arada itən uşağa sataşır. Təəccüblü gözlərlə ətrafa baxan, belə desək baxa bilməyən uşağa bir təbəssüm ötürürəm, ehtiyacı olar deyə. Amma uşaq o havada deyil. Hələ, deyəsən harda olduğunu dəqiqləşdirə bilmir. Yazıq uşaq neyləsin həyata tez atılıb....

Yenə anons və yenə eyni qayğılar bu dəfə isə mən birincilərdənəm. Yəni qatarı tərk edəcəm, allahın köməkliyi ilə. Özümdən çox düz ortada əyləşən və qatardan enməyə hazırlaşan qoca nənənin halına qalmışam, barı enə biləydi. Qatar dayanan kimi "mübarizəyə" başlayıram və bir təhər özümü çölə atıram, sağ olsunlar heç bu dəfə də əziyyət çəkmirəm, tərpəndiyimi görən kimi üsulca məni çölə atırlar. Bu basabasda özümün hayındaykən enəndə qoca nənəni koridorda görürəm. "O illərin qoca qurdudu e" - deyə düşünəndə istər-istəməz gülmək məni tutur. Amma ətrafdakı sərt üzlü insanları görəndə nəsə ayıb bir iş görmüş kimi, tezcə üzümdə gülüşüm donur. Birinci mərhələni uğurla keçdim, indi qalır özümü "Xətai" stansiyasına çatdırmaq, bunu da bacarsam afərin mənə. Bu özgüvənlə koridorda şütüyürəm, yavaş getmək nə mümükün.? Atalar demişkən "palaza bürün el ilə sürün". Elə sözün əsl mənasında sürünə-sürünə də stansiyaya çatar çatmaz hamı bu dəfə də qaçır. "Ədə qoymayın qatar çıxır". Vay dədə vay, səhər çağı işə düşmədik ki, bu qatar gedərsə gözləməli olduğumu yaxşı bilirəm və qaçıram. Bir də ki, dayansam əziləcəyimi bildiyim üçün, başqa şansım da yox.

Etiraf edim ki, bu qatarı sevirəm. Çünki yeganə əyləşdiyim yer buradı. Bu dəfə də istəyimə çatıram, illərcə sevgilisinə həsrət qalan, biri kimi nəhayət oturacağa qovuşuram. Doğurdanda burdan həyat lap qəribə görsənir e. Hətta bayaqdan gözünü üzümdən çəkməyən jele saçlı "oğlan" a belə acığım tutmur. Bir də bura doğmadı hər gün gördüyüm tanış üzlər çoxdu, belə getsə yaxında qohum belə çıxasıyıq. Biz danışmadan bir-birimizi başa düşən millətik axı. Məsələn, mənə yer verən cavana heç təşəkkür etmədim, o məni anladı deyə. Bir də axı niyə edim e borcudu da. (nə vaxt borclanmışsa artıq)

Və nəhayət eskalatordayam..... hər şey arxada qaldı deyə düşünərkən yenə də anons səslənir . Anons axıra çatanda lap əsəbiləşirəm, ....soldan keçənlərə yol verin .. Heç özümə yer tapıram ki... Nə isə, əsəbiləşməyə dəyməz, artıq gün üzünə çıxırıq. Çölə çıxar çıxmaz, dünyanın bütün dərdlərindən qurtulmuş kimi dərindən bir oh çəkirəm. Bugünkü mübarizəm də belə bitdi, deyəsən, bir afərin düşür mənə. Özümü tərifləmək istərkən, bu arada axşam evə qayıdacağım yadıma düşür: "lənət şeytana, at ağlından pis fikirləri, gün yeni başlayır". Tələsik güzgümü çıxardıram, pozitiv enerjiyə ehtiyacım var axı... Amma kaşki çıxartmaz olaydım.... Deyəsən doğurdanda axşam evə qayıtmaq zülm olacaq, çünki "gördüklərim" buna əsas verir....

Deyirəm, kaş ki, əvvəllər olaydı, qələm və kağızın olduğu vaxt...

Gördüyüm, sifətimdəki əzgin, yorğun, narazı və s. və s. kimi mimikanı ifadə etmək üçün qələm kağız da yetməz. Amma mənim axşam evə qayıtmağımın zülm olacağı dəqiq. Elə olur da... Günün yorğunluğu üzərimdə işdən çıxıb hava ala-ala evə qayıdıram. Gözəl hava hələ də məni qayğılardan uzaq edib... Amma stansiyaya yaxınlaşdıqca məni kəsalət hissi basır. Hələ "Xətai" stansiyasına qədəm qoyanda anlayıram ki, qarşıda məni səhərkindən daha çox mübarizə gözləyir. Qatar ağzına qədər dolur və artıq "28 may" stansiyasındayıq. Addımlamaq mümkün deyil, istər-istəməz axara düşüb gedirsən. Vay o gündən ki kimsə dayana və yaxud səhv edib sən dayanasan. Onda başına gələcəkləri allah belə bilmir. Müxtəlif insanlar və müxtəlif mövzular, amma arxamdan gələn iki gəncin söhbəti diqqətimi çəkir- "desək ki, Qarabağı almağa gedirik, heç bu qədər adam gəlməz e." Fikirləşirəm ki düz deyir, hamımız sadəcə öz məqsədlərimiz üçün yaşayırıq və indi hamını düşündürən bir şey evə tez və asan çatmaq. Sözün düzü elə məni də ...

Nə isə, gəlib qatarı gözləyirəm, yəqin ki bu qədər insanla çox ehtimal ki hələ iki-üç qatar ötürərəm. Yenə də maraqlı dialoqlar ... Təxminən 10-11 ci sinifdə oxuyan məktəblilərin yarızarafat söhbəti lap ürəyimdən xəbər verir.

- Bunların hamısı Dərnəgülə gedir.

- Nə bilirsən?

- Üzlərindəki ifadədən bəlli.

Düz sözə nə deməli. Hər kəs narahatçılıqla qatarı gözləyir. Hərə özü üçün rahat mühit hazırlayır ki, özünü tələsik içəri ata bilsin.

Nəhayət gərgin gözləmədən sonra qatar gəlir, heç qatardan enənlərə imkan vermədən hər kəs içəri doluşur. Xoşbəxtlikdən qapıya yaxın olduğum üçün mən də axara düşüb içəri daxil oluram. Burda bir az dayanmalı olacam, çünki yaşadığım duyğunu ifadə etməyə kəlmə tapa bilmirəm. Bir anda harda olduğumu belə unuduram. Yoxsa ölmüşəm, cəhənnəmdəyəm bəlkə. Üstümə-üstümə gələnlər də cəhənnəm zəbaniləridi. Yaxşı ki, yanımdakı gülərüzlü xala (belə xala görməyə həsrətəm) halımdan anlayır və xalanın qolundan tuturam. Minnətdarlıq hissləri ilə. Bu qədər adamın içərisində yenə də bir səssizlik hökm sürür. Yəqin ki, insanlar içimdə tənhalıq bu olsa gərək. Hamı bir birinə yad, əslində çoxdan qohumlaşmışlar da xəbərləri yox. Bu məqamda elin məşhur körpü məsəli yadıma düşür. Artıq arif oxucum nə demək istədiyimi anladı...

Qəribə duyğulardı, əslində çox acıqlısan, amma kimə və nə üçün bilmirsən. Ətrafında olanlaramı? Onlar da sənin halındadırlar onsuz da. Yoxsa Bakı Metropoliteninin işçilərinəmi? Belə hallarda qatarların sayını çoxaldırlar axı. Yoxsa Bakıya axın-axın gələn insanlaramı? Mən də onlardan biri deyiləmmi. Bir sözlə niyə və nə səbəblə acıqlandığını bilmirsən, ona görə də bir az da əsəbiləşirsən. Elə qatardan düşəndə də özünü qatil olmaqdan saxlaya bilirsən.

Açıq hava, geridə qalan insanlar, yaşadığın keçmiş hisslər və qurtulmuş sən... Bu dəfə də güzgümü çıxardıb baxıram. Güzgüdə gördüklərim məni məmnun edir, amma gördükləriniz sizi yanıltmasın...

Deyirəm, kaş ki, əvvəllər olaydı, qələm və kağızın olduğu vaxt...

# 778 dəfə oxunub

Oxşar xəbərlər

# # #